Məhkəmə qərarları › İş №1(060)-565/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-565/2021

15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-565/2021 15.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 34 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 26 may 2021-ci il tarixdə Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,196 qram, 0,132 qram, 0,201 qram, ümumi təmiz çəkisi 0,529 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 27 may 2021-ci il tarixdə, saat 14:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümlərdə və çəkilərdə olan narkotik vasitə heroin əynindəki boz rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Heç yerdə işləmir və heç bir məşğuliyyəti yoxdur. Təxminən 2 il olar ki, narkotik vasitə heroin qəbul edir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. Əvvələr məhkum olmuşdur. 27 may 2021-ci il tarixdə, saat 14:00-da yaşadığı Sumqayıt şəhəri, yaşadığı 9-cu mikrorayon ərazisində mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmışlar və özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə daşımasından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə aparılacağını demişlər. Polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə aparılmışdır. Orada xidməti otaqda polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, o da əynindəki boz rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 3 (üç) bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmiş və həmin bükümlərin içində heroin olduğunu təhqiqatçıya demiş, sonradan təhqiqatçı həmin bükümlərin içinə baxıb heroin olmasını özü də aşkar etmişdir. Bundan sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 3(üç) ədəd bükümdə nakotik vasitə heroin kütlələri elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 0,20 qram, 0,27 qram, 0,28 qram olması müəyyən edilmiş, həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı psixi təsir göstərilmişdir, onun üzərinə həmin narkotik vasitə Sahib və Kamran adlı polislər tərəfindən qoyulmuş, qorxduğundan yalandan özünün olduğunu demişdir. Çəkiliş zamanı demişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindir, ona məxsusdur və həmin heroini 3 ədəd bükümə bölünmüş vəziyyətdə 26 may 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Əslində isə bu belə deyildir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 27 may 2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 34-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra tədbirlə bağlı əməliyyat qrupu yaradılaraq həmin qrupa onunla yanaşı Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin sahə rəisləri, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 cəlb olunmuşlar. 27 may 2021-ci il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yol ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs saxlayıb özlərini sonuncuya təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ona hansı səbəbdən saxlandığını izah etmişlər və ətrafda olan şəxslərin tədbirə mane olacaqlarını nəzərə alıb onu 3-cü polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektor-kriminalisti, polis mayoru X2 tərəfindən qeydə alınan videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşları və vəkil Vüsal Mirzəyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin, Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 3 (üç) bükümdə narkotik vasitə heroini təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış zamanı narkotik vasitə heroin olması müəyyən edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş 3 (üç) bükümdə narkotik vasitə heroindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş 3 (üç) bükümdə olan kütlələr narkotik vasitə heroindir, ona məxsusdur, 26 may 2021-ci il tarixdə Bakı şəhərində, “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata əldə etmiş, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 (üç) bükümdə nakotik vasitə heroin elektron tərəzidə çəkilərək 0,20 qram, 0,27 qram, 0,28 qram, ümumi çəkisinin 0,75 qram olması müəyyən edilmiş, həmin kütlələr ekspertizaya təqdim olunması üçün zərf paketdə qablaşdırılaraq möhürlənmiş, zərf paketin üstü onunla yanaşı digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə onlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxlamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona heç bir məlumat daxil olmamışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir edilməmiş, belə halın şahidi olmamışdır. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin sahə rəisləri, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdilər. İşdə olan protokola əsasən 27 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.(i.v 16) İşdə olan qərarlardan görünür ki, 29 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir.(i.v 49-50, 65-66) İşdə olan 27 may 2021-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” və ““Panasonic” markalı videokamera vasitəsilə çəkilmiş və DVD diskinə yazılmış görüntülərə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən sonuncunun əynindəki boz rəngli şalvarının sağ yan cibindən 3 (üç) bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin nakotik vasitə heroin bükümləri elektron tərəzidə çəkilərək 0,20 qram, 0,27 qram, 0,28 qram, ümumi çəkisinin 0,75 qram olması müəyyən edilmiş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur.(i.v 22-23) Məhkəmə iclasında DVD diskinə yazılmış görüntülər nümayiş olundu və göstərilənlər təsdiq olundu. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 may 2021-ci il tarixli, 6/2115 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs…» və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,196 qram, 0,132 qram, 0,201 qram, ümumi təmiz çəkisi 0,529 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 bükümdə heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (heroinin ümumi təmiz çəkisi 0,529 qram, tədqiqata sərf edildi 0,09 qram, qalıq 0,439 qram). (i.v 34-39) Məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2021-ci il tarixli, 2367 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 98-99) İşdə olan qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,439 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. (i.v.69-70) İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs 3(üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,196 qram, 0,132 qram, 0,201 qram, ümumi təmiz çəkisi 0,529 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamış, 26 may 2021-ci il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsin aparılmış və orada xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən 3(üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,196 qram, 0,132 qram, 0,201 qram, ümumi təmiz çəkisi 0,529 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız istifadəsi ilə məşğul olur, aşkar edilərək götürülmüş narkotik vasitə heroini qəbul etməkdən ötrü üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 (üç) bükümdə narkotik vasitə heroini kimdən əldə etməsini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır.(i.v. 79) İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.(i.v 76-77) İşdə olan Sumqayıt 3 nömrəli şəhər poliklinikasının 07 iyul 2021-ci il tarixli, 335 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində qeydiyyatda yoxdur.(i.v 98) İşdə olan Sumqayıt şəhər narkoloji dispanserinin 2406 saylı 07.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 89) İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 92) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,529 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı özünü təqsirli bilməməsi, narkotik vasitənin ona aid olmaması və. s. ilə bağlı xüsusatlara dair ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, bunlar təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdidir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, təqsirləndirilən şəxsin göstərdiyi hallar işdəki başqa sübutlarla müqayisəli şəkildə qiymətləndirilmiş, amma təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də hansısa araşdırılmalı hala istinad etməmiş, göstərdiklərini təsdiq edəcək sübutun olmadığını, belə bir sübutun əldə edilməsi üçün araşdırılası hansısa halın olmadığını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs şahidlər Şahid1 və Şahid3 dindirilərkən onların onun üzərinə narkotik qoymaları barədə məhkəmə iclasındakı ifadəsində göstərdiklərini təsdiq etməmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,439 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan 27.05.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək tutularaq saxlanmış və tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) olan hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,439 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar