Məhkəmə qərarları › İş №1(060)-591/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-591/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-591/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X5, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri Nizami küçəsi ev 111-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Yaşıl dərə yaşayış massivi ev 318-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 01 fevral 2023-cü il tarixdə, saat 06:30 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Transit” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən “Lassa” təkər mağazasının qarşısında sonuncunun sağ qolunu sıxaraq ona fiziki ağrı yetirib 60 manat pulunu əlindən almaqla açıq talayaraq, Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona 60 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə 13 fevral 2023-cü il tarixdə, saat 19:40 dəqiqədə Sumqayıt şəhəri, 17-ci mikroyonda yerləşən “Ucuz” marketin yaxınlığında yerləşən köşkə yaxınlaşaraq orada satıcı işləyən Zərərçəkmiş şəxs3 100 manata xırda olub-olmamasını soruşduqda, sonuncu pullarını sayaraq yalnız 88 manat pulunun olmasını bildirdikdə onun əlində olan həmin məbləğdə pul vəsaitini əlindən almaqla açıq talayaraq Zərərçəkmiş şəxs3 88 manat dəyərindən maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə 24 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri Yaşıl dərə bağları ərazisində yerləşən Şahid4 məxsus “Vərgədüz” marketə müştəri kimi daxil olub oradan 32 manat dəyərində ərzaq məhsulları almaq görüntüsü yaradaraq həmin məhsullarla birlikdə kassaya yaxınlaşmış və həmin vaxt kassada satıcı qismində olan, sonuncunun aşkar surətdə hamilə vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs1 ödəniş üçün 100 manatlıq pul əskinazi verəcəyini bildirərək sonuncunun qalıq qaytarması üçün əlində tutduğu 68 manat pulu əlindən almaqla açıq talayaraq Zərərçəkmiş şəxs1 68 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhərində yerləşən “Oazis” restoranında adminstrator işləmiş, dolanışığı zəif olmuş, müxtəlif şəxslərə borcları yaranmışdır. İlk dəfə 01 fevral 2023-cü il tarixdə cinayət hadisəsi törətmişdir. Belə ki, 01 fevral 2023-cü il tarixdə səhər saat 06 radələrində yaşadığı evdən çıxmış, piyada Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən qəbirstanlığın yanına gəlmiş, həmin vaxt bir nəfər çörək paylayan şəxsin Ford Transit markalı avtomobillə yaxınlıqdakı mağazaya çörək payladığını görmüş, həmin maşının sürücüsü təxminən 20 yaşlarında cavan oğlan olmuş, sürücüdən onunla birlikdə 11-ci mikrorayona qədər getməsini xahiş etmiş, sürücü özü də həmin istiqamətdə getdiyini deyərək ona etiraz etməmişdir. Bundan sonra o, avtomobilə əyləşmiş, 11-ci mikrorayonda Çerkassi küçəsində yerləşən “Lassa” təkər mağazasanın qarşısında sürücü maşını saxlamış, o, sürücüyə üzərində 100 manatlıq əskinaz olduğunu deyərək yaxınlıqda olan tanışına pul verməli olduğunu demiş, üzərində xırda pul varsa ona verməsini xahiş etmişdir. Qayıdan zaman özünün 100 manatlıq əskinazını mağazada xırdalayaraq ondan aldığı pulu geri qaytaracağını bildirmişdir. Sürücü ona etiraz etməyərək cibindən 60 manat pulu çıxarıb ona vermiş, bundan sonra o, maşından düşüb oradan uzaqlaşaraq getmişdir. Əldə etdiyi pulu borclu olduğu şəxsə vermişdir. Bu hadisədən bir neçə gün sonra 13 fevral 2023-cü il tarixdə yenə də borcu olduğuna görə tanımadığı şəxslərdən pul ələ keçirmək istəmiş, bu səbəbdən taksiyə əyləşərək saat 19:30 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayondakı “Ucuz” marketin yaxınlığında yerləşən köşkün yanına gəlmiş, həmin vaxt köşkdə dolu bədənli təxminən 35 yaşlarında cavan oğlan olmuş, o, həmin şəxsə də 100 manat pul xırdalatmaq istədiyini bildirmişdir. Həmin şəxs köşkdə cəmi 88 manat pul olduğunu demiş, o, da həmin şəxsdən 88 manat pulu alıb köşkdən 12 manatlıq alış-veriş edəcəyini bildirmiş, bundan sonra gəldiyi taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri Yaşıl dərə bağlar ərazisində yerləşən marketlerin birinin satıcısından soyğunçuluq yolu ilə pul ələ keçirmək qərarına gəlmişdir. Belə ki, həmin gün saat təxminən 15 radələrində Yaşıl dərə massivində yerləşən "Vərgədüz” marketə daxil olmuş, marketdə hicablı bir qadın satıcı olmuşdur. Satıcıdan pul ələ keçirmək qərarına gəlmiş, bu səbəbdən 1 ədəd "Organic spirtli içki olan araq, 1 ədəd 1 litrlik "Coca-cola" içkisi, təxminən 1 kq-dan artıq şirniyyat, 2 ədəd çörək 1 ədəd "Servelat" kolbasa, 2 paket "LD" siqareti və 2 ədəd "Kent 4" siqareti almaq üçün rəfdən götürərək kassaya yaxınlaşmışdır. Seçdiyi malları satıcı hesablamış və dəyəri 32 manat etmişdir. O, əlində pul kisəsini tutub satıcıdan 100 manata xırda pul olub-olmadığını soruşmuş, satıcı xırda olduğunu deyib aldığı malların pulu çıxıldıqdan sonra qalan 68 manatı kassadan götürüb əlində saxlayaraq ona uzatmışdır. O, qadından 68 manatı almış və marketdən çıxaraq oradan uzaqlaşmışdır. O, yaxınlıqdan keçən 10A nömrəli marşrut avtobusuna minib 12-ci mikrorayon ərazisinə getmiş, 68 manat pulla borclarının bir hissəsini qaytarmışdır. Qalan pulu da öz şəxsi ehtiyaclarıına xərcləmişdir. Əlavə olaraq bildirir ki, həmin vaxt marketdə başqa heç kim olmamış, satıcı qadın marketdə tək olmuş, həmin qadına heç bir xəsarət yetirməmiş, indiyə qədər heç vaxt heç bir marketə saxta pul təqdim etməmiş, həmin qadın oturaq vəziyyətdə olduğundan onun hamilə olmasını bilməmişdir. İstər saxlanılan zaman, istərsə də 5-ci Polis Bölməsində olduğu müdətdə ona qarşı heç bir fiziki və ya psixi təsirlər olmamışdır. Bundan başqa bildirir ki, Zərərçəkmiş şəxs2 da əvvəllər tanımamış, o, Yunisə hər hansı əşya diriyərək pul istəməmiş, həmin vaxt onun üzərində mobil telefonundan başqa hər hansı bıçaq və ya digər kəsici əşya olmamışdır. O Yunisdən Yunisin ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi qaydada pul ələ keçirməmiş, sonuncunu döyməmiş, ona xəsarət yetirməmiş, o cümlədən ona qarşı fiziki ağrı yetiməmişdir. Eyni zamanda bildirir ki, Elman adlı şəxsi tanımamış, göstərdiklərinin yalan olduğunu, onun həmin şəxsə özünü rəisin sürücüsü kimi təqdim edib 88 manat pulunu ələ keçirmədiyini, həmin şəxsdən 88 manat pulu 100 manatlıq pul əskinazını xırdalamaq adı ilə aldadaraq ələ keçirdiyini bildirmişdir. Əməlindən peşmandır, bütün hadislər özü tərəfindən tək törədildilmişdir. Qeyd edir ki, idman yarışlarında dəfələrlə Azərbaycan Bayrağını yüksəklərə qaldırmış. Göstərilənlərə əsasən barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirdi ki, o, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Ucuz marketin yaxınlığında köşkdə satıcı işləmişdir. 13 fevral 2023-cü il tarixdə axşam saatlarında təxminən 19:40 radələrində o, köşkdə olan zaman tanımadığı bir kişi ona yaxınlaşmış, siqaret və içməli sular almaq istədiyini bildirmiş, tanımadığı həmin şəxs həyəcanlı halda sağa sola baxmış, nə baş verdiyini soruşmuşdur. Həmin şəxs ondan işə yeni başladığını soruşmuş, o da, həmin şəxsə yeni başladığını bildirmişdir. Daha sonra həmin şəxs ona əraziyə baxan əməliyyatçı olduğunu, bu ərazilərdə olan obyektlərə nəzarət etdiyini bildirmiş, bundan sonra ondan üzərində nə qədər pulun olduğunu və göstərməyini soruşmuşdur. O, həmin şəxsdən nə üçün istədiyini soruşduqda 100 manata xırda istədiyini demiş, o da, həmin şəxsə üzərində yalnız 88 manat pulunun olduğunu bildirib həmin pulu göstərmişdir. Sonra həmin şəxs onun cibindən çıxardığı 88 manat pulu ani olaraq əlindən almış və qaytaracağını deyib maşına oturub oradan getmişdir. O, nə baş verdiyini anlaya bilməmiş, həmin şəxsin arxası ilə getsə də maşının hərəkəti sürətli olduğu üçün çata bilməmiş və maşının nömrəsini görə bilməmişdir. Özünə gəldikdən sonra dərhal DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermiş, hadisə ilə bağlı PB-nin əməkdaşları hadisə yerinə gəlmiş, ərizə və izahatını alıb, hadisə yerinə baxış keçirmişlər. Ona qarşı dəymiş maddi ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını qeyd etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanının ödənilmədiyini, sonuncudan şikayətçi olduğunu, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək qeyd olunanların nəzərə alınmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 2019-cu ildə Şahid4 ilə ailə həyatı qurmuş və həmin vaxtdan Sumqayıt şəhəri Yaşıl dərə bağları ərazisində yaşayır. Yaşadıqları evin həyətində "Vərgədüz" adlı birgə əmlakları olan marketləri var. Həmin marketdə həyat yoldaşı Kamranın özü satıcı kimi olur. Kamranın başqa işləri olan zaman və yemək fasiləsi zamanı o, satıcı kimi marketdə olur. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 15:10 radələrində o, həmin marketdə olan zaman tanımadığı təxminən 40-45 yaşlarında bir nəfər kişi marketə gəlmişdir. Həmin şəxs marketdən 1 ədəd "Organic” spirtli içki olan araq, 1 ədəd 1 litrlik "Coca-cola” içkisi, təxminən 1 kq-dan artıq şirniyyat, 2 ədəd çörək, 1 ədəd "Servelat" kolbasa, 2 paket "LD" siqareti va 2 paket "Kent 4" siqareti almaq üçün götürüb kassaya yaxınlaşmışdır. Seçdiyi malı hesablamış və sonra qalan 68 manatı kassadan götürüb əlində saxlayaraq həmin müştərinin 100 manatı verməsini gözləyən zaman həmin şəxs birdən ani olaraq 68 manat pulu əlindən çəkib almış və marketə girəndən əlində tutduğu telefonla danışan həmin şəxs yenə telefonla danışa-danışa qaçaraq marketdən çıxıb oradan uzaqlaşmışdır. O, həmin kişinin arxasınca qışqıraraq çağırmış və arxasınca marketdən çölə çıxmış, lakin hamilə olduğu üçün arxasınca qaça bilməmişdir. Sonra marketə qayıtmış və təxminən 2 dəqiqə sonra həyat yoldaşı Kamran marketə gəlmiş və Kamranda həmin şəxsin arxasınca küçəyə çıxmış, lakin, həmin şəxs getdiyi üçün görə bilməmiş və marketə qayıdıb DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmçinin həmin şəxs almaq üçün götürdüyü ərzaq məhsullarını qaçarkən marketdə qoyub getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hazırda idarə etdiyi FORD TRANZİT markalı 99-MFT67 n/n yük maşı ilə mağazalara çörək paylayır. xx.xx.2023-cü il tarixdə səhər saat 06:30 radələrində idarə etdiyi yük maşını ilə Sumqayıt şəhəri, 42-ci məhəllə arxası qəbiristanlığa gedən yolun üstündə yerləşən mağazaya çörək verərkən bir nəfər kişi cinsindən olan, yaşı təxminən 35-40 arası, saçları sarı rəngdə, sarıbəniz, hündür boylu, əynində tünd yaşıl rəngdə gödəkçə, tünd boz şalvar olan və üzbəüz yerləşən marketin qarşısında dayanıb telefonla danışan tanımadığı şəxs ondan hara getdiyini soruşmuş, o, 11-ci mikrorayona kimi gedəcəyini həmin şəxsə bildirmişdir. Həmin şəxs onu da getdiyi ünvana kimi aparmağı ondan xahiş etmiş və o, etiraz etmədikdə həmin şəxs yük maşınına əyləşmişdir. O, Çerkassi küçəsi ilə hərəkət etmiş və 11-ci mikrorayona çatıb, ”LASSA" təkər mağazasının qarşısında olan döngəni dönən zaman həmin şəxs ondan həyəcanlı olduğundan tam olaraq görmədiyi və xatırlamadığı sağ böyrünə nəsə diriyərək pul tələb etmiş, o, etiraz edib ona qarşı bu cür hərəkət etməməsini və kasıb bir insan olduğunu bildirmiş, lakin, həmin şəxs ona əhəmiyyət verməmiş, pul verməsini yenidən tələb etmişdir. Bundan sonra o, şalvarının sağ yan cibindən 60 AZN pulu çıxardıb verəndə həmin şəxs pulu onun əlindən götürüb yük maşının qapısını açaraq qaçıb uzaqlaşmışdır. Qeyd edir ki, ola bilsin ki, təqsirləndilən şəxsin əlində hər hansı əşya və ya predmet olmasın, həmin vaxt çox həyəcanlı olduğundan o, elə hiss etmişdir. O, ilkin olaraq hadisənin şokunda olduğu üçün hərəkət edə bilməmişdir. Lakin 15-20 saniyə sonra o, yük maşınından düşüb həmin şəxsin arxasınca getsə də tapa bilməmişdir. Qardaşı Qubadlı rayon Polis şöbəsində işləməsinə baxmayaraq onu ilk öncə narahat etməmiş, bu barədə ona məlumat verməmişdir. Sonra yaxınlıqda olan PPX əməkdaşlarına yaxınlaşıb başına gələnləri danışmış, polis əməkdaşları ona bir nəfərin şəklini göstərərək hadisəni törədən şəxsin həmin şəxs ola biləcəyini soruşmuşlar. O, şəkilə baxan kimi həmin şəxsi tanımış və hadisəni törədənin həmin şəxs olduğunu bildirmişdir. Ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra o, DİN-in 102 xidmətinə məlumat vermiş və bu barədə ərizə yazmışdır. Hadisə vaxtı həmin şəxs onu döyməmiş, xəsarət yetirməmiş və ya hər hansı fiziki ağrı yetirməmişdir. Hadisələr onun məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi şəkildə cərəyan etmişdir. Ona qarşı dəymiş maddi ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını qeyd etmişdir. İş üzrə Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, 9 ildir Sumqayıt şəhəri Yaşıl dərə bağları ərazisində fərdi evdə yaşayır. Son 4 ildir yaşadığı evin həyətində "Vərgədüz" adlı market açmış və 2019-cu ildə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuşdur. Marketdə özü adətən satıcı kimi işləyir. Mağaza onların birgə əmlakıdır. Başqa işi olan zaman və yemək fasiləsi zamanı Aygün satıcı kimi marketdə olur. Belə ki, sonradan Aygünün ona deməsinə görə xx.xx.2023-cü il tarixdə saat təxminən 15:10 radələrində Aygün həmin marketdə tək olan zaman tanımadığı təxminən 40-45 yaşlarında bir nəfər kişi marketə gəlmiş, 1 ədəd "Organic” spirtli içki olan araq, 1 ədəd 1 litrlik "Coca-cola" içkisi, təxminən 1 kq-dan artıq şirniyyat, 2 ədəd çörək, 1 ədəd "Servelat" kolbasa, 2 paket "LD" siqareti ve 2 paket "Kent 4" siqareti almaq üçün götürüb kassaya yaxınlaşmışdır. Seçdiyi mal hesablanmış və dəyəri 32 manat olmuşdur. Həmin vaxt əlində pul kisəsini tutub Aygündən 100 manata xırda pul olub olmadığını soruşmuş, ancaq 100 manatı pul kisəsindən çıxartmamışdır. Aygün xırda olduğunu deyib aldığı malların pulu çıxıldıqdan sonra qalan 68 manatı kassadan götürüb əlində saxlayaraq həmin müştərinin 100 manatı vermesini gözləyən zaman həmin şəxs birdən ani olaraq 68 manat pulu Aygünün əlindən çəkib almış və qaçaraq marketdən uzaqlaşmışdır. Aygün onun arxasınca qışqıraraq onu çağırmış və marketdən çölə çıxmış, lakin hamilə olduğu üçün həmin şəxsin arxasınca qaça bilməmiş, marketə qayıtmışdır. Hadisədən təxminən 2 dəqiqə sonra o, marketə gəlmiş və Aygünün ağlamağını görmüşdür. O da həmin şəxsin arxasınca küçəyə çıxmış, lakin həmin şəxs getdiyi üçün görə bilməmiş və marketə qayıdıb DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin şəxs almaq üçün götürdüyü ərzaq məhsullarını qaçarkən marketdə qoyub getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin PPXT-nin 1-cu bölüyündə polis nəfəri vəzifəsində xidmət edir, rütbəsi polis baş serjantıdır. xx.xx.2023-cü il tarixində saat 01:30 radələrində xidmət yoldaşları polis serjantı Şahid2 və Şahid3 ilə birgə 3 saylı marşrut üzrə 91-33 çağırışlı avtopatrulda xidmətdə olmuş, həmin vaxt Bakı-Quba yolunda hərəkətdə olarkən “Praqa” restoranının yaxınlığında Sumqayıt şəhər ərazisində marketlərə saxta pul verərək dələduzluq edən şəxsin əlamətlərinə uyğun bir nəfər şəxsi görüb, yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. PB-də həmin şəxsin xx.xx.1985-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra o, bununla bağlı raport yazmış, şəxsi PB-nə təhvil verib xidmət yoldaşları ilə xidmətə qayıtmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin PPXTnin polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli AR CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 96-97) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 02 mart 2023-cü il tarixdə, saat 16:15 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 36); 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 101-102) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 109-112); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmışdır.(i.v.122-123) “baxış keçirilməsi haqqında” 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Şahid4 məxsus, Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi ərazisində yerləşən “Vərgədüz” supermarketinə baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 8-10) “cinayət təqibinin bir icraatda birləşdirilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material ********* saylı cinayət işinə birləşdirilmişdir. (i.v. 43-44) “baxış keçirilməsi haqqında” 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə X3 idarə etdiyi “Ford Transiz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı yük maşınında baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 49-50) “cinayət təqibinin bir icraatda birləşdirilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material ********* saylı cinayət işinə birləşdirilmiş, istintaqı ********* saylı statikstik nömrə ilə davam etdirilmişdir (i.v. 57-58) “baxış keçirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs3 işlədiyi Sumqayıt şəhəri, 17-ci mikrorayom Ucuz marketin yanında yerləşən köşkdə baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 65-66) İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1, zərərçəkmiş Zərərçəkmiş şəxs2, zərərçəkmış Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 istintaqa vermiş olduqları ifadələri bir daha təsdiq etmişlər. (i.v. 182-187) “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 190-199) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq 01 il 06 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı üçün barəsində olan şəxsi iş xx.xx.2022-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz, məhkumluğu olsa da, residiv kimi nəzərə alınmamalıdır. (i.v.149- 157). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 165). İş materiallarında olan şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2009-cu il təvəllüdlü Əli Şavaqatov adlı övladı var (i.v. 167) “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.2.2-ci maddəsindən həmin Məcəllənin CM-nin 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmiş, ona yeni ittiham elan edilməsi, sonuncunun əməlində CM-nin 181-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlaması rədd edilmişdir. (i.v. 203- 207) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - təkrar törədildikdə, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərdarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, həqiqətən Təqsirləndirilən şəxs təkrarən soyğunçuluq cinayəti törətmiş, amma bu əməl zərəçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə edilməmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 23-cü bəndinə görə həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CMnin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-nin 180.2.4cü maddəsi ilə müəyyən edilmiş tövsifedici əlamət müəyyən edilməmişdir. Belə kii, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hadisə baş verən zaman təqsirləndirilən şəxsin onu döymədiyini, xəsarət yetirmədiyini, o cümlədən fiziki ağrı yetirmədiyini, ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs onun qolunu sıxmadığını və ya digər zorakı hərəkətlər etmədiyini bildirmiş, sadəcə olaraq həyəcanlı olduğundan tam olaraq görmədiyi və xatırlamadığı sağ böyrünə nəsə diriyərək pul tələb etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, hər hansı əşyaya oxşatdığı predmet Təqsirləndirilən şəxs barmağı da ola bilərdi, sadəcə həmin vaxt həyəcanlı olduğundan məhz həmin predmetin nə olduğunu xatırlamır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Həmin Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi və “insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə” tövsifedici əlaməti xaric edilməli, o, Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs tərəfindən CM-nin 180.2.2-ci maddəsində qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir övladının olmasını, iki zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən halları-xüsusən iki zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzasını yüngülləşdirən digər halları, əməlini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs elan olunan ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi və “insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə” tövsifedici əlaməti xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar