Məhkəmə qərarları › İş №1(060)-568/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-568/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-568/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 136B-nin giriş blokunun qarşısında, Zərərçəkmiş şəxs ilə görüşüb, sonuncunun mobil telefonuna 5(beş) manat vəsait yüklədiyini bildirib, həmin vəsaiti qaytarmasını tələb etmiş, Zərərçəkmiş şəxs mobil telefonuna vəsait yüklənmədiyini bildirsə də o, buna inanmadığı üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı qanunla qorunan ictimai qaydalara açıq etinasızlıq göstərib, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs çənə nahiyəsindən qəsdən yumruqla bir dəfə vuraraq sol çənə bucağın yerdəyişən sınığı xəsarəti ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, axşam saat 22 radələrində, Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində, Zərərçəkmiş şəxsla rastlaşmış, Taleh, bir neçə şəxslə onun yanından keçərkən, onun çiyni Talehin çiyninə dəymiş, Taleh səs-küy salıb ona irad bildirməyə başlamışdır. O və Talehin yanında olan şəxslər Talehi sakitləşdirməyə çalışmış, ancaq Taleh heç kimə məhəl qoymayaraq onunla mübahisə etməyə davam etmişdir. O, Talehin yanında olan şəxslərdən çıxıb getmələrini xahiş etmiş və Talehlə onun arasında baş verən mübahisəni özləri ikilikdə “yoluna qoyacaqlarını” bildirmişdir. Həmin şəxslər yollarına davam edərək, uzaqlaşmışlar. O və Taleh isə söhbət edə-edə Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisinə, “Turan” bankın yaxınlığında yerləşən, Talehin yaşadığı binanın qarşısına getmişlər. Orada Taleh onun ünvanına nalayiq küçə söyüşləri söydüyü üçün o, əsəbləşərək, yumruq zərbəsi ilə bir dəfə Talehin çənə nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Taleh huşunu itirib yerə yıxılmışdır. Ancaq o, dərhal Talehi ayağa qaldırıb, “qoluna girmiş” və Sumqayıt şəhəri 20-ci məhəllə ərazisinə aparmışdır. 20-ci məhəllə ərazisində onun tanışları Ruslan və Kənanla rastlaşdıqda, Talehlə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı o, əsəbləşərək, Talehi yumruqla vurduğunu bildirib, Ruslan və Kənandan Talehi xəstəxanaya aparmalarını xahiş etmişdir. Həmin şəxslər Talehi taksiyə əyləşdirib Sumqayıt şəhər TTYX-na aparmışdırlar. Təxminən 40 dəqiqə sonra o, da xəstəxanaya gedib, həkimdən Talehin vəziyyətini soruşduqda həkim Talehin çənəsinin sındığını bildirmişdir. O, Talehin əməliyyat xərclərinə görə həkimə 100 manat pul vermək istəsə də, həkim əməliyyat xarcləri üçün 450 manat gərəkdiyini bildirmişdir. Ancaq həmin məbləğə onun maddi imkanı çatmadığından, o, Talehlə söhbət edərək, Talehin əməlliyyat xərclərinə görə 200 manat verməyə imkanı çatdığını bildirib, qalan pulun ödəməsini isə Talehdən xahiş etmişdir. Ancaq sonradan Talehin onu aldadaraq ondan pul almaq istədiyini düşünmüş və Talehə pul verməkdən imtina etmişdir. xx.xx.2021-ci il tarixdə Taleh xəstəxanadan evə buraxılmış, bir neçə gündən sonra Talehin anası, onun yaşadığı evə gedib, onun Talehi yumruqla vurub çənəsini sındırdığına görə, Talehin müalicəsi üçün 1000 manat pul gərək olduğunu bildirib, onun valideyinlərindən maddi yardım etmələrini tələb etmişlər, onun anası köməklik etməyə imkanları olmadığını bildirmişdir. Hal-hazırda zərərkəmiş şəxs onunla barışmır və pul istəyir, barışmaq üçün zərərçəkmiş şəxsə yalvarmaq niyyəti yoxdur. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində o, yaşadığı binanın qarşısında olduğu vaxt, onunla qonşuluqda yaşayan, üzdən tanıdığı, lakin adını bilmədiyi, təxminən 40 yaşlarında olan kişi ona yaxınlaşaraq, öz tanışı ilə danışmaq üçün onun mobil telefonunu istəmiş, o, etiraz etməyərək telefonunu həmin şəxsə vermişdir. Həmin şəxs, danışıb qurtardıqdan sonra telefonunu ona qaytarmış və çıxıb getmişdir. O, da yaşadığı evinə getmiş, evə getdikdən bir qədər sonra, tanımadığı şəxs onun telefonuna zəng edərək, adının Cavid olduğunu, onun mobil telefon nömrəsinə 5 manat danışıq balansı yüklədiyini bildirib, həmin məbləği qaytarmasinı ondan istəmişdir. O, mobil telefonuna danışıq balansı yüklənməsindən məlumatsız olduğunu, həmçinin az öncə onun mobil telefonu ilə, adını bilmədiyi qonşusunun kiminləsə, ola bilsin ki, Cavidlə danışdığını bildirmişdir. Cavid isə ona inanmayaraq onunla təcili görüşməyi tələb etmiş, o, yaşadığı ünvanı Cavidə izah edərək, yaşadığı binanın qarşısına gəlməsini xahiş etmişdir. Təxminən saat 22 radələrində o, yaşadığı binanın qarşısında Cavidlə görüşmüş və ona aydın olmuşdur ki, Cavid onun əvvəllər tanıdığı şəxsdir. O, az öncə onun mobil telefonu ilə zəng edən şəxsi çağıracağını bildirib, Caviddən gözləməsini xahiş etmiş və sözügedən şəxsin mənzilinə tərəf getmək istədikdə, Cavid qəflətən yumruq zərbəsi ilə onun çənə nahiyəsdən vurmuşdur və zərbənin təsirindən o, huşunu itirib yerə yıxılmışdır. Ayıldıqda isə xəstəxanada olduğunu bilmiş və Cavidin də, yanında olduğunu görmüşdür. Həmin gün o, tibbi yardım almaq üçün xəstəxanada qalmış, həkim, zərbənin təsirindən onun çənə sümüyünün sindığını və əməliyyat olunmasının vacibliyini bildirsə də, maddi imkanı olmadığı üçün, o, əməliyyat olunmaqdan imtina etmiş və xəstəxananı tərk etmişdir. Lakin təxminən dörd gün sonra, onun çənə nahiyəsindən aldığı xəsarətə görə ağrıları daha da, kəskinləşdiyindən o, yenidən xəstəxanaya getmiş və çənə nahiyəsindən əməliyyat olunmuşdur. xx.xx.2022-ci il tarixdə o, Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, tanıdığı Cavid adlı şəxsin onu döyərək, çənə nahiyəsinə xəsarət yetirdiyini, Cavidin cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini bildirmişdir. Cavid onu xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 136B-nin qarşısında, qəflətən çənəsinin sol tərəfindən yumruq zərbəsi ilə vurmuş, o, Cavidi vurmamış və heç bir xəsarət yetirməmişdir. Cavid ona xəsarət yetirərkən yanlarında və ya ətrafda heç kimin olmamışdır. Barışıq üçün heç bir cəhd göstərməmiş, nə maddi nə mənəvi dəstək olmamışdır. Təqsirləndirilən şəxs barəsində qanunauyğun cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2021-ci il tarixdə onun qardaşı Talehin yaşadığı ünvana getdikdə Talehin çənə nahiyəsinin sarıqlı olduğunu və çənənsinə çəna karseti bağlanıldığını görmüş, nə baş verdiyini soruşduqda, Taleh, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 81-in qarşısında, Talehin Cavid adlı tanışının yumruq zərbəsi ilə Talehin çənəsinə vurduğunu və zərbənin nəticəsində Talehin çənə sümüyünün sındığını bildirmişdir. Taleh, həmin gün tibbi yardım almaq üçün xəstəxanada qalmış, həkim, zərbənin təsirindən Talehin çənə sümüyünün sindığını və əməliyyat olunmasınin vacibliyini bildirsə də, Talehin maddi imkanı olmadığı üçün, əməliyyat olunmaqdan imtina etmiş və xəstəxananı tərk etmişdir. Lakin Talehin çənə nahiyəsindən aldığı xəsarətə görə ağrıları görə təxminən dörd gün sonra yenidən xəstəxanaya getmiş və çənə nahiyəsdən əməliyyat olunmuşdur. xx.xx.2022-ci il tarixdə Taleh onunla birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinə gedərək ərizə ilə müraciət edib, Cavid adlı şəxsin Talehi döyərək, çənə nahiyəsinə xəsarət yetirdiyini, Cavidin cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti alması faktına görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 51 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol çənə bucağın yerdəyişən sınığı” xəsarəti vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ittihamın elan olunması məqsədi ilə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “axtarışda olanın tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:00-da Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 1887 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 1887 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası, anası və qardaşı ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21 radələrində, onun telefonuna zəng edərək, adının Cavid olduğunu, onun mobil telefon nömrəmə 5 manat danışıq balansı yüklədiyini bildirib, həmin məbləği qaytarmasını tələb etdiyini, o, mobil telefonuna danışıq balansı yüklənməsindən məlumatsız olduğunu, həmçinin az öncə onun mobil telefonu ilə adını bilmədiyi qonşusunun kiminləsə, ola bilsin ki, Cavidlə danışdığını bildirdiyini, Cavid isə ona inanmayaraq təcili görüşməyi tələb etdiyini, o, yaşadığı ünvanı Cavidə izah edərək, yaşadığı binanın qarşısına gəlməsini Caviddən xahiş etdiyini, təxminən saat 22 radələrində o, yaşadığı binanın qarşısında Cavidlə görüşdüyünü, o, az öncə onun mobil telefonu ilə zəng edən şəxsi çağıracağını bildirib, Caviddən gözləməsini xahiş etdiyini və sözügedən şəxsin mənzilinə tərəf getmək istədikdə, Cavidin qəflətən yumruqla onun çənə nahiyəsindən vurduğunu, zərbənin təsirindən o, huşunu itirib yerə yıxıldığını Təqsirləndirilən şəxs üzünə deyərək onu ifşa etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1xx-xx-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ruslan və Kənan adlı şəxslərin şəxsiyyəti və anket məlumatlarını və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 05 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanmış cinayət işi həmin məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş, həmin maddə ilə Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığı müəyyən edildiyindən barəsində həmin maddə ilə cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 2050 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsinin səbəbi kimi xx.xx.2021-ci il tarixdə, axşam saat 22 radələrində, Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində Zərərçəkmiş şəxsla rastlaşdqda sonuncunun onun yanından keçərkən çiyni Zərərçəkmiş şəxs çiyninə dəydiyi üçün Zərərçəkmiş şəxs səs-küy salıb ona irad bildirərək mübahisə etməsini, Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisinə, “Turan” bankın yaxınlığında yerləşən zərərçəkmişin yaşadığı binanın qarşısında onun ünvanına nalayiq küçə söyüşləri söyərək onu təhqir etməsini göstərmişdir. Lakin cinayət işinin materialları ilə onun zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində mübahisəsnin yaranması barədə göstərdikləri dəlillər təkzib olunmuşdur və onun bu hissədə göstərdikləri işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəmiş və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir.. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-568/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1053 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar