Məhkəmə qərarları › İş №1(060)-561/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-561/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-561/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəh., anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəh., 5-ci mkr, ev 26/4, m 65 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə, saat 11 radələrində birgə yaşadıqları ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən döyməklə ona sağ gözaltı nahiyyənin alt göz qapağının sağ gicgah nahiyyəsini əhatə edən qançır-şişkinliyi və sağ gözün ağlı qişasına qansızma, sağ gicgah, sağ almacıq, boyun nahiyyənin sağ yan səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər fərdi qaydada mühafizəçi işləmiş, təxminən 1 ildir ki, səhhəti ilə bağlı işləmir. Həyat yoldaşı Aytən də təxminən 3-4 aydır ki, Sumqayıt şəhəri, 6-cı mkr-da yerləşən "Sveet" restoranında qabyuyan işləməklə ailəni dolandırır. Ər-arvad kimi münasibətləri yaxşı olmuşdur, arabir ailə daxili kiçik söz-söhbətləri olsa da, özləri həll etmişlər. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında qaynanası Güldanə uşaqları rayona gəzməyə aparmaq üçün onlara gəlmişdir. Saat 11 radələrində Aytən işə hazırlaşanda Aytənin mobil telefonu onda olmuş, o öz nömrəsini taxıb müvəqqəti istifadə edirmiş. Aytən telefonunu ona qaytarmasını istəyəndə o, telefonu Aytənə verməmiş, aralarında mübahisə baş vermiş, qaynanası Güldanə də mübahisəyə qoşularaq Aytənin tərəfini tutmuşdur. O, da bu hala əsəbləşərək Aytənin sifətinə və başına sillə və yumruqla bir neçə zərbə vurmuş, həmin vaxtı Güldanə qışqıraraq onun üstünə gələndə əli ilə Güldanənin sinəsindən kənara itələmiş və Güldanə yerə yıxılmışdır. Güldanənin halı pisləşdiyinə görə Aytən 103 xidmətinə zəng edərək çağırmış və Güldanəni xəstəxanaya yola salmışlar. Etdiyi əməldən və ailə daxilində belə xoşagəlməz halların baş verməsinə görə peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhəri 5-ci mkr, ev 26/4, mənzil 65-də həyat yoldaşı Təqsirləndirilən şəxs ilə yaşayırlar. O, "Sveet" restoranında qabyuyan işləməklə ailəni dolandırır, həyat yoldaşı Elnur isə uzun müddətdir ki, işləmir. Ərarvad kimi münasibətləri yaxşı olsa da son vaxtlar Elnur əsassız yerə onunla mübahisə və münaqişələr yaratmışdır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında anası Güldanə onlara qonaq gəlmişdir. Saat 11 radələrində o, hazırlaşıb işə gedən zaman Elnur onun mobil telefonunu götürüb verməmiş, əsassız yerə mübahisə yaratmış, sonra isə ona işə getməməsini demişdir. O, Elnura özünün də işləmədiyini, işə getməsə ailəni necə dolandıracaqlarını deyəndə, Elnur sillə və yumruq zərbələri ilə onun sifətinə və başına zərbələr vuraraq onu döyməyə başlamışdır. Bunu görən anası Güldanə onu Elnurdan ayırmaq istəyəndə Elnur şillə ilə anasının başına və yumruqla sinəsinə zərbə vurmuş, anası yerə yıxılmışdır. O, anasının vəziyyətinin pisləşdiyini görüb 103 xidmətinə zəng etmiş və təcili tibbi yardım briqadası ilə anasını xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 xx.xx.2022-ci il tarixli, 780 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ gözaltı nahiyyənin alt göz qapağının sağ gicgah nahiyyəsini əhatə edən qançır-şişkinliyi və sağ gözün ağlı qişasına qansızma, sağ gicgah, sağ almacıq, boyun nahiyyənin sağ yan səthinin sıynqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasımı səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (i.v. 12-13) İş materiallarında olan DİN-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 25) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 35) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 , 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar