Məhkəmə qərarları › İş №1(060)-571/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-571/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-571/2023 04.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin binasında xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi evdə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:40 radələrində birgə yaşadıqları ünvan 3 ünvanında, bacısı Zərərçəkmiş şəxs ilə onun arasında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə ərəfəsində əl, ayaq zərbələri ilə Zərərçəkmiş şəxs başına, sifətinə qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid sol gözətrafının dərialtı hematoması xəsarəti yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı qəsəbə ərazisində yerləşən kafelərdən birində 6 bakal pivə içdikdən sonra saat 18:30 radələrində yaşadığı evə qayıdıb yatmış, saat 21:40 radələrində yuxudan oyanıb yemək yemək istəmiş və bacısı Tamillaya onun üçün yemək hazırlamasını tapşırmışdır. Lakin evdə çörək olmadığını öyrəndikdə, yuxulu və spirtli içkinin təsiri altında olduğundan bacısı Tamillanın üstünə qışqıraraq, evə pul qoyduğunu, nə üçün çörək alınmadığını Tamillaya irad bildirmişdir. Tamilla ona cavab qaytardığı üçün o, əsəbiləşib təhqiredici ifadələr işlətmiş və Tamillanın başından sağ əli ilə bir dəfə vurmuş, Tamilla büdrəyərək yerə yıxılmışdır. Sonra spirtli içkinin təsiri altında olduğundan Tamillanın hansı bədən nahiyələrinə vurduğunu dəqiq bilməsəm də, təpik və yumruq zərbələri ilə bir neçə dəfə Tamillanı vurmuşdur. Tamillanın qışqırıq səsini eşidən, həmin vaxt hamam otağında olan digər bacısı Təranə yaxınlaşaraq onları ayırmışdır. Bundan sonra Tamilla evdən çıxıb getmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, atası vəfat etdikdən sonra onun qardaşı Təqsirləndirilən şəxs mütamadi olaraq evdə ailə üzvləri ilə mübahisə etdiyini, münaqişə yaratdığını, onun və digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini qeyd edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində qardaşı Təqsirləndirilən şəxs evə gələrək yatmış, bir neçə saat sonra, yəni 20:40 radələrində oyanıb yemək istəmişdir. Onun bacısının 9 yaşlı qızı evdə çörək olmadığını, qardaşı Hüseynin çörək almaq üçün marketə getdiyini Mehdiyə bildirdikdə, Mehdi ailə üzvlərinin nahar etməsini, ancaq onun Mehdiyə çörək saxlamamasını səbəb göstərərək onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, bacısı oğlu Hüseynin tezliklə çörək alıb gətirəcəyini və Mehdiyə yemək hazırlayıb verəcəyini bildirməsinə baxmayaraq Mehdi, əsəbi halda onun üstünə cumaraq sillə ilə bir dəfə onun başından vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxıldıqdan sonra Mehdi təpiklə onun sifətindən vuraraq sol gözünün ətrafına xəsarət yetirmişdir. Sonra onu yaşadıqları evin otağında olan divanla qapının arasına salaraq kürəyindən təpiklə, yumruqla vurmuşdur. O, qışqıraraq həmin vaxt evin hamam otağında olan bacısını çağırıb ona kömək etməsini xahiş etmiş, bacısı Şahid onun səsini eşitdikdən sonra onlara yaxınlaşmış və onu qardaşı Mehdinin əlindən almışdır. Bundan sonra o, yaşadığı evi tərk edərək çıxıb getmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 235 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzrəndə aşkar olunan xəsarətlər-sol gözətrafının dərialtı hematoması xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya tərəfindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla, xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ‘polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar