Məhkəmə qərarları › İş №1(060)-57/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-57/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-57/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Beynəlxalq Banka” aid bankomatın qarşı hissəsində əvvəllər tanımadığı X1 özünə aid olan kartı qeyd olunan bankomata bir neçə dəfə taxıb-çıxardığını, lakin pulun çıxarılmadığını kənardan izləyib Faseh Ağamməddovun kartında olan pulunu tamah niyyəti ilə ələ keçirmək məqsədilə sonuncuya yaxınlaşaraq pulun bankomatdan çıxarılması ilə bağlı köməklik edə biləcəyini təklif etdikdən sonra kartı götürüb bankomata taxıb hesabda 237 (iki yüz otuz yeddi) manat məbləğində pul olduğunu görüb həmin pulun çıxarılması ilə bağlı 5310 kodunu yazaraq bankomatdan həmin kartı götürüb qeyd olunan məbləğdə pulun bankomatdan çıxanadək olan müddət ərzində dərhal özündə olan müddəti bitmiş və hesabında pul olmayan “Kapital Banka” aid kartı bankomata taxıb-çıxararaq Zərərçəkmiş şəxs fikrini yayındırmağa çalışıb bankomatdan çıxan pulu götürdükdən sonra sonuncu kartında olan pulunun bankomatdan çıxdığını gördüyü üçün ondan pulu qaytarmasını tələb etdikdə həmin pulun özündə olan “Kapital Banka” aid kartdan çıxdığını bildirərək pulu qaytarmadan oradan uzaqlaşmaqla özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq edərək zərərçəkmiş şəxs X2 237 (iki yüz otuz yeddi) manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində, “Əşya bazarı” deyilən ərazidə yerləşən kafedə ofisant işləyir, rəsmi iş yeri yoxdur. 02 iyun 2021-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka aid bankomatın yaxınlığında dayanmış, təxminən 2-3 gün əvvəl yaşadığı evə gedərkən yerdən tapdığı, istifadə müddəti bitmiş Kapital Banka aid plastik kart da üstündə olmuşdur. Bankomatın yanında dayanaraq bankomatın qarşısında pul çıxarmağa gələn hər hansı bir şəxsə bankomatdan pul çıxarması üçün köməklik etmək adı ilə ona yaxınlaşacağını və həmin şəxsin kartını götürüb pulu bankomatdan çıxararaq kartın sahibini aldadıb pulunu ələ keçirəcəyini planlaşdırmışdır. Nəzərində tutduğu cinayəti planlaşdırdıqdan sonra əvvəllər tanımadığı, adını hadisədən sonra bildiyi Faseh adlı şəxsin Beynəlxalq Banka aid bankomatın qarşısında dayanıb pul çıxarmaq istədiyini görmüş və onun kartı bir neçə dəfə bankomata salıb-çıxartmağından hiss etmişdir ki, bankomatdan pulu çıxarmağa çətinlik çəkir və ona yaxınlaşıb köməklik edə biləcəyini bildirmiş, Faseh də təklifini qəbul edərək kartı ona vermiş, kartı Fasehdən almış və kodunun 5310 olduğunu ondan öyrənmişdir. Sonra kartı bakomata taxaraq kodu yazıb əməliyyat aparmış, kartın balansında 237 manat pul olduğunu görüb həmin pulu ələ keçirməyi qərara almışdır. Kartın sahibi Faseh adlı şəxs də onun yanında olmuş, o əməliyyat apardığını görəməsin deyə bankomatın monitorunun qarşı hissəsinə keçirmişdir. O, 237 yazılan rəqəmləri sıxmış, bankomatdan Fasehin kartı çıxdıqdan sonra bankomatdan pulun çıxmasını gözləmə ərəfəsində özündə olan Kapital Banka aid plastik kartı Fasehin diqqətini yayındırmaq üçün qəsdən bankomata yarıya qədər salıb-çıxartmış, bankomatdan 237 manat pul çıxmış və pulu götürmüşdür. Fikirləşmişdir ki, özündə olan kartın müddəti bitib, bankomata tam taxsa bankomat kartı udacaqdır, buna görə yarıya kimi taxıb-çıxartmışdır. Həmin pulların içində 1 ədəd 100 manatlıq pul əskinasının olması yadında qalmışdır, qalan 137 manat pulun isə hansı pul əskinasları olması yadında qalmamışdır. Fasehə yalan olaraq bildirmişdir ki, həmin pul onda olan Kapital Banka aid kartdan çıxan puldur, lakin həmin kart istifadəyə yararlı olmamışdır. Faseh isə ona məxsus kartdan çıxan pulun Aysel tərəfindən götürüldüyünü gördüyünü demişdir. Fasehin yanında ifşa olunduğunu görüb bunu ona etiraf etməmişdir, buna görə də Faseh onunla mübahisə etməyə başlamış və onun əlindən öz pulunu dartarkən 237 manat pulun 3 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq, yəni 17 manatı ondan almışdır. Sonra Faseh adlı şəxdən ayrılmış və hadisənin baş verdiyi ərazinin yaxınlığında yerləşən Nəsimi parkı ilə piyada evinə gedərkən orada qeyri rəsmi yaşadığı əri Şahid1, onun oğlu Şahid3 və dostu Şahid2lə rastlaşmışdır. Əri Talehə 220 manat puldan 120 manat vermişdir ki, özündə saxlasın, nə vaxt istəsə ona qaytarsın və ona yalandan demişdir ki, həmin pulu işləyib qazanmışdır, onda da 100 manat qalmışdır, həmin pulla yadında qalmayan mağazadan evinə ərzaq məhsulları alıb pulu xərcləmişdir. Qeyri rəsmi yaşadığı Talehin həmin pulu cinayət yolu ilə əldə etməyindən xəbəri olmamışdır. Daha sonra polis əməkdaşları yaşadığı ünvana gəlib onu 4-cü PB-nə aparmışlar. Araşdırma zamanı istifadəyə yararsız, müddəti bitmiş Kapital Banka aid olan kartı polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Yaşma bağları, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Azərpak MMC-də mexanik vəzifəsində işləyir, aylıq əmək haqqı 236 manat 50 qəpik maaş kartına oturur, maaşını da Beynəlxalq Bankdan alır, 50 qəpik pulu bankomatdan çıxarmaq mümkün olmadığı üçün elə ay olur ki, kartdan 236 manat, elə ay da olur ki, 237 manat pul çıxarır, yəni 1 ayın maaşından 50 qəpik pul qalanda gələn ay 237 manat pul çıxarırmış. 02.06.2021-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka aid bankomata yaxınlaşaraq bankomatdan aylıq maaşını çıxarmaq üçün kartını bankomata taxmış, lakin bankomatın manitoruna günəş işığı düşdüyü üçün monitoru yaxşı görə bilməmiş və bankomatdan kartı çıxarıb təkrar taxmaq istəyərkən adını sonradan bildiyi, əvvəllər tanımadığı Aysel adlı qız bankomata yaxınlaşıb ona bildirmişdir ki, kartını ver sənə pulu çıxarmaqda köməklik edim, o da kartını ona verib kodunun 5310 olduğunu bildirmiş, o isə bankomata baxırmış ki, Aysel pulu nə vaxt çıxaracaq, Aysel özünü bankomata yaxınlaşdırırmış, lakin o da monitora diqqətlə baxırmış və o görmüşdür ki, Aysel kartını bankomata taxıb 5310 düymələrini sıxaraq kodu yazıb kartında 237 manat pul olduğu üçün 237 düymələrini də sıxmışdır. Sonra onun kartı bankomatdan çıxmış, Aysel kartı götürmüş, pulun bankomatdan çıxma ərəfəsində Aysel özündə olan kartı bankomata yarıya kimi taxmış, sonra kartı çıxararkən 237 manat pul da bankomatdan çıxmışdır. Aysel həmin 237 manat pulu götürüb ona yalandan demişdir ki, həmin pul onun kartından çıxan puldur. O başa düşmüşdür ki, Aysel onun kartında olan pulu ələ keçirmək üçün ona köməklik etmək adı ilə bankomata yaxınlaşmış, Ayselin onun kartından 237 manat pul çıxardığını görmüşdür. Onun telefonuna aylıq maaşı olan 236 manat 50 qəpik pul kartına köçürülmüşdür, ondan əvvəlki ay bankomatdan 236 manat pul çıxardığı üçün hər iki ayın 50 qəpik pulu yığılaraq bu ay 237 manat pul olması barədə məsaj gəlmişdir. Ayseldən pulunu istəmiş, lakin o, pulu verməmiş, pulu Ayselin əlindən dartıb almaq istəyərkən 17 manatını dartıb ala bilmiş, həmin pul 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinasları olmuş, 220 manat pul isə Ayseldə qalmışdır. Ayseldə qalan 220 manat puldan 1 ədəd 100 manatlıq pulu görmüş, qalan 120 manat pulun isə hansı pul əskinasları olmasını görməmişdir. Ondan nə qədər pulunu tələb etsə də, o pulunu qaytarmamış və ondan aralaşaraq çıxıb getmiş, o da bunu görüb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Ayseli çağırıb kartını ona verməmiş, Aysel köməklik etmək üçün gəlib kartı ondan istəmiş, lakin Ayselin məqsədi onun kartında olan pulu ələ keçirmək olmuşdur. Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Beynəlxalq Bankın bankomatından pul çıxarmaqda tanımadığı qadın ona köməklik edərkən bankomatdan 237 manat pulunu çıxarıb ələ keçirmiş və ondan aralaşaraq çıxıb getməsi barədə məlumat vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 23.02.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatdadır, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fəhləlik etməklə özünü dolandırır. 02 iyun 2021-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Nəsimi parkında oğlu Şahid3 və dostu Şahid2lə gəzərkən qeyri rəsmi yaşadığı arvadı Təqsirləndirilən şəxs ilə rastlaşmış, Aysel həyəcanlı olmuş, o Ayseldən nə baş verdiyini soruşmuş, Aysel də hər şeyin qaydasında olduğunu demiş və ona 120 manat pul vermişdir, o Ayseldən həmin pulun kimə məxsus olduğunu və ona nə üçün verdiyini soruşmuş, Aysel də həmin pulu işlədiyi yerdə qazandığını və ona saxlamaq üçün verdiyini, istədiyi vaxt ona qaytaracağını demişdir. Həmin pul 1 ədəd 100 manatlıq və 4 ədəd 5 manatlıq pul əskinasları olmuşdur. Həmin puldan 12 manata hansısa mağazadan özünə siqaret və oğluna şirniyyat almış, onda 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq, yəni ümumilikdə 108 manat pul qalmışdır. Sonradan Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunmuş, orada ona məlum olmuşdur ki, qeyri rəsmi yaşadığı arvadı Təqsirləndirilən şəxs 120 manat pulu ona verməmişdən bir neçə dəqiqə əvvəl tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka aid bankomatdan pul çıxarmaq istədiyini görüb ona yaxınlaşaraq köməklik etmək adı ilə onu aldadaraq kartını alıb bankomata taxmış, sonra özündə olan müddəti bitmiş, istifadəyə yararsız kartı bankomata yarıya kimi taxıb çıxartmışdır ki, Faseh adlı şəxsin fikrini yayındırsın, sonra Aysel kartdan 237 manat pul çıxartmışdır. Faseh də bunu görmüş və pulunu ondan qaytarmasını tələb etmiş, lakin Aysel pulu qaytarmamış, o da pulu Ayselin əlindən dartıb almaq istəyərkən 17 manatını ala bilmiş, qalan pulu ala bilməmiş, Aysel də həmin puldan ona 120 manat pul vermişdir. Ayselin ona verdiyi 120 manat pulu cinayət yolu ilə əldə etməsindən məlumatı olmamış, həmin pulun 12 manatını xərcləmiş, 108 manatı onda qalmış və həmin 108 manat pulu da istintaqa təqdim etmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər Şahid2 və yetkinlik yaşına çatmayan Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03.06.2021-ci il tarixdə tutulmuş, 04.06.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-636/2021 saylı, 01.12.2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqyıt ŞPİ-nin 3-cü PB-dən daxil olmuş 126-16191 saylı, 24.12.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24.12.2021-ci il tarixdə Sumqyıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 17/38-9274 saylı, 30.12.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24.12.2021-ci il tarixdə Sumqyıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən tutularaq 27.12.2021-ci il tarixdəə Bakı İstintaq təcridxanasına gətirilmişdir. İş materiallarrında olan Azərbaycan Beynəlxalq Bank tərəfindən verilmiş 25.08.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs ******************** saylı kart hesabına 02.06.2021-ci il tarixdə 236.5 manat cari ilin may ayı üçün əmək haqqı yüklənilmiş, 03.06.2021-ci il tarixdə həmin kart hesabından ATM vasitəsi ilə Sumqayıt şəhəri ərazisində 237 manat pul çıxarılmışdır. İş materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi” haqqında 02 iyun 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinaslarını istintaqa təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinaslarına baxış keçirilərək müəyyən edilmişdir ki, həmin pul əskinasları Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus Beynəlxalq banka aid plastik kartdan çıxarılmış 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinaslarıdır. Şahid1 bildirmişdir ki, həmin pul əskinaslarını qeyri rəsmi yaşadığı arvadı Aysel Əliyev ona vermiş, yalan olaraq özünə aid pul əskinasları olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs da etiraf edərək bildirmişdir ki, həmin pul əskinasları Faseh Ağamməddovun kartından çıxartdığı pullardır. X4 da bildirmişdir ki, həmin pul əskinasları Təqsirləndirilən şəxs tərəfindən onun kartından çıxarılan pul əskinaslarıdır. İş materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi” haqqında 02 iyun 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Ağammədov X3 banka aid bir ədəd plastik kartı, həmçinin 3 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinaslarını istintaqa təqdim etmişdir. Təqdim edilmiş bir ədəd plastik karta, 3 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinaslarına baxış keçirilərək müəyyən edilmişdir ki, həmin kart 4127 2081 2965 5980 şifrəli Beynəlxalq banka aid plastik kartdır, istifadə müddəti 2023-cü ilin 5-ci ayınadəkdir, yəni istifadə müddəti bitməmişdir, 3 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinasları da Zərərçəkmiş şəxs həmin maaş kartından çıxarılan pul əskinaslarıdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin kart ona məxsus maaş kartıdır, kartdan Təqsirləndirilən şəxs tərəfindən 237 manat pulu çıxarılaraq ələ keçirilmiş, həmin kartdan çıxarılan 3 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinaslarını Təqsirləndirilən şəxs əlindən dartıb ala bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs da həmin kartı və 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinaslarını tanıyaraq kartdan 237 (iki yüz otuz yeddi) manat pul çıxartdığını etiraf edərək həmin puldan 3 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinaslarını Zərərçəkmiş şəxs onun əlindən dartıb aldığını bildirmişdir. İş materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi” haqqında 02 iyun 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Kapital banka aid bir ədəd plastik kartı istintaqa təqdim etmişdir. Təqdim edilmiş bir ədəd plastik karta baxış keçirilərək müəyyən edilmişdir ki, həmin kart 5103 0714 5186 0791 şifrəli Kapital banka aid plastik kartdır, istifadə müddəti 2019-cu ilin 9-cu ayınadəkdir, yəni istifadə müddəti bitmişdir və həmin kart Vüqar İbrahimov adlı şəxsin adınadır. Zərərçəkmiş şəxs da həmin kartı tanıyaraq Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi kart olduğunu bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, X1 təqdim etdiyi Beynəlxalq Banka aid bir ədəd plastik kart, 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinasları, Təqsirləndirilən şəxs təqdim etdiyi Kapital Banka aid bir ədəd plastik kart və Şahid1 təqdim etdiyi 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları maddi sübut kimi tanınmış, Beynəlxalq Banka aid bir ədəd plastik kart, 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinasları, Şahid1 təqdim etdiyi 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanmasından ötrü X2 qaytarılmışdır. İş materiallarında olan 26.08.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını açıq olaraq talamaqla soyğunçuluq etməsi sübuta yetirilmədiyindən onların barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfində verilmiş 2403 saylı, 07.07.2021-ci il tarixli məktubundan görünür görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı və 01 yetkinlik yaşına catmayan uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, şəxsin təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 37 (otuz yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) ay 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından azad edilməli və maddi sübut kimi tanınmış Beynəlxalq Banka aid bir ədəd plastik kart, 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinasları, Şahid1 təqdim etdiyi 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanmasından ötrü zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) ay 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ünvanı tərk etməmək, Abşeron rayon, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut kimi tanınmış Beynəlxalq Banka aid bir ədəd plastik kart, 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinasları, Şahid1 təqdim etdiyi 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanmasından ötrü zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 222 (iki yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar