Məhkəmə qərarları › İş №1(060)-596/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-596/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-596/2023 11.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,621 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis idarəsinin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 29 mart 2023-cü il tarixdə saat 09 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində Məhsəti Gəncəvi küçəsindəki yaşayış massivində yerləşən yarım tikilinin yaxınlığında saxlanılaraq Sumqayıt şəhəri 8-ci mikrorayon ev 18/5-də yerləşən 1-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 09:45-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf polietilen sellofana bükülmüş halda bir ədəd bükümdə 0,621 qram həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsili bilərək bildirdi ki, ünvan 2-da yaşayır. Əvvəllər Cinayət Məcəlləsinin oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə 2020-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq baxılması üçün Məhkəməyə göndərilmişdir. 1 il 01 ay müddətində həbsdə qaldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq azadlığa buraxılmışdır. Hal-hazırda heç bir əmək fəaliyəti ilə məşğul olmur. Belə ki, narkotik vasitənin “kakos” adlandırılan elmi dildə adı heroin olan növündən istifadə edir. Heroini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. 28 mart 2023-ciı il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Axşam saatlarında Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığından Sumqayıt şəhərinə qayıtmaq istəyərkən, Sumqayıt şəhərinə gedən taksilərə minmək istədikdə bir nəfər şəxs təsadüfən ona yaxınlaşmışdır. Həmin şəxs də Sumqayıt şəhərinə gedəcəyini bildirmiş, onunla söhbət zamanı narkotik vasitə satdığını bilmişdir. Bədənində olan ağrıları kəsmək üçün narkotik vasitə qəbul etmək istəmişdir. Bu səbəbdən həmin şəxsdən ona 15 manatlıq heroin (kakos) verməsini bildirmişdir. Həmin şəxs də üzərində olan bir ədəd bükümdə 15 manatlıq heroini ona vermişdir. Bundan sonra həmin şəxs ondan uzaqlaşıb getmişdir. O da, taksiyə əyləşib Sumqayıt şəhərinə qayıtmışdır. Səhəri gün 29 mart 2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən Məhsəti Gəncəvi küçəsinə gedərək heç kimin olmadığı yerdə narkotik vasitəni qəbul etmək istəmişdir. Həmin ərazidə yerləşən yaşayış olmayan fərdi yarım tikilinin yaxınlığında olan zaman saat 09 radələrində mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olun-olmadığını soruşduqda polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları onu xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş apanlmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd şəffaf polietilen sellofanda olan qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni tutulmazdan bir gün əvvəl Bakı şəhərində 20 Yanvar metrostansiyasınm yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və 0,7 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri özü və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni 28 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərində 20 Yanvar metrostansiyasınm yaxınlığında tanımadığı şəxsdən əldə etmişdir. İstər saxlanılan zaman, istərsə də polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 29 mart 2023-cü il tarixdə Fazil adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Fazil adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin 1-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra rəhbərliyi altında Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində Məhsəti Gəncəvi küçəsindəki yaşayış massivində yerləşən qeyri-yaşayış sahəsi olan yarım tikilidə Təqsirləndirilən şəxs görüb əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra ŞPİ-nin X2 ekspert kriminalisti Orxan Aslanov tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlə olması müəyyən edilmişdir. X6 Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni 28 mart 2023-cü il tarixdə Bakı şəhərində 20 Yanvar ərazisində tanımadığı şəxsdən 15 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “Arqo” markalı siqaret, cib dəsmalı və 25 manat pul çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 0,71 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 25 manat pul, “Arqo” markalı siqaret, bir ədəd cib dəsmalı onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmış və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 də Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 29 mart 2023-cü il tarixdə, saat 09:00 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 57-58) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 65-67); təqsirləndirilən şəxsin X4 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə 30 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 60-61); “şəxsi axtarışın keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmiş, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf polietilen selofanda olan bükümünü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin narkotik vasitə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 yanvar ərazisində tanımadığı şəxsdən 15 manata əldə edərək üzərində saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf selofan büküm tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin kağız bükülü ilə birlikdə çəkisinin 0,70 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə döndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir.(i.v 27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1797 nömrəli 29 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №125-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... “ sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.621 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. ( i.v. 35-38) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 2117 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əsk göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 111-112). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.621 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin, tədqiqatdan sonra qalıq qalmış 0.571 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v. 76-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 89-91); İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1(101)-191/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təqsirsiz hesab edilərək ona bəraət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-433/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1(101)- 191/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. ( i.v. 92-108) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 110). “sübutların qiymətləndirilməsi haqqında” 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/1797 nömrəli 29 mart 2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2117 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.621 qram heroin maddi sübut kimi tanınması, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.571 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 114-122); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarına yaxın olması, bundan başqa Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 29 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0.571 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt, şəhərini, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt, şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0. 571 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar