Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-58/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Gədəbəy rayonu Əli- İsmayıl kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-532/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri 4cü mikrorayon, ev 32/78, mənzil 28-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, ev № 3548-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,438 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 03 iyul 2024-cü il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi 3548 nömrəli fərdi evin yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı, əynində olan köynəyinin sol iç cibində saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,438 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona əsassız olaraq ittiham elan etmişlər, aşkar edilmiş narkotik vasitənin ona heç bir aidiyyəti olmamışdır. Onun üzərində heç bir narkotik vasitə aşkar olunmayıb. Vaxtilə narkotik vasitə istifadə etmişdir. Lakin 4 ildir ki, daha narkotik vasitə istifadə etmir. Əvvəllər narkotik vasitənin istifadəsi ilə əlaqədar tutulmuşdur. Ona görə də onu yenidən tutmaq istəyirlər. Polis əməkdaşları xx.xx.2024-cü il tarixdə onu öz evinin həyətindən tutub avtomobillə aparmışlar. Evdən apararkən onun əynində köynək və şortik olmuşdur. Onun üzərində narkotik vasitə olmamış, bölmədə olarkən polis əməkdaşları narkotik vasitəni onun cibinə qoymuşlar. O, istintaq zamanı qorxduğu üçün cinayət əməlini etiraf etmişdir. Belə ki, ona ifadəyə qol çəkməyəcəyi halda evdəkiləri də gətirəcəklərini bildirmişlər. O, da qorxduğundan cinayət əməlini boynuna götürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı o, qorxduğu üçün hər şeyi etiraf etmişdir. Onu apararkən həyətindən torpaq satdığı şəxs görmüşdür. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, 02 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri 20 yanvar dairəsi adlanan ərazidə olarkən tanımadığı şəxsdən 10 manata 1 ədəd, siqaretin gümüşü kağızına bükülü vəziyyətdə psixotrop maddə olan metamfetamin alıb əynində olan köynəyin sol iç çibinə qoymuş və qərara gəlmişdir ki, zərurət yarananda qəbul etsin. 03 iyul 2024-cü il tarixdə saat 13:30 radələrində yaşadığı, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar maasivi 3548 nömrəli evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli olduğuna görə Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O da, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir. Polis İdarəsində olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Xidməti otaqların birində üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X6 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman əvvəlcə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və ya maddə vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o əynində olan köynəyinin sol iç cibində saxladığı içində metamfetamin olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Bükülü açıldıqda içərisində ağ rəngli kristallik şəkilli maddə aşkar edilmişdir. Ondan həmin maddənin nə olduğu soruşulduqda bildirmişdir ki, bu maddə metamfetamindir və onu özü qəbul etmək üçün Bakı şəhərində 20 yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Təqdim etdiyi maddə elektron tərəzidə çəkilərək 0,58 qram olduğu müəyyən edilmiş və polis əməkdaşları tərəfindən kağız zərfə qablaşdırılıb zərfin üzəri iştirakçılar tərəfindən imzalanılaraq möhürlənib götürülmüşdür. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin digər əşya aşkar edilməmişdir. Axtarış barədə protokol tərtib olunmuş, bütün iştirakçılar o cümlədən o özü protokolla tanış olub doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 03 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində saxlayaraq gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilərək həmin qərar ŞPİ-nin rəisi tərəfindən təsdiq olunmuş və rəisin müvafiq əmri ilə o, CAŞ-nın rəisi polis polkovnik-leytenantı Yelmar Mehdiyev, CAŞ-in kiçik inspektor polis baş serjantı Şahid2, TŞ-nin baş təhqiqtaçısı polis kapitanı Elnur Feyzullayev, KTB-nin kriminalisti polis mayoru Asəf Həbibovdan ibarət əməliyyat qrupu yaradılaraq tədbirlər həyata keçirməyə başlamışlar. Nəzərdə tutulmuş tədbirlər planına əsasən Təqsirləndirilən şəxs adətən olduğu yerlərdə müşahidələr apararkən həmin tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən 3548 nömrəli bağ evinin yaxınlığında məlumatlarda Təqsirləndirilən şəxs təsvir olunan əlamətlərinə uyğun gələn bir nəfər şəxsi görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Eyni zamanda həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs onun narkotik vasitələri qanunsuz olaraq əldə edib, üzərində daşıması və gəzdirməsində şübhəli olduğunu deyərək bu şübhələrin yoxlanılması məqsədi ilə onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Sumqayıt ŞPİ-yə gəlmişdir. O, bu barədə raportla məruzə etdikdən sonra raport əsasında araşdırmanın aparılması qrupun üzvü təhqiqatçı Elnur Feyzullayevə həvalə olunmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törtməkdə şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarının müdafiəsində yardım alması üçün vəkili X3 iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, daha sonra isə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Beləliklə, xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə olunmuş və saxlanılan maddə, əşya və ya predmet vardırsa onları təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan şortikin cibindən bir ədəd bükümünü çıxarıb təqdim etmişdir. Həmin bükümü təhqiqatçı açarkən onun içində ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona verilən şifahi sorğuya cavab olaraq bildirmişdir ki, aşkar edilmiş həmin maddə metamfetamindir, onu xx.xx.2024-cü il tarixdə Bakı şəhərində 20 yanvar metrostansiyasını yaxınlığında tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 10 manata alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən həmin maddə elektron tərəzidə çəkilərək təxminən 0,58 qram olduğu müəyyən edilmiş, sonra kağız zərfdə qablaşdırılıb, zərfin üzəri iştirakçılar tərəfindən imzalanıb möhürlənərək götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzəri axtarılmış və üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya maddə aşkar edilməmişdir. Sonda şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş və iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmədə verilən suala cavab olaraq, həmin vaxtdan çox müddət keçdiyi üçün onun şortikdən və köynəkdən narkotik vasitəni çıxarmasını dəqiq xatırlamadığını, onun fikrincə şortikdən çıxardığını qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq məqsədilə yalan ifadə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid2 şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Bahadır oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. O, Nazimdən torpaq sahəsi almışdır. Evdə işlə məşğul olarkən Nazimgilin həyətinə 6 nəfər şəxsin daxil olduğunu, beş dəqiqə keçdikdən sonra isə onun yoldaşına bir nəfərin yaxınlaşıb nəsə dediyini görmüşdür. Həmin şəxslərin kim olduğunu bilməmişdir. Həyat yoldaşı evə gəldikdə həmin şəxsin ondan torpaq sahəsini neçəyə aldıqlarını soruşduğunu bildirmişdir. Daha sonra isə Nazimi 2 maşınla 8 nəfər şəxsin öz evinin qapısının ağzından apardığını görməsini bildirmişdir. Nazim aparılan zaman üzərində şortik və köynək olmuşdur. Nazimin narkotik vasitə qəbul etməsindən onun heç vaxt xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nazim onun qonşusudur. Onlar Nazimdən torpaq sahəsi almışlar. Həmin gün o evə gedərkən 6-7 nəfər mülki geyimli şəxs onların evinin ətrafına avtomobil ilə gəlmişlər. Həmin şəxslərdən biri ona oğurluq hadisəsi olduğu üçün gədiklərini bildirmişdir. Daha sonra onlardan biri nömrə göstərərək, ondan həmin nömrəni tanıyıb-tanımadığını soruşmuşdur. O da nömrəni tanımadığını bildirmişdir. Daha sonra Nazim pəncərədən ona getməyini söyləmişdir. Nazimin narkotik vasitə istifadə etməsi ilə bağlı heç vaxt məlumatı olmamışdır. Nazimin aparılmasını öz gözləri ilə görməmişdir. Onun aparılması ilə bağlı məlumatı ona yoldaşı demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən yaşadığ evin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda və həmin baxış zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra saat 15:25-dən saat 15:31-dək iştirakçılarla birlikdə Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. X4 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan köynəyin sol iç cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Daha sonra onun üzərindən aşkar olunmuş həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəklində olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o ağ rəngli kristal şəklində olan maddənin “metamfetamin” olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilərək çəkisinin 0.58 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v.27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3441 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbacan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 124» dairəvi möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza) ...” yazıları və imzalar olan 1 ədəd zərfin içərisindəki bir ədəd bükümdə təmiz əkisi 0,438 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edildi 0,438 qram; nümunə götürüldü 0,05 qram; 0,388 qram maddə geri qaytarıldı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat məbləğində müəyyən edilmişdir. (i.v.34-38) xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 48-49) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-216/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli qəsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (i.v.65-69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı i tarixli hökmü ilə Azəyrbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.78-79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator X1 barədə xx.xx.2024-cü il tarixli, 5729 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.84-85) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin təmiz çəkisinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/3441 nömrəli rəyinə uyğun olaraq 0,438 qram olması əsas götürülməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,438 qram psixotrop maddə metamfetamin və 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,388 qram olan metamfetaminin saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. (i.v.87-93) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-532/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlıqdan məhrum etmə əzasının müddəti qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından da görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş və qeyd edilən hallar öz təsdiqini tapmamış, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə verdiyi izahatında əməlin onun tərəfindən törədilməməsini bildirməmiş, bu barədə yalnız məhkəmə iclasında qeyd etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü əynində olan köynəyin sol iç cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edir. Daha sonra onun üzərindən aşkar olunmuş həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəklində olan maddənin olduğu müəyyən edilir. Sorğu zamanı o, ağ rəngli kristal şəklində olan maddənin “metamfetamin” olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hansı ərazidə tutulması, hər hansı təsirə-təzyiqə məruz qalıb-qalmaması, çəkilişdə iştirak edən polis əməkdaşları tərəfindən tutulub-tutulmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında evinin qarşısında yolda və çəkilişdə iştirak edən polis əməkdaşları tərəfindən tutulmasını, heç bir təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə Şahid3 Bahadır oğlunun ifadəsinə münasibətdə qeyd edir ki, şahid Təqsirləndirilən şəxs torpaq sahəsi almaqla onun həyətində qonşuluqda yaşayır, təqsirləndirilən şəxs ona öz torpaq sahəsindən yol vermişdir. Məhkəmə şahidin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini onu müdafiə etməsi kimi qiymətləndirir və bu səbəbdən də şahidin verdiyi ifadəni məhkəmə mötəbər sübut kimi qəbul etmir. Digər Şahid4 isə ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşları və ya hər hansı digər şəxslər tərəfindən aparılmasını görmədiyini bildirmişdir. Məhkəmə həmin ifadəyə münasibətdə hesab edir ki, qeyd edilən ifadə işin araşdırılması baxımından əhəmiyyət kəsb etmədiyindən sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-532/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müəyyən edilmişdir. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmış, lakin, məhkumluq müddəti bitmədən xx.xx.2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını və yüngülləşdirici halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza məhkum edilməli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5729 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,388 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,388 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 80 (səksən ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-58/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-58/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver