Məhkəmə qərarları › İş №1(060)-599/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-599/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-599/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncuya sifət nahiyəsindən bir dəfə vuraraq, sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, üst dodağın qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Göstərilən hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və onların birgə nikahından 4 övladları var. Təxminən 7 ildir ki, onlar ailəlidir. Həyat yoldaşı Zərərçəkmiş şəxs mütəmadi olaraq ona başqa bir xanımla münasibətlərinin olduğunu bildirdiyi üçün tez-tez aralarında mübahisələr yaranırmış. Sonuncu dəfə 02 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində o, yaşadığı evə gəlmiş və öz yataq otağına daxil olarkən həyat yoldaşı yenə də onu qısqanaraq başqa bir xanımla münasibətinin olmasını bildirərək mübahisə etmişdir. O, həyat yoldaşına belə bir hal olmadığını bildirmiş və mübahisə zamanı əlinin arxası ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. Bundan sonra mübahisə olmamışdır. Səhər ayıldıqda isə həyat yoldaşı Zərərçəkmiş şəxs evdə olmadığını və atası evinə getdiyini müəyyən etmişdir. Bundan sonra polis bölməsindən onu izahat verməyə dəvət edərkən bilmişdir ki, həyat yoldaşı ondan polisə şikayət edib. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 7 ilə yaxındır ki, ailəlidirlər. 02 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində yaşadığı evdə olarkən balaca oğlunun küçəyə çıxması və nəzarətsiz qalması ilə bağlı həyat yoldası Təqsirləndirilən şəxs irad bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun sifət nahiyəsindən yumruqla vuraraq xəsarət yetirmişdir. Bundan sonra o, evdən çıxıb Gəncə şəhərinə atası evinə getmişdir. O, məhkəmə iclasında ərizə təqdim edərək həyat yoldaşı Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 06 iyun 2022-ci tarixli 771 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, üst dodağın qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərər çəkmiş şəxslə barışmasını əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.1, 40.3, 43.3, 175, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə ona 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar