Məhkəmə qərarları › İş №1(060)-605/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-605/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-605/2022 20.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 51-ci məhəllə,ev 51 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə kirayə yaşadıqları ünvan 3 ünvanında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs sillə zərbələri vuraraq sonuncuya üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş cırılmış yarası və üst dodağın selikli qişasına qansızma kimi qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2002-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nigahlarından xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Hal hazırda qızı Sevinc ailə həyatı qurmuş və onlarla birlikdə yaşamır. Lakin digər övladları Sevil və Taleh onlarla birlikdə eyni ünvanda yaşayırlar. Ailə həyatı qurduqları vaxtdan etibarən ailə üzvləri ilə normal davranmış, onların bütün sıxıntıları ilə maraqlanıb ehtiyaclarını ödəmişdir. Lakin son aylar həyat yoldaşı Lalə ilə aralarında qısqanclıq zəmnində yaşadıqları ünvanda bir neçə dəfə mübahisə və münaqişələr yaranmış, buna baxmayaraq hər dəfəsində ailələri dağılmasın deyə bu barədə nə o nə də ki, Lalə polis orqanlarına məlumat verməmişlər. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində evdə olan zaman bir daha Lalə heç bir səbəb olmadan qısqanclıq zəmnində onunla mübahisə etməyə başlamışdır. Etmədiyi bir şeyi onun üzərinə yıxaraq münaqişə etməyə başlamış, o onu nə qədər sakitləşdirməyə çalışsa da, Lalə ona əhəmiyyət verməyib əksinə olaraq qıcıqlandırıcı ifadələrlə onu özündən çıxarmağa cəhd etmişdir. Artıq o Lalənin bu hərəkətlərinə tam əsəbləşərək onu özündən kənarlaşdırmaq məqsədilə bir qədər kənara itələmişdir. Ola bilsin ki, həmin vaxt əli onun ağız nahiyyəsinə dəymişdir. Bu vaxt qızı Sevil onların səs-küylərinə qonaq otağına daxil olmuşdur. Həmin zaman Sevil onların arasına girmiş və uca səslə onun üzərinə qışqıraraq anası Lalənin tərəfini tutmağa başlamışdır. O da öz növbəsində anasına olan hirsini onun üzərinə tökərək qızı Sevili də kənara itələyib otaqdan çıxmışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2002-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nigahlarından xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Hal hazırda qızı Sevinc ailə həyatı qurmuş və onlarla birlikdə yaşamır. Lakin digər övladları Sevil və Taleh onlarla birlikdə eyni ünvanda yaşayırlar. Ailə həyatı qurduqları vaxtdan etibarən həyat yoldaşı Rza onlarla normal davranmış, ailəsinə yaxşı baxmışdır. Lakin son aylar Rza ilə onun arasında qısqanclıq zəminində yaşadıqları ünvanda bir neçə dəfə mübahisə və münaqişələr yaranmış, buna zaxmayaraq hər dəfəsində ailə dağılmasın deyə Rzanın bu əməlləri barədə polis orqanlarına məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində evdə olan zaman bir daha həyat yoldaşı Rza ilə qısqanclıq zəminində mübahisə yaranmışdır. Artıq onların mübahisələri get-gedə münaqişəyə çevrilmişdir. Bu zaman qızı Sevil onları sakitləşdirmək məqsədilə digər otaqdan yanlarına gəlmiş və atası Rzaya iradlarını bildirməyə başlamışdır. Rza isə onlara əhəmiyyət verməyərək uca səslə qışqırıb münaqişə etməkdə davam etmişdir. Hələ bu azmış kimi Rza qəfildən onun üzərinə hücum çəkərək onu döyməyə başlamışdır. Bu zaman qızları Sevil onların arasına keçmişdir. Bu ərəfədə Rza bərk əsəbləşərək övladları Sevilə də bir-iki sillə zərbələri vurmuşdur. O özünü güclə onun əlindən qurtararaq digər otağa daxil olmuşdur. Daha sonra Azərbaycan Respublikası DİN-nin “102” xidməti mərkəzi zəng sisteminə baş vermiş hadisə barədə məlumat vermişdir. O polisə məlumat edikdən sonra Rza tələsik halda evi tərk etmişdir. Tez bir zaman ərzində polis əməkdaşları yaşadıqları ünvana gəlmişlər və o ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, həyat yoldaşı Rza ilə xx.xx.2022-ci il tarixdə aralarında baş verən münaqişə təxminən yarım saat davam etmişdir və həmin vaxt yaxınlıqda buna şahidlik edə biləcək yalnız qızı Sevil olmuşdur. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 808 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər - üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş cırılmış yarası və üst dodağın selikli qişasına qansızma vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar