Məhkəmə qərarları › İş №1(060)-576/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-576/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-576/2023 27.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 105,363 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq onu üzərində saxlamış, 09 fevral 2023-cü il tarixdə saat 15:35 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayt şəhəri, 18-ci məhələ ərazisində yerləşən «Vida» mərasim evinin arxasında saxlanılaraq Sumqayıt ŞPİnin 3-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol iç yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 105,0 qram, əynindəki şalvarın sağ yan kiçik cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,203 qram, 0,160 qram, ümumi təmiz çəkisi 105,363 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2-ci Qarabağ müharibəsində iştirakdan sonra səhhətindəki problemlərlə bağlı narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı qəsəbədə adının Azər olduğunu bildiyi şəxs onunla görüşəndə ona demişdir ki, telefonuna ünvan göndərəcək, həmin ünvandan narkotik vasitə olan marixuananı götürmək lazımdır. Həmin gün saat 15:35 dəqiqədə o, tanışı taksi sürücüsü Samir adlı şəxsin idarə etdiyi Mercedes markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samirlə bərabər Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Vida» mərasim evinin arxasına gəlmişdir. Samir maşında onu gözləmişdir. O, isə maşından düşüb narkotik vasitənin qoyulduğu yerə getmişdir. O, mərasim evinin arxasında hasarın dibinə qoyulmuş 02 ədəd büküm və 01 ədəd sellofan bağlamada olan narkotik vasitə olan marixuananı götürüb cibinə qoymuş və maşına yaxınlaşarkən bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində videoçəkiliş apanlmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, əynindəki gödəkçənin sol iç yan cibindən 01 ədəd qara rəngli sellofan bağlamanı, əynindəki şalvarın sağ yan kiçik cibindən 02 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Bağlama və bükümlərə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, sellofan bağlamanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır və onu həmin gün Azər adlı şəxsin dediyi yerdən götürüb başqa bir yerə aparmaq üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəziyə qoyulub çəkilmişdir. Sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənərək protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzalan ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı Azər adlı şəxsin dediyi yerdən götürüb başqa yerə aparmaq üçün üzərində saxlamışdır. Azər onunla eyni qəsəbədə yaşasa da o, Azərin dəqiq ünvanını bilmir. Azər ona göndərdiyi ünvanı gəldiyi yerə çatdıqdan sonra telefonundan silmişdir. Azərin telefon nömrəsi onun telefonunda yaddaşında olmamışdır. Buna görə də həmin nömrəni bilmir. Onun bu işdə heç bir maddi marağı olmamışdır. O, həyəcanlı olduğu üçün izahatında belə göstərmişdir. Əslində isə onun bu işdə maddi marağı olmamışdır. Azər adlı şəxs özü onunla əlaqə saxlayacağını bildirmişdir. Samirin getdikləri ünvandan onun narkotik vasitə götürəcəyindən xəbəri olmamışdır. Belə ki, Samir taksi fəaliyyəti ilə məşğul olduğu üçün və onu gedəcəyi yerə apardığı üçün Samirə pul verəcəkmiş. Samirin bu işdə başqa maddi marağı olmamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən həqiqətən peşman olduğunu, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu və “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, hal-hazırda Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 3nvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt ŞPİnin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 15:35 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Vida» mərasim evinin arxasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Həmin vaxt onu yanında daha bir nəfər də olmuşdur. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Digər şəxs isə özünü təqdim edərək Şahid3 olduğunu bildirmişdir. İqbal nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu 3-cü PB-nə dəvət etmişlər. İqbal heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Qoşqar Abbasov təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki mavi rəngli gödəkçəsinin sol yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli sellofan bağlamanı, əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən isə 02 ədəd ağ rəngli kağız bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bağlamanın və bükümlərin içərisində nə olduğu soruşulduqda o, bağlamanın və bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Həmin bağlamaya və bükümlərə baxarkən bağlamanın içərisində kəskin iyli, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Onlar İlqbaldan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni onunla eyni qəsəbədə yaşayan Azər adlı şəxsin onun telefonuna göndərdiyi ünvanadan başqa əraziyə aparmaq üçün götürdüyünü, qarşılığında Azərdən 20-30 manat pul alacağını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümlər ayrı-ayrılıqda çəkilmişdi, çəkisi 0,59 qram, 0,72 qram ümumi çəkisi 1,28 qram, 01 ədəd bağlamadakı kütlənin çəkisi isə 0,120 kiloqram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuq 01 ədəd Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Şahid3 üzərinə onların iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Sorğu zamanı Şahid3 bildirmişdir ki, İqballa Sumqayıt şəhərinə Azər adlı şəxsin dediyi ünvandan narkotik vasitə olan qurudulmuş marixuananı götürmək üçün gəlmişdir. Bundan sonra protokol tərtib olunmuşdu, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni onunla eyni qəsəbədə yaşayan Azər adlı şəxsin onun telefonuna göndərdiyi ünvanadan başqa əraziyə aparmaq üçün götürdüyünü, qarşılığında Azərdən 20-30 manat pul alacağını bildirmişdir. Mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilsə də müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o, özünə məxsus Mercedes markalı, **- TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyət ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. O, İqballa bir qəsəbədə yaşayır. Həmçinin Azər adlı şəxs də onunla bir qəsəbədə yaşayır. Ancaq o, Azərin dəqiq ünvanını bilmir. xx.xx.2022-ci il tarixdə Azər ona bildirmişdir ki, İqbal ilə birlikdə onun dediyi ünvana getsin. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün onun təklifi ilə razılaşmışdır. O, İqballa Sumqayıt şəhərinə deyilən ünvana çatdıqdan sonra İqbal maşından düşüb tezliklə qayıdacağını bildirmişdir. O, İqbalı gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra İqbal maşına qayıdarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və İqbalın narkotik vasitələrin qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, da özünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, onlar birlikdə 3-cü PB-nə gəlmişlər. Polis bölməsində onun üzərinə də şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz! etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O, İqbalın gedəcəkləri yerdən narkotik vasitə götürəcəyini bilməmişdir. O, taksi kimi onu aparmağının qarşılığında ondan pul alacaqdı. O, Polis bölməsində olarkən ona məlum olmuşdur ki, İqbal getdikləri yerdən narkotik vasitə götürüb və polis əməkdaşları onu saxlayarkən onun üzərində narkotik vasitə olmuşdur. Azər onunla bir qəsəbədə yaşasa da o, Azərin yaşadığı ünvanı bilmir. Eyni zamanda o, Azərin telefon nömrəsini də bilmir. Onlar qəsəbədə təsadüfən görüşmüşlər. O, narkotik vasitələrdən istifadə etmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/198 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vətəndaş üzərindən çıxan maddə....Şübhəli Təqsirləndirilən şəxs imza .. yazı və imza olan qara rəngli polietilen bağlamada qara rəngli sellofanda təmiz çəkisi 105,0 qram bitki manhədi kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «vətəndaş üzərindən çıxan maddə....Şübhəli imza» yazı və imzalar olan zərfdə 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ay-ayrılıq da təmiz çəkisi 0,203 qr və 0,160 qram olmaqla, ümumi çəkisi 0,363 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuananın ümumi çəkisi 105,363 qram olub, tərkiblərinə görə eynidir. (Qeyd: Marixuananın ümumi təmiz çəkisi-105,363 qram, tədqiqata sərf edildi-0,15 qram, qalıq 105,213 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cii il tarixli, 856 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmuşdur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşiman olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əməlindən peşiman olması, üzərindən aşgar olunmuş narkotikin miqdarı, İİ Qarabağ müharibəsi iştirakçısı olması, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 gün 02 gün hesabı ilə hesablanmaqla 04 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan 105,213 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan 105,213 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar