Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-60/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında 03.05.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 93.1.2-ci maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.07.2017-ci il tarixli qərarı qərarı ilə hökm dəyişdirilib təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Ali Məhkəmənin 11.05.2018-ci il tarixli qərarı ilə cəzası 4 (dörd) il 06 (altı) aya endirilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 11 (on bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 18.01.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs arvadı X1 ilə aralarında baş vermiş ailə məişət zəminində münaqişədən sonra Türkan Ələkbərova ilə görüşmək məqsədilə 03 iyun 2021-ci il tarixdə, saat 06:30 radələrində qayınatası Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında evin giriş qapısının qarşısında, qayınatası Zərərçəkmiş şəxs onun ailəsini dağıtmasını bəhanə edərək qanunla qorunan ictimai qaydalara etinasızlıq göstərib, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi çəkiclə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə vuraraq və itələyərək ona başın təpə-alın, sağ gicgah, sol ənsə-təpə nahiyəsinin 5 ədəd yarası, sol bazunun aşağı 1/3-nin ikibaşlı əzələnin kəsilməsi ilə nəticələnən yarısı, sol saidin 1/3-nin, boyun sol yan səthinin yarası, sağ göz qapaqlarının hematoması, travmatik konyuktivit, sol bud-canaq oynağının, sol baldırın qançırı, sol əlin yumşaq toxumalarının əziyi kimi zərərçəkmişin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 177.2.1-ci maddələri ilə məhkum olunmuşdur. 2007-ci ildə Türkan Ələkbərovayla rəsmi olaraq ailə həyatı qurmuş və onların birgə nikahdan 2008-ci il təvəllüdlü Əli və 2010-cu il təvəllüdlü Zəhra adlı övladları dünyaya gəlmişdir. 2016-cı ildə Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə 6 il həbs cəzası almış və 2020-ci ilin fevral ayında vaxtından əvvəl həbsdən azad olunmuşdur. Həbsdən çıxdıqdan sonra ailəsilə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində kirayədə yaşamışdır. Təxminən 02 ay bundan əvvəl həyat yoldaşı Türkana satıcı işlədiyi “Qold Qayalı” ticarət mərkəzində bujiteriya yerindən çıxmasını demişdir. Buna səbəb onun Türkanı qısqanmağı olmuşdur. Buna baxmayaraq Türkan onunla razılaşmamışdır. Bu səbəbdən dəfələrlə aralarında mübahisələr olmuş, sonuncu dəfə 30 aprel 2021-ci il tarixdə, günorta saatlarında o, Türkanla mübahisə etmiş və qızı Zəhra ilə çölə çıxmışdır. Axşam saatlarında evə qayıdarkən Türkanın evdə olmadığını və atası Eldarla çıxıb getdiyini bilmişdir. Həmin gün qayınatası Eldarın yaşadığı Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 6/10, mənzil 22 ünvanına getmişdir. O, qapını döydükdə qapını açan olmamış, qapının arxasından Türkanın anası Arifə ona bir daha bu qapıya gəlməməyini demişdir. Hər gün qaynatası Eladara mobil telefonu ilə zəng edərək Türkanın harada olmasını soruşmuşdur. Eldar ona Türkanın burada olmadığını və Quba rayonunda olduğunu demişdir. 2021-ci il tarixdə may ayının ortalarında qızı ilə Türkanı axtarmaq üçün Quba rayonuna getsə də, tapa bilməmişdir. Türkanın istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etməyinə baxmayaraq zəng çatmamışdır. Aralarında olan münaqişədən 15 gün əvvəl qaynatası Eldarla Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Məkan” restaranında ikisi görüşmüşdür. O, Eldara onu Türkanla barışdırmağı desə də, Eldar bunun mümkün olmadığını bildirmişdir. Həmçinin Eldar ona Türkana aid şəxsiyyət vəsiqəsini niyə vermədiyini soruşmuşdur. O, heç bir problem olmadığını və əgər qabaqcadan desəydi gətirə biləcəyini demişdir. Sonradan öyrənmişdir ki, təxminən 5-6 gün bundan qabaq Türkan Quba rayonundan atasının yaşadığı evə qayıtmışdır. Türkana zəng etdikdə mobil nömrəsinə zəng çatmış, Türkanla danışaraq evə qayıtmağını və onu bağışlamağını demişdir. Lakin Türkan bunun mümkün olmayacağını bildirmişdir. 03.06.2021-ci il tarixdə, saat 06:30 radələrində yaşadığı evdən çıxaraq qayınatası Eldargilin yaşadığı binaya getmişdir. Onun məqsədi qayınatası Eldarın hər gün saat 07:30-da işlədiyi məktəbə getdiyini bildiyi üçün görüşüb söhbət edərək razı salmaq və həyat yoldaşı Türkanı görmək olmuşdur. O, təxminən 5 dəqiqə Eldargilin blokunda 4-cü mərtəbədə Eldarın çıxmağını gözləsə də, Eldar çıxmamışdır. 4-cü mərtəbəyə qalxarkən 3cü mərtəbədə pilləkəndə rəngi yadına düşməyən çantanın içərisində çəkiç, mismar çıxardan alət, taxta parçası və bıçaq olduğunu görmüşdür. O, ikinci mərtəbəyə düşüb Eldargilin mənzilinin işıq kulçatırını söndürmüş və çantadan taxta parçasıyla çəkiçi götürüb 4-cü mərtəbəyə qalxmışdır. Bu zaman Eldar qapını açıb ikinci mərtəbəyə düşmüş və işığı yandırıb yuxarıya qalxmışdır. Eldargilin qapısının ağzındakı pilləkəndə dayanıb Eldarın qalxdığını görmüş, Eldara salam versə də, Eldar ona acıqlı cavab verərək burada neynirsən demişdir. Həmin vaxt Eldarın onun ailəsini dağıtması yadına düşdüyü üçün sağ əlində tutduğu və arxasında gizlətdiyi taxta ilə Eldarın boyun və baş nahiyəsinə iki dəfə zərbə endirmişdir. O, Eldarı itələmiş və Eldar yıxılaraq alın nahiyəsi üzbəüz qapının dəstəyinə dəymişdir. Bu zaman Eldarın evindən arvadı Arifə çıxmışdır. O, içəri keçib Türkanı görmək istəyəndə Arifə ona əl-qol atdığı üçün Arifəni əli ilə itələmişdir. Evə baxdıqda evdə heç kimin olmadığını görmüş, qapıdan çıxıb gedərkən Eldar ona əl-qol atmağa başlamış və onu itələyib aşağı salmaq istəyən zaman ikisi də pilləkənlərin üzərinə yıxılmışlar. Daha sonra o, ayağa qalxaraq oranı tərk etmişdir. Eləcə də, o ifadəsində 03.06.2021-ci il tarixdə, saat 06:30-da tarixdə qayınatasının evinə tək getdiyini, lakin qayınatası ilə dalaşan zaman həmin məhəllədə yaşayan tanışı İltimas onların səsini eşidərək gəldiyini, sadəcə olaraq onları ayırmağa çalışmadığını, həmin tarixdə qayınatasıgilə gedən zaman İltimasın həyətdə olduğun gördüyünü, lakin İltimasın onu görmədiyini, mübahisənin təxminə 3-4 dəqiqə davam etdiyini göstərmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı Türkan Ələkbərova 2007-ci ildə Təqsirləndirilən şəxsla rəsmi olaraq ailə həyatı qurmuş, bu nikahdan Zəhra və Əli adlı övladları olmuşdur. Ailəli olduqları müddətdə Namiq onun qızı Türkanla həmişə münaqişə yaratmışdır. 2016-cı ildə Namiq tutulub həbsxanaya düşdükdən sonra Türkan bir müddət orada qaldıqdan sonra onların evinə qayıtmışdır. Namiq 2020-ci ilin fevral ayında həbsxanadan çıxdıqdan sonra onun yanına gəlmiş və Türkanla birlikdə yaşamaq üçün kirayə ev tutub aparmışdır. O, buna heç bir etiraz etməmiş və birlikdə kirayə ev tutaraq iki müxtəlif ünvanda yaşamışlar. Həmin müddət ərzində Namiq Türkanı yenidən incitməyə və tez-tez münaqişlər yaratmağa başlamışdır. Hər dəfə qızı Türkan evlərinə qayıtmaq istəyəndə o, qızına ailəsinin olduğunu və hər şeyə dözməsini bildirmişdir. Sonuncu aralarında olan münaqişəyə görə qızı Türkan 2021-ci ilin aprel ayının sonlarında evə gəlmiş və bir daha Namiqlə yaşamayacağını ona bildirmişdir. Uşaqlar Namiqin yanında qalmışdır. O, Türkanı həmin vaxtdan Bakıda yaşayan bacısı Səbirəgilə göndərmişdir. Həmin müddətdə Namiq ona zəng edərək hədə qorxu gəlmiş və Türkanın harada olduğunu soruşmuşdur. Bundan başqa 2021-ci ilin may ayının ortalarında Namiq onunla Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Məkan” restoranında görüşmüş və ondan Türkanla barışmasında köməklik etməyini istəmişdir. O, Namiqə Türkanın boşanmaq istədiyini və barışmaq istəmədiyini bildirmişdir. 02.06.2021-ci il tarixdə, saat 21:00 radələrində Namiq ona zəng edərək Türkanın özünə aid bəzi şəxsi sənədlərini vermək istədiyini və necə çatdıra biləcəyini demişdir. O, Namiqə evdə olmadığını və evə zəng edib bu barədə deyəcəyini və sonra xəbər edəcəyini bildirmişdir. Çox güman ki, Namiq onun sözündən Türkanın onun evində olduğunu zənn etmişdir. 03.06.2021-ci il tarixdə, saat 06:30 radələrində işə getməyə hazırlaşarkən evin işıqları anidən sönmüşdür. O, çölə çıxıb 1-ci mərtəbəylə 2-ci mərtəbənin arasında olan işıq blokuna baxmış və avtomatın söndüyünü görmüş və işığı yandırıb evə qalxmışdır. 3-cü mərtəbədə evinə qalxmağa 2 pilləkən qalmış 4-cü mərtəbədən 2 nəfərin düşdüyünü görmüşdür. O, həmin şəxslərdən birinin Namiq olduğunu görüb burada xeyir ola deyərkən Namiq anidən arxasında gizlətdiyi əlindəki qaranlıq olduğu üçün dəqiq görmədiyi çəkic və ya digər bir alətlə baş nahiyəsinə zərbə endirmişdir. İkinci zərbəni vurarkən o, sol əlini sifətinə tutduğu üçün əlindən də xəsarət almışıdr. Namiq eyni üsulla təxminən bir neçə zərbə endirmiş, baş nahiyəsindən qan açılmış və o, bu zaman yerə oturmuşdur. Həmin vaxt onun səsinə yoldaşı Arifə qapını açmış və qışqırmışdır. Bunu görən Namiq Arifəni divara itələyərək qapıdan evinə girmişdir. Evə baxıb Türkanın olmadığını görüb çıxdıqda adını bilmədiyi başının üstündə dayanan şəxsin çəkilməsini demiş və həmin şəxs də çıxıb getmişdir. O, ayağa qalxıb qarşısında Namiqi görmüşdür. Namiq onu vurmaq istədikdə o, həmin şəxsin əlindən tutmuş və buna imkan verməmiş, onlar müvazinətini itirərək 2-ci mərtəbədə olan çölə baxan şüşə pəncərənin üzərinə yıxılmışlar və həmin vaxt o, sol qolunun yuxarı nahiyəsindən xəsarət almışdır. Bu zaman Namiq qaçıb getmişdir. Təxminən 10 dəqiqə ərzində polis əməkdaşları və Sumqayıt TTY-nin tibb işçiləri onun yaşadığı ünvana gəlmişlər və onu Sumqayıt TTYX-na aparmışlar. Orada 4-cü PB-nin əməkdaşları onun ərizəsini və izahatını almışlar. Eləcə də, o, ifadəsində hadisənin yaşadığı evin qapısının qarşısında baş verdiyini, təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxt orda ilk öncə o və Namiq olduğunu, Namiqin yanında adını bilmədiyi bir nəfər cavan oğlan olduğunu, arvadı Arifənin onun səsinə qapıya çıxdığını, qonşusu Tahirənin o, şüşəyə dəydikdən sonra qapıya çıxdığını, hadisənin səhər saatlarında qaranlıq vaxtı baş verdiyi üçün Namiqin əlində çəkicə oxşar alətin olduğunu görmədiyini və hadisə vaxtı Təqsirləndirilən şəxs vuraraq hər hansı xəsarət yetirmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən Zərərçəkmiş şəxsla rəsmi olaraq ailə həyatı qurmuşdur. Eldarın birinci nikahdan 1988-ci il təvəllüdlü Türkan, 1983-cü il təvəllülü Elmar adlı övladları vardır. Türkan 2007-ci ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və onların bu nikahdan iki övladı olmuşdur. Onlar ailəli olduqları müddətdə Namiq Türkanla həmişə münaqişə yaratmışdır. 2016-cı ildə Namiq tutulub həbsxanaya düşdükdən bir müddət sonra Türkan onların evinə qayıtmışdır. Namiq 2020-ci ilin fevral ayında həbsxanadan çıxdıqdan sonra Eldarın yanına gəlmiş və Türkanla birlikdə yaşamaq üçün kirayə ev tutub aparmışdır. Eldar buna heç bir etiraz etməmişdir. Təxminən bir aydan sonra Namiq yenidən Türkanı döyməyə və tez-tez münaqişə yaratmağa başlamışdır. Hər dəfə Türkan ata evinə qayıtmaq istəyəndə onlar ailəsinin olduğunu və hər şeyə dözməyini demişlər. Sonuncu dəfə Türkan 2021-ci ilin aprel ayının sonlarında onlara gəlmiş və bir daha Namiqlə yaşamayacağını bildirmişdir. Uşaqlar isə Namiqin yanında qalmışdır. Onlar Türkanı həmin vaxtdan Bakıda yaşayan baldızı Səbirəgilə göndərmişlər. Həmin müddətdə Namiq Eldara dəfələrlə zəng edərək Türkanın harada olduğunu soruşmuş və Türkanla barışmaq üçün kömək etməyini demişdir. X6 barışmaq istəmədiyini və bir daha onları narahat etməməsini bildirmişdir. 03.06.2021-ci il tarixdə, saat 06:30 radələrində Eldar və o işə getməyə hazırlaşarkən evin işıqları anidən sönmüşdür. Eldar çölə çıxıb işıq blokuna baxmağa getmişdir. Təxminən 2-3 dəqiqə sonra evin işiqları yanmışdır. Həmin vaxt blokdan səs-küy eşitmiş və tez qapını açmışdır. Bu zaman Eldarın baş nahiyəsindən qan axdığını və yerdə oturmuş vəziyyətdə olduğunu görmüşdür. Elə o vaxt Namiq qapıya yaxınlaşaraq onu əli ilə evin girəcəyində olan dolaba çırpmı və o yıxılmışdır. Namiq evə otaqlara girib Türkanın olmadığını görüb çıxmışdır. Çıxan zaman Namiq yenidən Eldara əl-qol atmış və bu zaman Eldar Namiqlə birlikdə yıxılmışdır. Həmin vaxt səs-küyə qonşular bloka çıxmış və Eldarı qan içində görmüşlər. Namiq evə daxil olan zaman elində çəkic olmuşdur. Təxminən 10 dəqiqə ərzində polis əməkdaşları və TTY-nin tibb işciləri gəlmişlər. Onların mübahisəsi təxminən 5 dəqiqə davam etmiş və o, həmin vaxt blokda Namiq və Eldarı görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04.06.2021ci il tarixli 629 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın təpə-alın, sağ gicgah, sol ənsə-təpə nahiyyəsinin 5 ədəd yarası, sol bazunun aşağı 1/3-nin ikibaşlı əzələnin kəsilməsi ilə nəticələnən yarısı, sol saidin 1/3-nin, boynun sol yan səthinin yarası, sağ göz qapaqlarının hematoması, travmatik konyuktivit, sol bud-canaq oynağının, sol baldırın qancırı, sol əlin yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə vurulmaqla, sınmış şüşə parçasının təsirindən əmələ gələ bilərlər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 03.06.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və götürülmüş bir ədəd ədəd çəkic sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05.06.2021-ci il tarixdə tutulmuş, 07.06.2021-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-640/2021 saylı, 10.11.2021-ci il tarixli qərarı ilə onun barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 127-20370-1221 saylı, 02.12.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02.12.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq məhkəməyə təqdim olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-60/2022 saylı, 28.01.2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2335-1222 saylı, 07.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində 07.02.2022-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 17/40-625 saylı, 11.02.2022-ci tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07.02.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 10.02.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan 4 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşaq vardır. 28.06.2008-ci il təvəllüdlü X3 və 17.07.2021-cu il təvəllüdlü ələkbərli Zəhra Namiq qızı. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2204 saylı, 18.06.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Hadisə yerindən götürülmüş bir ədəd çəkic sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut növü kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Arifə Ələkbərovada olan xəsarətlər sağlamlığa vurulmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi müəyyən edildiyindən inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Sumqayıt Apellyasiya və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 93.1.2-ci maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.07.2017-ci il tarixli qərarı qərarı ilə hökm dəyişdirilib təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Ali Məhkəmənin 11.05.2018-ci il tarixli qərarı ilə cəzası 4 (dörd) il 06 (altı) aya endirilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəmnəsinin 07.02.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 11 (on bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 18.01.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı 05.06.2021-ci il tarixdən 07.06.2021-ci il tarixədək və 02.12.2021-ci il tarixdə tutulduğu 03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 07.02.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut olan bir ədəd çəkic məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05.06.2021-ci il tarixdən 07.06.2021-ci il tarixədək və 02.12.2021-ci il tarixdə tutulduğu 03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd çəkic məhv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-60/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-60/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver