Məhkəmə qərarları › İş №1(060)-566/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-566/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-566/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə təmiz çəkisi 1,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 09 aprel 2022-ci il tarixdə, saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən küçirilmiş əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın qarşısında saxlanılıb 1-ci PB-yə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 0,184 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram, 0,046 qram, 0,048 qram, 0,036 qram, 0,025 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,239 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 aprel 2022-ci il tarixdə, saat 12:10 radələrində Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın qarşısında saxlanılıb Sumqayıt ŞPİ-yə gətirələrək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində həmin narkotik vasitə olan heroin və psxiotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 22 ildir ki, narkotik vasitə istifadəçisidir. Əsasən narkotik vasitə olan heroini həll edib damarına vurmaqla, psixotrop maddə olan metamfetamini və qurudulmuş marixuananı isə tüstüsünü qəbul etməklə istifadə edir. Təxminən 07 aprel 2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olduğu zaman orada xarici görünüşündən narkomana oxşatdığı, tanımadığı, orta boylu, orta köklükdə, qarayanız, təxminən 40 yaşlı bir şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxsin narkoman olduğunu bilmiş və ondan istifadə etmək üçün heroin istəmişdir. Həmin şəxs də ona bir ədəd bükümdə heroini 20 manata sata biləcəyini demiş və onlar razılaşmışlar. Həmin şəxsə 20 manat pul verib bir bükümdə heroin aldıqdan sonra heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq yaşadığı evə gəlmişdir. Həmin heroini cibində saxlamışdır ki, istədiyi vaxt istifadə etsin. 09 aprel 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı binanın yaxınlığında dayandığı zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə 1-ci PB-yə getməsini təklif etmişlər. O, da həmin polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 1-ci PB-yə getmişdir. Həmin bölmənin inzibati binasında bir otaqda polis əməkdaşları tərəfindən ona üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də hər hansı qanunsuz əşya olub olmaması, vardırsa təqdim etməsi bildirilmişdir. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd selefon bükümdə olan narkotik vasitə olan heroini cibindən çıxarıb otaqda olan masanın üzərinə qoymaqla həmin kütlənin narkotik vasitə olan heroin olduğunu demişdir. Üzərindən aşkar olunmuş 10 manat pul, siqaret, alışqan və dəsmal özünə qaytarılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmışdır. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və o da doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan başqa 12 aprel 2022-ci il tarixdə, günorta saatlarında şəxsi işi ilə əlaqədar olaraq olaraq Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olduğu zaman təsadüfən bir nəfər şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu bildiyindən ondan şəxsi istifadəsi üçün heroin və metamfetamin istəmişdir. Həmin şəxs də ona bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamini 45 manata satmışdır. O, həmin maddələri alıb cibinə qoymuş və oradan çıxaraq yaşadığı evə gəlmişdir. Yaşadığı evdə heç kim olmayanda heroini 6 ədəd bükümlərə bölmüşdür ki, istədiyi vaxt hissə-hissə istifadə etsin. Metamfetamini isə bölməyərək saxlamışdır ki, daha sonra istifadə etmək istəyəndə hissələrə bölüb istifadə edər. 14 aprel 2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın yanında olduğu zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində video çəkilişlə üzərində axtarış aparılacağı bildirilmişdir. O da üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da həmin vaxt şalvarının sağ yan cibində saxlamış olduğu şəffaf plastik qutudakı 6 ədəd bükümlərə böldüyü narkotiki vasitə olan heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. 09 aprel 2022-ci il tarixdə və 14 aprel 2022-ci il tarixdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinləri və psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitəni satmaq və ya kiməsə vermək fikri olmamışdır. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinləri və psixotrop maddə olan metamfetamini müxtəlif tarixlərdə, iki başqa şəxsdən almışdır. Həmin şəxsləri tanımamış, harada yaşamalarını bilməmiş, onda həmin şəxslərin telefon nömrələri yoxdur. Ümumiyyətlə heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamış, həmçinin saxlanıldığı yerdə də üzərində şəxsi axtarış aparılmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərindən həqiqətəndə ittiham aktında göstərilən narkotik vasitələr aşkar edilmişdir. Lakin o, həmin narkotik vasitələri satmaq üçün deyil, öz şəxs istifadəsi üçün əldə etmişdir. Belə ki, o, 9 aprel 2022-ci il tarixdə tutulduqdan sonra barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. Əvvələr məhkum olunduğu üçün bu əməlinə görə hər bir halda azadlıqdan məhrumetmə cəzasına məhkum olunacağını güman edib, nə qədər ki, azadlıqdadır, yenə də narkotik vasitə əldə edib, istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə də xx.xx.2022-ci il tarixdə ittiham aktında qeyd edilən narkotik vasitələri əldə etmiş, onu çox cüzi hissələrə bölmüşdür ki, tələbatı olsa belə, həmin narkotik vasitələri bir dəfəyə qəbul etməsin, ürəyi istədikdə fasilələrlə ayrı-ayrı günlərdə qəbul etsin. Ona görə də o, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. O, heç kəsə narkotik vasitə satmamış və hədiyyə də verməmişdir. Bununla bağlı işdə heç bir sübut yoxdur. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, sonradan adını bildiyi Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 09 aprel 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun və 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək sonuncunun yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 16 radələrində Təqsirləndirilən şəxs həmin binanın yaxınlığında dayandığını görüb bir neçə dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə olan kənar şəxslər tərəfindən hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə onu 1-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişlər. Orada xidməti otaqların birində kriminalist Rasim Paşayevin video görüntüyə alması və müdafiəçi X2 iştirakı ilə təhqiqatçı Rəşad Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu və haradan əldə etdiyi soruşulduqda sonuncu bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir və şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat pul müqabilində almışdır. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, həmin protokolu imza ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid4 da Şahid3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 14 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək sonuncunun yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 12 radələrində Təqsirləndirilən şəxs həmin binanın qarşısında dayandığını görüb 5-10 dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə insanların intensivliyini, hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqların birində kriminalist Elnur Qocayevin video görüntüyə alması və müdafiəçi X3 iştirakı ilə təhqiqatçı Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Həmiçinin Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf plastik qutunu çıxararaq təqdim etmişdir. Həmin qutu açılan zaman içərisində 6 ədəd ağ rəngli, 1 ədəd qara rəngli bükülü olduğu müəyyən olunmuşdur. Həmin bükümlər açıldıqda 6 ədəd bükümün içərisində narkotik vasitə olan heroinə bənzər və bir ədəd bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu soruşulduqda isə sonuncu 6 ədəd bükülülərin içərisində narkotik vasitə olan heroin, 1 ədəd bükülüdə isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri təxminən 11-12 aprel 2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 45 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və özünün hissələrə böldüyünü bildirmişdir. Həmin maddələr elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış, bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və həmin protokolu imzalarla təsdiq etmişlər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə müstəntiq, polis kapitanı Qənimət Muradlı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Sumqayıt şəhər məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. 02 iyun 2022-ci il tarixli qərarla iş üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilməklə həmin tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2138 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,184 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram, 0,046 qram, 0,048 qram, 0,036 qram, 0,025 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,239 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2009 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X7 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1876 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD- R” diskdən görünür ki, təhqiqatçı Elsevər Quliyev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını izah etdikdn sonra polis əməkdaşlarına da ölərini təqdim etməsi bildirilir və onlar da özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf plastik qutunu və sağ arxa cibindən bir ədəd “Catel” markalı, içərisində ***- ***-**-** nömrəsi olduğunu qeyd etdiyi mobil telefonu çıxararaq təqdim edir. Plastik qutu açıldıqda içərisində 6 ədəd ağ rəngli və 1 ədəd qara rəngli bükümlər olduğu görünür. 6 ədəd ağ rəngli kağız bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasit olan herqjnə bənzər və 1 ədəd qara rəngli kağız bükülü açıldıqda içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə olması görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs qəhvəri rəngli maddələrin “kakos”, yəni heroin, ağ rəngli maddənin isə “şüşə”, yəni metamfetamin olduğunu, həmin maddələri 2-3 gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 45 manata şəxsi istifadəsi üçün aldığını və istifadə etmək üçün heroini hissələrə böldüyünü bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonra isə əvvəlcə ağ rəngli bükümlər elektron tərəzidə çəkilərək 1ci bükümün çəkisinin 0,10 qram, 2-ci bükümün 0,11 qram, 3-cü bükümün, 0,10 qram, 4-cü bükümün 0,07 qram, 5-ci bükümün 0,06 qram, 6-cı bükümün 0,08 qram, ümumilikdə çəkilərinin 0,58 qram olması müəyyən olunur. Sonra isə qara rəngli kağız bükülü elektron tərəzdiə çəkilərək çəkisinin 0,34 qram olması müəyyən olunur. Bundan sonra həmin bükülülər qablaşdırılır, möhürlənir, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır. Sonda isə çəkiliş dayandırılır. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD- R” diskdən görünür ki, təhqiqatçı Rəşad Məhərrəmov özünü təqdim edərək iştirakçılar barədə, eləcədə Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanılması barədə məlumat verir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirir və ona şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edir. Həmin şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli maddə olması görünür. Həmin maddə elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 1,34 qram olması müəyyən olunur. Bundan sonra həmin bükülülər qablaşdırılır, möhürlənir, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır. Elmin Məmədovun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu, bir ədəd alışqan, göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd cib dəsmalı və şalvarının sol yan cibindən 5 ədəd 1 manatlıq və 1 ədəd 5 manatlıq olmaqla 10 manat pul aşkar olundu. “Rothmans" markalı siqaret qutusu, bir ədəd alışqan, bir ədəd cib dəsmalı və 10 manat pul əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılır. Sorğu zamanı Təqsirləndirilən şəxs qəhvəri rəngli maddənin “kakos”, yəni heroin olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Sonda isə çəkiliş dayandırılır. Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq Sumqayıt ŞPİ-nin 1-ci PB- dən daxil olmuş məktubdan görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etmiş olduğu şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini sonuncu şəxsi istifadəsi üçün, xx.xx.2022-ci il tarixdə isə üzərindən aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə narkotik vasitə olan heroini və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etmişdir. Əməliyyat tapşırığında qeyd olunmuş digər xüsusatlarla bağlı əməliyyataxtarış tədbirləri həyata keçirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa bu barədə istintaqa bildiriləcəkdir. İş materiallarında olan “Narkotik vasitələrin maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə ümumi təmiz çəkisi 0,239 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,260 qram narkotik vasitə olan heroinlər, 1 ədəd bükümdə təmiz çəkisi 0,184 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 0,179 qram, 1.210 qram narkotik vasitə olan heroinlər və 0,134 qram psixotrop maddə metamfetamin isə saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid3, Şahid2 və Şahid4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)- 376/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il, 05 ay, 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarla “8 noyabr- Zəfər Günü münasibətlə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə uyğun olaraq, Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya qərarının 36cı bəndinə əsasən, onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcbur müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Suraxanı rayon məhkəməsinin 7(010)-540/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirinin tətbiqi ləğv edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 6 ədəd bükümdə ümumi təmiz çəkisi 0,239 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,260 qram narkotik vasitə olan heroinlər, 1 ədəd bükümdə təmiz çəkisi 0,184 qram psixotrop maddə olan metamfetamini satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız narkotik vasitənin 7 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 7 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə təmiz çəkisi 1,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 09 aprel 2022ci il tarixdə, saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən küçirilmiş əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın qarşısında saxlanılıb 1-ci PB-yə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan başqa o, satış məqsədi olmadan 1 ədəd bükümdə təmiz çəkisi 0,184 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram, 0,046 qram, 0,048 qram, 0,036 qram, 0,025 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,239 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 aprel 2022-ci il tarixdə, saat 12:10 radələrində Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın qarşısında saxlanılıb Sumqayıt ŞPİ-yə gətirələrək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində həmin narkotik vasitə olan heroin və psxiotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən, CMin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,179 qram, 1.210 qram narkotik vasitə olan heroinlər və 0,134 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 162 (bir yüz altımış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkkiz) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,179 qram, 1.210 qram narkotik vasitə olan heroinlər və 0,134 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 162 (bir yüz altımış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 108 (yüz səkkiz) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar