Məhkəmə qərarları › İş №1(060)-566/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-566/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-566/2023 21.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Naxçıvan MR Şərur rayon, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Şərur rayon, Zeyvə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi fərdi evdə yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0,388 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 10:50 radələrində Sumqayıt şəhər, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin daxilində mühafizəçilər tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına təhvil verilmiş, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və bölmədə xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızında təmiz çəkisi 0,388 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Naxçıvan MR Şərur rayon, Zeyvə kəndində qeydiyyatdadır, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi fərdi evdə yaşayır, 4 ildir ki narkotik vasitə istifadəçisidir. Əsasən kakos adlandırılan narkotik vasitəni əvvəllər çəkməklə qəbul edirmiş, lakin sonradan inyeksiya yolu ilə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün əvvəllər tanıdığı onun da narkotik vasitədən istifadə etdiyini və dostu kimi təqdim etdiyi lakin adını bildirmədiyi şəxs vasitəsilə əldə etdiyini bildirmişdir. Belə xx.xx.2023-cü il tarixdə saat 08:15 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən Bravo marketə gəlmiş, marketə daxil olaraq rəfləri gəzmiş, əsas etibarı ilə müxtəlif adda şokolad, şirniyyat məhsulları, energetik içki, o cümlədən corab və sair məhsulları vitrinlərdən götürüb həmin əşyaları qara rəngli əl çantasında, o cümlədən əynində olan paltarların cibinə yığıb gizlətmişdir. Bundan sonra kassadan deyil, kassanın yan tərəfindən keçib marketdən çıxmaq istəyərkən marketin mühafizəçisi onu yaxınlaşaraq saxlamışlar. Orada kameralardan izləndiyini dedikdə o, götürdüyü bütün ərzaq və qeyri ərzaq məhsullarını könlüllü şəkildə çıxarıb mühafizəçilərə təhvil vermişdir. Onun aparmaq istədiyi məhsullar kassaya vurulmuş və ümumi 107 manat təşkil etmişdir. O, həmin məhsulları marketin içərisindən çıxara bilməmiş, çünki marketin giriş qapısının qarşısında mühafizəçi onu saxlamışdır. Qeyd edir ki, öncədən narkotikdən istifadə etdiyi üçün oğurluq edərkən sanki özündə olmamışdır. Bundan sonra marketə polis əməkdaşları gəlmiş, onunla söhbət etdikləri zaman o, həmçinin narkotik vasitə istifadə etdiyini və hazırda da üzərində bir büküm narkotik vasitə kakos olduğunu demişdir. Orada müvafiq sənədləşmə işləri aparıldıqdan sonra polis əməkdaşları ilə birlikdə 3-cü polis bölməsinə gəlmişdir. Bölməyə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi vəkil ona təqdim olunmuşdur. Bundan sonra bölmədə xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə, onunla eyni cinsdən olan xanım tərəfindən şəxsi axtarış keçirmilmişdir. Onun üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməyini təklif edildikdə o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu qızılı rəngli siqaret kağızı bükümünü, sol yan cibindən şəxsi əşyalarını çıxarıb masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd qızılı rəngli siqaret kağızı bükümündəki maddənin narkotik maddə kakos olduğunu, həmin kakosu xx.xx.2023-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün on manata aldığını, bu gün istifadə etmək üçün üzərində saxladığını bildirmiş, lakin istifadə edə bilməmişdir. Sözügedən qızılı rəngli siqaret kağızı bükümündə toz halında tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması aşkar edilmiş, onun üzərindən aşkar edilmiş içərisində tünd qəhvəyi rəngli, toz halında maddə elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Onun qeyri-rəsmi nikahından xx.xx.2019-cu il təvəllüdlü Həsənov Tunar adlı övladı var. Hazırda Bakı şəhərində fəaliyyət göstərən gecə klublarında ofisant olaraq çalışır. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. Rütbəsi polis mayorudur. Bölmədə əməliyyat qrupunda xidmətdə olan zaman xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketdən mühafizəçi bölmənin daxili nömrəsinə zəng edərək marketdən oğurluq etmək istəyən şəxsi saxladıqları barədə məlumat vermişlər. Həmin məlumatı yoxlamaq məqsədilə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşı Şahid2 ilə birlikdə qeyd olunan ünvana getmişlər. Marketdə oğurluq etmək istəyən şəxsin xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs ilə söhbət edən zaman onun dörd ildən artıqdır ki, narkotik vasitə aludəçisi olduğunu, hazırda da üzərində bir büküm narkotik vasitə kakos olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxsm araşdırma aparılması üçün Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə vəkil dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd kağıza bükülmüş büküm açılan zaman içərisində spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümün 10 manata olmaqla öz şəxsi istifadəsi üçün aldığını, xx.xx.2023-cü il tarixdə istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağıza bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,55 qram olduğu müəyyən olunmuşdur. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 də Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 10 aprel 2023-cü il tarixdə, saat 10:50 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 16); 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 56-57) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 65-66); təqsirləndirilən şəxs barəsində, qətimkan tədbirinin seçilməsi barədə 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 67-68); “şəxsi axtarışın keçirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:50 radələrində Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin daxilində mühafizəçilər tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına təhvil verilmiş, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş, bölmədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları və Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİnin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngi siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd kağıza bükülmüş büküm açılan zaman içərisində spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümün 10 manata olmaqla öz şəxsi istifadəsi üçün aldığını, xx.xx.2023-cü il tarixdə istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağıza bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,55 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X4 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir.(i.v 25-26) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2108 nömrəli 10 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №127” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0.388 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 35-38) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X5 xx.xx.2023-cü il tarixli, 481 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (i.v. 40-42) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 2121 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 84-85). “maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0.388 qram olan heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.338 qram heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 74) “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 80-81) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 83); İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 adlı övladı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda ünvan 1də valideyni və bir övladı ilə birlikdə yaşayır. “sübutların qiymətləndirilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/2108 nömrəli 10 aprel 2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2121 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.388 qram, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.338 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 88-93); Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən heroinin 0.15 qram dax olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarına yaxın olması, bundan başqa sonuncunun cəzasını yüngülləşdirən halların olmasını, ilk dəfə cinayət törətməsini, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM 93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0.338 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.338 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar