Məhkəmə qərarları › İş №1(060)-561/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-561/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-561/2024 14.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməyən 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi -0,225 qram olan ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları tərəfindən 07 mart 2024-cü il tarixdə, saat 15:20 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Hicaz” restoranının arxasında piyada olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən saat 2-in yarısı banka pul ödəmək və diş həkiminə getmək üçün evdən çıxmışdır. Diş həkiminə getmiş, orada növbə olduğundan çöldə ağacın altında dayanıb siqaret çəkmişdir. Bu zaman iki nəfər yaxınlaşaraq qolundan tutmuş, üzərində nə olduğunu soruşmuş və bölməyə gedəcəklərini demişdir. Onu avtomobilə əyləşdirmişlər. Üzərində pul, siqaret, evin açarı və mobil telefon olmuşdur. Üzərindən heç nə aşkar olunmadığından polis əməkdaşı ona “sənin malın bölmədədir” demişdir. Bölmədə üç nəfər onu döymüş və sənədlərə qol çəkməyə məcbur etmişlər. Bundan əvvəl iki dəfə narkotik vasitədən istifadəyə görə məhkum edilmişdir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında həbsdən çıxmışdır. Həbs olunduğu tarixdən indiyə kimi narkotik vasitədən uzaqdır, müayinə də olunmuşdur. Bölmədə onu rəisin otağına salmışlar. O, xəstə olduğundan onu vurmamalarını demişdir, lakin onlar onu sənədlərə qol çəkməyə məcbur etmişlər. Daha sonra onu polis idarəsinə aparmışlar. Bir gün yarımdan sonra müstəntiq onu qəbul etmişdir. Müstəntiqə onu çox döydüklərini, danışa bilmədiyini, üzərində heç nə olmadığı halda ona təzyiq etdiklərini və buna görə də prokurorluğa şikayət etmək istədiyini bildirmişdir. Müstəntiq ona əgər prokurorluğa gedərsə onu həbs etdirəcəyini və istintaq müddətində həbsdən aparılıb-gətiriləcəyini bildirmişdir. Eyni zamanda şikayət edəcəyi halda barəsində CM-nin 234.4.3-cü maddəsi ilə iş başlayacağını demişdir. O da qorxduğuna görə heç yerə şikayət etməmişdir. Artıq iki ildir ki, narkotik vasitələrdən uzaqdır. Himayəsində qız uşağı vardır, ona baxır. Onu 3 nəfər döymüş, onlardan biri onu saxlayan Rüsal adlı şəxs olmuşdur. Onu günorta saat 2 radələrində tutmuş, gecə saat 12-yə qədər ac saxlamışlar. Müdafiəçi gəldikdə danışa bilməmiş, müdafiəçi polis əməkdaşlarına onun ac olduğunu demiş və cibindən pul çıxarıb verərək ona yemək almalarını demişdir. Həmçinin polis əməkdaşı onun üzərindən aşkar olunan puldan özünə götürmüş və onu gətirdikləri üçün avtomobilə benzin sərf etdiklərini demişdir. Bədənində xəsarət izləri olmuş, müstəntiqə də həmin xəsarətləri göstərmişdir. O, Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən üzərinə baxış keçirilmiş və ondan bədənindəki izlərin nə olduğunu soruşmuşlar. O da xəstə olduğunu bildirmişdir. MSY-dən onu qəbul etmək istəməmişlər, daha sonra saatın gec olduğunu, müstəntiqin özü gəldikdə həll edəcəyini demişlər. Onu MSY-nə apararkən döyüldüyünü deməməsini tapşırmışlar, buna görə də MSY-nə gətirilərkən döyüldüyünü deməmiş, xəsarətləri qeydə alınmamışdır. Şahid qismində dindirilən Şahid1 onun saxlanılmasında iştirak etməmiş, ümumiyyətlə onu görməmişdir və tanımır. Onu saxlayan Rüsal və Orxan adlı şəxslər olmuşdur. İttihamda qeyd olunan narkotik vasitəni Bakı şəhərindən əldə etməsi doğru deyildir, o, ümumiyyətlə Bakı şəhərinə getməmişdir. Narkotik vasitəni bölmədə onun cibinə qoyaraq çəkiliş zamanı təqdim etməsini bildirmişlər. Qalan heç nədən onun xəbəri yoxdur. Üç dəfə üzərinə axtarışla bağlı videoçəkiliş aparmaq istəmişlər, ilkində razılaşmadığından onu döymüşlər, daha sonra vəziyyəti pis olduğundan ikinci çəkiliş də baş tutmamış, üçüncü dəfə çəkiliş aparılmış, müdafiəçi də sonuncuda gəlib iştirak etmişdir. Əvvəllər narkotik vasitədən istifadə etsə də bir il yarımdır ki, bu yolda deyildir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, narkotik vasitə və psixotrop maddə alüdəçisidir. Narkotik vasitələri və psixotrop maddələri Bakı və Sumqayıt şəhərlərində tanımadığı şəxslərdən əldə etmişdir. Son olaraq 06 mart 2024-cü il tarixdə, axşam saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərində olarkən şəxsiyyəti barədə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmış, həmin şəxsə istifadəsi üçün ona psixotrop maddə satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 10 manata 01 ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetamin alaraq əynindəki şalvarın sağ yan cibində saxlayıb bundan sonra həmin şəxsdən uzaqlaşmışdır. Bədənində ağrılar olmadığından həmin gün əldə etdiyi psixotrop maddə metafetamindən istifadə etməyib əynindəki şalvarın sağ yan cibində saxlamışdır. Belə ki, 07 mart 2024-cü il tarixdə bədənində ağrılar başladığından əldə etdiyi psixotrop maddə metafetamindən istifadə etmək üçün yaşadığı ünvanı tərk edib Sumqayıt şəhər ərazisində sakit bir yer axtarmağa başlamışdır. Həmin tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Hicaz” restoranının arxasında piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişlər. O, qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı psixotrop maddə metamfetamini özündən kənara almağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilmiş və o, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaret kağızı bükümünü çıxardıb təqdim edərək, həmin bükümün içində metafetamin olduğunu demişdir. Təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmçinin aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,28 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur, öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 07 mart 2024-cü il tarixdə, saat 15:30 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Hicaz” restoranının arxasında piyada olduğunu görüb sonuncuya yaxınlaşaraq psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü PBnin inzibati binasına dəvət etmişlər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü çıxardıb təqdim etdi. Təqdim olunmuş 01 ədəd siqaret kağızı bükümünün içində nə olduğu soruşulduqda, həmin bükümün içində metamfetamin olduğunu dedi. Daha sonra aşkar olunmuş psixotrop maddə metamfetamin bükümü təhqiqatçı tərəfindən bükümü ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisi təxminən 0,3 qram müəyyən edildi. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalandı. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Hal-hazırda təqsirləndirilən şəxs yalan ifadə verir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə müdafiə tərəfin vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inpektoru X3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi narkotik vasitə istifadəçisi kimi tanıyır, lakin təqsirləndirilən şəxsi o tutmamışdır. Onda təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə məlumat olmamış, lakin onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs yalan ifadə verir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikroayon, “Hicaz” restoranının arxasında xx.xx.2024-cü il tarixdə saat 15:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub- olmadığı soruşulmuş, belə əşya və predimet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan boz rəngli klassik şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoydu. Həmin bükülü açılan zaman içərisindəki şəffaf rəngli kristalliq formada psixotrop maddə olması aşkar edildi. Bundan sonra şəxsi axtarış davam etdirilərkən onun üzərindən hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya və predimet aşkar edimədi. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli klassik şalvarının sağ yan cibindən aşkar edilən gümüşü rəngli siqaret kağızı bükümündəki maddənin psixotrop maddə “patı” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhərində bir nəfər tanımadığı şəxsdən bir bükümünü 10 manat pul ödəməklə satın almış, öz şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Üzərindən aşkar edilən və “patı” olduğunu bildirdiyi maddənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində şəffaf rəngli kristalliq formada maddə gümüşü kağız bükümü ilə birgə elektron tərəziyə qoyularaq çəkildi və kağız bükülü ilə birgə çəkisi 0.28 qram oldu. Bundan sonra həmin bükülü kağız zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı və imzalandı. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/1383 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi -0,225 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,175 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, orada «00068» adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 09 dəqiqə 19 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüdə 07 mart 2024- cü il tarixdə, saat 15:20 dəqiqədə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşnə "Hicaz” restoranının arxa tərəfində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis mayoru Zamiq Quliyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri regional vəkil bürosunun vəkili X1 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü çıxardaraq təqdim etdiyi, bükümün içinə təhqiqatçı tərəfindən baxıldıqda içində psixotrop maddə metamfetamin aşkar olunaraq götürüldüyü, kütlənin büküm ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,28 qram olduğu, həmin kütlənin ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalandığı, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş bükümün içində metamfetamin olduğunu, özünə məxsus olduğunu, “dünən”, yəni 06 mart 2024-cü il tarixdə tanımadığı şəxsdən 10 manata Bakı şəhərində öz istifadəsi üçün aldığını, iki aydır ki, istifadə etdiyini, satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirdiyi müəyyən edilmişdir. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qeyd olunanların həqiqəti əks etdirdiyini, həmin videogörüntünün üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarət olduğunu, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan həmin prosessual hərəkətin keçirildiyini, üzərindən aşkar olunmuş və içində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 06 mart 2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhərində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfimdən ona zor tətbiq olunmadığı və döyülmədiyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməyən 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-210/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-1102/2023 saylı, xx.xx.2023cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi -0,225 qram (qalıq -0,175 qram) psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videgörüntü maddi sübut hesab edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1918 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Həsənova Zəhra adlı qız övladı vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi -0,225 qram (qalıq -0,175 qram) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış -0,175 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsindən sorğu vasitəsi ilə əldə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da MSY-nə daxil olmuş, ilkin müayinə zamanı xəsarət aşkar olunmamış, şikayəti olmamış, xx.xx.2024cü il tarixdə saat 11:00-da tibb işçisi tərəfindən keçirilmiş müayinə zamanı vərəm xəstəsi olduğunu demiş, şikayəti olmamış, xx.xx.2024-cü il tarixdə saat 15:20-də azad olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində təzyiqə məruz qalması və döyülməsi ilə bağlı ifadəsi öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-nə daxil olarkən təzyiqə məruz qalması barədə hər hansı məlumat verməmiş, bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamış və şikayəti olmamışdır. Təqsirləndirilən şəxs azadlıqda olmasına baxmayaraq fiziki təzyiqə məruz qalması barədə prokurorluq orqanına müraciət etməmiş, könüllü şəkildə tibbi ekspertizadan keçməmiş, döyülməsi faktı öz ifadəsindən başqa hər hansı sübutla təsdiq olunmamışdır. Bundan başqa məhkəmə həmçinin təqsirləndirilən şəxsin verdiyi ifadədə göstərdiyi halları iş üzrə məcmu halında toplanmış sübutlarla müqayisəli şəkildə təhlil edərkən qənaətə gəlir ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu və məhkumluğunun ödənilmədiyi üçün təyin ediləcək cəzadan boyun qaçırmaq məqsədi ilə məhkəmədə yalnış təsəvvür yaratmağa çalışmışdır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməyən 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.175 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-561/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 878 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.175 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar