Məhkəmə qərarları › İş №1(060)-564/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-564/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-564/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər, İnşaatçılar qəsəbəsi, 2-ci Paraleli küçəsi, məhəllə 9, ev 38 qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimayçılar qəsəbəsi fərdi evdə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində, birgə yaşadıqları evdə atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı atası Zərərçəkmiş şəxs sifətinə qəsdlə yumruqla vuraraq ona - sağ gözün ağlı qişasının bayır bucağını əhatə edən yayılmış qansızması, sağ gözətrafını əhatə edən qançırı, sağ üst göz qapağının səthi yarasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. O, atası ilə birlikdə yaşayır, atası ilə normal münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə işdə olan zaman bacısı oğluna avtomobil almasını eşitmiş, buna görə həmin gün işdə əsəb keçirmişdir. Axşam saat 20 radələrində evə gələndə yaşadıqları evin qapısını döymüş, anası səhhəti ilə əlaqədar evdə olmadığı üçün atası özü qapını açmış və ona qapını zərblə döyməsi barədə irad bildirmişdir. O, atasına nə üçün öz pulu ilə bacısı oğluna maşın aldığını, niyə pulunu dağıtdığını demiş, atası isə ona heç kimə pul vermədiyini bildirib ünvanına nalayiq sözlər deyib onu təhqir etmişdir. Atasının hərəkətlərinə əsəbləşmiş, yumruqla onun sifətinə vurmuş və acıq edib getmişdir. Sonradan atasının ona əsəbləşərək barəsində 102 xidmətinə, sonra isə PB-nə şikayət etdiyini eşitmişdir. Atası ilə aralarında mübahisə yaşadıqları evin girişində baş vermiş həmin vaxt evdə ailə üzvlərindən heç kim olmadığı üçün kənar heç kim həmin hadisənin şahidi olmamışdır. Əməlindən peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, atası ilə barışmışdır. Özünü təqsirli bilir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişə nəticəsində onu vurduğu üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmiş, lakin hal-hazırda oğlu ilə barışmışdır. Aralarında heç bir problem olmadığı üçün aparılan araşdırmanın dayandırımasını məhkəmədən xahiş etmiş, keçiriləcək məhkəmə prosesində səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi şəxs oğlu Təqsirləndirilən şəxsdur. Nicat subaydır, Sumqayıt şəhəri ərazisində avtomobil rəngləməsi ilə məşğul olur və onunla birlikdə yaşayır və oğlu ilə normal münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin giriş qapısının zərblə döyülməsini eşidib çıxanda görmüşdür ki, qapını döyəcləyən oğlu Nicatdır. Qapını açıb Nicatdan nə üçün qapını zərblə döydüyünü soruşanda Nicat onun pulu ilə bacısı oğluna maşın alıb, niyə pulunu ora bura dağıtdığını soruşmuşdur. O, Nicata heç kimə pul vermədiyini bildirmiş və ünvanına nalayiq sözlər deyərək onu təhqir etmişdir. Nicat da əsəbləşmiş, yumruqla onun sifətinə zərbə vurmuş və acıq edib getmişdir. O da Nicatın hərəkətinə əsəbləşərək barəsində əvvəlcə 102 xidmətinə, sonra isə 2-ci PB-nə ərizə yazmışdır. Hadisə yaşadıqları evin girişində baş vermiş, həmin vaxt evdə ailə üzvlərindən heç kim olmadığı üçün kənar heç kim həmin hadisənin şahidi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 xx.xx.2022-ci il tarixli, 749 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ gözün ağlı qişasının bayır bucağını əhatə edən yayılmış qansızması, sağ gözətrafını əhatə edən qançırı, sağ üst göz qapağının səthi yarası. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-cı ıl tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 48 (qırx səkkiz) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar