Məhkəmə qərarları › İş №1(060)-585/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-585/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-585/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,620 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 22:20 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsində yerləşən parkın giriş hissəsində saxlanılaraq, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 1,620 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik alüdəçisidir, 5-6 ay olar ki, narkotik vasitə olan kakosdan iynə vurmaqla istifadə edir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata bir bükümdə narkotik vasitə olan kakosu alıb şəxsi istifadəsi üçün üstündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 22:20 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsində yerləşən parkın girişində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə gəlmişdir. Bölmənin inzibati otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman içində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddə olduğu müəyyən olunmuşdur. Həmin toz halında olan kütlə narkotik vasitə olan kakosdur, həmin narkotiki xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata bir bükümdə alıb şəxsi istifadəsi üçün üstündə saxlamışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün istifadə edir, əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 22:20 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsində yerləşən parkın giriş hissəsində saxlayaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan kakosdur, həmin bir bükümdə olan kütləni şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan sellofan ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin kütlənin çəkisinin 1,67 qram olması müəyyən olunaraq “Panasonic” markalı videokamerada görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 126 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşdə olan” şübhəli şəxsin tutulması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.20) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan xx.xx.2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 53-54; 66-68) İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:20 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsində yerləşən parkın giriş hissəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət edilmiş, bölmədə Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda olan qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütləni çıxardaraq təqdim etmiş və bildirmişdir ki, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata bir bükümdə alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Həmin kütlənin çəkisinin 1,67 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X3 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir.(i.v 28-29) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6\2272 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,620 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.(i.v 38-42) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2162 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 85-86) Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1,620 qram narkotik vasitə heroin maddi sübüt kimi tanınmış, tədqiqatdan sonra qahq qalmış 1,570 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 82) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 78) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan- tədqiqatdan sonra qalıq qalmış 1,570 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– tədqiqatdan sonra qalıq qalmış 1,570 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********)köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar