Məhkəmə qərarları › İş №1(060)-603/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-603/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-603/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağları massivi, bağ evi ünvanında yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, baş evi ünvanında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Xaliyəddin qızını əl zərbələri ilə vuraraq sonuncuya alt çənənin orta hissəsinin qançırı, sağ bazunun orta 1/3-nin bayır səthinin sıyrıqları, dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və onunla 2011-ci ildə ailə qurmuşdur. Birgə nikah dövründə iki qız övladları dünyaya gəlmişdir. xx.xx.2022-ci ıl tarixdə axşam saatlarında dostu ilə yeyib-içdikdən sonra saat 23:00 radələrində yaşadığı bağ evinə gəlmiş və yoldaşı Gülaydan işdən nə vaxt gəldiyini ondan soruşmuş, Gülay isə "sənin nəyinə lazım" sözlərini ona bildirmişdir. Gülayın ona bu cür kobud cavab qaytarması ona pis təsir etdiyindən əsəbləşərək "üzümə bozarma" sözlərini Gülaya deyib yumruqla çənəsindən, evdəki ütü ilə sağ qolundan vurub saçlarından tutub dartaraq onu döyməyə başlamış, sonradan Gülaydan telefonunu istəsə də, Gülay telefonunu vermədiyindən saçlarından tutub onu yerlə sürümüş, onların səsinə qardaşı Elçin səslərinə gəlmiş, lakın müdaxilə etməyərək kənardan baxmışdır. Bir qədər keçmiş Gülay qardaşı Şahid zəng edib onun tərəfindən döyülməsi barədə məlumat vermişdir. Sonradan isə Fərid evlərinə gəlib Gülayı öz atası gilə aparmışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və onunla 2011-ci ildə ailə qurmuşdur. Birgə nikah dövründə iki qız övladları dünyaya gəlmişdir. Onlar ailə qurandan sonra Elşad mütamadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə onunla dava-dalaş etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 23:00 radələrində azyaşlı övladları ilə birlikdə evdə olan zaman Elşad sərxoş vəziyyətdə evə gəlmiş və ondan nə vaxt işdən gəldiyini soruşmuş, o isə həmişə vaxtda gəldiyini ona cavab vermiş, bundan sonra "üzümə bozarma" sözlərini ona deyib onun ünvanına nalayiq söyüşlər söymuş, üstünə gələrək yumruqla çənəsindən, evdəki ütü ilə sağ qolundan vurub saçlarından tutub dartaraq onu döyməyə başlamışdır. O qışqırsa da bir həyətdə yaşayan anası və qardaşı onlaraə yaxın gəlməmişlər. Sonradan Elşad onun saçlarından tutub onu yerlə sürümüş, bunu görə Elşadın qardaşı müdaxilə etməyərək kənardan baxmışdır. Bir qədər keçmiş o qardaşı Şahid zəng edib yoldaşı Elşadın onu döyməsini bildirərək yanına gəlməsini xahiş etmiş, bir qədər keçmiş Fərid evinə gəlib onu atasının evinə aparmışdır. Sonra isə DİN-nin 102 Xidmətinin zəng mərkəzi sisteminə zəng edib döyülməyi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 838 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – alt çənənin orta hissəsinin qançırı, sağ bazunun orta 1/3-nin bayır səthinin sıyrıqları, dərialtı hematoması vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il qərarın təsviri hissəsində göstərilən qaydada əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2380 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “Sumqayıt Tibb Mərkəzi” X1 2 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar