Məhkəmə qərarları › İş №1(060)-603/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-603/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-603/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,464 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 may 2021-ci il tarixdə saat 18:50-də Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereşükül küçəsi ərazisində saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,464 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, ağrıları olduğundan narkotik vasitə olan heroin qəbul edir. Tutulmamışdan təxminən 2 gün öncə, yəni 09 may 2021-ci il tarixdə təxminən günorta saatlarında o şəxsi işləri ilə bağlı Sumqayıt şəhərinə getmiş, Sumqayıt şəhərində olarkən dəqiq xatırlamadığı küçədə 1 ədəd şəffaf rəngli sellofan büküm tapmış, həmin maddəni yerdən götürüb baxmış və həmin maddənin narkotik vasitə olan heroin olduğunu görmüşdür. O həmin narkotik vasitəni cibinə qoymuşdur ki, ağrıları olanda istifadə etsin. O narkotik vasitəni tərgitməsi üçün müalicə olunduğundan həmin narkotik vasitəni 2 gün istifadə etməmişdir. 11 may 2021-ci il tarixdə təxminən saat 18:50 radələrində o Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Kiçik Pereşükül küçəsində olarkən onu polis əməkdaşları saxlamışlar və onu 2-ci polis bölməsinə aparmalı olduqlarını demişlər. O da polis əməkdaşları ilə bölməyə getmiş, həmin vaxt onun üzərində 2 gün əvvəl tapdığı narkotik vasitə olan heroin olmuşdur. O yolda bölməyə gedərkən onsuz da polis əməkdaşlarının üzərində narkotik vasitə olan heroinin olacağını biləcəklərini düşünüb polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu demişdir. Polis əməkdaşları da onu polis bölməsinə aparmışlar, onu təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı da onun üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçiriləcəyini demiş, o da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Polis bölməsində ona hüquqlarını müdafiə edilməsi üçün dövət hesabına təyin edilmiş müdafiəçi təqdim olunmuş, bundan sonra polis əməkdaşları videoçəkilişlə üzərində şəxsi axtarış keçirməyə başlamışlar və polis əməkdaşları ona üzərində qeyri-qanuni nə varsa, təqdim etməyi təklif etmişlər. O da əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan heroin olan 1 ədəd şəffaf rəngli sellfoan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları həmin maddənin nə olduğunu, haradan əldə etdiyini soruşduqda, o da onlara ilkin olaraq nə olduğunu bilmədiyini demiş, lakin sonradan polis əməkdaşlarına demişdir ki, həmin narkotik vasitə olan heroindir, onu tutulmamışdan 2 gün əvvəl Sumqayıt şəhərindən küçədən tapmış, polis əməkdaşlarnın suallarına cavab olaraq bildirmişdir ki, həmin maddəyə özü qabaqcadan baxmış və narkotik vasitə olan heroin olduğunu bilmişdir. Daha sonra polis əməkdaşları bükümü açıb içərisinə baxmışlar, içərisində qəhvəyi rəngli maddə olan, narkotik vasitə olan heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin ona təqdim olunmuş vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, zərfə qablaşdırılaraq götürülmüş və videoçəkiliş dayandırılmışdır. O saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Əməlindən peşmandır, hazırda Bakı şəhərində müalicə alır, narkotik aludəçiliyinə son qoymaq istəyir, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsi ev 74 A-da qeydiyyatda olmaqla yaşayan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu 11.05.2021-ci il tarixdə, saat 18:50-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Kiçik Perekeşkül küçəsi ərazisində saxlanılmış və saxlanılan zaman üzərində narkotik maddə olması barədə məlumat vermişdir. Bu səbəbdən həmin şəxs aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmiş və bununla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-nin rəisinə raportla müraciət edilmişdir. Həmin raport əsasında 11.05.2021-ci il tarixdə saat 18:58-də bölmənin xidməti otaqların birində videoçəkiliş aparılmaqla 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov özünü təqdim edərək həmin şəxsə də özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs oğlu olduğunu bildirmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Həmin vaxt təhqiqatçı Süleymana hüquq və vəzifələri barədə bildirişlə tanış edərək, ona hüqularının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili İftixar Əhmədovu təqdim etmişdir. Süleyman da bildirişlə tanış olaraq, vəkilə etiraz etməmişdir. Daha sonra təhqiqatçı ona bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə gəzdirdiyini və narkotik vasitə istifadəçisi olduğunu bildirdiyinə görə qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə və gəzdirməkdə şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçiriləcəkdir. O da etiraz etməmişdir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif edilmişdir. Süleyman da əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb onlara təqdim etmişdir. Həmin vaxt ondan həmin maddənin nə olduğu, haradan əldə edildiyi soruşulduqda, o da onlara ilkin olaraq nə olduğunu bilmədiyini desə də, sonradan onlara etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğunu, onu tutulmamışdan 2 gün əvvəl Sumqayıt şəhərindən küçədən tapdığını, həmin maddəyə özünün qabaqcadan baxdığını və narkotik vasitə olan heroin olduğunu bildiyini demişdir. Daha sonra həmin büküm açılaraq içərisinə baxılmış, içərisində qəhvəyi rəngli maddə olan, narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs vəkil İ.Əhmədovun suallarını cavablandıraraq əvvəllərdə narkotik vasitə istifadəçisi olduğu üçün məhkum olunduğunu bildirmişdir. Eyni zamanda şəxsi axtarış zamanı müdadfiəçisi ona polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilib edilməməsini soruşmuş, o da polis əməkdaşlarının ona heç bir zor tətbiq etmədiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin ona təqdim olunmuş vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, zərfə qablaşdırılaraq götürülmüş və videoçəkiliş dayandırılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Şahid1la eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan “tutulma haqqında” 11.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdə saat 18:50-də Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Kiçik Perekeşkül küçəsi ərazisində tutulmuşdur.(i.v 05, 16) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “Həbs” qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər prokuroruna vəsatət verilmiş, Sumqayıt şəhər Prokurorunun 13.05.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə qərar qəbul edilərək saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və 13.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.65-70) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 11.05.2021-ci il tarixli protokoldan görünür ki, 11.05.2021-ci il tarixdə saat 18:58 radələrində Sumqayıt şəhər Pİnin 2-ci PB-ndə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü aşkar edilərək götürülmüşdür. (i.v.23-24) İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxsovun üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,414 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxsovun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v.76, 137-144) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxsovun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmişdir, diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu 11.05.2021-ci il tarixdə, saat 18:50-də keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Kiçik Perekeşkül küçəsi ərazisində saxlanılan zaman üzərində narkotik maddə olması barədə məlumat verməsi səbəbdən aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilərək bölmənin xidməti otaqların birində videoçəkiliş aparılmaqla 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov özünü təqdim edərək həmin şəxsə də özünü təqdim etməsini xahiş edir, o da özünü təşdim edərək Təqsirləndirilən şəxs oğlu olduğunu bildirir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Həmin vaxt təhqiqatçı Süleymana hüquq və vəzifələri barədə bildirişlə tanış edərək, ona hüqularının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili İftixar Əhmədovu təqdim edir. Süleyman da bildirişlə tanış olaraq, vəkilə etiraz etmir. Daha sonra təhqiqatçı ona bildirir ki, istintaqdan yayındığı üçün polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə gəzdirdiyini və narkotik vasitə istifadəçisi olduğunu bildirdiyinə görə qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə və gəzdirməkdə şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçiriləcək. O da etiraz etmir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif edilir. Süleyman da əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim edir. Həmin vaxt ondan həmin maddənin nə olduğu, haradan əldə edildiyi soruşulduqda, o da ilkin olaraq nə olduğunu bilmədiyini desə də, sonradan etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğunu, onu tutulmamışdan 2 gün əvvəl Sumqayıt şəhərindən küçədən tapdığını, həmin maddəyə özünün qabaqcadan baxdığını və narkotik vasitə olan heroin olduğunu bildiyini deyir. Daha sonra həmin büküm açılaraq içərisinə baxılır, içərisində qəhvəyi rəngli maddə olan, narkotik vasitə olan heroin aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs vəkil İ.Əhmədovun suallarını cavablandıraraq əvvəllərdə narkotik vasitə istifadəçisi olduğu üçün məhkum olunduğunu bildirir. Eyni zamanda şəxsi axtarış zamanı müdadfiəçisi ona polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilib edilməməsini soruşur, o da polis əməkdaşlarının ona heç bir zor tətbiq etmədiklərini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin ona təqdim olunmuş vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilir və heroinin bükümlə birlikdə çəkisinin 1,70 qram olduğunu müəyyən olunur, zərfə qablaşdırılaraq götürülür və videoçəkiliş dayandırılır. (i.v.79-81) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Sumqayıt şəhər Məhkəməsinin 22.05.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və AR MM-in 17.03.2009-cu il tarixli Amnistiya qərarına əsasən 15.04.2009-cu il tarixdə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. (99-100, 107-108) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 12.05.2021-ci il tarixli, 6/1897 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №126“ möhür əksi, “Vət.Təqsirləndirilən şəxs oğlunun üzərindən...” və s.yazılar, imzalar olan olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,464 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vastə heroindir. (i.v.31-35) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01.06.2021-ci il tarixli, 1669 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 120-121) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserin 2685 saylı, 22.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ilin yanvar ayından Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. (i.v. 98) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 89) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 20.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan RespublikasıCM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ekspert rəyində göstərildiyi kimi ümumi təmiz çəkisi 1,414 qram əsas götürülmüşdür. (i.v.137-144) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,464 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, yaşını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkündür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,414 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokollardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdən 13 may 2021-ci il tarixədək tutulub iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdən 13 may 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,414 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar