Məhkəmə qərarları › İş №1(060)-60/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-60/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-60/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 0,229 qram, 0,230 qram və 0,325 qram ümumi təmiz çəkisi 0,784 qram psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, həmin psixotrop maddədən 0,325 qram ayıraraq 01 ədəd bükümdə 07 may 2022-ci il tarixdə, saat 22:55 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2 binanın keçidində tanışı Şahid1 30 manat pul müqabilində qanunsuz olaraq satmış, 2 bükümdə olan 0,459 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlamış, həmin vaxt Şahid1 uzaqlaşıb getdikdə Sumqayt ŞPİ-nin 3cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkçənin sol iç cibindəki dəri materialından olan qara rəngli pul kisəsindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,229 qram və 0,230 qram olmaqla, ümumi təmiz çəkisi 0,459 qram olan ağ rəngli kristallik maddə yəni xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni, kustar üsulla hazırlanmş psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təxminən 2 ildir ki, “kakos” deyilən narkotik vasitə heroin və “patı” deyilən psixotrop maddə metamfetamin istifadə edir. Heroin və metamfetamini Xırdalan şəhəri, 10 saylı orta məktəbə yaxın “Riyad” ticarət mərkəzinin qarşısında yerləşən 12-14 mərtəbəli yeni tikili binada yaşayan Səidə adlı qadından alır. Səidə ilə “azar” canlı yayım saytında təsadüfən tanış olmuşdur, əvvəl Səidəni marixuana satan şəxs kimi tanımış, münasibət qurduqdan sonra Səidədən heroin və metamfetamin almışdır. Səidə heroin və metamfetamininin qramını 30 manata, son zamanlar isə qramını 35 manata satmışdır. Səidə ilə həmişə yaşadığı binanın girişində zəngləşib görüşmüşdür, mobil nömrəsi əzbər olaraq yadında deyil, adını kontaktda “Sayka” adı ilə qeyd etmişdir. Səidəyə pulu həmişə nağd ödəmişdir, kartla qəbul etməmişdir. O narkotik vasitəni öz istifadəsi üçün almışdır. O narkotik vasitəni verdiyi Mehmanı tanıyır, Mehman onun dostudur. O narkotik vasitə tapmayan zaman Mehmanla birlikdə gedib narkotik vasitə qəbul etmişdir. Sonuncu dəfə narkotik vasitəni 4-5 gün əvvəl Səidədən almışdır. Narkotik vasitəni öz istifadəsi üçün almışdır. Həmin gün Mehman ona yazmış və ona karta pul atmağı təklif etmişdir. Mehman narkotik vasitə üçün onun kartına 30 manat pul atmışdır. O Mehmanla görüşə gedən zaman bloka addım atan kimi polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu bir neçə saat tutub saxlamışdır. O həmin zaman polis əməkdaşlarından ikisini görmüşdür. Polis əməkdaşları biri sağından, biri solundan onun üzərinə baxış keçirmişlər. Onun üzərində pul qabı olmuşdur. Bir büküm psixotrop maddə bükümü pul qabında olmuşdur. Psixotrop maddə apardığı Mehmanla görüşə bilməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axarış keçirilərkən o buna etiraz etmişdir. Polis əməkdaşları həmin vaxt onun müdafiəçisi Müdafiəçi2lə əlbəyaxa olmağa başlamışlar. Narkotik vasitə öz istifadəsi üçün, az miqdarda olmuş, ittihamda göstərilən kimi olmamışdır. Onu tutarkən ona qarşı təzyiq olmuş, onu blokdan tutub gətirmişlər. Mehmanla onu bir yerdə tutub polis idarəsinə gətirmişlər. Onun münasibətdə olduğu xanım var. Polislər ona həmin qızla bağlı hədə-qorxu gəlmişlər. Mehmanla üzləşmədə də biraz təzyiq olunmuşdur. Onu tutarkən onun vəkili ilə yekə-yekə danışmışlar. Onu tutan zaman saat 4-5 arası olmuşdur. Psixotrop maddəni bir bükümdə özü istifadə etmək üçün üzərində saxlamışdır, satmaq üçün almamışdır, bir daha belə hallara yol verməyəcəkdir, əməlindən peşmandır. Buna görə də onun barəsində ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə iclasında sual-cavab zamanı Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, psixotrop maddəni özü əldə etmiş, üzərində gəzdirmiş, Şahid1 bu maddə üçün 30 manat almış, bir büküm ona vermiş, saxlanılarkən psixotrop maddənin bir bükümü üstündə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona təsir edilməsi, döyülməsi, narkotik vasitəni satmaq niyyətinin olmaması və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun göstərdiyi hallar arşdırılsa da təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır. Təxminən 2 ildir ki, "kakos" deyilən narkotik vasitə heroin və "patı" deyilən psixotrop maddə metamfetamin istifadə edir. Heroin və metamfetamini Xırdalan şəhəri, 10 saylı orta məktəbə yaxın "Riyad" ticarət mərkəzinin qarşısında yerləşən 12-14 mərtəbəli yeni tikili binada yaşayan Səidə adlı qadından alır. Səidə ilə "azar" canlı yayım saytında təsadüfən tanış olmuş, əvvəl Səidəni marixuana satan şəxs kimi tanımış, münasibət qurduqdan sonra Səidədən heroin və metamfetamin almışdır. Səidə heroin və metamfetaminin qramını 30 manata, son zamanlar isə qramını 35 manata satmışdır. Səidə ilə həmişə yaşadığı binanın girişində zəngləşib görüşmüş, mobil nömrəsi əzbərdən yadında deyil, adını kontaktda "Sayka" adı ilə qeyd etmişdir. Səidəyə pulu həmişə nağd ödəmiş, kartla qəbul etməmişdir. Təxminən 6-7 gün əvvəl günortadan sonra Səidəyə zəng edərək 4 qram metamfetamin təşkil etməsini demiş, sonra da gedib onun yaşadığı binanın girişində görüşüb, 4 qram metamfetaminə görə 140 manat ödəməli olduğundan, özündə olan 2 ədəd 100 manatlıq əskinazı Səidəyə vermiş, Səidə binaya öz mənzilinə pul qaytarmaq üçün qalxmış, bir qədər sonra Səidənin yaşadığı Samir adlı cavan oğlan düşüb yaxınlıqda marketdə pulu xırdalayıb 60 manat pul qaytarmışdır. Sonra evə gəlmiş, özündə olan elektron tərəzi ilə Səidədən aldığı 4 qram metamfetamini 5 ədəd bükümlərə bölmüşdür. Tərəzi nasaz olduğundan bir neçə gün əvvəl tullamışdır. Özü də qəbul etmiş, həmçinin bir neçə gün ərzində ağrıları olan vəziyyətdən çıxmağa kömək etməyini xahiş edən üzdən tanıdığı 2 nəfər şəxsə pulsuz olaraq metamfetamin vermişdir. Sumqayıt şəhər sakini Şahid1ı təxminən 1 ildir ki, tanıyır, münasibət saxlamış, Mehmanın heroin və metamfetamin qəbul etdiyini bilmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Mehman ona “votsapda” sms yazaraq ona metamfetamin təşkil edib gətirməyini xahiş etmiş, o, Mehmana öz kartına taksi pulu ilə birlikdə ümumi 30 manat göndərməyini, ona 25 manatlıq metamfetamin gətirəcəyini, 5 manat da taksi pulu olduğunu deyərək onun mobil nömrəsinin votsapına özünün **********620809 nömrəli Kapital Bank kartının fotoşəklini göndərmişdir. Bir qədər sonra Mehman onun kartına 30 manat göndərmişdir. Sonra özündə olan metamfetamindən gözəyarı 25 manatlıq 1 ədəd ağ rəngli büküm metamfetamin düzəltmiş, özü də qalan 2 bükümdə olan metamfetamini isə dəri materiallı qara rəngli pul kisəsinin sol hisəsində sürücülük vəsiqəsini saxdadığı yerə qoymuşdur ki, istəyəndə qəbul edər. Pul kisəsini həmişəki kimi, əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamışdır. Özündə saxladığı 2 ədəd bükümləri siqaretin gümüşü rəngli kağızına büküb ağ rəngli sellofan kəsiklərin içinə qoymuşdur. Saat 22:40 radələrində Mehmanın yaşadığı binaya taksi ilə yola düşmüş və Mehmana zəng edərək binanın blokuna düşməyini demişdir. Oraya çatanda Mehman binanın keçidində olmuş, Mehmanla görüşüb ona 1 bükümdə metamfetamini vermiş və ayrılıb getmək istəyəndə 3 nəfər mülki geyimdə oları şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis işçiləri olduqlarını bildirərək əvvəlcə Mehmanı, sonra isə onu saxlamış, ona narkotik vasitələri qanunsuz əldə etmə, qəbulu, üzərində gəzdirməkdə və satışında şübhəli olduqları üçün saxladıqlarını bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə dəvət etmişlər. Birlikdə 3-cü polis bölməsinə gəlmişlər. Bölmədə xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı təkrar bildirilməklə yanaşı hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 polis əməkdaşı tərəfindən təqdim olunmuş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olunduqda əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli "usb", gödəkçənin sol iç cibindən ***-***-**- ** nömrəli 1 ədəd "Blackview" markalı mobil telefonunu və pul kisəsini çıxardıb təqdim etmişdir. Pul kisəsinin içərisinə baxıldıqda sol hissəyə yerləşdirilmiş sürücülük vəsiqəsinin üzərində hər biri ağ rəngli selofan kəsiklərinə bükülmüş 2 ədəd siqaretin gümüşü rəngli kağız bükümləri aşkar olunmuş, həmin bükümlərdə "patı" yəni metamfetamin olduğunu bildirmişdir və həmin bükümlərin içərisinə baxıldıqda metamfetamin aşkar olunmuşdur. Bundan sonra pul kisəsinin içərisində öz adına olan 3 ədəd “Kapital Bank” kartları, ümumilikdə 5 manat pul, vizitkart, sığorta və lombard kartı aşkar olunmuşdur. Bundan sonra əynində olan şalvarının sağ yan cibindən 1 ədəd ev açarı çıxardıb təqdim etmişdir. Şəxsi axtarış zamanı bunlardan başqa üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 2 bükümdə olan metafetamin elektron tərəzidə çəkilərkən ümumilikdə çəkisi 0,60 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş və zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqdim etdiyi 1 ədəd "Blackview" markalı ***-***-**-** nömrəli mobil telefon, **********620809, **********889515 və **********474891 nömrəli Kapital Bank kartları təhqiqatçı tərəfindən götürülmüş, içərisində 5 manat pul, sürücülük vəsiqəsi, vizitkart, sığorta və lombard kartı olan pul kisəsi, ev açarı və "usb" özünə qaytarılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş, Sumqayıt ŞPİ-nin 3-cü PB-də təhqiqatçı tərəfindən baxış keçirilməzdən əvvəl üzərinə baxış keçirilməmişdir, pul qabını polis əməkdaşları ondan götürüb əllərində saxlamış və pul qabı və telefon onun gözü qarşısında saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik maddələr qəbul etməsi üzərində gəzdirməsi və eləcə də həmin narkotik maddələrin satışı ilə məşğul olması ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o, başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 3-cü PB-nin CA üzrə inspektoru, polis serjantı X6 və 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 22.50 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 22.55-də onu Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2-nin keçidində hərəkət etdiyini müşahidə etmişlər. Belə ki, o, Təqsirləndirilən şəxs uzaqlaşdığı zaman qabaqcadan razılaşdırılmış şərti işarələrlə yaxınlaşıb əvvəlcə Şahid1 daha sonra isə Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra müqavimət göstərmədən avtomobilə minmiş birlikdə 3-cü PB-na gəlmişlər. Sumqayıt ŞPİ-nin 3-cü PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X3 əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. O, tutulduqdan sonra ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli "usb", gödəkçənin sol iç cibindən 1 ədəd içərisində ***- ***-**-** nömrəsi olduğunu bildirdiyi "Blackview" markalı mobil telefon və dəri materiallı qara rəngli pul kisəsini çıxardıb təqdim etmişdir. Pul kisəsinin içərisinə baxdıqda sol hissəyə yerləşdirilmiş özünə məxsus sürücülük vəsiqəsinin üzərində hər biri ağ rəngli sellofan kəsiklərinə bükülmüş 2 ədəd siqaretin gümüşü rəngli kağız bükümləri aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin bükümlərdə "patı" yəni metamfetamin olduğunu bildirir və həmin bükümlərin içərisinə baxdıqda psixotrop maddə metanfetaminə bənzər maddələr aşkar olunmuşdur. Bundan sonra pul kisəsinin içində Təqsirləndirilən şəxs adına olan 3 ədəd Kapital Bank kartları, ümumilikdə 5 manat pul, vizit kartı, sığorta və lombard kartı aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd ev açarı çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 6-7 gün əvvəl Xırdalan şəhəri, 10 saylı orta məktəbə yaxın yerləşən 12-14 mərtəbəli yeni tikili binada yaşayan Səidə adlı qadından qramı 35 manat olmaqla 4 qram metamfetamin almış, həmin metamfetamindən özü də qəbul etmiş, eyni zamanda ağrıları olan narkomanlara vəziyyətdən çıxmaq üçün pulsuz vermiş, həmçinin xx.xx.2022-ci il tarixində tanışı Şahid1 onun **********620809 nömrəli kartına göndərdiyi 30 manat müqabilində 25 manatlıq metamfetamin verdiyini, 5 manatı isə onu Mehmanla görüşə aparan taksiyə ödədiyini, Səidənin mobil nömrəsini öz mobil telefonunda "Sayka" adı ilə qeyd etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 bükümdə olan psixotrop maddə metanfetaminə bənzər maddələr elektron tərəzidə çəkilərkən ümumilikdə çəkisi 0,60 qram olmuşdur. Həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq DİN-in 127 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd "Blackview" markalı ***-***-**- ** nömrəli mobil telefon, **********620809, **********889515 və **********474891 nömrəli "Kapital Bank" kartları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, içərisində 5 manat pul, sürücülük vəsiqəsi, vizitkart, sığorta və lombard kartı olan pul kisəsi, ev açarı və "usb" özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarışda iştirak edən Sumqayıt Regional Vəkillər Bürosunun vəkili Müdafiəçi2 verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən saxlanılan zaman üzərində olan pul kisəsinin və mobil telefonun polis işçiləri tərəfindən götürüldüyünü və bölməyə gətirildikdən sonra özünə qaytarıldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddə olan heroini Xırdalan şəhəri, 10 saylı orta məktəblə yanbayan 12-14 mərtəbəli yeni tikili binada yaşayan Səidə adlı şəxsdən aldığını bildirmişdir, hal-hazırda həmin şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur və buna görə də keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həqiqətən də onun Şahid1 narkotik maddə satması aşkar edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir, onun narkotik satdığı digər hər hansısa şəxs müəyyən edildikdə bu barədə İŞ-nə məlumat veriləcəkdir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılan zaman əlində olan pul kisəsi və telefonunu götürüb onun gözü görə biləcəyi kimi əllərində saxlanılmışdır ki, pul qabının içərisində olduğunu güman etdikləri narkotik maddəni tullaya bilər, amma pul kisəsini açıb içərisinə baxmamışlar, polis bölməsinə çatdıqda pul kisəsi dərhal özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təziq göstərilməmiş, fikizi zor tədbiq edilməmişdir, üzərinə əvvəlcədən baxış keçirilməmişdir. İbtidai istintaq zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid3 (öldüyünə görə dindirilməsi mümkün olmamışdır) şahid qismində dindirilərkən Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə inspektoru, polis serjantı X2 Hacızadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, təxminən 3-4 aydır ki, arabir "patı" deyilən psixotrop maddə olan metamfetamini zərli kağızda yandırmaqla tüstüsünü qəbul edir. Sumqayıt şəhəri 1-ci mkr sakini Təqsirləndirilən şəxs ilə təxminən 3-4 aydır ki, tanış olmuş, Rövşənin metamfetamin qəbul etməsini bilmişdir, Rövşən bir dəfə ona pul müqabilində metamfetamin təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rövşənin istifadə etdiyi ***-***-**-** nömrəsinə sms yazaraq ona metamfetamin təşkil edib gətirməyini xahiş etmiş, Rövşən problem olmadığını deyərək onun kartına taksi pulu ilə birlikdə ümumilikdə 30 manat göndərməsini, 25 manatlıq metamfetamin gətirəcəyini, 5 manat da taksi pulu olduğunu deyərək onun ***-***-**-** nömrəsinin Whatsapına öz Kapital Bank kartının fotoşəklini göndərmişdir. "Pioner" marketin yanındakı "Million" ödəmə term.nalından Rövşənin ona şəklini göndərdiyi karta 30 manat göndərmişdir. Saat 22:40 radəiərinaə Rövşən ona yaşadığı binanın blokuna düşməyini bildirmiş, o, bloka düşmüş və binanın keçidində görüşmüşlər. Rövşən ona 1 ədəd ağ rəngli sellofan bükümdə metamfetamin vermiş, o, həmin 1 bükümdə olan metamfetamini əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoymuş və Rövşəndən ayrılıb evə getmək istəyən zaman 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis işçiləri olduqlarını bildirib onların narkotik vasitələrin qanunsuz əldə etmə, qəbulu, üzərlərində gəzdirməkdə və satışında şübhəli olduqları üçün saxladıqlarını bildirmiş və üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə dəvət etmişlər. Etiraz etməyərək 3-cü polis bölməsinə gəlmişlər. Narkotik vasitə və ya psixorop maddələrin satışı ilə məşğul olmur, özü qəbul edir. Əvvəllər də bir neçə dəfə Rövşəndən narkotik maddələr almışdır. Rövşənin satdığı psixotrop maddə metamfetamini kimdən və haradan əldə etməsini bilmir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:55-də Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2-nin keçidində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın küçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli "usb", gödəkçənin sol iç cibindən 1 ədəd nömrəsininin ***-***-**-** olduğunu bildirdiyi "Blackview" markalı mobil telefon və dəri materiallı qara rəngli pul kisəsini çıxardıb təqdim edir. Pul kisəsinin içərisinə baxdıqda sol hissəyə yerləşdirilmiş özünə məxsus sürücülük vəsiqəsinin üzərində hər biri ağ rəngli sellofan kəsiklərinə bükülmüş 2 ədəd siqaretin gümüşü rəngli kağız bükümləri aşkar olunur, Təqsirləndirilən şəxs həmin bükümlərdə "patı" yəni metamfetamin olduğunu bildirir və həmin bükümlərin içərisinə baxıldıqda psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunur. Bundan sonra pul kisəsinin içində Təqsirləndirilən şəxs adına olan 3 ədəd Kapital Bank kartları, ümumilikdə 5 manat pul, vizit kart, sığorta və lombard kartı aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd ev açarı çıxarıb təqdim edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, təxminən 6-7 gün əvvəl Xırdalan şəhəri, 10 saylı orta məktəblə yanbayan 12-14 mərtəbəli yeni tikili binada yaşayan Səidə adlı qadından qramı 35 manat olmaqla 4 qram metamfetamin almış, həmin metamfetamindən özünə qəbul etmiş, eyni zamanda ağrıları olan narkomanlara vəziyyətdən çıxmaq üçün pulsuz vermiş, həmçinin xx.xx.2022-ci il tarixində tanışı Şahid1 onun **********620809 nömrəli kartına göndərdiyi 30 manat müqabilində 25 manatlıq metanfetamin vermiş, 5 manatı isə onu Mehmanla görüşə apardığı taksiyə ödədiyini, Səidənin mobil nömrəsini öz mobil telefonunda "Sayka" adı ilə qeyd etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmayıb. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkilərkən ümumilikdə çəkisi 0,60 qram olduğu görülür. Həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılıb zərfə qoyulur DİN-in 127 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd "Blackview" markalı ***-***-**-** nömrəli mobil telefon, **********620809, **********889515 və **********474891 nömrəli "Kapital Bank" kartları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülür, içərisində 5 manat pul, sürücülük vəsiqəsi, vizitkart, sığorta və lombard kartı olan pul kisəsi, ev açarı və "usb" özünə qaytarılır. Bundan sonra şəxsi axtarışda iştirak edən Sumqayıt Regional Vəkillər Bürosunun vəkili Müdafiəçi2 verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən saxlanılan zaman üzərində olan pul kisəsinin və mobil telefonun polis işçiləri tərəfindən götürüldüyünü və bölməyə gətirildikdən sonra özünə qaytarıldığını bildirir. Məhkəmə iclasında həmin disk nümayiş olunmuş və göstərilənlə öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 may 2022-ci il tarixli, 6\2667 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən..” yazı və imzalar olan zərfdə 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.229 qram, 0.230 qram ümumi təmiz çəkisi 0.459 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş Şahid1 aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0.275 qram olan metamfetamin ( 6/2666 nömrəli rəy) ilə Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0.449 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirilmişdir. Üzləşmə zamanı Şahid1 bir daha ifadəsində qeyd etdiklərini təsdiq edərək, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş bir büküm metamfetamini Təqsirləndirilən şəxs sonuncuya məxsus bank kartına 30 manat göndərməklə aldığını bildirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid1 onun üzünə qarşı dediklərini təsdiq edərək ona metamfetmin satdığını bildirmişdir. Məhkəmə iclasında üzləşmə istintaq hərəkətini özündə əks etdirən bir ədəd disk nümayiş etdirilmiş və deyilənlər bir daha təsdiq edilmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,459 qram metamfetamin maddi sübut kimi tanınmış və kağız paketdə qablaşdırılmış tədqiqatdan sonra qalıq qalmış 0,399 qram metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** Bakcell mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və həmin nömrədən çıxan telefon nömrələrinin siyahısının, SMS mətnlərini, həmin nömrələrin antena dairəsinə aid olan məlumatları əks etdirən sənədlərin, həmin telefon nömrələrinin sahiblərinin anket məlumatlarının Bakcell MMC-dən ələ keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ’‘Blackview” markalı mobil telefona Təqsirləndirilən şəxs təqdim etdiyi şifrə əsasında açılaraq baxış keçirildiyi zaman telefonun “Whatsapp” tətbiqinə daxil olduqda Təqsirləndirilən şəxs məxsus nömrəyə MEHMAN NAR adlı ***-***-**-** nömrədən xx.xx.2022-ci il tarixdə daxil olan sms-lərdə MEHMAN NAR adlı ***-***-**-** nömrədən daxil olan smslərdə “Yarı alır, ama kola da maraq elə də” yazılmış, cavab olaraq Təqsirləndirilən şəxs nömrəsindən həmin nömyərə “kola gecə olacaq, yarı alınar, ama bele 30a alınacaq” yazılmış, digər nömrədən daxil olmuş, sms-də 27-28 salaram ki, aşaqi gedib taksiynən götü mək söhbətinə görə, opşi 30 oturacaq səhər mən də getdim götürdüm ela şeydi” yazılmış, MEHMAN NAR adlı ***-***- **-** nömrədən gələn smsdə “olsunda exi alinarsa gotur gəl verim puluvu nədisə” yazılmış, Təqsirləndirilən şəxs nömrəsindən gedən cavabda pul at kartaki gedim götürüm də” kart at atımda onda yazılmış, Təqsirləndirilən şəxs nömrəsindən həmin nömrəyə **********620809 nömrəli kartın şəkli göndərilir, bu məzmunda sööhbətlərdən artın həmin pulun karta göndərildiyi görünür, sonrakı smslərdə “noldu roska, cavab olaraq isə Təqsirləndirilən şəxs nöm.əsindən həmin nömrəyə hazırlasın versin gəlirəm kimi smslər yazılmışdır. Telefona baxış zamanı Təqsirləndirilən şəxs həmin smslərin onun tərəfindən Şahid1 yazılması və ona metamfetamin satması üçün aralarında olan sms yazışması olduğunu bildirmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli, 3933 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 5 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,459 qram metamfetamin maddi sübut kimi tanınmış və kağız paketdə qablaşdırılmış tədqiqatdan sonra qalıq qalmış 0,399 qram metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini və Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə aparılmasını özündə əks etdirən 2 ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Sumqayıt Şəhər Vərəm Xəstəxanası” X9 754 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Sumqayıt Vərəm Xəstəxanasında qeydiyyata götürülmüşdür. Hal-hazırda ambulator şəraitdə müalicə olunur, vəziyyəti kafidir. Diaqnoz: “Sol tərəfli vərəm mənşəli eksudativ plevrit) VMB(-) Məhkəmə istintaqı zamanı Şahid1 məxsus ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon danışıqlarının anten məlumatları götürülmüş və iş materiallarına əlavə edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibinə görə eyni olan ümumi çəkisi 0,459 qram olan psixotrop maddə metamfetamini qanunsuz əldə edib daşıyaraq üzərində saxlaması, bir hissəsini satması tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satış üçün deyil özü istifadə etməsi üçün əldə edib saxlaması, polis əməkdaşlarının ona qarşı təzyiq göstərməsi, onda olan psixotrop maddənin bir bükümdə olması, polis əməkdaşlarının bunu artırması və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da təsdiq olunmadı. Məhkəmə istintaqı zamanı bu halların, eyni zamanda, Şahid1 polis əməkdaşları tərəfindən bu işə cəlb edilməsi və təqsirləndirilən şəxsi cinayətə təhrik etməsi ehtimalının yoxlanılması üçün Şahid1 və Təqsirləndirilən şəxs məxsus mobil telefon danışıqlarının anten və digər məlumatları da götürülmüş, işdə olan digər sübutlarla müqayisə edilmiş, həmin hallar təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində ittihamda göstərilən xüsusatları tam təsdiq etmişdir. Onun istintaq zamanı hüquqlarını müdafiə etmiş vəkillə yenidən müqavilə bağlaması da onu təsdiq edir ki, onun müdafiə hüququ təmin edilmiş və o yüksək keyfiyyətli hüquqi yardım almışdır. Məhkəmədə də, Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddəni özü əldə etmiş, üzərində gəzdirmiş, Şahid1 bu maddə üçün 30 manat almış, bir büküm ona vermiş, saxlanılarkən psixotrop maddənin bir bükümü üstündə olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddənin pul qabında olması, tutularkən pul qabının ondan alınması, yalmız çəkilişqabağı qaytarılması ilə bağlı göstərdikləri ilə bağlı da araşdırma aparıldı vı müəyyən edildi ki, pulqabı onun nəzərindən və müşaiyətindən kənar qalmamış, polisə gətirilənə qədəq gözünün qarşısında saxlanılmış, polisdə özünə qaytarımış, özü nəzarətdə saxlanmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, səhhətində olan problemi, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 0,399 qram psixotrop maddə metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirini və Şahid1 ilə Təqsirləndirilən şəxs oğlu arasında aparılan üzləşdirməni özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 07 may 2022ci il tarixdən 09 may 2022-ci il tarixədək tutulub saxlanmışdır. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,399 qram psixotrop maddə metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirinin və Şahid1 ilə Təqsirləndirilən şəxs oğlu arasında aparılan üzləşdirməni özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar