Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-562/2025 01.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Yardımlı rayonu, Avaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs birgə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu arvadı Zərərçəkmiş şəxs baş, sağ və sol qol nahiyəsinə qəsədn bir neçə yumruq zərbələri vuraraq ona sol gözaltı nahiyənin və alt göz qapağının, sol almacıq nahiyəsini əhətə edən qançırı, sol bazunun dərialtı hematoması, ənsə nahiyyəsinin, alın nahiyyəsinin sağ yarısının qançırları, sol əlin hərəkət məhdudluğu ilə müşayət olunmuş qançır-şişkinliyi, sağ əlin arxa səthinin, sol saidin qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Hadisə ailə münaqişəsi zəmnində olub. O işdə də əsəbləşmiş və daha sonra evdə də əsəbləşərək zərərçəkmiş şəxsi döymüş, onun üz nahiyəsinə 3-4 sillə ilə vurmuşdur. Təpik yumruq vurmamışdır. Hadisədən sonra qardaşı gəlib aparıb. O barışmışdır. Özünü təqsirli bilir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə qohumları arasında pul mübahisəsi ilə bağlı fikrini bildirmiş, Məhəmməd buna görə əsəbiləşərək “sən qohumlarının tərəfini tutursan” deyə onu döymüşdür. Üz nahiyəsindən, qolundan 7-8 dəfə yumruqla vurmuşdur. Məhəmməd ondan üzr istəməmişdir. Təqsirləndirilən şəxslə barışmır, lakin övladının atası olmasına görə ondan şikayətçi deyildir. Məhəmməddən boşanacaqdır, sonuncudan onu ailəsi ilə təhdid etməməsini, narahat etməməsini tələb edir. Təqsirləndirilən şəxsin tutulmasını istəmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. - “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4 “Sumqayıt Tibb Mərkəzi” PHŞ 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 213 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində dispanser müşahidəsində yoxdur. - Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3431 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanser qeydiyyatında yoxdur. - Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3431 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanser qeydiyyatında yoxdur. -“Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, A/1440 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə alkoqol sərxoşluq halı aşkar edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 980 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gözaltı nahiyyənin və alt göz qapağının, sol almacıq nahiyyəsini əhətə edən qançırı, sol bazunun dərialtı hematoması, ənsə nahiyyəsinin, alın nahiyyəsinin sağ yarısının qançırları, sol əlin hərəkət məhdudluğu ilə müşayət olunmuş qançır-şişkinliyi, sağ əlin arxa səthinin, sol saidin qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, qərarda göstərilən vaxtda 04.07.25-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Komunal Sahəsi tərəfindən verilmiş 1269, 1270 saylı, xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 4/8, otaq 18 ünvanında 1982-ci il təvəllüdlü həyat yoldaşı Zərərçəkmiş şəxs və 2022-ci il təvəllüdlü Fəridə Balaşova övladı ilə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində CM-nin 128-ci maddəsi ilə aparılan cinayət işi üzrə icraata xitam verilmiş, məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxsi yalnız itələməsi və ona xəsarət yetirməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla belə, məhkəmə cəza növünü seçərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən digər məlumatları da diqqətdən kənarda saxlaya bilməz. Cinayətin ailəməişət zəminində, xüsusilə də təqsirləndirilən şəxsin həyat yoldaşına – fiziki cəhətdən ondan daha zəif olan və onunla etimada əsaslanan münasibətdə olan bir şəxsə qarşı törədilməsi, əməlin mənəvi-əxlaqi tərəfdən ictimai təhlükəliliyini artırır. Təqsirləndirilən şəxs törətdiyi əməl cüzi bir səbəbdən yaranmış, bu, ona zorakılığa gətirib çıxarmışdır. Bu, təqsirləndirilən şəxsin öz emosiyalarına nəzarət etməkdə çətinlik çəkdiyini və aqressiv davranışa meylli olduğunu göstərir. Belə davranış, xüsusilə ailə daxilində, cəmiyyət üçün yolverilməzdir və qanunun sərt reaksiyasını tələb edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi alternativ cəza növlərini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə əsasən, maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı daha yüngül cəza növləri nəzərdə tutulduqda, məhkəmə daha ağır cəza növü təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzadan nisbətən az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-562/2025) qərarını icra edərək xx.xx.2025-ci il tarixli, 1170/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-562/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-562/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver