Məhkəmə qərarları › İş №1(060)-574/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-574/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-574/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1976-cı ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21.07.2021-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı ünvan 1 ünvanda onunla bir mənzildə yaşayan Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində yumruqla döyərək sonuncuya sol qaşın bayır bucağının yarası, sol göz ətrafının dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı ev qaynatası Eynullaya məxsus olduğundan və mənzil 4 otaqlı olduğundan həmin mənzildə həmçinin bacanağı Zərərçəkmiş şəxs da öz ailəsi ilə birlikdə yaşayır. Arif və ailəsi ilə onlar mehriban yaşa da, lakin son bir həftədə münasibətlər pozulmuşdur. Belə ki, həmin vaxtdan Arif guya 1000 manat pulun evdən itməsi barədə bildirib həmin pulun onların tərəfindən oğurlandığını qeyd etdikdə o Arifə məsləhət görmüşdür ki, 17 yaşlı Həsənə nəzarət etsin, belə ki, Həsən hər gün evə gecə 03:00 radələrində gəlir, haralarda olması barədə valideyinləri maraqlanmır. Buna baxmayaraq Həsən və arvadı Pərvanə mütəmadi olaraq oğurluğun onların tərəfindən edildiyini bildirmişdi. 21 iyul 2021-ci il tarixdə onlar evdə olarkən o toya getməyə hazırlaşanda, bu zaman baldızı Pərvanə yenidən həmin pul məsələsini ortaya atıb pulun onlar tərəfindən götürülməsinə eyham vurmuşdur. O isə yenə ona məsləhət görmüşdür ki, gedib oğlanları Həsəni yoxlasınlar. Bunu deyib ayaqqabı geyinib mənzildən çölə çıxmaq istəyərkən Arif onun üstünə gələrək yaxasından yapışıb “Sən mənim oğlumu günahlandırırsan?” deyəndə o əsəbiləşib bir dəfə yumruqla Arifin göz nahiyyəsindən vurmuş və daha sonra evdən çıxıb getmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı ev qaynatası Eynullaya məxsus olduğundan və mənzil 4 otaqlı olduğundan həmin mənzildə həmçinin bacanağı Təqsirləndirilən şəxs də öz ailəsi ilə birlikdə yaşayır. Əlisahib və ailəsi ilə onlar mehriban yaşa da, lakin son bir həftədə münasibətlər pozulmuşdur. Belə ki, evlərindən müəyyən məbləğ pul itmiş, o və arvadı Pərvanə isə Əlisahib və onun ailə üzvlərinə pulu götürmüşlərsə qaytarmağı xahiş etdikdə Əlisahib ondan inciyərək onların pula ehtiyacı olmadığını bildirmiş və bu səbəbdən də evdə bir neçə dəfə mübahisə yaranmışdır. 21 iyul 2021-ci il tarixdə onlar evdə olarkən yenidən arvadı Pərvanə ilə Əlisahib arasında itmiş pul ilə əlaqədar mübahisə yarandıqda Əlisahib onun oğlu üçün qarğış etmişdir. O isə ondan nəyə görə oğlu üçün qarğış etdiyini soruşduqda Əlisahib gözləmədiyi halda onun sol göz nahiyyəsindən möhkəm yumruq zərbəsi vurmuş və daha sonra heç bir söz deməyib evdən çıxıb getmişdir. Bu səbəbdən də o DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əlisahibin onu yumruqla vurması nəticəsində o sol göz nahiyyəsindən xəsarət almışdır. O, yaşadığı evdən 1000 manat pulunun itməsi ilə bağlı Əlisahib və onun ailə üzvlərindən şikayətçi deyildir və ola bilsin ki, haradasa başqa yerdə itirmişdir. Hal-hazırda onlar barışmışlar. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 22.07.2021-ci il tarixli, 912 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sol qaşın bayır bucağının yarası, sol göz ətrafının dərialtı hematoması vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, müddəti müayinədən 1-2 gün əvvəl olmaqla 21.07.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar