Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-577/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində “BC” kateqoriyalı, AC 200598 №li sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Mondeo’" markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı-Quba magistral yolu istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı olduğu halda buna riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq yolun 1-ci zolağından 3-cü zolağına doğru istiqamətlənən zaman yolun kənarında olan piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan ona sağ dirsək oynağının arxa səthinin, sol baldırın orta 1/3-nin arxa iç səthinin, alt çənənin orta hissəsinin sıyrıqları, sağ göz ətrafının, sağ döş qəfəsinin yan səthinin qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin başın küt travması, sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, sağ alın-gicgah nahiyyəsinin dərialtı hematoması ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs başın küt travması səbəbindən baş beyinə qansızmadan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Öz vəsaiti hesabına aldığı, lakin arvadı Aygün Qarayevanın adına sənədləşdirdiyi "Ford Mondeo" markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir. Avtomobil arvadı ilə onun birgə mülkiyyəti olduğundan avtomobili etibarnaməsiz idarə etmişdir. 31 yanvar 2023-cü il tarixdə, təxminən saat 16 radələrində idarə etdiyi "Ford Mondeo" markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı-Sumqayıt magistral yolu istiqamətində, təxminən 80 km/saat sürətlə hərəkətdə olan zaman avtomobili yolun sol hərəkət zolağından, sağ hərəkət zolağına doğru, yəni 1-ci zolaqdan 3-cü zolağa doğru döndərmək istəyən zaman hava çiskin yağışlı olduğundan və asfalt islandığına görə idarəetməni itirmiş və avtomobilin sürüşdüyünü hiss etmişdir. Həmin vaxt qarşısında dayanacaq və çox sayda adamların olduğunu görmüşdür. Avtomobili yoldan çıxartmaq üçün qəfildən tormoz əyləcinə basıb sükanı sağ tərəfə doğru çevirmiş və avtomobili səkiyə tərəf döndərmişdir. Həmin vaxt qəfildən yolun kənarı ilə gedən Zərərçəkmiş şəxs qarşısına ani şəraitdə çıxmış və avtomobilin ön tərəfi ilə sonuncunu vurmuşdur. Avtomobil yoldan çıxaraq divara dəyib dayanmışdır. Daha sonra o, cəld avtomobildən düşmüş və Zərərçəkmiş şəxs yaxınlaşmış, ətrafda olan tanımadığı şəxslərdən təcili tibbi yardım çağırmasını xahiş etmişdir. Bundan sonra oraya təcili tibbi yardım maşını gələrək Zərərçəkmiş şəxs oradan xəstəxanaya aparmışlar. Özü isə polis idarəsinə getmişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobildə sərnişin və ya yük olmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə bərabər zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs həyat yoldaşı olmuşdur. O, arvadı Aqibətlə birlikdə Sumqayıt şəhəri, 15ci məhəllə ərazisində yerləşən 4 saylı yataqxanada yaşamışlar. 31 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində ona Sumqayıt şəhər xəstəxanasından zəng vurularaq arvadı Aqibətin yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini bildirmişlər. O, dərhal işdən çıxaraq Sumqayıt şəhər xəstəxanasına gəlmiş və orada ona məlum olmuşdur ki, arvadı avtomobillə vurulma nəticəsində hadisə yerində vəfat etmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, arvadını Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi "Ford Mondeo" markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 31 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində vurmuş və nəticədə arvadı hadisə yerində vəfat etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, göstərilənlərin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPB-nin YNH inspektoru Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 31 yanvar 2023-cü il tarixdə, saat 16:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yol-nəqliyyat hadisəsinin olması ilə bağlı Sumqayıt şəhər polis idarəsinə məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq hadisə yerinə getmişdir. Orada hadisə yerinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, hadisə baş vermiş yer Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir. Yol-nəqliyyat hadisəsi baş vermiş yer yaşayış məntəqəsindən kənarda olmaqla həmin yerdə yolun hərəkət hissəsi 3 zolaqdan ibarət asfaltbeton örtüklüdür. Yolun hərəkət hissəsinin eni 10 metrdir. Hadisə yerinə baxış keçirildikdən sonra hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Baxış zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Mondeo” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı-Quba avtomagistral yolu istiqamətində hərəkətdə olan zaman yolun kənarında olan piyada Zərərçəkmiş şəxs vurmuş və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Sülh küçəsidir. Hadisə baş verən yerdə yol örtüyünün eni 10 metrdir, yol 3 hərəkət zolağından ibarət birtərəfli yoldur. Hadisə yerində Bakı-Quba avtomagistral yolu istiqamətində nəqliyyat vasitələrinin hərəkəti zolaqlarla ayrılır. Bakı-Quba avtomagistral yolu istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfinə yaşıllıq zona, torpaq sahə, sol tərəfinə isə köbə daşları birləşir. Hadisə baş vermiş yerdə yol ötrüyü asfaltbeton olmaqla yaş, üfüqi və düzdür. Həmin yolda avtomobillərin hərəkət sürəti 80 km/saat nişanı ilə nizamlanır. Piyada avtomobilin sürücüsü onu görən zaman 13 metr məsafədə olmuşdur. Hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Mondeo” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət istiqamətində, yolun sağ tərəfindən, yoldan kənarda daş hasara dəyib dayanmış haldadır. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023cü il tarixli, 605 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Ford Mondeo minik sedan markalı qara metallik rəngli 90CE508 dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarında olan “Nikah haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 xx.xx.2015-ci ildən rəsmi nikahdadırlar. İş materiallarında olan AC 200598 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək sürücülük hüququ vardır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:25-də Sumqayıt ŞPİ-də tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə travmatik subdural qansızmadan vəfat etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın küt travması, sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, sağ alıngicgah nahiyyəsinin dərialtı hematoması, sağ dirsək oynağının arxa səthinin, sol baldırın orta 1/3-nin arxa iç səthinin, alt çənənin orta hissəsinin sıyrıqları, sağ göz ətrafının, sağ döş qəfəsinin yan səthinin qançırları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-4 saat əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, sağ alın-gicgah nahiyyəsinin dərialtı hematoması yetirilən anda həyat üçün təhlükəli olan ağır zərərvurmanın, sağ dirsək oynağının arxa səthinin, sol baldırın orta 1/3-nin arxa iç səthinin, alt çənənin orta hissəsinin sıyrıqları, sağ göz ətrafının, sağ döş qəfəsinin yan səthinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarında olan 16 saylı MKS-nin 344 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı 2 uşağı vardır. İş materiallarında olan BDYPİ-nin 3-13-16-8/2-2373/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə “BC” kateqoriyalı AC200598 saylı 10 illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023cü il tarixli, 8/1022 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Ford Mondeo markalı, 90CE508 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 143 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi rədd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Beləliklə, məhkəmə işdəki sübutların müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-cİ maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Onun təqdim etdiyi hesabatdan görünür ki, o təqsirləndirilən şəxsin müdafiəsinin təmin edilməsi üçün 20 saat sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə tutulmuş, 02 fevral 2023-cü il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-577/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-577/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver