Məhkəmə qərarları › İş №1(060)-583/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-583/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-583/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1969-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-672/2016 saylı, xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,566 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Ceyran” şadlıq sarayının yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli kağızda təmiz çəkisi 0,566 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatdadır, hal-hazırda Sumqayıt şəhəri, Qurd dərəsi bağları nömrəsiz fərdi evdə yaşayır. Uzun müddətdir narkotik vasitə aludəçisidir, narkotik vasitə heroindən çəkməklə istifadə edir. xx.xx.2023-cü il tarixdə Yavər adlı şəxsdən ona 05 (beş) manat məbləğində narkotik vasitə gətirməsini istəmiş, Yavər həmin gün saat 20:30 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Ceyran” şadlıq sarayının yaxınlığında narkotik vasitəni ona vermiş və bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər. O, üzərində narkotik vasitənin miqdarının az olduğunu, narkotik vasitəni onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, Bölmədə polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunduğunu və ona görə də, videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu demişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır, hal-hazırda Sumqayıt şəhəri, Qurd dərəsi bağları nömrəsiz fərdi evdə yaşayır. Bakı Ağaır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4,3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Uzun müddətdir narkotik vasitə aludəçisidir, narkotik vasitə heroindən çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi istifadəsi üçün üstündə saxlayır. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Ceyran” şadlıq sarayının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, buna etiraz etməmiş, hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd qara rəngli kağız bükümü təqdim etmişdir. Həmin kağız büküm açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, həmin qəhvəyi rəngli maddəni bu gün axşam saatlarında Novxanı bağları ərazisində tanımadığı bir şəxsdən 05 (beş) manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağıza bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilmiş və həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Narkotik istifadə etdiyini, narkotik aludəçisi olduğunu etiraf edir, həmin narkotik madəni almaqda məqsədi özü istifadə etmək olmuş, satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Rütbəsi kapitanıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən mənə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ilə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyataxtarış tədbiri keçirməkdən ötrü təxminən saat 20:00 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 20:30 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Ceyran” şadlıq sarayının yaxınlığında hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özünü təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiyinə görə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o müqavimət göstərmədən avtomobilə mindikdən sonra 4-cü PB-na gətirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Əhmədağa Hüseynov əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 (bir) ədəd kağıza bükülmüş büküm açılan zaman içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni bu gün axşam saatlarında Novxanı bağları ərazisində tanımadığı bir şəxsdən 05 (beş) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağıza bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilmiş və həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxsa qarşı təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heorini haradan əldə etməsi barədə özündən soruşulduqda o, saxlanıldığı axşam saatlarında Novxanı bağları ərazisində tanımadığı bir şəxsdən 05 (beş) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, həmin məlumatın düzgün olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən təhqiqatçıdan əvvəl üzərinə baxış keçirilməmiş, təhqiqatçı şəxsi axtarış keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 da ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, Əhmədağa Hüseynov Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları X1, Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Hüseynov Əhmədağa Rafət oğlu tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etdi. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 (bir) ədəd kağıza bükülmüş büküm açılan zaman içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni bu gün axşam saatlarında Novxanı bağları ərazisində tanımadığı bir şəxsdən 05 (beş) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağıza bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,75 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Hüseynov Əhmədağa Rafət oğlu tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1581 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində:” Saxlanılan Şübhəli şəxs Təqdim etdi...Təqsirləndirilən şəxs...” və s. yazıları, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.566 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir Qeyd: heroinin təmiz çəkisi - 0,566 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,516 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli, 1572 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMfNarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,566 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,516 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-672/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-672/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmasını bildirməsi özünü müdafiə xarakter daşıyır, onun törətdiyi əməl şahid ifadələri və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ağırlaşdırıcı halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,566 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,516 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,516 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar