Məhkəmə qərarları › İş №1(060)-602/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-602/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-602/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,386 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 16:02-də Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 8 saylı evin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu bir ədəd bükümdə təmiz çəkisi 0,386 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində olarkən tanımadığı şəxsdən 40 manata bir büküm narkotik vasitə olan heroin almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 8 saylı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynində olan şalvarın cibində saxladığı 01 büküm heroini çıxarıb təqdim etmişdir. Həmin büküm xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onu Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. İdarədə ona hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə psixotrop maddənin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Saxlanılarkən və ya daha sonra hər hansı təsir və ya təzyiqə məruz qalmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsili bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxmini saat 16 radələrində Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında günorta saatlarında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 8 saylı evin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs saxlayaraq onu narkotik vasitələri əldə etmə, saxlama və gəzdirməkdə şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibində olan bir ədəd bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxarkən orada psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni saxlanıldığı gün Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini demişdir. Aşkar edilmiş maddə olan elektron tərəzidə çəkilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra müvafiq sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. İdarədə ona hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmişdir. Vəkilin və onların iştirakı ilə psixotrop maddənin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Bundan sonra müvafiq protokol tərtib olunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etdilər. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya müqavimət göstərməmişdir. Törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Şahid3 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahidlər Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid3 və Şahid2 ifadələrinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişlər ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, kiçik inpektorlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,47 qram olması müəyyən edilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 28-29-cu vərəqələrində olan şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının işitrakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi maddə qablaşdırıldığı zərfdə təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin zərfin içərisndə onun təqdim etdiyi psixotrop maddə olan metamfetaminin olmasını və həmin maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli 20/453 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,386 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi - 0,386 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq- 0,336 qram. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,336 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş. Cinayət işinin 100-105-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və təqdim edilən əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 96-97-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3474 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128 və 180.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 69.3-cü maddələrinə əsasən ona 08 ay 06 gün müddətə islah işləri cəzası təyin edilmişdir; 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsinə əsasən 02 il sinaq müddəti tətbiq olunmaqla şərti olaraq 02 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hömkün çıxarıldığı 25 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3474 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,336 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,336 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar