Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-597/2024 14.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib, qanunsuz daşıyaraq üzərində saxlamış, 06 aprel 2024-cü il tarixdə, saat 22:00 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən “Dostluq” servislə üzbəüz ərazidə saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibində 01 ədəd sellofana bükümdə 5,49 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə “Dostluq’’ servisin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmiş və 1-ci PB-nə dəvət etmişlər. Otaqların birində ona vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Həmin vaxt üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə onu təqdim etməyi təklif etmişlər. O, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükümü təqdim etmiş və həmin maddənin “marixuana” olduğunu, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığından tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin büküm sellofan ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilən zaman ümümi çəkisi 5.7 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 aprel 2024-cü il tarixdə ona Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat müvəkkili Şahid2, təhqiqatçı Şahmar Səfərovdan, KTB-nin baş inspektoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə “Dostluq” servisin qarşısında saxlanılaraq həmin tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuş, müdafiəçi gələndən sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni təqdim etmişdir və aşkar olunan yaşıl rəngli narkotik maddənin “marixuana” olduğu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilən zaman sellofan ilə birlikdə ümumi çəkisi 5.7 qram olduğu müəyyən edildi. Sonra ekspertizaya təqdim olunması məqsədi ilə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən “Dostluq” servislə üzbəüz ərazidə 06 aprel 2024-cü il tarixdə, saat 22:00 radələrində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iştirakçıların və müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı o, aşkar olunan yaşıl rəngli narkotik maddə olan “marixuana”ya bənzər maddə olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığından tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilən zaman sellofan ilə birlikdə ümumi çəkisi 5.7 qram olduğu müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/550 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs .... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 5.49 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra 5,47 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra iştirakçılar özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı şübhəli şəxsə nəyə görə saxlanıldığını izah edir və şübhəli şəxsə bildirişi təqdim edir. Sonra Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun üzvü X1 təqdim olunur. Təqsirləndirilən şəxs bildirişi oxuduqdan sonra etirazı olmadığını bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya və ya predmet vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edir. Bundan sonra şübhəli şəxsin üzərinə axtarış keçirilir, ancaq qanunsuz əşya və predmet aşkar edilmir. Daha sonra şəffaf rəngli sellofandakı büküm açılır, şübhəli şəxsdən nə olduğu soruşulduqda həmin bükümdə “marixuana” olduğunu deyir. Şübhəli şəxs həmin maddələri bu gün səhər saatlarında 20 yanvar ərazisində tanımadığı şəxsdən 40 manata aldığını bildirir. Sonra şəffaf rəngli sellofana bükülmüş büküm elektron tərəzi vasitəsi ilə ölçülür və çəkisi sellofan ilə birlikdə 5,7 qram olduğu müəyyən edilir. Sonra vəkil şübhəli şəxsdən harada və nə zaman saxlanılmasını soruşur, sonuncu isə 48 məhələdə yerləşən "dostluq servisin” yaxınlığında saxlanıldığını deyir. Saxlanılan zaman polis əməkdaşlarının mülki və ya polis geyinimdə olduğunu soruşduqda isə mülki geyimdə olduqların bildirir və saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq olduğunu soruşduqda isə heç bir zorakılıq olmadığını bildirir. Müdafiəçi şübhəli şəxsdən saxlanılması ilə bağlı ailə üzvlərinin xəbəri olub-olmamasını soruşur, sonuncu isə ailəsinin xəbəri olduğunu bildirir. Bundan sonra aşkar olunmuş maddə müvafiq qaydada qablaşdırılır, sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2450 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 5,49 qram olmuş narkotik vasitə olan “Marixuana” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təhqiqatdan sonrakı qalıq qalmış 5,47 qram çəkidə narkotik vasitə olan “Marixuana” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlancı anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış və götürmə” haqqında 06 aprel 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) uşağı vardır (xx.xx.2009-cu il təvəllüdlü Babayev Əli Xəyyam oğlu). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,49 qram narkotik vasitə olan “Marixuana” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təhqiqatdan sonrakı qalıq qalmış çəkisi 5,47 qram çəkidə narkotik vasitə olan “Marixuana” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “Şəxsi axtarış və götürmə haqqında” 06 aprel 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 5,47 qram çəkidə narkotik vasitə olan “marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-597/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1147 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 29, mənzil 38 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 5,47 qram çəkidə narkotik vasitə olan “marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-597/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-597/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver