Məhkəmə qərarları › İş №1(060)-577/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-577/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-577/2024 03.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, X3, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Şamaxı rayon, Quşçu kəndində qeydiyyatda olan, Qobustan rayon, Bədəlli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri st.Sumqayıt qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissənin yanında yerləşən fermanın içərisindəki iş otağına qapının kilidini açarla açma yolu ilə qanunsuz daxil olaraq otaqda olan ayı formasında hazırlanmış saxsı pul qabından 3660 manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 3660 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatdadır, Qobustan rayon, Bədəlli kəndində yaşayır. Bundan öncə Şamaxı rayon məhkəməsinin hökmü ilə məhkum olmuş, hal hazırda cəzasını çəkib qutarmışdır. Qeyd edir ki, Güluzə Əhədova bacısıdır, o yoldaşı Eldəniz və onun uşaqları ilə bir yerdə Zərərçəkmiş şəxs məxsus st.Sumqayıt qəsəbəsi ərazisində yerləşən fermada həm yaşayır, həm də fermada olan heyvanlara baxmışlar. Bacısı inəklərdən sağılan südlərin pullarını hər gün Nəsiminin fermada iş otağında olan kassaya atmışdır. Nəsimi iş otağının açarının bir nüsxəsini bacısı Gülüzəyə və yoldaşı Eldənizə də vermişdir ki, o, fermada olmadığı müddətdə sağılan südlərin pullarını həmin kassaya aparıb atsınlar. Həmin otağın açarı bacısıgil daima fermada yaşadıqları evin paltar asılqanından asmışlar. Həmin otağa Nəsimi fermada olduğu müddətdə hər biri sərbəst daxil olub çıxırmışlar, o, Nəsiminin etibarını qazanmışdır. Lakin Nəsimi fermada olmadığı müddətdə yalnız sağılan südlərin pullarını kassaya qoymaq üçün bacısı Gülüzə və yoldaşı Eldənizin icazəsi olmuşdur ki, içəri daxil olub pulu qaba atsınlar. Onun buna icazəsi olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında içki qəbul etmiş, bacısı və ailə üzvlərinin yatmasını gözləmiş, axşam saat 22 radələrində paltar asılqanından asılmış iş otağının açarını götürmüş, həmin iş otağına getmiş, otağın qapısının kilidini açmış, ayı formasında olan kassanın içində olan bütün pulları cibinə qoymuş, otağın qapısını kilidləyib bacısıgilin qaldığı evə gəlmiş, açarı götürdüyü yerə qoymuşdur ki, ondan şübhələnməsinlər, daha sonra gedib yatmışdır. Səhəri gün saat 08 radələrində bacısı evdə ondan və yoldaşı Eldənizdən iş otağında olan kassanın içindən pulların oğurlandığını bildirmiş, bu barədə xəbəri olmadığını, oğurluğun onun tərəfindən edildiyini demişdir. Bundan sonra o, bacısına dişi ağrıdığını, həkimə getməli olduğunu deyib evdən çıxmış, həmin gün telefonuna çoxlu sayda zənglər gəlsə də, zənglərə cavab verməmişdir. Sonradan Nəsimiyə səs göndərərək pulları özünün götürdüyünü, gedib polisə təslim olacağını etiraf etmiş, eyni zamanda bacısı Gülüzəyə də, yoldaşı Eldənizə də etiraf etmişdir. Qeyd edir ki, götürdüyü pulları saymış, 3660 manat təşkil etmişdir. Pulların hamısını bir neçə gün ərzində şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bir daha belə əməllərə yol verməyəcəyinə söz verərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, ərazisində yerləşən N saylı hərbi hissənin yanında fərdi təsərrüfatı var və təsərüffatla məşğul olur. Sözü gedən ərazidə ferma tikdirib iri buynuzlu heyvanlar saxlayır. Fermanın çobanı Eldəniz Əhədovdur. Eldəniz fermada təxminən 4 ildir ki, işləyir və həmin fermada öz ailəsi ilə birlikdə yaşayır. Həmçinin Eldənizin qaynı Soltan da onlarla birlikdə fermada yaşamışdır. Fermada onun iş otağı vardır ki, həmin iş otağının açarının bir nüsxəsini fermaya nəzarət üçün Eldənizə də vermişdir. Açarı Eldənizə ona görə vermişdir ki, fermada heyvanlardan sağılaraq satılan südlərin pullarını iş otağında olan ayı formasında saxsıdan hazırlanmış pul yığmaq üçün olan qabın içərisinə yığsınlar. Buna yalnız Eldəniz və Gülüzənin icazəsi olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gülüzə ona zəng edərək iş otağında olan pul qabının alt hissəsinin ovularaq içərisində olan pulların oğurlandığını demişdir. Gülüzə ona polisə məlumat verməyi və qardaşı Soltanın fermada olmadığı da ona bildirmişdir. O, baş vermiş hadisə barədə ilk öncə polisə məlumat verməmək, oğrunu özü müəyyən etmək qərarına gəlmişdir. Sonradan öyrənmişdir ki, Soltan əvvəllər də cinayət hadisəsi törətmiş, buna görə ayağında qolbağ da var. Bu səbəbdən pulların oğurlanmasında Soltandan şübhələnmişdir. O, zəng vurub Soltanla əlaqə saxlasa da Soltan onunla görüşməyərək müxtəlif bəhanələr gətirərək qaçmağa başlamışdır. O, Soltanın qaçıb gizlənməsindən dəqiq əmin olmuşdur ki, pulları iş otağından Soltan oğurlamışdır. Həmçinin Soltanla vatsap vasitəsilə danışarkən Soltan pulları oğurladığını etiraf etmiş və oğurluq hadisəsini içkili olduğu üçün etdiyini, bu hərəkətinə görə peşman olduğunu, utandığını demişdir. Hadisədən bir gün öncə saxsı qabda olan pulları saymış, orada cəmi 3660 manat pul olmuşdur. Soltan pulların hamısını oğurlamışdır. Baş vermiş hadisə nətcəsində ona cəmi 3660 manat maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd etmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq dövründə ödənilmiş, Soltana qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsəsən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs 19 sentyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət ederək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 fevral 2024-cü il tarixdə (saat 10:00) fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmişdir ( i.v.31); Cinayət işi üzrə icraat Cinayət Prossesual Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə dayandırılmışdır ( i.v.32); Təqsirləndirilən şəxs İŞ-nə könüllü gəldiyindən cinayət işi üzrə icraat xx.xx.2024-cü il tarixdə təzələnmişdir ( i.v.39); 30 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 60-61); xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.72-73); “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 69-70); Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Rəhman Qurbanov tərəfindən tərtib edilmiş “baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissənin yanında yerləşən fermanın içərisindəki iş otağında olan ayı formasında hazırlanmış saxsı pul qabından 3660 manat pul oğurlanmışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, baxış gündüz vaxtı, aydın hava şəraitində keçirilmişdir. (i.v.05-08); xx.xx.2024-cü il tarixli diskin götürülməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin vatsapına Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən səs atmış, həmin səslərin məzmununda etdiyi əməldən peşman olduğu, qarşısına çıxmağa utandığını, həmin pulların yanında işləməklə ödənilməsi üçün şərait yaratmasını, etdiyi əmələ görə polisə gedib əməlini etiraf edərək həbsə girməyə razı olduğunu bildirir. (i.v. 25- 26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16\2-7351\2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan elektron nəzarət vasitəsi işlək vəziyyətdə olmamışdır. (i.v. 82-83); “maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, audiodisk maddi sübut kimi qiymətləndirilmiş, iş materiallarına əlavə edilmişdir. (i.v.94-97); AR DİN BƏSİİ alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü CM-nin 177.2.2-ci maddəsi ilə 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (i.v. 37-38); Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış 03 oktyabr 2024-cü il tarixli arayışdan Təqsirləndirilən şəxs cəzasını çəkdiyini, xx.xx.2024-cü il tarixdə cəzası bitdiyindən şəxsi işinin qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli təqdim edilən diskin götürülməsi və baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli audiodiskin dinlənilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16\2- 7351V2024 saylı məktub sübut növü kimi qiymətləndirilmişdir. (i.v.94-97); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 177.2.3-cü maddəsinə əsasən Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 21-ci bəndinə görə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxsin əməlindən peşman olmasını olmasını, himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş zərəri tam ödəməsini CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməmişdir CM-nin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı cəzasını yüngülləşdirən halları- himayəsində azyaşlı uşaqlarının olması, xüsusən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, cəzasını ağırlaşdıran halların olmamasını, bundan öncə oğurluq əməli törətməsinə görə məhkum edilməsinə baxmayaraq hələ də islah olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxsə yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməməmk haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut-01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs əməlini etiraf etməsi ilə bağlı Whatsapp yazışmalarını əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan isə 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar