Məhkəmə qərarları › İş №1(060)-562/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-562/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-562/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 18, mənzil 10-da Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayət olunan burun terdəyişən sınığı, sağlamlığa uzun müddət pozulmasına səbəb olan törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın izun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 18, mənzil 10-da Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun Zərərçəkmiş şəxs digər xəsarətlər və hər iki baldırın orta 1/3-nin ön səthinin iki ədəd deşilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələri ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ildə evləmişlər, rəsmi nikahları var və övladları yoxdur. Evləndikdən sonra birlikdə anasına məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 18, mənznil 10-da yaşamışlar. Özü fərdi qaydada tikinti idarəsində qəlibçi vəzifəsində işləyir. Ər-arvad münasibətləri yaxşı olmuş, arabir ailədaxili kiçik söz-söhbətləri olsa da aralarında həlll etmişlər. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində evdə olan zaman Afətlə özünün işə düzəlib işləməsi mövzusunda aralarında mübahisə baş vermişdir. O, Afətin işləməsinə razı olmamışdır. Afət ona cavab qaytardığından əsəbləşmiş və Afəti döşəməyə yıxaraq təpiklə onun sifətinə zərbələr vurmuşdur. Afət qışqırıb ağlamağa başlamış və o, evdən çıxıb getmişdir. Evə qayıdanda Afətin sifət nahiyyəsində xəsarət olduğunu görmüş və onu dilə tutularaq sakitlədirmişdir. Belə ki, ertəsi gün, yəni xx.xx.2022-ci tarixdə saat 23 radələrində evdə yemək yeyib bir az spirtli içki qəbul etmişdir. Həmin vaxt Afət onunla deyinərək işə düzəlməsi mövzusunu salmış, aralarında yenə də mübahisə baş vermiş, yenidən əsəbləşərək yan otaqdan ağac çubuğunu götürüb Afətin bədəninə zərbələr vurmuş, Afət onu söyəndə o, ağac çubuğunu yerə atıb yan otaqdan döşəmə taxtasını götürüb Afətin bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuş, lakin Afət sakitləşməyərək onu söyməyə davam etdiyini görərək əsəbləşərək yan otaqdan mismarlı taxta parçasını götürüb Afətin ayaq nahiyyələrinə zərbələr vurmuş, bundan sonra Afət səsini kəsmiş və o, sakitləşmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs ilə evlənmişlər. Rəsmi nikahları var, övladları yoxdur. Evləndikdən sonra Zahidin anasına məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 18, mənznil 10-da yaşamışlar. Evlənməzdən əvvəl o, “Sevimli dad” şirkətində ekspeditor vəzifəsində işləmiş, özünü və valideynlərini dolandırmışdır. Nişanlandıqdan sonra Zahid onu işləməyə qoymamış, özü işləyəcəyini və ailəsini dolandıracağına söz vermişdir. Zahid fərdi qaydada tikinti idarəsində qəlibçi işləyir. Pul qazanmağına baxmayaraq evə yalnış ərzaq almış, onun geyim və digər maddi təlabatlarını ödəməmiş, bu səbəbdən də o, Zahidə işləmək istədiyini desə də, Zahid işləməyinə narazı olmuşdur. Bu mövzuda dəfələrlə mübahisləri baş vermişdir. Son zamanlar Zahid evə gec və içkili vəziyyətdə gələrək onunla əsassız mübahisələr edirdi. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində evdə olan zaman o, yenə də işə düzəlmək haqqında danışmış və yenə də aralarında mübahisələri baş vermişdir. Zahid onu söyməyə başlayanda cavab qaytarmış, həmin vaxt Zahid onu döşəməyə yıxaraq təpiklə onun sifətinə zərbələr vurmuş və o, ağrıdan qışqırıb ağlamağa başlamışdır. Həmin vaxt burnundan xəsarət almışdır. Lakin ailəsinə və valideynlərinə görə səbr etmişdir. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zahid evə içkili gələrək yenidən əsassız olaraq mübahisə etməyə başlamış, sonra Zahid yan otaqdan ağac çubuğunu götürüb onun bədəninə zərbələr vurmuş, yan otaqdan döşəmə taxtasını götürüb onun qollarına, ayaqlarına, belinə zərbələr vurmuş, daha sonra yan otaqdan mismarlı taxta parçasını götürüb onun ayaqlarına zərbələr vuraraq ona xəsarətlər yetirmiş və söyüb təhqir etmişdir. xx.xx.2022-ci il tarixdə o, valideynlərinin evinə getmiş, sonradan Zahidin onu döyməsi barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 753 saylı ekspert rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişən sınığı, sağ göz ətrafının, sağ almacıq və sağ yanağı əhatə edən dərialtı hematoması, sol göz ətrafının, sol saidin iş-arxa səthini bütünlüklə əhatə edən, sol əlin İİ barmağının ovuc səthini bütünlüklə əhatə edən, sol budun yuxarı 1/3-dən sol baldırın aşağı 1/3-nə kimi ön-arxa səthini bütünlüklə əhatə edən, sağ baldırın aşağı 1/3-dən yuxarı 1/3-nin ön səthini əhatə edən, sağ baldırın aşağı 1/3-dən yuxarı 1/3-nin ön iç səthini əhatə edən qançırları, burun belinin sıyrığı, hər iki baldırın orta 1/3-nin ön səthinin iki ədəd deşilmiş yaraları. Qeyd olunan xəsarətlərdən – burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişən sınığı, sağ göz ətrafının, sağ almacıq və sağ yanağı əhatə edən dərialtı hematoması, sol göz ətrafının, sol saidin iş-arxa səthini bütünlüklə əhatə edən, sol əlin İİ barmağının ovuc səthini bütünlüklə əhatə edən, sol budun yuxarı 1/3-dən sol baldırın aşağı 1/3-nə kimi ön-arxa səthini bütünlüklə əhatə edən, sağ baldırın aşağı 1/3-dən yuxarı 1/3-nin ön səthini əhatə edən, sağ baldırın aşağı 1/3-dən yuxarı 1/3-nin ön iç səthini əhatə edən qançırları, burun belinin sıyrığı küt əşya (əşyalar) təsirindən digər xəsarətlər yəni, hər iki baldırın orta 1/3-nin ön səthinin iki ədəd deşilmiş yaraları deşici alətin, ola bilsin ki, mismarın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvələ uyğun gəlir, dərəcəsinə görə burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, digər xəsarətlər yəni, sağ göz ətrafının, sağ almacıq və sağ yanağı əhatə edən dərialtı hematoması, sol göz ətrafının, sol saidin iş-arxa səthini bütünlüklə əhatə edən, sol əlin İİ barmağının ovuc səthini bütünlüklə əhatə edən, sol budun yuxarı 1/3-dən sol baldırın aşağı 1/3-nə kimi ön-arxa səthini bütünlüklə əhatə edən, sağ baldırın aşağı 1/3-dən yuxarı 1/3-nin ön səthini əhatə edən, sağ baldırın aşağı 1/3-dən yuxarı 1/3-nin ön iç səthini əhatə edən qançırları, burun belinin sıyrığı, hər iki baldırın orta 1/3-nin ön səthinin iki ədəd deşilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddlərində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2259 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 3 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli hökmü ilə CM-nin 263.1-1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, 21 sentyabr 2017-ci ildə cəzasının sonu ilə azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.4, 69.3, 67.1, 68.2-ci maddələrinə əsasən 11 ay 09 gün müdfdətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 03 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 66.5 və 69.3-cü maddələrinə əsasən 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 66.5-ci maddəsinə əsasən 04 ay 10 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 1(060)- 562/2022) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar