Məhkəmə qərarları › İş №1(060)-596/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-596/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-596/2021 21.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Saatlı şəhəri, H.Əliyev prospekti D-1, ev 12-də qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 09.05.2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri Kotec qəsəbəsi, 24-cü məhəllə, S.Vurğun küçəsi 4/34 saylı evin həyətinə daş asardan aşma yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağının pəncərəsini sıxıb açmaqla içəriyə daxil olub evin mətbəx otağından 64 manat dəyərində uzunluğu 63 sm olan 01 ədəd 08 bölümlü istilik radiatoru, dəhlizindən 48 manat dəyərində uzunluğu 57 sm olan 01 ədəd 06 bölümlü istilik radiatoru, yataq və uşaq otaqlarından cəmi 256 manat dəyərində uzunluğu 01 metr 10 sm olan 02 ədəd 16 bölümlü istilik radiatorları, qonaq otağından 144 manat dəyərində uzunluğu 1 metr 27 sm olan 01 ədəd 18 bölümlü istilik radiatoru, mətbəx otağından 80 manat dəyərində olan kombi aparatını tənzimləyən «İmerqaz» markalı aparatı, qonaq otağından 1000 manat dəyərində olan «Samsunq» markalı 108 dioqanallı televizoru, qeyri-yaşayış yeri hesab edilən evin zirzəmisindən 180 manat dəyərində olan 10 litr həcmində olan mis samovarı gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə təxminən 1772 (bir min yeddi yüz yetmiş iki) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, heç bir yerdə işləmədiyindən və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 09.05.2021-ci il tarixdə saat 12 radələrində evdən çıxaraq Sumqayıt şəhəri Kotec qəsəbəsi 24-cü məhəllə S.Vurğun küçəsinə gəlmişdir. Saat 13 radələri olardı o həmin ərazini gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, ilk rastına 1 mərtəbəli ev çıxmışdır. O, evin hasarına qalxıb həyətinə və ətrafa nəzər yetirmiş, heç kimin olmamasına tam əmin olunduqdan sonra hasardan aşaraq evin həyətinə keçmişdir. Evin yan pəncərəsinin dəmirbarmaqlığını aralayıb açıq pəncərədən evə daxil olmuş, evdən 05 ədəd radiatoru və 01 ədəd «Samsunq» markalı televizoru oğurlayaraq bir-bir aparıb çöl qapısının qarşısına yığmış, daha sonra çöl qapısını açaraq, oğurladığı əşyaları həyətə çıxarıb qapını bağlayıb, Sumqayıt şəhəri Bərpa xəstəxanasının yanında yerləşən idman meydançasına gedib həmin əşyaları orada gizlətmişdir. Həmin günün səhəri, yəni 10.05.2021-ci il tarixdə axşam saatlarında o qonşuluqda yaşayan Şahid2 ilə onun evin qarşısında rastalaşarkən ona demişdir ki, satlıq radiatorlar var, onları ucuz qiymətə satır. O həmin radiatorları ondan soruşanda, o da yalandan demişdir ki, həmin radiatorlar xalasına məxsusdur, Yusif adlı tanışı həmin radiatorları ondan 140 manat verməklə nisyə alıbdır, nisyə mal vermək ona sərf etmir, istəyirsə Yusifdən gedib həmin radiatorları götürüb gətirib ona satsın, 200 manata alsa gətirə bilər. Ruslan da ona gətirməsini demişdir. O da gedib gizlətdiyi yerdən həmin radiatorları gətirmiş, Ruslan radiatorlara baxıb, onları ondan 200 manata almışdır. Ruslan onları oğurluq yolu ilə əldə etdiyini bilməmiş, ona bu barədə heç nə deməmişdir. O, 200 manat pulu özünə sərf etmiş, heç kimə verməmişdir. 11.05.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin qonşuluğunda yaşayan Şahid1 ilə rastalaşarkən ona evdə özünə məxsus «Samsunq» markalı televizorun olduğunu, həmin televizoru satmaq istədiyini bildirmişdir. O ondan qiyməti barədə soruşanda televizoru 90 manata satdığını demişdir. Qeyrət də razılaşaraq həmin televizoru ondan 90 manata almışdır. O həmin 90 manat pulu da özünə sərf etmiş və heç kimə verməmişdir. Qeyrət həmin televizorun oğurluq yolu ilə əldə edildiyini bilməmiş, ona bu barədə heç nə deməmişdir. Həmin oğurluğu özü tək törətmiş, ona heç kim kömək etməmişdir. Oğurluq etdiyi evdən ancaq 05 ədəd radiatorları və 01 ədəd «Samsunq» markalı televizoru oğurlamış, başqa oradan heç nə oğurlamamışdır. Əvvəllər heç vaxt məhkum olunmamışdır. Dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi 24-cü məhəllədə ev 4/34 ona məxsusdur, ondan başqa həmin məhəllədə bir torpaq sahəsində anasının da ayrıca evi var, anası ayrı yaşayır. 08.05.2021-ci il tarixdə saat 06 radələrində bayramla əlaqədar yaşadığı evdən çıxıb Salyan rayonuna getmiş və 13.05.2021-ci il tarixdə saat 11 radələrində o, Salyanda olarkən anası Şəfiqə Baqartiyeva onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib demişdir ki, onların evə baş çəkmək üçün gedəndə görmüşdür ki, evin qonaq otağının pəncərəsi açıqdır, evdən deyəsən oğurluq olubdur, tez gəlsin. O da Salyan rayonundan çıxaraq həmin gün 12:40 radələrində evə gəlmişdir. Evin darvazası açıq olmuş, o darvazanı açıb içəriyə keçib görmüşdür ki, evin qonaq otağının plastik pəncərəsi açıq vəziyyətdə olmuşdur. O evə keçib evə nəzər yetirdikdə evin mətbəx otağında 2018-ci ildə 80 manata aldığı 8 hissəli, dəhlizindən 60 manata aldığı 6 hissəli, yataq otağından 160 manata aldığı 16 hissəli, uşaq otağından 160 manata aldığı 16 hissəli, qonaq otağından 180 manata aldığı 18 hissələri radiatorları, mətbəx otağından 80 manata aldığı kombi aparatını tənzimləyən «İmerqaz» markalı aparatı, qonaq otağından 2019-cu ildə 1000 manata aldığı «Samsunq» markalı 108 dioqanallı televizoru, yaşadığı evin zirzəmisindən 10 il bundan əvvəl 180 manata aldığı 10 litr həcmində misdən olan samovarın yerində olmadığıını, oğurlandığını aşkar etmişdir. O dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Beləliklə də, oğurluq nəticəsində ona ümumilikdə təxminən 1900 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Şikayətçi deyil və təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Təyyar adlı şəxi təxminən 5 ilə yaxındır ki tanıyır. Təxminən 17-18 gün bundan əvvəl Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan əvəllər tanımadığı Təyyar adlı şəxs ona yaxınlaşaraq evində özünə məxsus Samsung markalı televizorun olduğunu, həmin televizoru satmaq istədiyini ona bildirmişdir. O televizorun qiymətini ondan soruşduqda Təyyar həmin televizoru 150 manata ona sata biləcəyini bildirmişdir. O ondan qiyməti aşağı salmasını xahiş etsə də Təyyar onunla razılaşmamışdır. O qonşuluqda yaşayan Fariz adlı şəxsdən 150 manat borca pul alaraq Təyyara vermişdir. Təyyar elə həmin gün Samsung markalı televizoru gətirib ona vermişdir. O həmin televizoru yaşadığı ünvana apararaq yoxlayarkən işlək vəziyyətdə olduğunu görmüşdür. Daha sonra həmin televizoru qonşusu Farizə vermişdir ki, 150 manat borcunu ona qaytarandan sonra televizoru ondan götürsun. Hal-hazırda həmin televizor qonşusu Farizin evindədir və televizorun oğurluq olmağını bilməmiş, sadəcə olaraq Ceyranbatan qəsəbəsində qalan bacısı Gülnarın evində televizor olmadığı üçün alaraq ona hədiyyə etmək fikrində olmuşdur. Şahid3 ərizə ilə məhkəmə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin may ayının əvvəllərində Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan Qeyrət adlı şəxs bir nəfər tanımadığı şəxsdən bacısı üçün televizor almaq istədiyini, lakin pulunun olmadığını bildirərək ondan 150 manat borca pul istəmiş, o həmin gün Qeyrətə 150 manat pul vermişdir. Qeyrət həmin gün Samsung markalı televizoru gətirib ona vermişdir ki, borcunu gətirib qaytarandan sonra televizoru götürəcək. O həmin televizorun oğurluq olduğunu bilməmiş, hətta Qeyrətin özündən həmin televizorun oğurluq olub-olmamasını dəfələrlə soruşduqda o ona televizorun oğurluq olmadığını bildirmişdir. Polis əməkdaşları ona həmin televizorun oğurluq olduğunu bildirib təqdim etməsini xahiş etsələr də, o həmin televizoru onlara qaytarmamış və qaytarmayacaqdır. Həmin televizor hazırda onun evindədir. Ona dəyən maddi ziyan ödəniləcəyi halda televizoru geri qaytaracağaq. Televizoru alan zaman oğurluq olduğunu bilməmiş, lakin polis əməkdaşları ona həmin televizorun oğurluq olduğunu bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının təxminən əvvəllərində qonşuluqda yaşayan Təyyar adlı şəxs yaşadığı evin qarşısında ona yaxınlaşaraq xalasına məxsus 05 ədəd radiatoru satmaq istədiyini bildirmiş, o həmin radiatorların qiymətini soruşduqda, Təyyar Yusif adlı şəxsin həmin radiatorları 140 manata nisyə olaraq ondan aldığını, lakin nisyə ona sərf etmədiyi üçün əgər 200 manat versə onları Yusifdən alıb ona verəcəyini bildirmişdir. O həmin gün axşam radələrində Təyyarla görüşərək ona 200 manat pul verib sözügedən radiatorları alıb yaşadığı evin həyətinə qoymuşdur. Həmin radiatorların oğurluq olduğunu bilməmiş, sadəcə olaraq havalar soyuyanda yaşadığı evdə istifadə etmək məqsədi ilə almışdır.28.05.2021-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək Təyyardan aldığım radiatorların oğurluq olduğunu bildirərək radiatorları götürüb onu PB-yə dəvət etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Şikayətçi deyildir. Cinayət işinin materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18.06.2021-ci il tarixli, 9/3743 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş radiatorların istifadə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 512 manat müəyyən olunur. O cümlədən: -01 ədəd 6 bölümlü – uzunluğu 57 sm olan istilik radiatorları – 48 manat; -01 ədəd 8 bölümlü – uzunluğu 63 sm olan istilik radiatorları -64 manat; -02 ədəd 16 bölümlü – uzunluğu 1 metr 10 sm olan istilik radiatorları – 256 manat (2 əd.x128 man); -01 ədəd 18 bölümlü – uzunluğu 1 metr 27 sm olan istilik radiatorları – 144 manat. Ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, material, təyinatı və s.) olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 27 may 2021-ci il tarixdə fakt üzrə Azərbaycan Respblikası CM-nin 177.2.3-cü maddəsi üzrə başlanmışdır. DİN-in BƏSİİ-nin təqdim etdiyi 21.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işinin istintaqı aparılaraq, 20.01.2018-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin 30.03.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Ona görə o, əvvəllər məhkum olunmamış hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 31 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 31 may 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 30 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 05 ədəd radiator zərərçəkmiş şəxs Məhəmməd Hümbətova təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli 31 iyul 2021ci il tarixində CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə baxışı zamanı təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün 30.09.2021-ci ildə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. Ədliyyə Nazirliyinin Pentensiar Xidməti 3 saylı istintaq təcridxanasından daxil olmuş 23.10.2021-ci il tarixli 17/40 -4356 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19.10.2021-ci ildə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 21.10.2021-ci il tarixdə saxlanması üçün həmin təcridxanaya təhvil verilmişdir. Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verildiyindən cinayət işi üzrə icraat 25.11.2021-ci ildə təzələnmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş maddi ziyanı tam ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cu maddələrinə əsasən yüngülləşdirən hal kimi müəyyən edilmişdir. CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və onunla barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həsbsə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin etməli və o məhkəmə zalından həbsdən azad edilməli və barəsində seçilmiş həbs qətimkan tədibir polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməlidir. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhəri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 05 ədəd radiatorun zərərçəkmiş şəxs Məhəmməd Hümbətova təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli (iş № 1(060)-596/2021) qərarını icra edərək, 23 avqust 2021-ci il tarixli 976 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün manat miqdarında müəyyən edilmişdir. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün və həbsdə olduğu 02 (iki) ay 02 (iki) gün, ümumilikdə 02 (iki) ay 04 (dörd) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 05 ədəd radiatorun zərərçəkmiş şəxs Məhəmməd Hümbətova təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar