Məhkəmə qərarları › İş №1(060)-565/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-565/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-565/2024 05.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1950-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında gəlini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə sonuncunun sifətinə zərbə vurmaqla boğazından tutub sıxmaqla ona sağ alt göz qapağı və gözaltı nahiyyənin qançırı, həmin gözün ağlı qişasına qansızma, boyun nahiyyəsinin qançırları xəsarətlərinə səbəb olmuş qəsdən sağlamlığa “Yüngül” zərərvurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə özünü qismən təqsirli bilərək qeyd etdi ki, oğlu İsmiyev Elşən Nadir oğlu Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur, birgə nikahlarından iki övladları vardır. O, oğlu, gəlini və nəvələri ilə birlikdə daim eyni ünvanda yaşamışdır. Qeyd edir ki, Rumiyə yaşadığı evdə ona və arvadına baxmır, arvadı belində olan ağrılarla bağlı müalicə alır. Rumiyə ilə mütəmadi olaraq aralarında mübahisələr olmuşdur. Buna görə də o, gəlini Rumiyədən incimiş və Rumiyə ilə danışmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, mətbəxə keçib orada olan masanın yerinin gəlini Rumiyə tərəfindən dəyişdirildiyini görmüşdür. Qeyd edir ki, yaşadığı evin mətbəxi təmirsiz olduğu üçün o, masanı elə yerləşdirmişdir ki, mətbəxdə olan su, qaz və kanalizasiya boruları görsənməsin. Bununla yanaşı o, ev sakinlərinə bir neçə dəfə masanın yerini dəyişməməsini bildirsə də, Rumiyyə buna əməl etməmişdir. Lakin həmin vaxt Rumiyənin ona hörmətsizlik edib masanın yerini dəyişdiyini görmüş və Rumiyəyə iradını bildirmiş, bu zaman Rumiyə onun qızlarının ünvanına söyüş söymüşdür. O, dəfələrlə Rumiyəyə xəbərdalıq edib qızları barəsində danışmamağı, münaqişə etməməsini bildirsə də, o, öz nalayiq sözlərinə davam etmişdir. Bu zaman o, evin balkonunda Rumiyənin sifətinə sol əlinin içi ilə zərbə vurmuşdur. Həmin vaxt onlara kimsə şahidlik etməmiş, ikisi olmuşlar, münaqişə 5 dəqiqə davam etmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxsin ifadəsində qeyd etdikləri şər-böhtandır, o, gəlininə yalnız sol əli ilə bir dəfə şillə vurmuşdur. O, solaxay olmasa da, hadisə vaxtı sağ əli vurarsa daha ağır xəsarət yetirilməsi ehtimalının olduğu nəzərə alıb gəlinini məhz bu səbəbdən sol əli vurmuşdur. Gəlini Rumiyə ilə hələ də barışmamışdır. Bildirir ki, heç yerdə işləmir, hal-hazırda pensiya alır. Qeyd olunanları, yaşlı olmasını nəzərə alınıb barəsində daha yüngül, mümkün olduğu halda cərimə cəzası verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2004-cü ildə Sumqayıt şəhər sakini Elşən İsmiyevlə evlənmiş, həmin nikahından iki övladları vardır. O, Elşən, Elşənin atası Nadir, anası Samayə və iki övladı ila birlikdə yaşayır. Bildirir ki, gəlin gedən vaxtdan qısa müddət sonra evdə qayınatası Nadir ailə məişət zəminində xırda məsələlərdə münaqişə yaradıb söyüşlər söymüşdür. Dəfələrlə bu barədə qayınatası Nadirə iradını bildirib, söyüş söyməməsini bildirsə də, Nadir onun sözlərinə məhəl qoymadan onu və ailə üzvlərini evdə nalayiq söyüşlərlə söyüb evdə münaqişə yaratmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində qayınatası Nadir mətbəxə keçib orada olan masanın yerinin onun tərəfindən dəyişildiyini görmüş, buna görə onunla mübahisə etməyə başlamış və bildirmişdir ki, nə üçün o, qaynatasının icazəsi olmadan masanın yerini dəyişdirmişdir. O, qayınatasına masanın arxasındakı borulardan su sızdığını və o da həmin borulardan sızan suyun qablara dolması üçün masanı yerindən çəkib arxasına qab qoyduğunu izah etmiş, lakin qayınatası Nadir onun sözlərinə məhəl qoymadan daha da aqressivləşib onun ünvanına söyüşlər söyməyə başlamış və onunla sözlü mübahisə etmişdir. Bu zaman qayınatası Nadir hücum edib evin balkonunda onun sifət nahiyəsinə əlinin içi ilə bir neçə dəfə sillə vurmuş və boğazından tutub divara söykəmişdir. Bundan sonra o, Nadirin əlindən çıxıb digər otağa keçmişdir. Onların arasında münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Qayınatası Nadirlə heç bir vaxt barışmayacaq və onunla barışmaq fikri yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir. Qeyd olunanlara əsasən qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İş materillarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki: İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2024-cü il tarixli, 822 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Rumiyə İsmiyevin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ alt göz qapağı və gözaltı nahiyyənin qançırı, həmin gözün ağlı qişasına qansızma, boyun nahiyyəsinin qançırları xəsarətləri. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışlar,müddəti müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. (i.v. 11-13). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Rumiyyə İsmiyevanın şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. (i.v.14-15) “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4 “Sumqayıt Tibb Mərkəzi” PHŞ 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin 187 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v. 25) Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2979 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v. 26) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi müraciət daxil olmamışdır. (i.v 47) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 48) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkə İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, gəlini Rumiyə İsmiyevya yalnız bir dəfə sol əli ilə sillə vurduğunu, başqa hər hansı xəsarət yetirmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, əməlindn peşman olmasını, cəza təyin edilməsi məsələsində zərərçəkmiş şəxsin kəskin olamayan mövqeyini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasova 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar