Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-574/2024 31.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası olan, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,433 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən, 16 yanvar 2024-cü il tarixdə, saat 14:50-də, Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi ərazisində yerləşən “Ruzi” marketin yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB- də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə 0,433 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o,xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirərək, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğunu bildirmişlər. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, hətta şəxsi axtarış keçirilməzdən öncə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və eləcə də, narkotik vasitə vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş kütləni çıxardıb masanın üzərinə qoymuşdur. Sorqu zamanı o, təqdim etdiyi bükümün narkotik vasitə heroin olduğunu, Bakı şəhəri 20 Yanvar ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Əlavə olaraq o, bildirdi ki, təxminən bir il öncə də narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində saxlanması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəzasını çəkməyə davam edir. O, törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin İŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu təşkil edilmiş və o da həmin qrupda iştirak etmişdir. Keçirilən müvafiq tədbirlər nəticəsində həmin şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:50-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən Ruzi marketin yaxınlığında saxlanımışdır. Həmin şəxsə özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları olduqlarını və ona narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirərək, müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə onlarla birlikdə polis bölməsinə getməsini xahiş etmişlər. Bölmədə xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə və video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Hətta şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və eləcə də, narkotik vasitə vardırsa təqdim etməsini təklif olunmuş və o, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş kütləni çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün narkotik vasitə heroin olduğunu, onu Bakı şəhəri 20 Yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq ekspertiza mərkəzinə göndərilmişdir. Məhkəmə məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2024-cü il tarixli 3- 16-16/2-6/283 saylı rəyindən görünür ki, ədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,433 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 08 may 2024-cü il tarixli 3068 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)- 433/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixə o, cəzasından 1 ilini çəkmiş, çəkilməmiş 11 ay 26 gün cəzası qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 18 yanvar 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin X2 azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 15 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, xx.xx.2024-cü il tarixdə tutularaq Sumqayıt ŞPİnin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİnin X2 azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası hədləri daxilində ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 4 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,383 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,383 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-574/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-574/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver