Məhkəmə qərarları › İş №1(060)-606/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-606/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-606/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2, Müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35A, mənzil 22-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X7 özgə əmlakını açıq talamaq məqsədilə 02 aprel 2021-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon, 35A nömrəli binanın arxasında Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncunun sürdüyü 250 manat dəyərində olan, üzərində «SAG ATX-765» yazıları olan velosipedi sürmək istədiyini bildirmiş, sonuncu velosipedi vermək istəmədiyi üçün velosipedi zorla onun əlindən alaraq oradan uzaqlaşıb Zərərçəkmiş şəxs1 250 (iki yüz əlli) manat məbləğində zərər vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 21.05.2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, ərazisində yerləşən «Kainat» geyim mağazasına müştəri kimi daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus içərisində 200 manat pul, 01 ədəd 2007-ci ildə alınmış, 585 əyarlı, 30 qram çəkidə, 2550 (iki min beş yüz əlli) manat dəyərində olan qızıl tros boyun bağı, 01 cüt 2010-cu ildə alınmış, 585 əyarlı, 14 qram çəkidə, 1190 (bir min yüz doxsan) manat dəyərində olan qızıl sırğa və 01 ədəd 585 əyarlı, 6 qram çəkidə olan 510 (beş yüz on) manat dəyərində komplekt qızıl üzük, 01 ədəd 1977-ci ildə alınmış, 585 yarlı, 6 qram çəkidə, 5 ədəd brilyant qaşlı, 510 (beş yüz on) manat dəyərində qızıl üzük, içərisində 6 il əvvəl alınmış, 01 ədəd 8 (səkkiz) manat dəyərində CİN kart olan, 01 ədəd 2017-ci ildə alınmış 120 (yüz iyirmi) manat dəyərində «Samsung G531 Gold» markalı mobil telefon aparatı, 01 ədəd qəhvəyi rəngli süni dəri materialdan olan 5 (beş) manat dəyərində olan pul qabı olan, qara rəngli 20 (iyirmi) manat dəyərində olan çantanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 4913 (dörd min doqquz yüz on üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, X7 Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X7 ona Azərbaycan Respubliksı CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 onunla qonşuluqda yaşayır. O, Şahid2 şəxsən tanımasa da, üzdən tanıyır. Nihad isə Mənsurənin nəvəsidir. 02.04.2021-ci il tarixdə saat 18 radələrində o, yaşadığı binanın həyətində gəzişmiş, heç bir yerdə işləmədiyi və narkotik vasitə olan heroindən istifadə etdiyi üçün pula ehtiyacı olmuşdur. O, həyətdə yəni binanın arxasında Nihadın velosiped sürdüyünü görmüş və fikirləşmişdir ki, velosipedi sürmək bəhanəsi ilə onun əlindən alıb aparıb satsın. Buna görə də Nihada yaxınlaşıb sürmək üçün velosipedi ondan istəmişdir. Nihad velosipedi ona vermək istəməmiş, o, isə velosipedin təkər hissəsinə yalandan toxunub velosipeddən tutmuşdur. Nihad velosipedi vermək istəməsə də o, velosipedi onun əlindən almış və sürməyə başlamış, oradan uzaqlaşanda Nihad arxasınca qaçaraq gəlib qışqırmağa başlamış, o isə ona məhəl qoymayıb oradan uzaqlaşmışdır. Nihad ona çata bilməmişdir. O, qəsəbədə poçtun yanında olanda tanıdığı Şahid1 ilə qarşılaşmış, ona velosipedin özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Emin ondan velosipedi almaq istədiyini bildirmişdir. Ancaq o, velosipedi təcili satmaq istədiyi üçün Eminin təklif etdiyi 20 manatla razılaşmış və 20 manata velosipedi Eminə satmışdır. Bundan sonra o, Sumqayıt şəhəri, Novxanı bağları adlanan əraziyə tanışının evində kanalizasiya xətlərini təmir etmək üçün getmiş, orada bir neçə saat işlədikdən sonra gecə saat 03 radələrində evə qayıdarkən polis əməkdaşları onu saxlayıb haradan gəldiyini soruşmuşlar. O, isə təmir işləri gördüyünü, hazırda isə yaşadığı evə getdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun barəsində şikayət olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, 1-ci PB-nə gəldikdən sonra Nihada məxsus velosipedi onun əlindən zorla aldığını etiraf etmiş, Nihadın əlindən velosipedi alarkən yanında heç kim olmamış, bu cinayəti tək etmişd, Nihadı vurmamış və ona xəsarət yetirməmişdir. İzahat verərəkən təhqiqatçı onu düzgün başa düşməmişdir. O, narkotik vasitə almaq üçün pul axtarmışdır. Fikirləşmişdir ki, velosipedi ələ keçirib satar və həmin pula narkotik vasitə alar. Nihadın əlindən velosipedi alıb qaçarkən Nihad ona tərəf baxmışdır. Nihad onun arxasınca qaçıb qışqırmağa başlamış, o onun qışqırmasına məhəl qoymadan hadisə yerindən uzaqlaşıb getmişdir. Velosipedi Eminə satarkən özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş və velosipedin cinayət yolu ilə əldə etdiyini Eminə bildirməmişdir. O, heç bir yerdə işləmədiyi və narkotik vasitə olan heroindən istifadə etdiyi üçün pula ehtiyacı olmuşdur. Buna görə də oğurluq etmək qərarına gəlmişdir. 21.05.2021-ci il tarixdə saat 11 radələrində o, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən «Kainat» geyim mağazasına müştəri kimi girmiş, ətrafa baxıb görmüşdür ki, mağazada olan satıcıların və müştərilərin başları qarışıqdır. O, bundan istifadə edib yerdəki qadın çantasını götürmüş və şübhə yaratmadan mağazanı tərk etmişdir. Bundan sonra o, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən bağçanın həyətinə getmiş və çantanı orada açmışdır. Çantanın içərisində 150 manat nəğd pul, 01 ədəd «Samsung» markalı mobil telefon, bir ədəd tros qızıl boyunbağı, 01 cüt qızıl sırğa və 02 ədəd qızıl üzük olduğunu görmüşdür. O, qızılları, pulu və telefonu götürüb çantanı bağçanın həyətindəki ağacın üstünə atmış, həmin gün yaşadığı evə getməmiş və Novxanı qəsəbəsi ərazisində dəniz kənarında yerləşən yarımtikililərdən birində qalmışdır. 22.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan tanışı İlqarın yanına getmişdir. O, qızıl üzüyü ona verib onun üçün satmasını xahiş etmiş, İlqara üzüyün oğurluq olduğunu deməmişdir. Sonra o Corat qəsəbəsində olan digər tanışları Fəxrəddin və Faiq adlı şəxslərlə görüşmüş, digər qızılları da satmaq üçün onlara vermişdir. Onlar qızılları «Cavid» ticarət mərkəzində satacaqlarını bildirmişlər. 23.05.2021-ci il tarixdə onlar Coratda görüşmüşlər. Onlar qızılları satdıqlarını bildirmişlər və ona 550 manat pul vermişlər. Oğurladığı telefon isə Fəxrəddində qalmışdır. 28.05.2021-ci il tarixdə polis əməkdaşları onu saxlayıb oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər, o polis bölməsində oğurluq etdiyini etiraf etmişdir. O, üzəklərdən birini yolda itirmişdir. Ona görə də Fəxrəddingilə 01 ədəd üzük vermiş, Fəxrəddinə və Faiqə qızılların oğurluq olduğunu bildirməmiş, oğurluğu tək etmiş və bu işdə ona heç kim kömək etməmişdir. Onun qadının çantasını götürməsini heç kim görməmişdir. Çünki hamının başı qarışıq olmuşdur. Əgər kimsə görsə idi səs-küy salıb onu tutardılar. O, əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 21.05.2021-ci il tarixdə saat təxminən 10:30 radələrində o, Sumqayıt şəhəri, 12-ci mirorayon ərazisində yerləşən «Kainat» geyim mağazasına getmişdir. O, evdən çıxanda içərisində 100 manat pul və ona məxsus qızıl zinət əşyaları olan sellofan torbanı və içərisində 20 manatlıq əskinaslarla ümumi məbləği 100 manat olan pul qabını əlindəki çantanın içərisinə qoymuşdur. Yolda isə boynunda olan qızıl boyunbağını açıb çantaya qoymuşdur. O, mağazaya daxil olub vitrinlərə yaxınlaşıb çantanı yanında yerə qoyub satıcı ilə birlikdə paltarlara baxmağa başlamış, vitrindən almaq istədiyi paltarları seçib paltar dəyişmə yerinə gedib paltarları geyinib baxmaq istəyəndə arxa tərəfinə baxıb çantanın qoyduğu yerdə olmadığını görmüşdür. Orada olanlara çantasının qoyduğu yerdə olmadığını bildirmiş, ona ətrafa yaxşı baxmasını demişlər. O, isə bildirmişdir ki, çantanı yanında yerə qoymuşdur, indi isə yoxdur. Bu vaxt mağazanın sahibi ona bildirmişdir ki, bayaq içəri girən şəxs narkomandır, yəqin çantanı o aparıb. Bundan sonra ətrafda olanlardan kimsə 102 xidmətinə zəng etmiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları dükana gəlmişlər. O, hadisəni olduğu kimi onlara danışmışdır. Dükanın sahibi bidirmişdir ki, həmin şəxsin adı Ramindir, yaxınlıqda yaşayır və narkomandır. Bundan sonra o, oraya gələn polis əməkdaşlarına hadisə barədə ərizə yazıb vermişdir. O, Raminin çantanı götürdüyünü görməmişdir. Çantada 200 manat pul, 01 ədəd 2007-ci ildə alınmış 30 qram çəkidə, 585 əyarlı, indiki qiyməti 2000 (iki min) manat dəyərində olan qızıl tros boyun bağı, 01 cüt 2010-cu ildə alınmış, 585 əyarlı, 14 qram çəkidə olan qızıl sırğa və 01 ədəd 585 əyarlı, 6 qram çəkidə olan indiki qiyməti 1200 manat dəyərində komplekt qızıl üzük, 01 ədəd 1977-ci ildə alınmış 6 qram çəkidə, 585 əyarlı, 5 ədəd brilyant qaşlı, indiki qiyməti 2000 manat dəyərində qızıl üzük və 01 ədəd 2017-ci ildə alınmış 200 manat dəyərində «Samsung G531 Gold» markalı mobil telefon aparatı olmuşdur. Telefon nömrəsi CİN nömrə olmuşdur və 6 ildir ki, istifadə olunur. Həmin nömrə 8 manata, oğurlanmış çanta qara rəngli dəridən olmuş və 20 manata, pul qabı isə qəhvəyi rəngdə süni dəri materialdan olmuş və 5 manata almışdır. Bütün bunlarla birlikdə ona ümumilikdə 5632 manat maddi ziyan dəymiş və təqsirləndirilən şəxs X7 tərəfində ona vurulan maddi ziyan ödənilməmişdir. Ona görə də, təqsirləndirilən şəxs X3 qanuna müvafiq cəza verilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, X4 üzdən tanıyır. Belə ki, Ramin onun nənəsi Mənsurənin qonşusudur. 02.04.2021-ci il tarixdə o, nənəsigilə qonaq getmişdir. Saat 18 radələrində nənəsigilin yaşadığı binanın arxasında özünə məxsus velosipedi sürmüşdür. Bu vaxt Ramin ona yaxınlaşmış və ona demişdir ki, dayısı ilə danışmış, buna görə də velosipedi sürmək üçün ona verməsini istəmişdir. O, Raminə etiraz etmişdir. Çünki fikirləşmişdir ki, əgər dayısı ona belə bir söz desə idi zəng edib ona da deyərdi. Buna görə də o, Raminə velosipedi verməkdən imtina etmişdir. Bu vaxt Ramin velosipedin arxa təkərinə sağ tərəfdən bir dəfə təpiklə vurmuşdur. O, velosipeddə oturduğu üçün velosipeddən sol tərəf üstə yerə yıxılmışdır. Bu vaxt velosipedin oturacağı onun sol böyrünə dəymiş, böyründə ağrı hiss etmişdir. Ramin isə onun yıxıldığını görüb velosipedə oturmuş və sürərək oradan uzaqlaşmışdır. O, ayağa durub qışqıraraq velosipedi qaytarmasını istəmişdir və onun arxasınca qaçmağa başlamışdır. Lakin o, Raminə çata bilməmişdir. Bundan sonra evə gəlib anası Aidəyə bu barədə məlumat vermişdir. Sonra anası nənəsinə zəng etmiş, nənəsi isə gəldikdən sonra onlar birlikdə 1-ci PB-nə getmişlər və nənəsi orada şikayət ərizəsi yazmışdır. Ramin Əlizadə velosipedə təpiklə vurduğu üçün o, velosipeddən yerə yıxılmışdır. Ramin onun sinəsindən təpiklə vurmamışdır və ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02.04.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evə gələrkən azyaşlı nəvəsi Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, həyətdə velosiped sürən zaman qonşuluqda yaşayan Ramin adlı şəxs onun əlindən velosipedi zorla alaraq çıxıb getmişdir. Nəvəsi ona bu barədə məlumat verdikdən sonra o, dərhal 102 xidmətinə məlumat vermişdir. Hadisə vaxtı nəvəsi heç bir xəsarət almamışdır. Buna görə də onun MTE-dan keçirilməsinə heç bir ehtiyac olmamışdır O, hadisə barədə izahat verdikdən sonra nəvəsi onlara bildirmişdir ki, Ramin təpiklə onun sinəsinə yox velosipedə vuraraq onu velosipeddən yerə yıxmış və velosipedi sürərək uzaqlaşmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02.04.2021-ci il tarixdə saat 20 radələrində saçını kəsdirmək üçün evdən çıxmış və qəsəbədəki poçtun yanında tanımadığı bir şəxsin velosipedlə dayandığını görmüşdür. Həmin şəxs ona velosipedi satmaq istədiyini bildirmişdir. O, ondan velosipedi neçəyə satdığını soruşmuş, həmin şəxs ona velosipedi 40 manata satdığını demişdir. O, üzərində 20 manat olduğunu bildirmişdir. Həmin şəxs əvvəlcə velosipedi 20 manata satmaq istəmədiyini bildirsə də sonradan pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. O, 20 manat pul verib həmin velosipedi almış, velosipedi aldıqdan sonra evə qayıtmışdır. Bir gündən sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və aldığı velosipedin oğurluq olduğunu bildirmişlər. O, həmin velosipedi polis əməkdaşlarına təqdim etmiş, velosipedi alarkən həmin şəxs ona velosiped özünə məxsus olduğunu və sadəcə pula ehtiyacı olduğu üçün təcili olaraq ucuz satdığını demişdir. Buna görə də o, 20 manat verib həmin velosipedi almış, velosipedin cinayət yolu ilə əldə olunduğunu bilməmişdir. O, sonradan maraqlanıb öyrənmişdir ki, ona velosiped satan şəxs X5r. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən «Kainat» geyim mağazasını icarə əsasında işlədir. 21.05.2021-ci il tarixdə təxminən saat 11 radələrində mağazada olmuşdur. Mağazada bir neçə nəfər müştəri olmuş, bu vaxt mağazaya narkotik vasitə aludəçisi kimi tanıdığı Ramin adlı şəxs daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Raminin əlində çanta ilə dükandan çıxıb getdiyini görmüşdür. Ramin getdikdən bir neçə dəqiqə sonra müştərilərdən bir nəfər qadın çantasının yoxa çıxdığını bildirmişdir. O, onda başa düşmüşdür ki, çantanı Ramin oğurlamış, dərhal mağazadan çölə çıxmış və Raminin yolun əks tərəfi ilə qaçıb getdiyini görmüşdür. Bundan sonra dükanda olanlardan kimsə bu barədə polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Ramin mağazada qadının içərisində pul, telefon və qızıl-zinət əşyaları olan çantasını oğurlayıb aparmışdır. O, onun arxasınca qışqırıb dayanmasını tələb etsə də, Ramin ondan çox aralıda olduğu üçün onu çağırmağını eşitməmiş, arxasına baxmadan getmiş və Ramin onun onu gördüyünü bilməmişdir. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 31.05.2021-ci il tarixli, 9/2685 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 16.07.2021-ci il tarixli, 9/4384 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ümumilikdə 4913 (dörd min doqquz yüz on üç) manat maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi götürülmüş 01 ədəd «SAG ATX-765» markalı velosiped maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarından görünür ki, X7 03.04.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 05.04.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək saxlandığı Sumqayıt SPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, X7 29.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-251/2021 saylı, 29.05.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 18.08.2021-ci il tarixli qərarından görünür ki, X2 əməlində Azərbaycan Respublikası CM-nin 180.2.1 və 186-cı maddələrinin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 nömrəli şəhər poliklinikasının məktubundan görünür ki, X7 1 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir. İş materiallarında olan 10 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X7 müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxs X2 cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X6 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən X2 03.04.2021-ci il tarixdən 05.04.2021-ci il tarixə kimi məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29.05.2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat X1 tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi götürülmüş 01 ədəd «SAG ATX-765» markalı velosipedin saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınmalı və Zərərçəkmiş şəxs2 X3 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X3 təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən X2 03.04.2021-ci il tarixdən 05.04.2021-ci il tarixə kimi məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29.05.2021-ci il tarixdən hesablansın. X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 X3 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi götürülmüş 01 ədəd «SAG ATX-765» markalı velosipedin saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X6 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar