Məhkəmə qərarları › İş №1(060)-566/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-566/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-566/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Özbəkistan Respubliaksı, Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hazırki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-288/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan mıhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan mıhrumetmə cəzası saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özünü nüfuzlu şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs1 “SOCAR”da dəzgahçı kimi, Zərərçəkmiş şəxs2 isə “SOCAR”-da mühafizəçi kimi işə düzəlmələrində köməklik göstərəcəyi adı ilə etibarından sui-istifadə etdərək yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 04 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Göyərçin” parkının yaxınlığındakı “Özsüt” restoranında Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat, Zərərçəkmiş şəxs2nm 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2023-cü ilin sonlarında Sumqayıt şəhəri 4 saylı xəstəxanada Yeganə adlı tibb bacısı ilə tanış olmuşdur. O, işləmədiyi üçün maddi vəziyyəti çox pis olmuuşdur. Buna görə də Yeganə ilə söhbət əsnasında Yeganəyə yüksək vəzifədə işləyən tanışlarının olduğunu və işə düzəlmək istəyən tanışlarına köməklik edə biləcəyini demişdir. Onun məqsədi həmin şəxslərdən pul almaq, şəxsi ehtiyaclarına xərclədikdən sonra götürdüyü pulları geri qaytarmaq olmuşdur. Həmin ərəfədə mobil telefon nömrələrini əlaqə saxlaması üçün Yeganəyə vermişdir. Təxminən 01-02 yanvar 2024-cü il tarixlərdə hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə Nailə həmin nömrələrdən birinə zəng vurmuşdur. Nailə ona nömrəni Yeganənin verdiyini, özünün və bacısı Ramilənin işsiz olduğunu demişdir. Nailə onları hansı işə düzəldə biləcəyini ondan soruşmuşdur. O da Nailəyə SOCAR-da dəzgahçı və mühafizəçi işlərinin olduğunu, onu dəzgahçı, bacısı Ramiləni isə mühafizəçi kimi işə düzəlməkdə köməklik edə biləcəyini demişdir. Həmin işlərə düzəlmək üçün Nailənin ona 2500 manat, Ramilənin isə 3000 manat pul verməli olduğunu bildirmişdir. Nailə də onunla razılaşmış və ona 2500 manat pul verəcəyini, bacısı Ramilə ilə də bu barədə danışdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Sonradan isə Nailə onunla əlaqə saxlamış və ona Ramilənin də işə düzəlməsi üçün 3000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra onlar razılaşıb 04 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, “Göyərçin parkı” ərazisində yerləşən “Özsüt” restoranında görüşmüşlər. Həmin vaxt Ramilə ona 3000 manat, Nailə isə 2500 manat pulu vermişdir. O da həmin şəxslərə qısa müddət ərzində işə düzəlməkdə köməklik edəcəyini demişdir. Orada olan zaman Yeganə də onların yanına gəlmişdir. Söhbət zamanı Ramilə və Nailənin ona pul verdiklərini bilmişdir. Nailə və Ramilənin ona verdikləri pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. İstintaq orqanına təqdim olunmuş “Whatsapp” mesajları və səs yazıları ona məxsusdur. O, Nailə və Ramilənin pulunu verə bilməmiş, buna görə də həmin şəxslər votsap vasitəsilə də ona mesaj yazaraq və zəng vuraraq işləri barədə maraqlanmışlar. Daha sonra onlar pullarını tələb etmişlər və o isə vaxt qazanmaq üçün müxtəlif bəhanələr gəitirmişdir. Onun Ramilə və Nailənin pullarını ələ keçirmək istədiyindən Yeganənin əvvəlcədən məlumatı olmamış və o, əldə etdiyi puldan da sonuncuya hər hansı bir məbləğ verməmişdir. Həmçinin bildirmişdir ki, onun bir azyaşlı uşağı var, uşaq hazırda körpələr evinə verilmişdir. Göstərilən halları, həmçinin özünü təqsirli bilməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin sentyabr ayına kimi Sumqayıt şəhər 4 saylı xəstəxanada tibb bacısı vəzifəsində çalışmışdır. Həmin xəstəxanada onunla birlikdə Yeganə adlı tibb bacısı işləmiş və sonuncu ilə rəfıqəlik etmişdir. Həmin vaxtdan sonra işdən çıxsa da, Yeganə ilə münasibətlərini davam etdirmişdir. O, söhbət zamanı Yeganəyə iş axtardığını, tanış adamı olsa ona işə düzəlməkdə kömək etməyini xahiş etmişdir. Yeganə ona Şəhanə adlı tanışının olduğunu və bu işlərlə məşğul olduğunu demişdir. Buna görə də o, Yeganədən həmin Şəhanə adlı qadının mobil nömrəsini istəmişdir. Yeganə ona Şəhanənin mobil nömrələrini verərək onunla əlaqə saxlamasını bildirmişdir. O, Şəhanə ilə əlaqə saxlamış, sonuncu ona dövlət qulluğunda işlədiyini və yüksək vəzifəli tanışlarının odluğunu bildirmişdir. Daha sonra Şəhanə onu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Socara dəzgahçı vəzifəsinə düzəldə biləcəyini demişdir. Şəhanə ilə danışdıqdan sonra bu barədə bacısı Ramiləyə məlumat vermişdir. Ramilə də ona iş axtardığını və bunun üçün Şəhanəyə ona kömək etməsini xahiş etmişdir. O, bundan sonra Şəhanə ilə əlaqə saxlamış və bacısı Ramilənin də işə düzəlməsinə köməklik etməyi xahiş etmişdir. Şəhanə ona bacısını da Socara mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Şəhanə düzəldəcəyi işlərə görə onun 2500 manat, bacısı Ramilənin isə 3000 manat pul verəcəyini demiş və o da Şəhanə ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə o, bacısı ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Göyərçin parkı ərazisində yerləşən “Özsüt” restoranında Şəhanə ilə görüşmüşlər. Söhbət zamanı o, Şəhanəyə 2500 manat və bacısı Ramilə isə 3000 manat pul vermişdir. Bundan bir neçə dəqiqə sonra o, Yeganəni də ora çağırmış və söhbət etdikdən sonra onlar ayrılmışlar. Bundan sonra onlar işləri ilə bağlı Şəhanənin mobil nömrəsinə votsap vasitəsi ilə dəfələrlə zəng edib və mesajlar yazıb işləri barədə maraqlanmışlar. Şəhanə dəfə müxtəlif bəhanələr gətirmiş və daha sonra isə onların zənglərinə cavab verməmişdir. Hal-hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun bacısı Nailə 2023-cü ilin sentyabr ayına kimi Sumqayıt şəhər 4 saylı xəstəxanada tibb bacısı vəzifəsində çalışmışdır. Həmin xəstəxanada onun bacısı ilə birlikdə Yeganə adlı tibb bacısı da işləmiş və bacısı onunla rəfıqəlik etmişdir. O, Nailəyə iş axtardığını demişdir. Nailə də ona Yeganənin Şəhanə adlı tanışının olduğunu və bu işlərlə məşğul olduğunu demişdir. Nailə Yeganədən həmin Şəhanə adlı qadının mobil nömrəsini almışdır. Daha sonra Nailə Şəhanəyə zəng etmiş, sonuncu dövlət qulluğunda işlədiyini və yüksək vəzifədə çalışan tanışlarının olduğunu bildirmişdir. Daha sonra Şəhanə bacısını Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Socara dəzgahçı vəzifəsinə düzəldə biləcəyini demişdir. Nailə bu barədə ona demiş və o, bununla razılaşmışdır. Nailə Şəhanə ilə əlaqə saxlamış və onun da işə düzəltməyi xahiş etmişdir. Şəhanə onu həmin yerə mühafizəçi kimi işə düzəldə biləcəyini demişdir. Şəhanə Nailənin işi ilə bağlı 2500 manat, onun işi ilə bağlı 3000 manat pul verməli olduğunu demişdir. Onlar da Şəhanənin dedikləri ilə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə o, bacısı ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Göyərçin parkı ərazisində yerləşən “Özsüt” restoranında Şəhanə ilə görüşmüşlər. Söhbət zamanı o, Şəhanəyə 3000 manat, bacısı 2500 manat pul vermişdir. Bundan bir neçə dəqiqə sonra bacısı Yeganəni də ora çağırmış və söhbət etdikdən sonra ayrılmışlar. Bundan sonra o, işləri ilə bağlı Şəhanənin mobil nömrəsinə votsap vasitəsi ilə dəfələrlə zəng edərək mesajlar yazmış, lakin Şəhanə hər dəfə müxtəlif bəhanələr gətirmiş və daha sonra bacısının mobil telefon zənglərinə cavab verməmişdir. Hal-hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən etibarən Sumqayıt şəhəri 4 saylı xəstəxanada fizioterapiya şöbəsində tibb bacısı vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs1 tibb bacısı kimi işlədiyi vaxtdan tanımış və onunla birlikdə 2023-cü ilin sentyabr ayına kimi Sumqayıt şəhər 4 saylı xəstəxanada tibb bacısı kimi işləmişlər. Belə ki, Nailə hal-hazırda işlədiyi xəstəxanadan öz ərizəsi ilə çıxmışdır. Buna baxmayaraq onların münasibətləri davam etmiş və bir-birləri ilə arabir əlaqə saxlamışlar. Nailənin özünə başqa iş axtardığını ona demiş və sonuncu ilə mobil telefonla əlaqə saxlayan zaman Nailə ona tanış adam olsa onu işə düzəlməkdə kömək etməsini xahiş etmişdir. O, həmin vaxtlarda Şəhanəni ərinin müştərisi kimi tanımışdır. Belə ki, əri taksi sürücüsüdür, Şəhanə müştəri kimi ərinin avtomobilində olmuş, yaxşı əlaqələrinin olmasını bildirmiş və əri isə bu barədə ona demişdir. Bundan sonra Şəhanə ilə tanış olmuş, beləcə Şəhanə onunla arada əlaqə saxlamışdır. O Şəhanə barədə Nailəyə məlumat vermişdir. Bundan sonra Şəhanənin mobil nömrələrini Nailəyə vermişdir. Daha sonra Nailə onunla əlaqə saxlamış və Şəhanənin onu işə düzəltmək üçün 2500 manat, bacısı Ramilənin işi ilə bağlı 3000 manat pul istədiyini demişdir. xx.xx.2024-cü il tarixdə Nailə bacısı Ramilə ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Göyərçin parkı ərazisində yerləşən “Özsüt” restoranında Şəhanə ilə görüşmüş və onu da ora çağırmışlar. O, həmin yerə gedən zaman Şəhanə, Nailə və Ramilənin oturub çay içdiklərini görmüşdür. Orada Nailə 5500 manat pulu Şəhanəyə verdiyi demiş və o, Şəhanədən bu işin necə olacağını soruşmuşdur. Şəhanə Nailəgilin işlərinin düzələcəyini bildirmişdir. Daha sonra onlar ayrılmışlar. Bundan sonra Nailə işləri ilə bağlı Şəhanənin mobil nömrəsinə votsap vasitəsi ilə dəfələrlə zəng edərək və mesajlar yazaraq maraqlanmış, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmiş, daha sonra mobil telefon zənglərinə cavab verməmişdir. Şəhanə Nailə və Ramilədən aldığı 5500 manat pulu geri qaytarmamışdır. o Şəhanəyə inandığı üçün Nailəyə sonuncunun mobil nömrəsini vermişdir. Cinayət işinin 60-61-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işinin 88-89-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan “baxış aparılması haqqında” 14 may 2025-ci il tarixli protokola və protokola əlavə edilmiş videogörüntülərə baxış keçirilərəkən müəyyən edilmişdir ki, həmin diskin içərisində 5 ədəd səs yazıları faylı vardır. Həmin səs yazılarını dinlədikdə qadın cinsli şəxsin “axşamınız xeyir, sağolun, siz necəsiniz? İnşaallah sabah mən sizinlə əlaqə saxlayacağam”, “bax gözləmədiniz ayın 10-nu hamısı işə çıxacaq, gözləsəydiniz siz də ayın 10-u işə çıxardınız”, “can Nailə dünən mən sənə dedim axı sabah yox birisi gün gəitirib verəcəm narahat olma, özüm də narahatam, inanırsan özüm də həkimə getməliyəm uşağın belində əyrilik var, gedim özüm də bir həftə dincəlim, narahat olma, sabah yox birisi gün çatdıracam”, “yazıq bacın nə etsin, Allah onun üzünü qara etsin, siz gözləmədiz, başa düşürəm bu dəqiqə hamının ehtiyacı var, vəziyyət pisdir, özüm də vallah xəcalət çəkirəm, gör nə vaxtdandır, sabah yox birisi gün alacam, gəlib Sumqayıta əlbəəl özünə verəcəm”, “sağol Nailə axşamın xeyir, inan bu gün bütün günü bölmədə olmuşam, heç getməmişəm, gedib maraqlanacağam, deyir ki, işə çıxanda gözlədiyiniz vaxtın maaşını da alacaqsınız” deməsi müəyyən olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin səs yazısının ona məxsus olmasını bildirmişdir. Cinayət işinin 96-102-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs səs yazıları olan 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 44-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir azyaşlı uşağı var. ( xx.xx.2023-cü il təvəllüdlü Melisa Abbasova). Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-288/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün müddətə şübhəli şəxs kimi tutulması təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 ( bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzçəkmə müddətinin başlanğıcı 04 iyul 2025-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sisttemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var. xx.xx.2023-cü il təvəllüdlü X2. Cinayət işinin materiallarına əlavə edilmiş 04 iyul 2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 Sosial Xidmətlər Agentliyinin Abşeron Regional fililialına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni təqsirini etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-288/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün müddətə şübhəli şəxs kimi tutulması təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 ( bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzçəkmə müddətinin başlanğıcı 04 iyul 2025-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-in eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-288/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdən 21 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-288/2025 saylı iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2025-ci il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən azyaşlı uşağının on dörd yaşına çatana qədər təxirə salınıb-salınmaması məsələsini müzakirə edərək hesab edir ki, qeyd edilən normanın Təqsirləndirilən şəxs tətbiq edilməsi məqsədə müvafiq deyil. Belə ki, Təqsirləndirilən şəxs hal-hazırda CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəza çəkir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs uşağı Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı Regional filialının vəzifəli şəxslərinə təhvil verilmişdir və hazırda baxımsız deyil. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə ekspertiza xərcləri, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)- 288/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdən 21 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-288/2025 saylı iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 03 (üç) gün müddət təyin olunmuş təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın və onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərcləri, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar