Məhkəmə qərarları › İş №1(060)-59/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-59/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-59/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Xocalı rayonu, Cəmilli ərazi dairəsi, Cəmilli kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, fərdi yaşayış evində yaşayan, barəsində “Polisin nəzarəti altna vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1992-ci il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, hazırda Bakı Neft Emalı Zavodunda dəmir montajçısı işləyən, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altna vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 20 sentyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 usta kimi, Təqsirləndirilən şəxs2 gözətçi kimi işlədikləri, Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Ceyranbatan yaşayış massivi ərazisində yerləşən ərazidə olan emalatxananın açıq vəziyyətdə olan qapısından içəri daxil olub orada olan bir ədəd, 1500 (min beş yüz) manat dəyərində, içərisində 49 kq mis olan qaynaq aparatını aparmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, belə ki, Kənana məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən emalatxanada həm fəhlə kimi işləmiş və orada olan tikilidə yaşadığı üçün gecələr də orada gözətçi kimi qalmışdır. Ondan başqa orada Ramin adlı şəxs də yaşamış və onunla münasibətləri yaxşı olmuşdur. Təxminən xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Ramin ilə aralarında söhbət etdiyi zaman ondan maddi vəziyyətinin necə olduğunu soruşmuş və o, cavabında pis olduğunu bildirmişdir. Bundan başqa onun Raminə 120 manat borcu olmuşdur, belə ki, onun maşınını sürdüyü zaman radara düşmüş və o, pulu istəmişdir. Söhbət etdikləri zaman Raminə bildirmişdir ki, orada olan qaynaq aparatını oğurlayıb satmaq fikri var və köməklik etməyini, əldə olunan gəliri bölməyi təklif etmiş, Ramin də bununla razılaşmış və həmin gün, yəni xx.xx.2021-ci il tarixdə 22 radələrində emalatxananın açıq qapısında keçib orada olan bir ədəd qaynaq aparatını onun gecələr qaldığı tikiliyə aparmışlar. Orada gecə saatlarında laqonda ilə həmin qaynaq aparatını kəsib üstünü açmış və içərisindən misləri sökmüşlər. Gecə orada qalmış, səhəri gün həmin misi idman çantasına qoymuş, dəmirləri isə Ramin götürmüşdür, birlikdə ümumi divardan kənara çıxmış, daha sonra isə taksi saxlayaraq Bakı istiqamətində getmişdir, Ramin isə dəmirlər ortalıqda qalmasın, diqqət çəkməsin deyə darvazadan çıxıb çöldə bir qədər irəlidə olan ayaqyolunun arxa tərəfinə dəmirləri tullamışdır. Taksi ilə Bakı şəhəri ərazisində Şamaxinka adlanan yerin yaxınlığında həyət evlərinin yaxınlığında yerləşən Türk metal qəbulu yerinə getmişdir. Orada dolu bədən quruluşlu bir nəfər şəxsə yaxınlaşmış və mis satmaq istədiyini demişdir. Bundan sonra ona gətirdiyi misin özünə məxsus olduğunu demiş və sonra həmin misi tərəzidə çəkmişlər və 49 kq olmuş və ümumilikdə 495 manata razılaşmışlar. Misi həmin dəmir qəbulu yerində 495 manata satmış, geri qayıtmış Raminlə danışaraq ona 495 manata satdığını deyərək 250 manatını ona vermiş, 245 manat isə özünə qalmışdır. Zərərçəkmiş şəxs məxsus sahədən yalnız qeyd etdiyi qaynaq aparatının oğurlanmasında iştirak etmiş, kamera və soyuducu anbar avadanlıqlarını oğurlamamış, digər əmlakların Ramin tərəfindən oğurlanıboğurlanmamasını dəqiq deyə bilmir, bu barədə məlumatı yoxdur. Oğurluq hadisəsi zamanı Təqsirləndirilən şəxs1 ilə ikisi olmuş, başqa heç kim olmayıb. Qaynaq aparatını pula ehtiyacı oluğundan oğurlamışdır. Emalatxanada mühafizəçi olduğuna görə qaynaq aparatını oğurladıqları emalatxananın qapısının açarı da onda olmuş, həmçinin qapısı da açıq olmuşdur, hər ikisi həmin emalatxananın yanında gecələmişlər. Evlidir, 1 azyaşlı uşağı vardır. Dəymiş ziyandan 200 manat ödəmək istəyir, ancaq zərərçəkmiş şəxs götürmür. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Buna görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs xeyli müddətdir ki, tanıyır. O, Kənana məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən emalatxanada usta kimi işləmiş və orada olan tikilidə yaşamışdır. 2021-ci ilin əvvəllərindən gecə mühafizəçi, nəzarətçi kimi, gündüzlər isə fəhlə kimi işləyən Əmrah adlı şəxslə axşam saatlarında həyətdə söhbət etdikləri zaman o, orada olan qaynaq aparatını oğurlayıb satmaq fikri olduğunu demiş və köməklik etməyini bildirmişdir. Əmrahın ona borcu olmuş və bildirmişdir ki, “köməklik elə bu qaynaq aparatını oğurlayıb sataq”. Sonra buna razılaşmış, çünki maddi vəziyyəti yaxşı olmamışdır. Təxminən xx.xx.2021-ci il tarixdə 22 radələrində emalatxanasının açıq qapısından keçib orada olan bir ədəd qaynaq aparatını onun qaldığı tikiliyə aparmışlar. Orada gecə saatlarında laqonda ilə həmin qaynaq aparatını kəsib üstünü açmış və içərisindən misləri sökmüşlər. Bundan sonra həmin misi Əmrah idman çantasına qoymuş, dəmirləri isə özü götürmüşdür, birlikdə ümumi divardan kənara çıxmış, daha sonra isə Əmrah taksi saxlayaraq Bakı istiqamətində getmiş, o isə həmin dəmirləri çöldə bir qədər irəlidə olan ayaqyolunun arxa tərəfinə tullamışdır. Bundan sonra həmin gün Əmrah günorta saatlarında geri qayıtmış, ona 250 manat pul vermiş və ümumilikdə misi 495 manata satdığını bildirmişdir. Zərərçəkmiş şəxs məxsus sahədən yalnız qaynaq aparatını oğurlanmasında iştirak etmişdir. Kamera və soyuducu anbar avadanlıqlarını oğurlamamış, həmin əmlakların Əmrah tərəfindən oğurlanıb-oğurlanmamasını dəqiq deyə bilmir, bu barədə məlumatı yoxdur. Qaynaq aparatının üst dəmir hissəsini gizlin yerə atmaqda məqsədi heç kimin görməməsi olmuşdur, belə ki, dəmir ortada olsa kəsilməsi bilinəcək idi, şübhə yaranmasın deyə belə etmişdir. Əmrah orada mühafizəçi olduğuna görə qaynaq aparatını oğurladıqları emalatxananın qapısının açarı onda olurmuş, qapısı da açıq olmuşdur, qapıdan daxil olaraq qaynaq aparatını götürmüşlər və ümumiyyətlə, orada yaşamışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 400 manatını onun kart hesabına ödəmişdir. 44 günlük Vətən Müharibəsində iştirak edərək medallarla təltif edilmişdir. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, evlidir, 1 azyaşlı uşağı vardır. Buna görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş ziyandan onun payına düşən 750 manat puldan 400 manatını zərərçəkmiş şəxsin kart hesabına köçürmüşdür. Zərərçəkmiş şəxs də məhkəmə iclasında bunu təsdiq etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 20 ildir ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində 4 hektar sahəsi vardır ki, həmin sahənin içərisində tikililər vardır, onlardan biri də soyuducu anbarıdır. Həmin sahəyə daimi getməsə də vaxtaşırı ora gedərək nəzarət etmiş və orada olan tikililərdən bəzilərini icarəyə vermişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində qeyd etdiyi sahəyə nəzarət etmək üçün getdikdə soyuducu anbarın ətrafını gəzərkən anbarın arxa tərəfində olan soyuducu anbarın mexanizmlərinin yerində olmadığını görmüş və oraya yaxınlaşdıqda həmin soyuducunun arxa tərəfində olan üç ədəd soyuducu anbarın mexanizmlərinin və həmin mexanizmlərin soyuducuya birləşən mis boruların yerindən qoparılaraq oğurlandığını aşkar etmiş və buna görə də DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Bundan sonra bir daha əraziyə baxış keçirdikdə əlavə olaraq bir ədəd markasını və həcmini xatırlamadığı təxminən 3000 min manat dəyərində olan qaynaq aparatının, həmçinin orada yerləşən və ofis kimi istifadə etdiyi otaqdan qutularda olan 14 ədəd istifadə olunmamış təhlükəsizlik kamerası və 2 ədəd isə böyük ölçülü 360 dərəcəli kameralarının oğurlandığını aşkar etmişdir. Qeyd etdiyi mexanizmlər soyuducu anbarın içərisində olan isti hava kütləsini çəkib çölə ötürərək, çöldən içəri sərin havanı ötürən içərisində mis hissələr olan, soyuducunun çöl pərlərinin altında olan mexanizmlər və hər bir mexanizmlə soyuducu arasında hava axınını əlaqələndirən mis borulardır, təxminən 2008-ci ildə Türkiyə Respublikasından alınmışdır, üzərində “Termo Dizayn” yazılmışdır, 24 hp gücündədir, təxminən 1 ədədi 10.000 manat olmaqla ümumilikdə ona təxminən 30.000 manat maddi ziyan dəymişdir. İlkin ərizə və ifadə verdiyi zaman kamera və qaynaq aparatlarının oğurlandığını aşkar etməmiş, ərizə ilə müraciət etdikdən sonra bir daha həmin əraziyə baxış keçirdikdə, məlum olmuşdur ki, kameraları və qaynaq aparatı da oğurlanmışdır. Heç birinin marka və modelini bilməsə də ümumi kameraları 8000 manata, qaynaq aparatını isə 3000 manata almışdır. Oğurluq hadisəsi təxminən qeyd etdiyi tarixlər aralığında baş vermişdir, dəqiq tarix deyə bilmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin emlatxanaya girmələri üçün icazələri olmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın 400 manatı onun kart hesabına köçürülmüşdür. Ona dəymiş zərərin ödənilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid (məhkəmə iclasında onun iştirakını təmin etmək mümkün olmamış, istintaqdakı ifadəsi tədqiq edilmişdir) ifadəsində bildirmişdir ki, 2018-ci ildən 2022-ci ilin əvvəllərinədək Bakı şəhəri ərazisində Şamaxinka adlanan yerin yaxınlığında yerləşən dəmir qəbulu yerində işləmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında bir nəfər 25-30 yaşlarında oğlan onun işlədiyi emalatxanaya yaxınlaşaraq mis satmaq üçün gəldiyini bildirdikdə həmin şəxsə yalnız şəxsiyyət vəsiqəsinin şəklini çəkdikdən sonra misi ala biləcəklərini deyib misi haradan əldə etdiyini soruşduqda həmin şəxs özünə məxsus olduğunu demişdir. Şəxsiyyət vəsiqəsinin şəklini çəkdikdən sonra həmin misi tərəzidə çəkmişlər və ümumi çəkisi 49 kiloqram olmuş və həmin misin müqabilində misi satan şəxsə 495 manat pul ödəmişdir. Misin oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Suumqayıt şəhəri, Ceyranbatan qsəbəsində, Bakı-Sumqayıt yolunun Bakı istiqamətinin sağ kənarında yaşayış evlərinin arasında yerləşən təxminə 1 ha sahəni əhatə edən daş hasarla əhatələnmiş ərazidir. Daş hasardan içəridə 3 ədəd ayrıayrı emalatxanalar vardır. Baxış keçirilən emalatxanalardan biri soyuducu anbarıdır ki, anbarın arxa tərəfində soyuducu mexanizmlər olan ərazidə dəmir çərçivəli qutular yerləşir, həmin qutuların içərisində mator olsa da, matorun üzərində mexanizm görünmür və eləcə də həmin mexanizmlər soyuducu anbarın arasında əlaqələndiici boru yoxdur. Zərərçəkmiş şəxs həmin üç dəmir quunun içərisində soyuducu mexanizmlər və soyuducu mexanizmi anbarla əlaqələndirən 3 metr uzunluğunda mis boruların oğurlandığını qeyd etmiş və Bundan başqa soyuducu anbardan giriş qapısı istiqamətində gedildikdə kənarda yerləşən digər bir emalatxananı göstərərək orada olan 14 ədəd sadə, 2 ədəd isə 360 dərəcəli təhlükəsizlik kamerasının və içərisi mis materialından olan qaynaq aparatının da oğurlandığını bildirmişdir. Həmin emalatxanada üzəri bağlı dəmir giriş qapısı olan taxta emalatxanasıdır, qapısı üzərində heç bir sındırılma üzü yoxdur, həmçinin baxış zamanı Zərərçəkmiş şəxs həmin emalatxananın qapısının həmişə açıq vəziyyətdə saxlanıldığını bildirmişdir. Baxış keçirilən yerdə tədqiqat üçün yararlı əl-barmaq izi götürülməsi mümkün olmamışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdəsaat 17:20-də tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 19:20-da tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus emalatxanadan Təqsirləndirilən şəxs1 ilə oğurladıqları qaynaq aparatını satdığı yeri göstərərək törətmiş olduqları cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, xx.xx.2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhər Ceyranbatan yaşayış massivi ərazisində yerləşən sahədə olan taxta emalatxanasına Təqsirləndirilən şəxs2 ilə emalatxanaya haradan daxil olduqlarını, qaynaq aparatını haradan necə oğurladıqlarını göstərərək törətmiş olduqları cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, xx.xx.2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5005 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların 2022-ci ilin aprel-may aylarına olan orta bazar qiyməti iləümumi dəyəri nəzəri qaydada təxminən 2430.00 manat müəyyən olunur. Belə ki, 3 ədəd üzərində “Termo Dizayn” yazılmış, 24 hp gücündə, anbar soyuducularının içərisində olan isti hava kütləsini çəkib çölə ötürərək, çöldən içəri sərin havanı ötürən içərisində mis hissələr olan, soyuducunun çöl pərlərinin altında olan mexanizmlər və hər bir mexanizmlə soyuducu arasında hava axının əlaqələndirən mis boruların qiymətinin müəyyən edilməsi mümkün olmamış, analoji mallara uyğun olaraq sadə təhlükəsizlik kameraları təzə vəziyyətdə 1 ədədinin qiyməti 40 manat olmaqla ümumi dəyəri 560 manatdır, analoji mallara uyğun olaraq böyük ölçülü 360 dərəcəli təhlükəsizlik kameraları təzə vəziyyətdə 1 ədədinin qiyməti 185 manat olmaqla 2 ədədinin qiyməti 370 manatdır, analoji mallara uyğun olaraq orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq içərisində 49 kq mis olan qaynaq aparatı 1500 manat dəyərindədir. Zərərçəkmiş şəxsümumi oğurlanmışəmlaklara görəvurulmuş maddi ziyanın ümumi məbləği 32430 (otuz iki min dörd yüz otuz) manat, 01 ədəd qaynaq aparatına görə dəymiş ziyanın məbləği isə 1500 (min beş yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməml Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrindən CM-nin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmişdir. Şahid əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Qəbələ RİHB-nin Tüntül İƏDN-nin 220 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 1 azyaşlı (xx.xx.2016-cı il təvəllüdlü X2 adlı) uşağı vardır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 1 azyaşlı (xx.xx.2018-ci il təvəllüdlü X3 adlı) uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli və hər biri müvafiq olaraq həmin maddə ilə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi 1 azyaşlı uşağının olması, ilk dəfə məsuliyyətə cəlb edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi himayəsində 1 azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarkterizə olunması, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qisminin ödənilməsi, əməlindən peşman olması, 44 günlük Vətən Müharibəsində iştirak edərək medallarla təltif edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 21 may 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə 44 günlük Vətən Müharibəsində iştirak edərək medallarla təltif edilməsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 21 may 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına Sumqayıt Regional Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi1 tərəfindən hər biri ayrılıqda 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 180 (yüz səksən) manat və Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, fərdi yaşayış evini tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi1 və MMüdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar