Məhkəmə qərarları › İş №1(060)-581/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-581/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-581/2024 07.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Zəngilan rayonu, Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağları, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində, В kateqoriyalı, BB 408438 seriya nömrəli sürücülük vəsiqəsi əsasında X4 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai İX35» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Corat bağları ərazisində məhəllə arası küçədə saatda 20-30 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla yolun hərəkət hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs Mehralı oğlunu idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuş və nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs Mehralı oğlu başın küt travması, baş-beyin toxumasına və qişaların altına geniş ölçülü qansızma, burun və sağ almacıq sümüklərinin sınıqları, sol gicgah nahiyyəsinin və sağ gicgah-almacıq nahiyyəsinin geniş ölçülü əzilmiş-cırılmış yaraları, sağ bud sümüyünün qapalı sınığı, alın, burun nahiyyəsinin, sol dizin, sağ əlin arxa səthinin, sağ dizin ön səthinin, hər iki yanağın, sol sağrı nahiyyəsinin, sağ budun sıyrıqları, sol qulaq seyvanının əzilmiş cırılmış yarası, üst dodağın əzilmiş-cırılmış yaraları kimi insan həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirərək başın küt travması nəticəsində baş-beyinə qansızma səbəbindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər TTYX-da ölməsinə səbəb olan yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, «Hyundai İX35» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qaynı və xalası oğlu X4 məxsusdur. Onun həmin avtomobili idarə etməyə etibarnaməsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, «Hyundai İX35» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadağı evə gedərkən Sumqayıt şəhəri, Corat bağları ərazisində məhəllə arası küçədə hərəkətini davam etdirərkən qarşıdan gələn avtomobilin işığı gözünü qamaşdırmış və o, yoluna davam edərkən avtomobilin qarşısında bir metr məsafədə dayanmış şəxsi avtomobilin qabaq sağ hissəsi ilə vurduğunu hiss etmişdir. O, təxminən 25-30 metr irəlidə avtomobili saxlayıb şəxsi vurub-vurmadığını dəqiqləşdirmək və baxmaq üçün avtomobildən yerə düşmüşdür. O, arxaya tərəf baxanda onunla qonşuluqda yaşayan Mübariz yolun ortasında uzanmış vəziyyətdədir və ayağa durmağa çalışdığını görmüşdür. Orada olan şəxslər tez Mübarizə yaxınlaşıb onu yolun kənarına çəkmişlər. Oradakı şəxslərdən kimsə təcili yardıma zəng etmişdir. O, Mübarizin yanında adamların çoxluğundan və yaxınlarının ona qarşı kobud davranacaqlarından qorxub ona yaxınlaşmamış və bir başa Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlib hadisə barədə məlumat verib ehtiyatsızlıqdan piyadanı vurduğunu bildirmişdir. O, yolda olanda ailə üzvlərinə də hadisə barədə məlumat vermiş və xəstəxanaya getmələrini bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, Mübariz aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Hadisə vaxtı avtomaşını təxminən 20-30 km\saatla idarə etmiş və avtomobildə tək olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəməyə videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o hazırda Türkiyə Respublikasındadır nə vaxt qaydacağını bilmir. Hadisə ilə bağlı qyed edə bilər ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, yaşadığı evdə olmuşdur. Bu vaxt anası ona zəng edib Mübarizi yaşadığı evin yaxınlığında avtomobil vurduğunu bildirmişdir. Qardaşının xəstəxanaya aparıldığını bilib birbaşa Sumqayıt şəhər TTYX-na gəlmişdir. Bir neçə saatdan sonra qardaşı yolnəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, qardaşını avtomaşınla vuran şəxs Təqsirləndirilən şəxs Dilavət oğludur. Xəstəxanada olan zaman Rəşadın qohumları xəstəxanaya gəlmişlər. Orada ona demişlər ki, Rəşad hadisədən sonra Polis Bölməsinə gedərək hadisə barədə məlumat vermişdir. O, qardaşını ehtiyatsızlıqdan maşınla vurmuşdur. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Sürücü Təqsirləndirilən şəxs qardaşını qəsdən vurmamışdır. Hadisədən sonra isə polisə gedərək hadisə barədə məlumat vermiş və ailə üzvlərini xəstəxanaya göndərmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Eyni zamanda qardaşının ailə üzvlərinin də sürücü Təqsirləndirilən şəxs heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPXT inspektoru Şahid elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə o, xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində o, xidmət apararkən Növbətçi Hissədən «Çinar» efir vasitəsilə ona Sumqayıt şəhəri, Corat bağları ərazisində məhəllə arası küçədə piyadanın vurulması ilə bağlı yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Buna görə də o, 2033 çağırışlı avtopatrulla hadisə yerinə yaxınlaşmışdır. O, hadisə yerinə çatanda artıq xəsarət alan şəxsin xəstəxanaya aparıldığını öyrənmişdir. Buna görə də o, dərhal Sumqayıt şəhər TTYX-na getmişdir. O, yolda olarkən efir vasitəsi ilə öyrənmişdir ki, hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxsdur. O, hadisədən sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yaxınlaşaraq idarə etdiyi «Hyundai İX35» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs Mehralı oğlunu vurması barədə məlumat vermişdir. O, xəstəxanaya gələndə Rəşadın ailə üzvləri xəstəxanada olmuşlar. Sonra o, Polis İdarəsinə gəlmiş və həmin vaxt Rəşad Polis İdarəsində olmuşdur. Sonra onlar hadisə yerinə getmişlər və müvafiq sənədləşmə işləri aparılmışdır. O, hadisə yerinə gedəndə artıq Zərərçəkmiş şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılmışdır. O, yolda olarkən ona məlum olmuşdur ki, Rəşad 1-ci PB-nə gedərək hadisə və özü barədə məlumat vermişdir. Yəni o, hadisə və özü barədə polis məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, hadisədən dərhal sonra müstəntiq hadisə yerinə çıxmış və hadisə yerini müayinə edib müvafiq sənədləşmə işlərini aparmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan 6615 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Mehralı oğlu zərərçəkmiş şəxs qismində, X7 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 144 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Mehralı oğlunun meyitinin bədəni üzərində “başın küt travması. Baş-beyin toxumasına və qişaların altına geniş ölçülü qansızına. Burun və sağ almacıq sümüklərinin sınıqları. Sol gicgah nahiyyəsinin və sağ gicgahalmacıq nahiyyəsinin geniş ölçülü əzilmiş-cırılmış yaraları. Sağ bud sümüyünün qapalı sınığı,alın, burun nahiyyəsinin, sol dizin, sağ əlin arxa səthinin, sağ dizin ön səthinin, hər iki yanağın, sol sağrı nahiyyəsinin, sağ budun sıyrıqları, sol qulaq seyvanın əzilmiş-cırılmış yarası, üst dodağın əzilmiş- cırılmış yaraları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs Mehralı oğlunun ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində başbeyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs Mehralı oğlunun ölümü xx.xx.2023-cü il tarixdi saat 04:15-də Sumqayıt şəhər TTYX-da baş vermişdir. Zərərçəkmiş şəxs Mehralı oğlunun meyitindən götürülmüş qanda məhkəmə -kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə «B» kateqoriyalı BB408438 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan X7 tərəfindən Sumqayıt ŞPİ-nin İŞ-nə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023 tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində doğma qardaşı Zərərçəkmiş şəxs Mehralı oğlu aldığı xəsarətlərdən rəhmətə getmişdir. O, onun hüquqi varisi kimi cinayət prosesində iştirak edir. Bu hadisə ehtiyatsızlıqdan baş verdiyi üçün onun və ailəsinin sürücü Həsənli Təqsirləndirilən şəxs heç bir tələb və şikayətləri yoxdur. O, mərhumun yas mərasiminin keçirilməsi və övladına ev alınması üçün 55000 manat maddi yardım göstərmişdir. Bir daha bildirir ki, onların sürücüdən heç bir tələb və şikayətləri yoxdur. Odur ki, bu ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan X8 tərəfindən Sumqayıt ŞPİ-nin İŞ-nə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023 tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində atası Zərərçəkmiş şəxs Mehralı oğlu vəfat etmişdir. Hadisə törətmiş sürücü Təqsirləndirilən şəxs ilə bağlı heç bir tələb və şikayəti yoxdur. Və gələcəkdə də heç bir tələbi olmayacaqdır. Odur ki, bu ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi avtoqəza nəticəsində vəfat etmiş şəxs Zərərçəkmiş şəxs Mehralı oğlunun qardaşıdır. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İş materiallarında olan X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi avtoqəza nəticəsində vəfat etmiş şəxs Zərərçəkmiş şəxs Mehralı oğlunun arvadıdır. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 135 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 364 nömrəli Corat bağ evində qeydiyyatsız yaşayır, ailə tərkibi həyat yoldaşı-1983-cü il təvəllüdlü X9, oğlu-2007-ci il təvəllüdlü X15 oğlu, qızı-2009-cu il təvəllüdlü X6 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/972 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, «Hyundai İX35» markalı. **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qaşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşmançılığını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-581/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 953 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar