Məhkəmə qərarları › İş №1(060)-59/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-59/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-59/2022 11.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında vahid niyyətlə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ünvan 4 ünvanının hasarından aşma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olmuş, o həyətdə olan quş damından ümumi dəyəri 100 (yüz) manat olan 5 ədəd ördəyi gizli talamış, daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 02 radələrində o Şahid1 ilə birlikdə aşma yolu ilə həmin yaşayış sahəsinə qanunsuz daxil olmuş, Şahid2 isə kiminsə gəlməməsinə nəzarət etməsi üçün onları gözləmiş, həmin həyətdə yerləşən evin plastik pəncərəsini sıxıb açma yolu ilə evə qanunsuz daxil olaraq oradan 650 (altı yüz əlli) manat dəyərində olan 01 ədəd «Samsung UE50TU7140UX» Classik markalı plazma televizoru, 01 ədəd 15 (on beş) manat dəyərində olan Çin istehsalı olan iki antenalı «TD-W8961N» modeli TP-link modemi, 01 ədəd 20 (iyirmi) manat dəyərində olan adaptoru ilə birlikdə Çin istehsalı olan «Cask» markalı, «KX-T0180» modeli, S/№:200802421 ev telefonunun, 01 ədəd 25 (iyirmi beş) manat dəyərində olan üzərində «Qunhai SL-500 2017» yazısı olan balıq tutma üçün tilovu, 01 ədəd 20 (iyirmi) manat dəyərində olan üzərində «OSKY HB-300» yazısı olan balıq tutma üçün tilovu, 01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «JM200» yazısı olan balıq tutma üçün tilovu, 01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «Qunhai SL-200» yazısı olan balıq tutma üçün kiçik ölçülü tilovu, 01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «KİNG STAR-KS-400» yazısı olan balıq tutma üçün tilovu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda cəzasını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisində çəkir. Şahid1 tanıyır, münasibətləri normaldır, aralarında heç bir düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs evindən oğurluq etməmiş, Nicat və Raufla birlikdə oğurluq etməmişdir. İstintaq zamanı onlar bu cür ifadə veməsini izah edə bilmir. Onlar onun barəsində yalan danışmışlar. Abşeron rayonu Saray qəsəbəsində yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş, anasının təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus balıqçılıq dəstləri, VİFİ aparatı, ev telefonun isə dəqiq xatırlamadığı tarixdə səhər saatlarında Polis idarəsinə yaxın bir yerdən tanışı Nicatdan yadında qalmayan məbləğə almışdır. Nicat ona həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan ucuz qiymətə satdığını bildirmişdir. O, da Nicata inanıb həmin əşyaları ondan alaraq yaşadığı evə qoymuşdur. Həmin əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Sonralar törətdiyi başqa cinayət əməlinə görə Abşeron rayon məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müəssisəsində olduğu vaxt ailə üzvləri ona məlumat verərək bildirmişlər ki, polis əməkdaşları Nicatı törətdiyi oğurluq əməlinə görə saxlamışlar və Nicat həmin oğurluğu onunla etdiyini bildirdiyindən polis əməkdaşları yaşadığı evə gəliblər və anası Şahid3 həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Nicat 1 ədəd ev telefonu, VİFİ aparatını və balıqçılıq ləvazimatlarını ona satarkən həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Nicatla heç vaxt heç kimin evindən oğurluq etməmiş, Nicat və Raufla narkotik vasitə qəbul etməmişdir. Məhkəmədən cinayət əməlini törətmədyi üçün barəsində bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 6 ilə yaxındır ki, Sumqayıt şəhər Xəzər bağları massivi, fərdi ev 94-də ailəmlə bərabər yaşayır. xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində atası Əlirza xəstə olduğu üçün atasına baş çəkmək üçün ailəsi ilə birlikdə atasının yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayona getmişlər. Həmin gün atasının evində qalmış və səhərisi günü yəni xx.xx.2021-ci il tarixdə saat 19:00-da evə qayıtmışlar. Evin həyətinə daxil olanda görmüşdür ki, evin pəncərəsi açıqdır. Onda şübhə yaranmışdır ki, evə kimsə girib. O, evin qapısını açarı ilə açıb evə daxil olmuş və görmüşdür ki, evin zalında divara qurlaşdırılmış 2020-ci ilin iyul ayında aldığı dəyəri 1500 manata olan «Samsung» markalı televizor, bir ədəd 55 manat dəyərində modem, dəyəri 55 manata olan dəstəkli (trubkalı) ev telefonu və 350 manat dəyərində balıq tutmaq üçün avadanlıq oğurlanmışdır. O, oradan DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq oğurluq barəsində məlumat vermişdir. Polislər gələnə kimi o həyətə çıxmış və görmüşdür ki, həyətdə hində olan birinin qiyməti 20 manata olan 5 ədəd yerli sort yaşılbaş ördəklər də yerində yoxdur və oğurlanmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər. O, Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gedərək bu barədə ərizə və izahat vermişdir. Oğurluq nəticəsində ona 2060 manat ziyan vurulmuşdur. Evdən oğurlanan yaşılbaş ördəklər 18 aylıq ördəklər olmuşdur. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o oğurluq edən zaman tək olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 02:00 radələrində Sumqayıt şəhəri Xəzər bağlar massivi, fərdi evdən hasarı aşma yolu ilə həyətə daxil olmuş evin plastik pəncərəsini sıxıb evə daxil olaraq oradan 01 ədəd plazma televizoru, 01 ədəd modemi, 01 ədəd adaptoru ilə birlikdə ev telefonunun, 05 ədəd tilovu götürmüşdür. Həmin oğurluğu etdikdən sonra o, televizoru Nur Telecom mağazasının yanında tanımadığı şəxsə 250 manata satmışdır. Səhəri gün digər əşyaları satmaq üçün tanışı Şahid2 taksi kimi sifariş etmiş onlar yolda olan zaman tanışı Təqsirləndirilən şəxsla qarşılaşmış, Rüstəmə həmin əşyaları almasını təklif etmiş, Rüstəm onunla razılaşaraq əşyaları almış, lakin Rüstəmin həmin əşyaların oğurluq olduğundan xəbəri olmamışdır. Şahid2 və Təqsirləndirilən şəxs onunla cinayətin törədilməsində iştirak etməmişlər və o, Şahid2 oğurluq etməsi barədə heç bir məlumat verməmişdir. Eləcə də xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Xəzər bağları ərazisindəki evdən 5 ədəd ördəyi oğurlamamışdır. Rüstəm və Rauf da onunla birlikdə oğurluqda işitrak etməmiş, polis bölməsində ona təzyiq olduğu üçün onlarla birlikdə oğurluq etdiyini bildirmişdir. İbtidai istintaqdakı ifadəsi təhrif olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ibditai istintaq dövründə verdiyi elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olaraq bildirmişdir ki, onun evindən oğurluq etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında tanışları Rauf və Rüstəm ilə birlikdə olan zaman, Raufun avtomobilində yanacaq olmadığı üçün Sumqayıt şəhəri Xəzər bağları ərazisinə enərək yanacaq oğurlamaq niyyətinə düşüb, elə həmin əraziyə getmişlər. Orada bir ədəd işıqları sönmüş qapıları bağlı evin olduğunu görmüşlər. Saat təxminən 23 radələri olardı Rüstəm həmin həyətə hasardan aşma yolu ilə daxil olub, təxminən 10 dəqiqə sonra əlində 5 ədəd ördək ilə geri qayıdıb, həmin ördəkləri həyətdən oğurladığını demiş, bundan sonra həmin ördəkləri Rüstəm və Rauf ilə birlikdə Sumqayıt şəhəri ərazisində tanımadıqları şəxsə 40 manata sataraq onun yanına gəlmişlər. Daha sonra isə Rüstəm narkotik vasitə olan heroin taparaq yanına gəlmiş və onlar həmin narkotik vasitəni qəbul etmişlər. Sonra isə yenidən oğurluq etmək niyyətinə düşərək təkrar Sumqayıt şəhəri Xəzər bağları ərazisinə ördək oğurladıqları evə geri qayıtmışlar. Artıq ayın xx.xx.2021-ci il tarixə keçmiş, saat 02 radələri olardı, bu zaman üçü də evin həyətinə daxil olmuşlar, daha sonra Rüstəm evin plastik pəncərəsini sıxıb açaraq içəri daxil olmuş, ardınca isə özü də içəri keçmişdir. Bu zaman Rauf evin həyətində dayanaraq gözətçilik etmiş, Rüstəm evin içərisindən 1 ədəd Samsung markalı televizor, balıqçılıq dəstləri, VİFİ aparatı, ev telefonu oğurlamışdır. Daha sonra oğurladıqları əşyaları əlində Sumqayıt şəhəri Bərpa xəstəxanasının həyətinə gətirib orada onun avtomobilinə yükləmişlər. Səhər açıldıqda o, oğurladıqları televizoru Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisinə gətirib Nur Telecom mağazasının yanında tanımadığı şəxsə 250 manata satmış, həmin televizoru o özü tək satmış, Raufla Rüstəm isə onu başqa yerdə gözləmişlər. O, televizoru satdığı pulu isə Raufla Rüstəmin yanına gedib aralarında bölmüşlər. Qalan oğurladıqları əşyaları isə Rüstəm öz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki evinə aparmış və həmin mallar onda qalmışdır. Onlar tutulduqdan sonra Rüstəmnin anası yaşadığı evlərindən onların oğurladıqları və Rüstəmin evində saxladığı digər əşyaları istintaqa təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, oğurluq etməmiş və Şahid1 ilə birlikdə oğurluqda iştirak etməmişdir. Nicat ona zəng edərək taksi kimi aparmasını bildirmiş, o da taksi fəaliyyəti ilə məşğul olduğu üçün Nicatı avtomobili ilə aparmış, Nicatın əlində sellofan torba olmuş, içərisində nə olduğundan xəbardar olmamış, yolda Rüstəmlə rastlaşmışlar, sonra o, onları Rüstəm yaşadığı ünvana aparmışdır. Oğurluq barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı da belə bir ifadə vermiş və müstəntiqə oğurluqda iştirakı olmadığını demişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibditai istintaq dövründə verdiyi elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olub, onun evindən oğurluq etdiyini bildirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında tanışları Nicat və Rüstəm ilə birlikdə olan zaman, avtomobilində yanacaq olmadığı üçün Sumqayıt şəhəri Xəzər bağları ərazisinə enərək yanacaq oğurlamaq niyyətinə düşüb, elə həmin əraziyə getmişlər. Orada işıqları sönmüş qapıları bağlı evin olduğunu görmüşlər. Saat təxminən 23 radələri olardı Rüstəm həmin həyətə hasardan aşma yolu ilə daxil olub, təxminən 10 dəqiqə sonra əlində 5 ədəd ördək ilə geri qayıdıb, həmin ördəkləri həyətdən oğurladığını demişdir. Bundan sonra həmin ördəkləri Rüstəm Nicat ilə birlikdə Sumqayıt şəhəri ərazisində tanımadıqlarışəxsə 40 manata sataraq onun yanına gəlmişlər. Daha sonra isə Rüstəm narkotik vasitə olan heroin taparaq yanına gəlmiş və onlar həmin narkotik vasitəni qəbul etmişlər. Daha sonra isə yenidən oğurluq etmək niyyətinə düşərək təkrar Sumqayıt şəhəri Xəzər bağları ərazisinə ördək oğurladıqları evə geri qayıtmışlar. Artıq ayın xx.xx.2021-ci il tarixə keçmişdir, saat 02 radələri olardı bu zaman üçüdə evin həyətinə daxil olmuşlar, daha sonra Rüstəm evin plastik pəncərəsini sıxıb açaraq içəri daxil olmuş, ardıyca isə Nicat da içəri keçmişdir. Buzaman o evin həyətində dayanaraq gözətçilik etmişdir. Rüstəm evin içərisindən 1 ədəd Samsung markalı televizor, balıqçılıq dəstləri, VİFİ aparatı, ev telefonu oğurlamışdır. Daha sonra oğurladıqları əşyaları əllərində Sumqayıt şəhəri Bərpa xəstəxanasının həyətinə gətirib orada onun avtomobilinə yükləmişlər. Səhər açıldıqda Nicat oğurladıqları televizoru aparıb harasa 250 manata satmışdır. Daha sonra onları üçü görüşmüşlər və 250 manat pulu aralarında bölmüşlər. Nicatın deməsindən ona məlum olmuşdur ki, o həmin televizoru aparıb Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən Nur Telecom mağazasının yanında tanımadığı şəxsə 250 manata satıbdır. Qalan oğurladıqları əşyaları isə Rüstəm öz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki evinə aparmış və həmin mallar onda qalmışdır. Onlar tutulduqdan sonra Rüstəmin anası yaşadığı evlərindən onların oğurladıqlar və Rüstəmin evində saxladığı digər əşyaları istintaqa təqdim etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Malik oğlu onun doğma oğludur. 2021-ci ilin fevral ayının axırlarında oğlu Rüstəm evə gələrək özü ilə birlikdə 01 ədəd modem aparatını, 01 ədəd ev telefonunu və balıqçılıq ləvazimatlarını gətirmişdir. O, ondan həmin əşyalar barədə soruşanda Rüstəm demişdir ki, həmin əşyaları tanıdığı şəxs ona borcu əvəzinə veribdir. Həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin əşyaları Rüstəm oğurluq yolu ilə əldə edərək evə gətirmişdir. O, Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət edilərək bununla bağlı ondan izahat alınmış və o həmin əşyaları 4-cü PB-yə təqdim etmişdir. O həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə başqa ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 1(012)-115/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinəa zadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 09 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olumuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017ci il tarixli qanun tətbiq edilib Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ləğv edilərək cəzası 04 il 03 aya endirilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə cəzanı tam çəkib qurtardığından qeyd çıxarılmışdır. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzaçəkmə müddətinin başlağıcı xx.xx.2021-ci il tarixdən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinəa zadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 09 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 1(012)-115/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan polis idarəsinin inzibati binasıdır, yaşayış yoxdur. Ondan heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, iş üzrə təqdim edilmiş 01 ədəd Çin istehsalı olan iki antenalı «TD-W8961N» modeli TP-link moderni,01 ədəd adaptoru ilə birlikdə Çin istehsalı olan «Cask» markalı, «KX-T0180» modeli, S/№:200802421 ev telefonu, 01 ədəd üzərində «Qunhai SL-500 2017» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «OSKY HB-300» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «JM200» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «Qunhai SL-200» yazısı olan balıq tutma üçün kiçik ölçülü tilov və 01 ədəd üzərində «KİNG STAR-KS-400» yazısı olan balıq tutma üçün tilovun maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 əvvəllər narkotik vasitə əldə edərək istifadə etmələri xüsusatı iş materialları ilə sübuta yetmədiyindən həmin faktla bağlı cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 1(060)-638/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə ***-***-**-** saylı mobil telefon nömrəsinin kimə məxsus olmasına, həmin şəxsin anket məlumatlarının, həmin nömrəyə 18 fevral 2021-ci il tarixdən, 21 fevral 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, smslərin mətnlərini, ***-***-**-** mobil telefon nömrəsinin 18 fevral 2021-ci il tarixdən, 21 fevral 2021-ci il tarixədək hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatların, Təqsirləndirilən şəxs( xxxxxxx) Şahid1 (xxxxxxx) və Şahid2( xxxxxxx) adına olan mobil nömrələrin siyahısı, həmin nömrələrə 18 fevral 2021-ci il tarixdən, 21 fevral 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, smslərin mətnlərini, onların adına müəyyən edilmiş mobil telefon nömrələrinin 18 fevral 2021-ci il tarixdən, 21 fevral 2021-ci il tarixədək hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatların Sumqayıt şəhər Məhkəməsinə təqdim edilməsi üçün "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğular verilmiş və mobil operatorlardan alınmış cavablarda iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1474 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 07 ədəd malların istifadədə olması nəzərə alınaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 125 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Analoji malların markasına, mödelinə müvafiq olaraq təqdim edilməyən 01 ədəd «Samsung UE50TU7140UX» Classik markalı plazma televizorun ortra istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 650 (altı yüz əlli) manat müəyyən edilir. -01 ədəd 15 (on beş) manat dəyərində olan Çin istehsalı olan iki antenalı «TD- W8961N» modeli TP-link modemi; -01 ədəd 20 (iyirmi) manat dəyərində olan Çin istehsalı olan «Cask» markalı, «KX- T0180» modeli, S/№:200802421 ev telefonu adaptoru ilə birlikdə; -01 ədəd 25 (iyirmi beş) manat dəyərində olan üzərində «Qunhai SL-500 2017» yazısı olan balıq tutma üçün tilov; -01 ədəd 20 (iyirmi) manat dəyərində olan üzərində «OSKY HB-300» yazısı olan balıq tutma üçün tilov; -01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «JM200» yazısı olan balıq tutma üçün tilov; -01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «Qunhai SL-200» yazısı olan balıq tutma üçün kiçik ölçülü tilov; -01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «KİNG STAR-KS-400» yazısı olan balıq tutma üçün tilov. İş materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid3 oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 01 ədəd modem aparatını, 01 ədəd telefonu və balıqçılıq ləvazimatlarını Sumqayıt ŞPİ-in 4-cü PByə təqdim etmişdir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi zərərçəkmiş şəxsin, ibtidai istintaq dövründə verilmiş şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı digər şəxslərlə əlbir olmadığını, oğurluq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü təqsirli bilməsə də onun əməli zərərçəkmiş şəxsin, şahid ifadələri və digər iş materialları ilə sübuta yetirilmişdir. Eyni zamanda istintaqın gedişi zamanı Təqsirləndirilən şəxs ifadəsi ilə Şahid1 və Şahid2 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onların aralarında üzləşdirmə istintaq hərəkətinin aparılması zərurəti yaranmış, bu barədə Təqsirləndirilən şəxs bildirildikdə sonuncu Şahid1 və Şahid2la üz-üzə gəlmək istəmədiyini bildirərək üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişdir. Həmçinin Təqsirləndirilən şəxs hazırki iş üzrə araşdırılma aparılan zaman talama cinayəti törətməsinə görə barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inkaredici ifadəsi ona təyin ediləcək cəzadan və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 fərdi yaşayış evinin hasarından keçmək yolu ilə həyətə qanunsuz daxil olub oğurluğu təkbaşına törətdiyini bildirmişdir. Lakin cinayət işi materiallarından görünür ki, o ibtidai istintaq zamanı verdiyi ifadələr əsasında digər təqsirləndirilən şəxslər müəyyən edilmiş və sonradan onlar (hazırki iş üzrə şahid) da etirafedici ifadələri ittihamda qeyd olunanları təsdiq etmişdir. Məhkəmə şahid qismində ifadə vermiş Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, digər şəxsləri cinayət məsuliyyətindən yayındırmaq, həmin şəxsləri ifşa etdiyi üçün ona qarşı ola biləcək dırnaq arası neqativ fikirdən və eləcə də özünün məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Ona görə də Şahid1 istintnaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olduğundan məhkəmə həmin ifadəni sübut kimi qiymətləndirir. Məhkəmə Şahid2 oğurluq hadisəsində iştirak etməməsi, cinayət əməlini törətməməsi və Təqsirləndirilən şəxs cinayət hadisəsində iştirakı ilə əlaqədar məlumatı olmamasına dair ifadəsinə də tənqidi yanaşır. Cinayət işi materiallarından görünür ki, Şahid2 barəsində həbs qətimkan tədbiri seçilənədək cinayət hadisəsini Təqsirləndirilən şəxsla birlikdə törətdiyini ibtidai istintaqın bütün mərhələlərində verdiyi ifadəsində təsdiq etmişdir. Əvvəllər ağır cinayət törətməsinə görə məhkumluğunun ödənilməməsi təyin ediləcək cəzaya ciddi təsir edəcəyindən o, həm cinayət məsuliyyətindən yayınmaq, həm də digər şəxslərin məsuliyyətini yüngülləşdirmək üçün təkzibedici ifadə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 04 il 03 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, hal-hazırda talama cinayətinə görə azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.” İş üzrə təqdim edilmiş maddi sübut olan 01 ədəd Çin istehsalı olan iki antenalı «TD-W8961N» modeli TP-link moderni, 01 ədəd adaptoru ilə birlikdə Çin istehsalı olan «Cask» markalı, «KX-T0180» modeli, S/№:200802421 ev telefonu, 01 ədəd üzərində «Qunhai SL-500 2017» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «OSKY HB- 300» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «JM200» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «Qunhai SL-200» yazısı olan balıq tutma üçün kiçik ölçülü tilov və 01 ədəd üzərində «KİNG STAR-KS-400» yazısı olan balıq tutma üçün tilovun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə məsrəfi artıq həll edilmişdir. Belə ki, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 125,00 (bir yüz iyirmi beş) manat Sumqayıt şəhər Məhkəməsinin 1(060)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Şahid1, Şahid2 və X2 müştərək qaydada tutulmuşdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 1(060)- 638/2021) qərarını icra edərək, xx.xx.2021-ci il tarixli, 1125 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 50 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(012)-115/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. İş üzrə təqdim edilmiş maddi sübut olan 01 ədəd Çin istehsalı olan iki antenalı «TD- W8961N» modeli TP-link moderni, 01 ədəd adaptoru ilə birlikdə Çin istehsalı olan «Cask» markalı, «KX-T0180» modeli, S/№:200802421 ev telefonu, 01 ədəd üzərində «Qunhai SL- 500 2017» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «OSKY HB-300» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «JM200» yazısı olan balıq tutma üçün tilov, 01 ədəd üzərində «Qunhai SL-200» yazısı olan balıq tutma üçün kiçik ölçülü tilov və 01 ədəd üzərində «KİNG STAR-KS-400» yazısı olan balıq tutma üçün tilovun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar