Məhkəmə qərarları › İş №1(060)-584/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-584/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-584/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1967-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Zəngilan kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 2, otaq 6 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə saat 23:00 radələrində yüngül sərxoşluq vəziyyətində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sol tərəfli travmatik otit ilə müşayət olunan, sol qulaq eyvanın, sol alt göz qapağında və gözaltı nahiyəsində qançır ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Zəngilan kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 2, otaq 6 ünvanında yaşayır. Ara-sıra spirtli içkilərdən istifadə etsə də, daimi aludəçisi olmamışdır. 07.05.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən kafedə yeyib-içdikdən sonra yaşadığı ünvana qayıtmışdır. Evə çatmamışdan yaşadığı ünvanla üzbəüz meyvə-tərəvəz köşkünün olduğunu görmüşdür. Meyvə almaq üçün həmin köşkə daxil olmuş, orada orta yaşlarında bir nəfər xanımın əyləşdiyini görmüşdür. O, xanımla salamlaşmış və naringi almaq istədiyini bildirmişdir. Xanım ona naringi verəndən sonra o, xanıma 5 manatlıq əskinas uzatmışdır. Xanım həmin pulun qalığını ona qaytarmaq istəyən zaman o pulu götürmək istəməmişdir. Bu zaman onların arasında dialoq baş tutmuşdur. O həmin xanıma onu bəyəndiyini demiş və onunla münasibət qurmasını təklif etmişdir. Xanım isə evli olduğunu deyib ondan əl çəkməsini tələb etmişdir. O, xanıma yalan danışdığını və ailəsinin olmadığını demişdir. Bu zaman xanım əsəbləşərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə əsnasında o xanımı nalayiq ifadələrlə təhqir etmişdir. Xanım onun təhqirlərindən qəzəblənərək polisə zəng edib məlumat vermiş və polis əməkdaşları gəlib onu 5-ci PB-nə aparmışlar. O, xanımı vurmamış, yalnız əli ilə onun sifət nahiyəsindən tutub onu arxaya tərəf itələmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən ona ünvanladığı nalayiq ifadələrə görə bağışlanılmasını istəyir. Ona görə də onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, “Araz” marketin yaxınlığında olan meyvətərəvəz köşkündə satıcı işləyir. 07.05.2021-ci il tarixdə saat 23:00 radələrində köşkdə olduğu zaman əvvəldən tanımadığı 50-55 yaş arası, içkili vəziyyətdə bir nəfər kişi köşkə yaxınlaşmışdır. Həmin vaxt o köşkün içərisində əyləşmişdir. Adını sonradan bildiyi Elxan adlı həmin şəxs onu səsləyərək çölə çağırmışdır. O, köşkdən çölə çıxdıqdan sonra Elxan ona meyvə almaq istədiyini demişdir. O, Elxanın içkili olduğunu anladığı üçün ona meyvələri özünün yığmasını, yığdıqdan sonra onu çağırmasını istəmiş və köşkə daxil olmuşdur. Təxminən 3-4 dəqiqə sonra Elxan onu yenidən çölə çağırmış və yığdığı meyvələri ona uzatmışdır. O Elxanın seçdiyi meyvələri tərəziyə qoyaraq hesablamış və 3,50 manat pul verməli olduğunu demişdir. Elxan ona 5 manat pul uzatmış, o pulun qalığını ona qaytarmaq istəyən zaman Elxan pulun qalığını götürmək istəməmiş və ondan pulunun qalanını özünə götürməsini istəmişdir. O Elxana əlavə pula ehtiyacının olmadığını, öz pulunu halal yolla qazandığını demişdir. Bundan sonra Elxan ona onu bəyəndiyini deyib onunla görüşmək istədiyini bildirmişdir. O Elxanın nalayiq təkliflər etdiyini gördüyü üçün köşkə daxil olmuşdur. Elxan onun arxasınca köşkə daxil olaraq onunla üzbəüz dayanmış və əlini cibinə salaraq müəyyən məbləğdə pul çıxartmışdır. Elxan həmin pullardan 100 manat ayıraraq ona tərəf uzatmış və ondan cinsi əlaqədə olması üçün onunla birlikdə kirayə yaşadığı evə getməsini istəmişdir. O Elxana evli qadın olduğunu, ərinin və övladlarının olduğunu deyib ondan köşkü tərk etməsini istəmişdir. Elxan isə əlavə nə qədər istəsə pul verə biləcəyini deyib, onunla cinsi əlaqədə olmağa onu razı salmağa çalışmışdır. O Elxanın ondan əl çəkmədiyini görüb onu nalayiq ifadələrlə təhqir etmiş və iki əli ilə onun sinə nahiyəsindən tutaraq arxaya tərəf itələmişdir. Bu zaman Elxan əli ilə onun sinə nahiyəsindən tutmaq üçün köynəyindən yapışmış və köynəyinin düyməsi qırılaraq yerə düşmüşdür. Bundan başqa Elxan onu nalayiq ifadələrlə təhqir etmişdir. O Elxanın onun ünvanına səsləndirdiyi fikirləri onun özünə qaytarmış, iki əli ilə itələyib onu köşkdən çölə çıxartmışdır. Bu zaman Elxan sağ əli ilə onun sifətinin sol nahiyəsindən qəsdən bir dəfə vurmuşdur. Bundan sonra polis əməkdaşları onların olduğu köşkə daxil olaraq onu və həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, həmin şəxs Zəngilan rayon sakini Təqsirləndirilən şəxsdur. Onun barəsində hər hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt ŞPİ-nin, PPXT-nin İİ bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 07.05.2021-ci il tarixdə saat 23:05-də “91-82” cağırışlı avtopatrulda postaçı yoldaşı, polis serjantı Şahid2la xidmətdə olduqları zaman “91-92” əl eferli əməkdaş onlara Koroğlu küçəsi ilə Sabir küçəsinin kəsişməsində iki nəfər şəxsin mübahisə etdiyini bildirmiş və onlardan həmin əraziyə yaxınlaşmaları tələb olunmuşdur. O Şahid2la birlikdə qeyd olunan əraziyə getdikləri zaman həmin kəsişmədə yerləşən meyvə-tərəvəz köşkünün içərisində bir nəfər kishinin bir nəfər qadınla mübahisə etdiklərini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşdıqları zamanı qadının sifət nahiyəsində qançır olduğunu görmüşlər və bu səbəbdən hər iki şəxsi Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Polis bölməsində mübahisə edən şəxslərin Zəngilan rayonunda anadan olmuş, Zəngilan rayonu, Zəngilan kəndində qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və ünvan 3 ünvanında yaşayan xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli 498 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sol tərəfli travmatik otit ilə müşayət olunmuş sol qulaq seyvanın, sol alt göz qapağında və gözaltı nahiyəsində qançırlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmış, müayinədən bir gün qədər əvvəl olmaqla 07.05.2021-ci il tarixdə əl ilə yetirilən zərbənin təsirindən əmələ gələ bilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xaraketrinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vətəndaş Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyul 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 2, otaq 6 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar