Məhkəmə qərarları › İş №1(060)-580/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-580/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-580/2023 07.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qızının, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə, xx xxxxxx 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 iyul 2022ci il tarixdə saat 17:16-da Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılan bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs1 kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Zərərçəkmiş şəxs1 aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncuya “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən verilmiş 4127 **** **** 6884 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından M.Zərərçəkmiş şəxs1 məxsus 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 iyul 2022-ci il tarixdə saat 14:09-da Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində yerləşən "xxxx" ASC-nin filialının qarşısındakı bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs3 kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Zərərçəkmiş şəxs3 aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncuya "xxxx" tərəfindən verilmiş 6768 **** **** 8327 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından S.Zərərçəkmiş şəxs3 məxsus 400 (dörd yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 iyul 2022-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılan bankomatdan pul çıxartmaq istəyən xx.xx.2010-cu il təvəllüdlü Şahid kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Şahid aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncunun nənəsi Zərərçəkmiş şəxs2 "xxxx" tərəfindən verilmiş 4169 **** **** 1078 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından Zərərçəkmiş şəxs2 məxsus 150 (bir yüz əlli) manat və 98 (doxsan səkkiz) manat, ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, pula ehtiyacı olduğu üçün xx.xx.2022-ci il tarixdə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə axşam saat təxminən 17 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən Asan xidmət mərkəzinin qarşısına getmiş, orada quraşdırılan “Azərbaycan Beynəlxalq Bankın”a məxsus bankomatın qarşısında dayanıb kiminsə ona kartından pul çıxarılmasında köməklik göstərilməsi üçün müraciət etməsini gözləməyə başlamışdır. Təxminən bir neçə dəqiqə sonra bir yaşlı qadın yaxınlaşmış və ona müraciət edərək onun təqaüd kartından pulunu cıxardıb ona verməsini xahiş etmişdir. Sonradan ad soyadını bildiyi Zərərçəkmiş şəxs1 kartını alaraq “Azərbaycan Beynəlxalq Bankı”nın bakomatına daxil etmiş və kartın kodunu həmin xanımdan soruşaraq bankomata daxil etdikdə, ekranda kartın hesabında 223 manat pul məbləğinin olmasını görmüşdür. Bundan sonra 200 manat pulu bankomatdan çıxartmaq üçün məbləği daxil etmiş, kartı isə bankomatdan çıxardaraq sahibinə qaytarmış və kartda pul olmadığını bildirmişdir. Sonra özünə məxsus kartı bonkamata daxil etmiş kimi göstərərək, təxminən 5-10 saniyyədən sonra bankomatdan çıxan pulu götürərək cibinə qoymuş və ordan uzaqlaşmışdır. Sonradan həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilərkən o, Zərərçəkmiş şəxs1 vurduğu ziyanı ödəmiş və ondan üzürxahlıq edərək, onunla barışıq əldə etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə yenidən maddi ehtiyaclarını ödəmək məqsədilə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə günorta saatlarında Sumqayıt şəhəri 40-ci məhəllə ərazisində yerləşən "xxxx"ın inzibati binasının qarşısına gələrək, orada quraşdırılan “Kapital Bankın”a məxsus bankomatın qarşısında dayanıb kiminsə ona kartından pul çıxarılmasında köməklik göstərilməsi üçün müraciət etməsini gözləmişdir. Təxminən bir neçə dəqiqə sonra bir yaşlı qadın ona yaxınlaşmış və kartından 20 manat pul çıxardıb ona verməsini xahiş etmişdir. O, kartı bonkomata daxil etmiş və kartın kodunu sahibindən soruşaraq daxil etmişdir. Ekranda kartın hesabında nə qədərsə məbləğ olduğunu görmüş və ilk olaraq 20 manat, sonra isə 400 manat pul çıxartmışdır. Kartdan çıxartdığı ilk 20 manat pulu kartla birlikdə həmin qadına vermiş, 400 manat pul çıxdıqda isə həmin pulu özünə götürərək, dərhal oradan uzaqlaşmışdır. Əldə etdiyi pul vəsaitini də şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan isə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Bundan başqa pula ehtiyacı olduğu üçün xx.xx.2022-ci il tarixdə yenidən maddi ehtiyaclarını ödəmək məqsədilə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısına gəlmiş və orada quraşdırılan "xxxx"a məxsus bankomatın qarşısında dayanıb kiminsə ona kartından pul çıxarılmasında köməklik göstərilməsi üçün müraciət etməsini gözləmişdir. Təxminən bir neçə dəqiqə sonra oraya bir azyaşlı oğlan yaxınlaşmış və bankomatdan pul çıxartmaq istədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb ona kartından pul çıxartmağında köməklik göstərməyi təklif etmiş və həmin şəxs onunla razılaşaraq, əlindəki kartı ona verərək 20 manat pul çıxardıb ona verməsini xahiş etmişdir. Bundan sonra o, uşaqdan kartı alaraq “Kapital Bankı”ın bakomatına daxil etmiş və kartın kodunu həmin oğlandan soruşaraq bankomata daxil etmiş, ekranda hansısa məmləğ olduğun görmüşdür. O, ilk olaraq kartdan 150 manat, sonra 20 manat, sonda isə 98 manat pul çıxartmış, kartdan çıxartdığı 20 manat pulu kartla birlikdə həmin oğlana vermiş, bankomatdan çıxartdığı ümumilikdə 248 manat pulu isə özünə götürərək dərhal ordan uzaqlaşmışdır. Əldə etdiyi vəsaiti də şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, aylıq 268 manat məbləğində təqaüd alır və hər ay təqaüdünü “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən verilmiş bank kartı vasitəsilə bankomatlardan çıxarır. Sonuncu dəfə 09 iyul 2022-ci il tarixdə onun kartına təqaüdü və rüblük verilən 50 manat məbləğində sosial yardım köçürülmüşdür. Bununla əlaqədar o, həmin gün saat 18:00 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən Asan Xidmət mərkəzinin qarşısında olan bankomata yaxınlaşmış və bankomatdan özü pul çıxara bilmədiyi üçün orada dayanmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs müraciət edərək kartından pul çıxarılmasında köməklik göstərməsini xahiş etmişdir. Həmin şəxs ondan kartı aldıqdan sonra bankomata daxil etmiş və parolu soruşaraq əməliyyat aparmağa başlamışdır. Bir neçə dəqiqə sonra kartı çıxararaq onun özünə qaytarmış və kartın hesabında pul olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs öz kartını bankomata daxil etmiş və bankomatdan çıxardığı pul vəsaitlərini götürərək ordan uzaqlaşmışdır. Həmin şəxs getdikdən sonra başqa bir şəxsə müraciət edib kartında pul olub olmadığını yoxlamasını xahiş etmiş, həmin şəxs ona məxsus kartı bankomata daxil etdikdən sonra kartın balansını yoxlayaraq, kartda cəmi 123 manat pul olduğunu, kartdakı qalan pulun nağdlaşdırıldığını bildirirərək, kartı özünə geri qaytarmışdır. O, ilk kartından pul çıxarılmasında köməklik göstərməsi üçün müraciət etdiyi şəxsin onun kartının hesabından pulunu çıxarıb ələ keçirdiyini anlamış, bu səbəbdən zəng vurub hadisə barədə oğluna danışmış, oğlu da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə dəvət edilmiş və orada şikayət ərizəsi yazmışdır. Sonradan polis bölməsinə dəvət edildikdə kartından pul oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş və həmin şəxs onun 200 manat pulunu tam olaraq ödəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, onun "xxxx" tərəfindən verilmiş kredit kartı vardır. Belə ki, ona pul lazım olduğu üçün özünə məxsus həmin kartın hesabından 20 manat pul çıxartması üçün kartını azyaşlı nəvəsinə vermişdir. Nəvəsidə Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən ASAN Xidmət mərkəzinin qarşısında quraşdırılan bankomata yaxınlaşaraq, kardan pul çıxartmaq istəyərkən orada bankomatın yaxınlığında dayanmış, tanımadığı bir oğlan uşağı onu ilk əvvəl tələsdirmiş, sonra isə kartı ondan alaraq bankomatdan pulu özünün çıxardıb ona verməsini təklif etmişdir. Bundan sonra nəvəsi kartdan 20 manat pul çıxarılmasında ona köməklik göstərməsini xahiş etmiş, həmin şəxs də ondan kartı aldıqdan sonra kartı bankomata daxil edib, nəvəsindən kartın kodunu soruşmuş və əməliyyat apararaq kartı bankomatdan çıxarıb 20 manat pulla birlikdə nəvəsinə geri qaytarmışdır. Nəvəsi evə qayıtdıqdan sonra mobil telefonda quraşdırılmış mobil tətbiq vasitəsilə ona məxsus bank kartının bank hesabına nəzər yetirdikdə kartın bank hesabından 20 manat pulla bərabər 150 və 98 manat məbləğlərdə, ümumilikdə isə 248 manat məbləğində pulun çıxarıldığını müəyyən etmişdir. Bundan sonra o, hadisə barədə oğluna məlumat vermiş, oda öz növbəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə dəvət edildikdə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bundan sonra ona dəymiş 248 manat ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və bu səbəbdən o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, aylıq 270 manat məbləğində təqaüd alır və təqaüdünü "xxxx" tərəfindən verilmiş kart vasitəsilə bankomatlardan çıxarır. Belə ki, 10 iyul 2022-ci il tarixdə saat 14:00 radələrində bank kartından pul çıxartmaq üçün Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində quraşdırılan bankomata yaxınlaşmış və bankomatdan özü pul çıxara bilmədiyi üçün bankomatın yaxınlığında dayanmış, ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs müraciət edib kartından 20 manat pul çıxarılmasında ona köməklik göstərməsini xahiş etmişdir. Həmin şəxs ondan kartı aldıqdan sonra kartı bankomata daxil etmiş, sonra ondan kodu soruşaraq bankomatda əməliyyat aparmağa başlamış, az sonra kartı çıxarıb 20 manat pulla birlikdə ona qaytarmışdır. Aradan bir neçə gün keçdikdən sonra bankomat vasitəsilə kartdan yenidən pul çıxartmaq istədikdə kartın hesabında pul olmadığını müəyyən etmiş və bununla əlaqədar xx.xx.2022-ci il tarixdə səbəbini aydınlaşdırmaq üçün "xxxx"a müraciət etmişdir. Bankdan bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə ona məxsus bank kartının bank hesabından saat 14:09:23-də 400 manat, saat 14:10:03-də isə 20 manat pul çıxarılmışdır. Bundan sonra o, anlamışdır ki, kartından pul çıxarılmasında köməklik göstərmiş şəxs onun kartından 400 manat pulunu çıxarıb ələ keçirmişdir. Bu səbəbdən o, zəng vurub hadisə barədə oğluna məlumat vermiş, oğlu da öz növbəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə dəvət edilmiş və o, şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra ona dəymiş 400 manat ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və bu səbəbdən o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Şahid vermiş olduğu ifadəsində göstərmişdir ki, nənəsi Ziyafət özünə məxsus bank kartını ona verib kartından 20 manat pul çıxardıb ona verməyi istəmiş və bu məqsədlə o, Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən ASAN Xidmət mərkəzinin qarşısında quraşdırılan bankomata yaxınlaşmışdır. O, kardan pul çıxartmaq istəyərkən orada bankomatın yaxınlığında dayanmış, tanımadığı bir oğlan onu əvvəlcə tələsdirmiş ki, tez ol məndə pul çıxartmalıyam, sonra isə kartı ondan alaraq bankomatdan pulu özünün çıxardıb ona verməsini təklif etmişdir. O, etiraz etməmiş və kartı həmin oğlana təqdim etmiş və oda kartı bankomata daxil edərək kodu soruşmuşdur. Daha sonra həmin şəxs bankomatda bir sıra əməliyyatlar etdikdən sonra kartı bankomatdan çıxarıb 20 manat pulla birlikdə ona geri qaytarmışdır. O, kartı həmin şəxsdən aldıqdan sonra kartı və pulu götürərək evlərinə qayıtmış, lakin evə qayıtdıqdan sonra nənəsi mobil telefonda quraşdırılmış mobil tətbiq vasitəsilə özünə məxsus bank kartının bank hesabına nəzər yetirdikdə kartın bank hesabından 20 manat pulla bərabər 150 və 98 manat məbləğlərdə, ümumilikdə isə 248 manat pulunda çıxarıldığını müəyyən etmişdir. Bununla əlaqədar nənəsi hadisə barədə dayısı Vasifə məlumat vermiş, oda öz növbəsində hadisə barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1126 saylı rəyindən görünür ki; İ. Motivləşdirici hissə. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs primitiv şəxsdə emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə özünü bir qədər əsəbi şəxs kimi xarakterizə edərək evdə olduğu zaman onda əsəbi gərginliklər yaranması, bir neçə dəfə AR SN-nin Respublika Psixiatriya Xəstəxanasına onu müalicə almaq üçün aparılması, AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında 2019-cu ildən başlayaraq dörd dəfə “İctimailəşdirilmiş davranış pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, hazırkı müayinə zamanı onda müəyyən edilən əsəbilik, emosional qeyri-sabitlik, əhvalının dəyişkənliyi və s.) sübut edir. İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs ruhi xəstəliyin əlamətləri varmı? Əgər belə əlamətlər varsa onun cinayət əməli törədərkən anlaqlı olub-olmaması və öz hərəkətlərini dərk etmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Təqsirləndirilən şəxs primitiv şəxsdə emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. 2-ci sual: Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşüb-düşməməsi və hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə – arayışdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-771/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə ona təyin olunmuş cəzanın 06 ay 25 gününü çəkmiş, çəkilməmiş cəzası 11 ay 05 gün təşkil edir. Hazırda cəzanın çəkilməsi davam edir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 iyul 2022-ci il tarixdə saat 17:16-da Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılan bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs1 kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Zərərçəkmiş şəxs1 aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncuya “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən verilmiş 4127 **** **** 6884 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından M.Zərərçəkmiş şəxs1 məxsus 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 iyul 2022-ci il tarixdə saat 14:09-da Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində yerləşən "xxxx" ASC-nin filialının qarşısındakı bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs3 kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Zərərçəkmiş şəxs3 aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncuya "xxxx" tərəfindən verilmiş 6768 **** **** 8327 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından S.Zərərçəkmiş şəxs3 məxsus 400 (dörd yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 iyul 2022-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılan bankomatdan pul çıxartmaq istəyən xx.xx.2010-cu il təvəllüdlü Şahid kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Şahid aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncunun nənəsi Zərərçəkmiş şəxs2 "xxxx" tərəfindən verilmiş 4169 **** **** 1078 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından Zərərçəkmiş şəxs2 məxsus 150 (bir yüz əlli) manat və 98 (doxsan səkkiz) manat, ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs hadisə törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusuna qiymət verərək məhkəmə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 17.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası hədi daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah edilməsini mümkün sayır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-771/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə toplanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə və Təqsirləndirilən şəxs üzərində hazırda elektron nəzarət vasitəsi olması nəzərə alınmaqla cəzanın əvvəli 07 iyul 2023-cü ildən hesablanmalıdır. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməli və cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Zəngilan rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 06 (altı) ay 25 (iyirmi beş) gün müddət və Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla bu hökmlə təyin edilmiş qəti cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 01 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin və cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Zəngilan rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar