Məhkəmə qərarları › İş №1(060)-599/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-599/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-599/2025 17.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.378 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1- ci PB-nin əməkdaşları tərəfindən 18 iyun 2025-ci il tarixdə, saat 11:32-də keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Niyazi küçəsi, 492 nömrəli evin yaxınlığında piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlindən peşmandır, hadisə ittiham aktında qeyd edildiyi kimi baş vermiş və müəyyən müddət keçdiyi üçün hadisəni tam xatırlamır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Hal-hazırda eyni maddə ilə başqa iş üzrə azadlıqdan məhrum edildiyi üçün cəza çəkir. Ona məhkəməyədək araşdırma müddətində hər hansı psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, bəzi müddətlər fəhləliklə məşğul olub qazanc əldə edir. Narkotik vasitə və psixotrop maddə alüdəçisidir. Narkotik vasitə və psixotrop maddəni Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Son olaraq 18 iyun 2025-ci il tarixdə, səhər saatlarında Corat qəsəbəsi ərazisində olarkən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa barəsində məlumatı olmayan bir nəfərlə qarşılaşıb, istifadəsi üçün həmin şəxsdən 10 manata 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin alıb, əynindəki şalvarın sağ yan cibinə qoyub oradan uzaqlaşmışdır. Bədənində ağrı olduğundan əldə etdiyi metamfetamindən istifadə edə biləcəyi sakit bir yer axtarmaq məqsədi ilə həmin tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Niyazi küçəsində yerləşən fərdi yaşayış evlərinin olduğu ərazidə piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, istifadə etməyi ilə bağlı şübhələr olduğunu deyib, üzərinin yoxlanılacağını bildirmişlər. Yoxlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim elməyi təklif olunmuş və o da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içində psixotrop maddə olduğunu, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümündə psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,49 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənib imzalanmışdır. Daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirak ilə yenidən üzərindən aşkar olunmuş bükümə baxılmış və o bir daha həmin kütlənin psixotrop maddə olduğunu şəxsi istifadəsi üçün 10 manata Corat ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilib, ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ağciyər xəstəsi olmasını və azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün cinayəti etirafı ilə yanaşı şahid ifadələri, şübhəli şəxsin üstünün yoxlanması və götürmə aparılması haqqında protokollar, 02 ədəd DVD diskdə videogörüntülər, ondan aşkar edilmiş və maddi sübut hesab edilmiş psixotrop maddə metamfetamin, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, ilkin təhqiqat materialları, habelə istintaq zamanı toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 18 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Niyazi küçəsində yerləşən 492 nömrəli fərdi yaşayış evinin yaxınlığında piyada olduğunu görüb videoçəkilişdən istifadə edərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Valeh cibindən 01 ədəd kağız bükümü çıxardıb təqdim etmiş, təqdim olunmuş bükümün içində psixotrop maddə olduğunu demiş, aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, polis bölməsinə təmin edilmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsi Şahid2 ilə eyniməzmunlu olmuşdur. Belə ki, ibtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. İcraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 18 iyun 2025-ci il tarixdə, saat 11:32-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Niyazi küçəsində yerləşən 492 nömrəli fərdi yaşayış evinin yaxınlığında piyada olduğunu görüb videoçəkilişdən istifadə edərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələr olduğundan üzərinin yoxlanılacağı bildirib, yoxlanılmazdan əvvəl qanunsuz əşya və predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü çıxardıb təqdim etmişdir. Təqdim olunmuş 01 ədəd kağızı bükümün içində psixotrop maddə olduğunu demişdir. Aşkar olunmuş psixotrop maddə metamfetamin bükümü elektron tərəzidə çəkilmiş və çəkisi 0.49 qram olmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişlər. Polis Bölməsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edildikdən sonra videoçəkiliş vasitəsilə yenidən həmin kütləyə baxılmış və Təqsirləndirilən şəxs bir daha həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəçisi olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olunmamış, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Cinayət işinin 24-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11.32-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 52-ci vərəqəsində olan 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 64-cü vərəqəsində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə, saat 10:50-də saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-7-ci vərəqələrində olan 18 iyun 2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən çıxardığı ağ rəngli 1 ədəd büküm çıxdı və həmin bükümün içində ağ rəngli, spesifık iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edildi, elektron tərəzidə çəkildi və ümumi kütləsinin bükümlə birlikdə 0.49 qram olması müəyyən olundu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və bizim tərəfimizdən imzalanaraq götürüldü. Daha sonra qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Üstünü yoxlama işıqlandırma və hava şəraiti nəzərə alınmaqla saxlanıldığı yerdən təqribən 5 metr kənarda keçirildi. Üstünü yoxlama zamanı «İphone» 16 Pro markalı mobil telefonun videokamerası vasitəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı, Şahid3 tərəfindən videoçəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, ulara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən vayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd DVD əlavə olundu. Cinayət işinin 33-34-cü vərəqələrində olan 18 iyun 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında qərardan görünür ki, baxış keçirilmə və götürmə zamanı video çəkilişdən istifadə edilir, videoçəkiliş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən aparılır. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi, üzərində Təqsirləndirilən şəxs üzərindən olan aşkar edilmiş sözləri və imzalar olan zərf tərəfindən cırılaraq açıldı, zərfin içərisində 1 (bir) ədəd kağız büküm aşkar edildi. Həmin bükümdə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi, psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi, çəkisi 0,54 qram oldu. Təqdim edilmiş 1 (bir) ədəd DVD diskdəki video materiala müdaxilə edilməsi mümkün olmadığından tərəfimdən ayrıca baxış keçirildi. DVD disk HP markalı kompüterin disk oxuyucusuna daxil edildi və baxış keçirildi, 1 (bir) ədəd DVD diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar olunması və qablaşdırılması öz əksini tapmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini özünə məxsus olduğunu, metamfetamini 18 iyun 2025-ci il tarixdə 11 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata, özü üçün istifadə etmək məqsədilə aldığını üzərində saxladığını bildirdi. Baxış zamanı əhəmiyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və l (bir) ədəd DVD disk götürülərək qablaşdırıldı. Daha sonra müdafiəçi İ.Kərimov ona qarşı saxlanılma zamanı polis əməkdaşlar hər hansı fiziki və psixi təsiri göstərilməsi sualına Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi və ya fiziki təsir edilmədiyini bildirdi. Cinayət işinin 51-ci vərəqəsində olan DVD disklərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 18 iyun 2025-ci il tarixdə, saat 11:32-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Niyazi küçəsində yerləşən 492 nömrəli evin yaxınlığında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, V. Əhmədov əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim edərək, həmin bükümdəki kütlənin psixotrop maddə olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə polis əməkdaşı tərəfindən çəkilmiş və çəkisi 0,49 qram olmuşdur. Daha sonra büküm zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis mayoru Şamo Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs, sonuncunun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərfdəki kütləyə baxılmış, Təqsirləndirilən şəxs zərfdəki bükümün özünə məxsus olduğunu, içində psixotrop maddə olduğunu, həmin kütləni Corat qəsəbəsində tanımadığı şəxsdən istifadəsi üçün 10 manata əldə etdiyini polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirmişdir. Zərf açılmış, büküm elektron tərəzidə yenidən çəkildikdən sonra qablaşdırılaraq ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Cinayət işinin 70-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəçisi olsa da, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə cinayət aparatına hər hansı bir əməliyyat məlumatları daxil olmamışdır. Ondan aşkar olunmuş psixotrop maddə mctamfetamini kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 43-44-cü vərəqələrində olan 18 iyun 2025-ci il tarixli 20/511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə" yazıları, möhür, imza olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,378 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,328 qram qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.378 qram (qalıq 0,328 qram) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs saxlanılıb üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasının və üzərindən aşkar olunmuş bükümə polis bölməsində baxış keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntülər maddi sübut hesab edilmişdir. Cinayət işinin 97-101-ci vərəqələrində olan 28 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.378 qram (qalıq 0,328 qram) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs saxlanılıb üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasım və üzərindən aşkar olunmuş bükümə polis bölməsində baxış keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntülərin maddi sübut hesab edilməsi nəzərə alınsın, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 0,328 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilsin, 02 ədəd DVD diskdə videgörüntülər cinayət işinin materiallarında saxlanılsın. Psixotrop maddənin çəkisindəki fərqin polis əməkdaş tərəfindən həmin kütlənin bükümü ilə birlikdə miqdarının hesablandığı nəzərə alınmaqla daha yüksək dəqiqlikli ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qəbul edilmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan 23 iyul 2025-ci il tarixli 4417 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2022-ci il tarixdən RNM-da (F11x2) diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 80-82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnə verilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 25 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 83-86-cı olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 25 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 25 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-349/2025 nömrəli cinayət işi üzrə tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(060)-349/2025 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 23 iyul 2025-ci il tarixli 4417 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarixdən Sumqayıt şəhər ND-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,328 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 01 (bir) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdən 20 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-349/2025 nömrəli cinayət işi üzrə tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-349/2025 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və Sumqayıt şəhər Narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut kimi tanınan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,328 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi– 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar