Məhkəmə qərarları › İş №1(060)-590/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-590/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-590/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, “Proton” şirkətində hidrotest quraşdırıcısı vəzifəsində çalışan, Qubadlı rayonu Qayalı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 47-ci məhəllə, ev 11, mənzil 23-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə, saat 13-55 dəqiqədə Sumqayıt şəhəri 1-ci mikrorayon Nərimanov küçəsində “Aki” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun salonunda və çöldə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək kənar şəxslərin gözü qarşısında sərnişin avtobusunun sürücüsü Zərərçəkmiş şəxs ünvanına ucadan söyüş ifadələri işlətməklə avtobusun salonunda onu vurmağa cəhd etmiş, sərnişinlər onun qarşısını alıb çölə çıxardıqda Təqsirləndirilən şəxs çöl tərəfdən Zərərçəkmiş şəxs sükan arxasında oturduğu pəncərəyə yaxınlaşaraq onu əli ilə dartmaqla özünə tərəf çəkib yumruqla bədəninin müxtəlif nahiyyələrindən vuraraq sonuncuya sol gözaltı nahiyyənin, sol qulaq seyvanının, sol bazunun aşağı 1\3-nün qançırı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 may 2022-ci il tarixdə, saat 13-30 radələrində iki azyaşlı övladı ilə birgə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində 7 saylı marşrut avtobusuna minərək Sumqayıt şəhəri 1ci mikrorayon, Nərimanov küçəsində dayanacaqda avtobusdan düşmüş, orta qapıdan düşdüyü üçün gediş haqqını verməkdən ötrü qabaq qapıya yaxınlaşmış, bu zaman avtobusun sürücüsü avtobusu bir qədər qabağa sürmüşdür. Avtobusa yenidən yaxınlaşaraq 60 qəpik gediş haqqını sürücüyə vermiş və həmin vaxt sürücüyə avtobusu vaxtında, lazım olan yerdə saxlamalı olması barədə iradını bildirdikdə sürücü ona kobud şəkildə cavab verdiyindən özündən çıxmış və sürücünün oturduğu oturacaq hissəsinə çöldən yaxınlaşmış, pəncərədən sürücüdən nə deməsini təkrarlamasını istəmiş, həmin vaxt sürücü ona kobud cavab vermiş, o da sürücünün yaxasından tutmağa çalışmış, bu zaman sürücü ona yumruq zərbələri vurmağa başlamış, o da cavab zərbəsi vurmağa çalışmışdır. Sürücü ondan hündürdə əyləşmiş,sürücünün ona vura bilməsi üçün daha əlverişli imkanı olmuş və vurmuşdur. O da özünü müdafiə etməyə çalışmış və bir iki zərbə də o vurmuşdur. Mübahisə qısa müddətli olmuş, bir dəqiqədən az müddət çəkmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ildən "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və “Aki” markalı, **-AE-*** nömrəli marşrut avtobusu ilə Sumqayıt şəhəri ərazisində 7 saylı marşrutda fəaliyyət göstərir. 01 may 2022-ci il tarixdə, saat 13-55 radələrində idarə etdiyi avtobusla Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nərimanov küçəsində yerləşən dayanacaqda dayanmış, sərnişinlərin bir qismi avtobusdan düşmüş, bu vaxt yanında 2 nəfər azyaşlı olan bir nəfər sərnişin də avtobusun orta qapısından aşağı düşmüş, o, qabaq qapıya sarı gələrək pulu ona vermək istəyərkən arxada dayanmış avtobusun siqnal verdiyini eşidib avtobusu daha rahat yerdə saxlamaq üçün bir neçə metr qabağa sürmüşdür. Həmin vaxt ilk dəfə gördüyü, sonradan adının Afdandil olduğunu öyrəndiyi sərnişin avtobusu irəli sürdüyünə görə ona irad bildirmiş, bu zaman Afdandil avtobusun salonuna girib onu yumruq zərbələri ilə vurmuş, tanımadığı bir neçə sərnişin Afdandili avtobusun salonundan çölə çıxarmış, buna baxmayaraq Afdandil sakitləşməyib sürücü tərəfdən pəncərəyə yaxınlaşıb oradan onun yaxasından yapışaraq yarı bədənini çölə çıxardıb daha bir neçə yumruq zərbəsi ilə bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Bu zaman çöldə olan bir neçə nəfər şəxs Afdandili ondan ayrmış və o çıxıb getmişdir. Afdandilin ona qarşı etdiyi xuliqanlıq hərəkətləri təxminən 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı Afdandilə əl qaldırmamış və heç bir zor tətbiq etməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, baş verən hadisəni şəxsən özü görməmişdir. Lakin o, Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində, Nərimanov küçəsində “Min bir gecə” hədiyyələr mağazasında satıcı işləyir. İşlədiyi mağaza avtobus dayanacağından bir qədər aralıda binanın zirzəmi hissəsində yerləşir. 01 may 2022-ci il tarixdə, saat 14 radələrində mağazanın içərisində müştərilərə xidmət edərkən, dayanacaq tərəfdən qışqırıq və hay-küy səsləri eşitsə də mağazada müştəri olduğundan dərhal çölə çıxa bilməmiş, lakin bir neçə dəqiqədən sonra çıxdıqda dayanacağın qarşısında bir neçə nəfər dayandığını, həmçinin orada “Aki”markalı avtobusun dayandığını, avtobusun sürücüsünün üzündə xəsarət olduğunu və həmçinin köynəyinin cırıldığını görüb orada olanlardan nə baş verdiyini soruşduqda bir qədər əvvəl tanımadıqları sərnişinin həmin avtobus sürücüsünü yumruq və təpiklə döydüyünü, daha sonra isə oradan çıxıb getdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində, Nərimanov küçəsində yerləşən dayanacağa bitişik olan siqaret və su köşkündə satıcı işləyir. 01 may 2022-ci il tarixdə, saat 14 radələrində işlətdiyi köşkdə olarkən köşkün ətrafında və həmçinin dayancaqda xeyli adam olmuş, o, müştərilərə xidmət edərkən köşkdən bir qədər aralıda dayanmış 7 saylı marşrut avtobusunun qarşısında səs-küy eşitmiş, lakin köşkdə tək olduğundan çölə çıxa bilməmişdir. Bundan bir neçə dəqiqə sonra avtobusda olan sərnişin ilə sürücü arasında mübahisə olması və həmin tanımadığı sərnişinin sürücünü döyməsi barədə eşitmiş, lakin hadisə zamanı köşkün içərisində olduğundan mübahisə və dalaşmanı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində, Nərimanov küçəsində yerləşən “Cool telekom" telefon mağazasını icarə qaydasında işlədir. 01 may 2022-ci il tarixdə, saat 14 radələrində işlətdiyi mağazada olarkən çöldə səs-küy eşitmiş, lakin mağazada bir neçə müştəri olduğundan və telefon aksessuarlarının oğurlanacağından çəkindiyindən mağazadan çölə çıxmamış və orada kimin kiminlə mübahisə etdiyini görməmişdir. Yalnız bundan bir gün sonra internetdə olan sosial şəbəkələr vasitəsi ilə öyrənmişdir ki, bir nəfər sərnişin 7 saylı marşrut avtobusu sürücüsünü onun işlətdiyi mağazanın yaxınlığındakı dayanacağın qarşısında döyüb. İş materiallarından görünür ki, 07 iyun 2022-ci tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 71-85) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 05 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs dayanacaqla paralel 3,5 metr yolun hərəkət hissəsinin içərisindəki nöqtəni göstərərək Afdandil adlı şəxsin həmin yerdən onun oturmuş olduğu avtobusun pəncərəsindən əlini içəyə salaraq onu özünə tərəf çəkib yumruqla bədəninin müxtəlif nahiyyələrindən vurduğunu, qeyd olunan hadisənin avtobusda quraşdırılmış videokameraya düşdüyünü, həmin videokameranın blok hissəsinin salonda, onun oturduğu oturacağın üst hissəsində olan qutunun içərisində olduğunu, həmin görüntünü flaşkart vasitəsi ilə götürməyin mümkün olduğunu bildirdikdə, “SP” markalı, 32GB gücə malik flaşkartla qeyd olunan qutudakı blokdan baş vermiş hadisənin videogörüntüsü götürülərək daha sonra “İsmir foto” studiyasında “Bingo” markalı SD- R diskinə köçürülmüşdür.(i.v.27-32) İş materiallarında olan məhkəmə-tbbi ekspertizasının 05 may 2022-ci il tarixli, 586 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-sol gözaltı nahiyyənin, sol qulaq seyvanının, sol bazunun aşağı l\3-nin qançırı küt əşya təsirindən törənməklə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.18-20) İş materiallarında olan diskə baxış protokolu ilə müəyyən olunur ki, xüsusi sürücü geyimində olan Zərərçəkmiş şəxs sükan arxasındadır, onun arxasında bir nəfər qara köynəkli şəxs ayaq üstə dayanmış, digər şəxslər isə oturacaqda oturmuşlar. Sürücü dayancaqda avtomaşını saxladıqda sərnişinlər pulu ödəyərək avtobusdan düşür. Həmin vaxt çöldə olan Təqsirləndirilən şəxs avtobusun qabaq qapısına yaxınlaşarkən sürücü avtobusu hərəkətə gətirir və Təqsirləndirilən şəxs avtobusu piyada müşayiət edir və avtobusu yerində saxlamadığına görə sürücüyə iradını bildirir. Sürücü Zərərçəkmiş şəxs isə “Nə olub, bir az fərqli saxladım da, dünya dağıldı, giz-giz danışmaye alə” deyir. Həmin vaxt Təqsirləndirilən şəxs ekranda görünmür, lakin Zərərçəkmiş şəxs ünvanına eşidilməyəcək ifadə işlətdikdə Zərərçəkmiş şəxs üzünü avtobusun pəncərəsinə tərəf çevirib “Gəl görüm nə deyirsən” deyir. Bu zaman pəncərədən əl uzanaraq Möhübbət Novruzovu pəncərədən çölə çəkir və M.Novruzovun bədəninin bir hissəsi pəncərədən çölə çıxır. Daha sonra Təqsirləndirilən şəxs yalnız qol nahiyyəsi görünür və həmin qolu ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə bir neçə zərbə endirir. Arxada dayanmış açıq rəngli gödəkçədə olan kişi vətəndaş və qırmızı rəngdə pencəkdə olan qadın salonun içərisindən dalaşanları sakitləşdirməyə çalışırlar. Daha sonra Zərərçəkmiş şəxs xüsusi qurğu və mobil telefon vasitəsi ilə hadisə barədə məlumat verir.(i.v.33-35) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq qiymətləndirməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, Sumqayıt şəhəri 1-ci mikrorayon Nərimanov küçəsində “Aki” markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun salonunda və çöldə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə baxışında özünü müdafiə etmək məqsədi ilə zərbələr vurmasına və təşəbbüskarın zərərçəkmiş şəxs olmasına dair ifadəsi sübüt kimi qiymətləndirilmir və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs X3 həmin əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının (yəni xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4) olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edilməsini dəha məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72(yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar