Məhkəmə qərarları › İş №1(060)-57/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-57/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-57/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 nümayəndəsi, Bakı şəhəri 39 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızının Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 22 iyun 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 16-cı mkr, ev 13 ünvanında qeydiyyatda olan, ünvan 1n Rüstəmova Rəmziyyə Aqif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayətə əsasən xüsusi ittihamçı X5 özünə məxsus olan telefonu sındığı üçün yeni telefon almaq məcburiyyətində qalmışdır. Whatsapp tətbiqini həmin telefona yüklədikdən sonra məlum oldu ki, adlar siyahısında yaddaşda heç bir şəxsin adı qalmamışdır. Buna görə də həmin tətbiq vasitəsilə status yazıb nömrələrin silindiyini, buna görə də adlarını yazaraq ona geri dönüş etmələrini xahiş etmişdir. Bundan əlavə olaraq da qoşulduğu qruplardakı nömrələrə “.” işarəsi yazaraq göndərmişdir. Online satışla məşğul olduğu üçün adların yazılması onun üçün əhəmiyyət daşıyır. Bundan sonra tanımdadığı nömrədən ona nə üçün nöqtə göndərməsi soruşuldu. O, vəziyyəti izah etməyə çalışsa da sonuncu onu başa düşməmiş və get-gedə mövzunu böyütməyə başlamışdır. Sonradan məlum olmuşdur ki, ona yazan qadın sinif yoldaşının boşandığı, heç vaxt ünsiyyətdə olmadığı arvadı Rüstəmova Rəmziyyə Aqif qızıdır. Ona dəfələrlə izah etmək istəsə də, Rəmziyyə onu başa düşməkdən imtina etmiş və onu təhqiredici ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra məlum olmuşdur ki, bu qadın həmin hərəkətlərlə kifayətlənməyərək özünə məxsus olan “Tik-tok” sosial şəbəkəsində şəkillərinin üzərində nalayiq ifadələr yazmaqla paylaşaraq onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o “Tik-tok” sosial şəbəsində özünə məxsus olan @remziyye.rstemova profilindən (izləyici sayı 749) “hicab geyinib gözdən pərdə asıb altan iş görən Gədəbəy qəhisi”, “4cü ər axtarır üzü üzlər görüb hicablı buda gördün kimsən hədə qorxu keçmir öyrəşmisən verməyə verə verə get”, “Gördün tiktokdakı paylaşdığım qız yox qəhisən dedim qaşınma pazı sənə çalılar koluqda çalmağınan məşğul ol. Gədəbəy Arqıran kəndinin üz qarası Xəyalə”, “hicab geynib hicab alta qardaşlarıma çörək pulu qazanıram Dinə quluq edən Gədəbəy arqıran kəndi Xəyalə”, “4cü ər axtaran artığ yeməkdən doymayan Gədəbəy rayon arqıran kəndi XƏYALƏ HİCAB ALTAN İŞ GÖRƏN”, “Nöbəti stansiya Gədəbəy ARQİRAN KƏNDİNİN QƏHRAMANİ BAŞ BAĞLAYİB HİCAB ALTAN DİNƏ QULUQ EDƏN ARQİRQN KƏNDİNDƏ YAŞAYAN XƏYALƏ”, “Hicab geyinməklə deyil utanmır hələ bir ona buna zəng elətdirir cox qaçınma sənin cox hoqan olub onan bunan hamsı çatır elə etməki paylaşım Gədəbəy rayon arqıran kəndi Xəyalə”, “Gədəbəy Rayon arqıran kəndi hicab geynib hicab alta dinə quluq edən yiyəsiz Xəyalə yiyəsi olsaydı evli kişilərə . atmazdı sonrada min cür bəhanə uyduran F...ə”, “Gədəbəy Arqıran kəndi Xəyalənin səsi evli kişilərlə eşq yaşamaq istiyən dəfələrlə deyilib ay qız yazma əl cək yiyəsiz əl çəkmir hər fədə min cür bəhanələr deyir 3 dəfə ərdə olub 4cünü axtarır artıq yeməkdən doymur bu hicab alta dinə quluq edir”, “Niyə qaşınırsan prablemin mənlə götün çatmır mənə zəng edəsən mənə görə kimisə narahat etmə bu xəbərdarlıq” @user**********051 leyla profilindən (izləyici sayı 550) “Gədəbəy arqıran kəndində yaşayan hicab geynib hicab altan kişilərə quluq edən arqıranlı xəyalə 4cü ər axtarır nə axtarır bu hicablı sortlaşdırmaqdan doymur deyə ər saya saya gəzir” və öz cinayət əməllərini ©leygjklp (izləyici sayı 680) profilindən davam etdirərək eyni video, foto və səs yazılarını paylaşmışdır. Eləcə də, Rüstəmova Rəmziyyə Aqif qızı həmin internet informasiya ehtiyatında həmin profillərdən canlı yayım açaraq yazdığı cümlələri təkrar etmiş, şərh bölməsində telefon nömrəsini yazmış, yayıma qoşulan şəxslərdən həmin telefona zəng etməyi xahiş etmişdir. Bundan sonra həmin şəbəkədə çoxsaylı insan onun yazdıqlarını “bəyəndi” işarəsi ilə işarələmiş, nalayiq şərhlər yazılmışdır. Ona dəfələrlə zənglər gəlmiş, nömrəni Rüstəmova Rəmziyyə Aqif qızından və “Tiktok” sosial şəbəsindən əldə etdiklərini bildirmişdilər. Bununla da, Rüstəmova Rəmziyyə Aqif qızı mənim şərəf və ləyaqətini nalayiq formada bilə-bilə qəsdən alçaltmışdır. Bildirir ki, qeyd etdiyi hal ona və mənəviyyatına pis təsir göstərmiş, onu intihar həddinə çatdırmışdır. Yaşadığı yer kənd yeri olduğundan kənd camaatının arasına çıxmaqdan utandığı üçün yaşadığı evə qapanmışdır. Qohuməqrəbanın toy və yas məclislərində iştirak edə bilmir. Hesab edir ki, o layiqli cəzasını almalıdır. xx.xx.1985-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olan yaşayan, evli Rüstəmova Rəmziyyə Aqif qızı barəsində AR CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlayıb, cinayət məsuliyyyətinə cəlb edilərək cəzalandırılması barədə qərər qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət edilən Rüstəmova Rəmziyyə Aqif qızı ifadəsində bildirdi ki, xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan ifadələri “Tik-tok” sosial şəbəkəsində paylaşmasına səbəb Xəyalə Qəmbərovanın telefon vasitəsi ilə onu təhqir etməsi olmuşdur. Qeyd olunan hadisələr 2024-cü ilin yay aylarında baş vermişdir. Xəyalə Qəmbərovanın 2 dəfə evli olması barədə məlumatı var. Lakin, özünə 4-cü ər axtarır və işlətdiyi digər ifadələrin həqiqətəuyğun olduğunu sübut edə bilmir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin mahiyyəti üzrə çıxış etmiş, qeyd olunan faktların 2024-cü ilin yay aylarında baş verdiyini bildirmişdir. Şikayətdə qeyd olunan ifadələrin Rəmziyyə Rüstəmova tərəfindən sosial şəbəkəyə yerləşdirildiyini, həmin ifadələrin Xəyalə Qəmbərovanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığını, həmin məlumatların yalan olduğunu, R.Rüstəmova tərəfindən yalan olduğunu bilə-bilə sosial şəbəkələrdə yayıldığını bildirmişdir. Məhkəmə, xüsusi ittihamçının, onun nümayəndəsinin və təqsirləndirilən şəxsin ifadəsini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verməklə yuxarıda göstərilən məlumatların hər birinə münasibətdə Rüstəmova Rəmziyyə Aqif qızının təqsirli olubolmamasına qiymət verilməsini, onun əməlində CM-in 147.1 və 148-ci maddələrinin cinayət tərkibi elementlərinin hər birinin olub-olmamasının araşdırılmasını zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızı tərəfindən X2 böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma və təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətində ittiham etməsinə xüsusi ittihamçı tərəfindən irəli sürülən dəlillərə münasibət bildirərək belə hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş və biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərə tərəflərin birgə iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızı sosial şəbəkədə X1 şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatlar yaymışdır. Şikayətə əlavə edilmiş “Tiktok” sosial şəbəkəsindən çıxarışdan görünür ki, 260 izləyicisi olan “user**********051Leyla” hesabında “4cü ər axtaran ehtiyacını başqa yerdə axtar yandırdın özvü” yazısı olan ifadələr paylaşılmış, həmin məlumatlar yazılan görüntüdə adı Xəyalə olan +994 77 550 66 xx mobil nömrənin “Whatsapp” hesabının şəkli mövcuddur. Bundan başqa “user**********051Leyla” hesabında “xatirən olub geri dönüş etdin bəlkə alınmadı nə istəyirsən et həddə qorxu keçmir”, “hicab geyinməklə deyil”, “hansı yolda olduğun . qoymaqla qeyd etdiyin üzə çıxdı”, “qaşınma problemin mənlədi mənlə həll et özvü yığışdır səslərvi paylaşacam hazır ol” Gədəbəy Arqıran kəndi Xəyalənin səsi evli kişilərlə esq yaşamaq istəyən dəfələrlə deyilib ay qız yazma əl çək yiyəsiz əl çəkmimr hər dəfə min cür bəhanələr deyir 3 dəfə ərdə olub 4cünü axtarır artıq yeməkən doymur bu hicab alta dinə quluq edir?, “Gədəbəy rayonu arqıran kəndi hicab geynib hicab alta dinə quluq edən yiyəsiz Xəyalə yiyəsi osaydı evli kişilərə . atmazdı sonradan min cür bəhanə uyduran F...ə, məzmunlu ifadələr paylaşılmışdır. Şikayətə əlavə edilmiş “Tiktok” sosial şəbəkəsindən çıxarışdan görünür ki, 40 izləyicisi olan Aylin adlı remziyye.rstemova hesabında “Hicab geynib gözdən pərdə asıb altan iş görən Gədəbəy Qəhisi”, “4cü ər axtarır üzü üzlər görüb hicablkı buda gördün kimsən hədə qorxu keçmir öyrəşmisən verməyə verə verə get”, “Gördün tiktoktakı paylaşdığım qız yox qəhisən dedim qaşınma pazı sənə calılar koluqda calmağınan çəşğul ol”. “Gədəbəy Arıqıran kəndinin üz qarası Xəyalə” məzmunlu ifadələr paylaşılmış, həmin hesabda 077550.66.xx nömrəsi qeyd edilmiş, “istəyən zəng etsin” bildirilmişdir. Həmin paylaşılan görüntülərdə müxtəlif şəxslər tərəfindən rəylər mövcuddur. Məhkəmə-linqvistik ekspertizasının 07 aprel 2025-ci il tarixli, 4/447 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1(060)-57/2025 nömrəli cinayət işinin sual hissəsində göstərilən söz və ifadələr şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir xarakterli məlumatlar hesab olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş həmin söz və ifadələr aşağıdakılardır: - 4cü ər axtaran ehtiyacın başqa yerdə axtar yandırdın özvü; - Hicab geyinib gözdən pərdə asıb altan iş görən Gədəbəy Qəhisi; - 4cü ər axtarır üzü üzlər görüb hicablı buda gördün kimsən hədə qorxu keçmir öyrənmisən verməyə verə-verə get; - Gördün tiktokdakı paylaşdığım qız yox qəhisən dedim qaşınma pazı sənə çalılar koluqda çalmağınan məşğul ol. Gədəbəy Arqıran kəndinin üz qarası Xəyalə; - Gədəbəy arqıran kəndində yaşayan Xəyalə hicab geyinib hicab alta kişilərə qulluq edir arsız 4cü ər axtarır gözü doymur artıq yeməkdən doymur. Tədqiqat materiallarının linqvoüslübi tədqiqi zamanı istifadəçinin adresata qarşı çox sərt, kəskin və invektiv leksikaya daxil olan nitq vahidlərindən istifadə etdiyi müəyyən olunmuşdur. Belə ki, o, məsələ ətrafında qurduğu cümlələrdə məqsədli olaraq ən təhqiredici xarakterə malik aşağılayıcı, nalayiq məzmunlu sözlərdən, söz birləşmələrindən və ifadələrdən istifadə etmişdir. Həmin sözlərin əksər məqamlarda təkrarlandığı və bunun da işlənən söz və ifadələrin təsadüfi deyil, bilərəkdən istifadə edildiyindən xəbər verir. Materiallarda qeydə alınmış söz və ifadələr istifadəçinin adresata qarşı çox kəskin və neqativ münasibətini ifadə edir, ona qarşı qərəzli davranışını ortaya çıxarır. İfadələrin işlənmə tərzi və ardıcıllığı istifadəçinin adresaltı təhqir etmək niyyətini ortaya çıxarır. Tədqiqat materialının linqvistik təhlilində görünür ki, ifadə olunanlar bütövlükdə yönəldiyi şəxsə və ya şəxslərə qarşı açıq-açığına mənfi münasibət sərgiləmək yönündə ifadə istifadə olunmuşdur. Ekspertiza üçün təqdim edilən materialda invektiv leksikanın formalarından biri sayılan məişət-danışıq səviyyəsində invektiv ifadələr işlədilmişdir. Linqvistik ekspertizaya təqdim olunmuş materiallarda cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normalarının pozulması ilə müşayiət olunan etik normalardan kənar və ictimai yerlərdə işlənməsi, dilə gətirilməsi məqbul sayılmayan ifadələr işlənildiyi üçün təhqir hesab olunur. Təqdim olunan materialların ümumi məzmununda təhqir əlamətləri mövcud olmaqla bu konkret ifadələrdə də öz əksini tapmışdır: “4-cü ər axtaran ehtiyacın başqa yerdə axtar yandırdın özvü; Hicab geyinib gözdən pərdə asıb altan iş görən Gədəbəy Qəhisi; 4-cü ər axtarır üzü üzlər görüb hicablı buda gördün kimsən hədə-qorxu keçmir öyrənmisən verməyə verə-verə get; Gördün tiktokdakı paylaşdığım qız yox qəhisən dedim qaşınma pazı sənə çalılar koluqda çalmağınan məşğul ol. Gədəbəy Arqıran kəndinin üz qarası Xəyalə; Gədəbəy arqıran kəndində yaşayan Xəyalə hicab geyinib hicab alta kişilərə quluq edir arsız 4cü ər axtarır gözü doymur artıq yeməkdən doymur” və s. Təhqir linqvistik baxımdan “1. Heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə; həqarət, alçalma, alçatma”, “2. Kütləvi çıxışda, nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılan məlumatda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltma.” Məlumatlarda işlənmə tezliyinə görə ardıcıl şəkildə işlədilmiş “qəhi”, “verə-verə get”, Gədəbəy arqıran kəndində yaşayan Xəyalə hicab geyinib hicab alta kişilərə quluq edir və s. bu kimi söz, söz birləşməsi və ifadələr təhqiredici xarakterə malikdir. Təhqiredici semantikaya malik sözlərin, söz birləşmələrinin və cümlələrin ifadə tərzi birbaşa şərəf və ləyaqətin alçaldılmasına yönəlmiş, qeyri-etik və vulqar formada ifadə olunan söz və ifadələrdir. Həmin ekpertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 (üç yüz manat) olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan məlum olur ki, Rüstəmova Rəmziyyə Aqif qızı barəsində sonuncunun təqsirləndirilməsinə dair hər hansı cinayət işi məhkəmənin icraatında olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızı Azərbaycan Respublikası Cinayət Məcəllənin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. "Media haqqında” qanunun 1.1.2-ci maddəsinə əsasən media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. "Media haqqında” qanunun 14.1.7-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiya şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarındakı mövqeyinə görə CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan halda aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs – Rüstəmova Rəmziyyə Aqif qızının vermiş olduğu informasiya və məlumatlar əsasında xüsusi ittihamçı X5 barəsində yuxarıda göstərilmiş sosial şəbəkədə dərc edilmiş məlumatlar (4-cü ər axtarması, Gədəbəy qəhisi, kolluğunda çalmağınnan məşğul ol, hicab altda kişilərə qulluq edən) iş materiallarında olan sənədlərlə birlikdə qiymətləndirilmiş və belə qənaətə gəlinmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - Rüstəmova Rəmziyyə Aqif qızı tərəfindən kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında böhtan, yəni yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X1 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymışdır. Məhkəmə iclası zamanı Rəmziyyə Rüstəmova yaydığı məlumatların həqiqətəuyğun olduğunu sübut edə bilməmiş, Xəyalə Qəmbərovanın mobil telefon vasitəsi ilə onu təhqir etməsi səbəbindən həmin ifadələri işlətdiyini bildirmişdir. Həmin məlumatlar Rəmziyyə Rüstəmova tərəfindən öz təşəbbüsü ilə qeyri-məhdud şəxslər tərəfindən izlənmə imkanı olan, faktiki olaraq da çoxsaylı izləyicisi olan sosial şəbəkə hesabına yerləşdirilmiş, yerləşdirilmiş məlumatlara digər istifadəçilər tərəfindən rəylər yazılmışdır. Bununla da, Rüstəmova Rəmziyyə Aqif qızının törətmiş olduğu bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə cinayət məsuliyyəti kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldığı hallarda yaranır. Belə olan halda, Rüstəmova Rəmziyyə Aqif qızının – “4cü ər axtaran ehtiyacın başqa yerdə axtar yandırdın özvü”, “Hicab geyinib gözdən pərdə asıb altan iş görən Gədəbəy Qəhisi”, “4cü ər axtarır üzü üzlər görüb hicablı buda gördün kimsən hədə qorxu keçmir öyrənmisən verməyə verə-verə get”, “Gördün tiktokdakı paylaşdığım qız yox qəhisən dedim qaşınma pazı sənə çalılar koluqda çalmağınan məşğul ol”, “Gədəbəy Arqıran kəndinin üz qarası Xəyalə”, “Gədəbəy arqıran kəndində yaşayan Xəyalə hicab geyinib hicab alta kişilərə qulluq edir arsız 4cü ər axtarır gözü doymur artıq yeməkdən doymur” X1 internet informasiya ehtiyatında şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçatma kimi qəbul olunmalıdır. Şikayətdə qeyd olunan R.Rüstəmovaya məxsus “Tik-tok” sosial şəbəkə hesablarında çoxsaylı izləyicisinin olması, digər istifadəçilər tərəfindən müxtəlif rəylərin yazılması həmin hesabların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatının bir hissəsi olmasını sübut edir. Rüstəmova Rəmziyyə Aqif qızı X1 barəsində təhqirlər yazmaqla ikidən çox şəxsin qarşısında həmin şəxslərin gördüyü, oxuduğu və qavraya bildiyi formada ifadə etməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmış, həmin məlumatlar yalan olmuş və R.Rüstəmova tərəfindən bilə-bilə internet informasiya ehtiyatında yayılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir, Konvensiyasının bu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 nömrəli 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Sözügedən qərarın 2 və 5-ci bəndlərində qeyd edilir ki, məhkəmələrə izah edilmiş ki, "cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdəşəxsin öz mənəvi vəəqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi vəözünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isəşəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilmiş ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə vəşikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdəəks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin qərarın 6 və 7-cı bəndlərində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmələrə tövsiyə edilmişdir ki, "xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızına istinad edilən CMnin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinə cinayət- prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Rüstəmova Rəmziyyə Aqif qızına CM-nin 147.1 və 148-ci maddələrinə əsasən cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızının himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən hal kimi nəzərə alınır və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Lakin məhkəmə Rüstəmova Rəmziyyə Aqif qızınun yaşını, ilk dəfə məhkum olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41 -ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Eyni zamanda, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Beləliklə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızı barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızına cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməli, ona hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq qismən toplanmaqla ona qəti cəza təyin olunmalı, iş üzrə qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 300 manat ekspertiza xərci təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızı hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən Rüstəmova Rəmziyyə Aqif qızının məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 771/2024) qərarını icra edərək, vəkil X6 onun vəkili təyin etmişdir. Müdafiəçi X8 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 29 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi2 Əliacan oğlunun məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi), həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 9 saata görə 99 (doxsan doqquz) manat, ümumilikdə 219 (iki yüz on doqquz) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 147.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına, həmin Məcəllənin 148-ci maddəsi ilə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Rüstəmova Rəmziyyə Aqif qızının üzərində qəti cəza olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızı ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs Rüstəmova Rəmziyyə Aqif qızına təyin edilmiş cəzanın icrası onun yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Rüstəmova Rəmziyyə Aqif qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən Rüstəmova Rəmziyyə Aqif qızına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 29 (iyirmi doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 219 (iki yüz on doqquz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə qətimkan tədbirinin seçilməməsi, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar