Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-608/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 7A, Bakı küçəsi ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində fərid yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhər, 41-ci məhəllə, 7A nömrəli yataqxananın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında sonuncudan xərcləmək üçün pul istəməsi ilə bağlı olan söhbət zamanı Zərərçəkmiş şəxs əynində olan idman şalvarının sağ yan cibindən içərisində 42 (qırx iki) manat pul olan 10 (on) manat dəyərində qara rəngli pul qabının bir hissəsinin çölə çıxdığını gördükdən sonra həmin pul qabını dartıb çıxarmaqla götürüb özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməklə zərərçəkmiş şəxsə ümumilikdə 52 (əlli iki) manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 25 ildir tanıyır, onunla Sumqayıt şəhəri, Lermontov küçəsində yerləşən yataqxanada qonşuluqda yaşamış və oradan aralarında qonşuluq münasibətləri olmuşdur. Belə ki, Azər ilə münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Azərin yaşadığı yataqxananın yaxınlığında olan mağazadan 02 (iki) butulka pivə içkisi almış, orada yaxınlıqda olan skamyada əyləşib içmiş, bundan sonra yenə də pivə içmək istəsə də, artıq pulu qurtardığında və Azər adlı tanışının da mütəmadi içki içdiyinə görə onların yaşadığı binanın yaxınlığında olduğundan ona zəng etməyi, onun pivə alaraq ikisinin də pivə içməsini düşünmüşdür. Buna görə də, yoldan keçən tanımadığı bir nəfər şəxsdən telefonunu xahiş edərək almış və Azərə zəng edib harada olduğunu soruşduqda o, yaşadığı yataqxananın giriş blokunda olduğunu demişdir. Ona yerini deyib gəlməsini xahiş etmiş, 3-4 dəqiqə sonra Azər onun yanına gəlmiş və nə olduğunu soruşduqda ona içmək üçün pivə almasını dedikdə Azər almayacağını bildirmişdir. Onu mağazanın yanına çağırmış və hər ikisi onların yaşadığı binanın qarşısında olan kiçik mağazanın yanına getmişlər. Orada ondan bir daha pul istəsə də, Azər ona “çıx get işinlə məşğul ol dünənki uşaqsan nə istiyirsən məndən” demişdir. Həmin vaxt onun əynində olan şalvarın yan cibindən çölə çıxmış pul qabını dartıb qaçmış və bu zaman Azər arxasından qışqıraraq onu geri çağırsa da, geri qayıtmamışdır. Pul qabının içinə baxmış və təxminən 18-20 manat pul olmuş və pulu götürüb pul qabının içərisində Azərə məxsus şəxsiyyət vəsiqəsinin olduğunu görərək Azər arxasından gəlsə götürməsi üçün pul qabını yerə atmışdır. Oradan 41A məhəllə ərazisinə getmiş və “Araz” marketə girib oradan 03 (üç) butulka pivə, 01 (bir) qutu “Kent 8” siqareti, alışqan, 01 (bir) qutu cipsi alaraq mağazadan çıxmışdır. Yolun kənarı ilə içə-içə getdiyi zaman mülki geyimdə olan bir neçə şəxs onu çağıraraq Polis Bölməsinə aparmışlar və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. O, Azərə pivə almasını demiş və o, etiraz etdikdə onunla danışdıqları zaman əynində olan şalvarın yan cibindən pul qabının yarısının çölə çıxdığını görmüş və qəflətən əli ilə həmin pul qabını dartıb oradan qaçaraq uzaqlaşmış, həmin vaxt yanlarında başqa heç kim olmamışdır. İlk dəfə idi ki, belə bir hadisə törətmiş, əvvəllər başqa hər hansısa şəxsə qarşı bu kimi əməllərə yol verməmişdir. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini və ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur və uzun illərdir onunla tanışlıqları vardır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı binanın blokunda olduğu zaman tanımadığı nömrədən ona zəng gəlmiş, zəng edən tanışı Mehman olmuş, Mehman ondan harada olduğunu soruşmuş və yaşadığı binanın blokunda olduğunu demişdir. Mehman bloka gəlmiş, onun qoluna girmiş və ona işi olduğunu deyib mağaza tərəfə aparmışdır. Mehman bir neçə gün əvvəl ondan narkotik vasitə olub-olmadığını soruşduqda ona olmadığını, artıq narkotikdən uzaqlaşdığını dedikdə, “beynimdə saxladım ha” demiş və mağazanın yan tərəfinə çatdığı zaman “keçən dəfə sənə nə demişdim?” demiş və yenə də Mehmana ona narkotikdən uzaqlaşdığını demişdir. O, “pul ver mənə pivə alıb içəcəyəm” demişdir. Ona pulunun olmadığını demiş və çıxıb getməsini bildirmişdir. O, isə “sənin pulun həmişə var pul ver mənə” deyirmişdir. Onunla üz-üzə dayanıb söhbət etdiyi zaman o, qəflətən əynində olan idman şalvarının cibindən bir hissəsi çölə çıxan pul qabını əli ilə tutub dartıb götürmüş və oradan qaçaraq uzaqlaşmış, ona qışqıraraq dəfələrlə pul qabını geri qaytarmasını desə də o, dayanmayaraq qaçıb uzaqlaşmışdır. Buna görə də əsəbi halda öz yaşadığı evə getmiş və ailə üzvləri ondan nə baş verdiyini soruşduqda Mehmanın onu vurub pul qabını oğurlayıb qaçdığını demişdir. Bundan sonra ailə üzvləri DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişlər. İlkin ifadəsində Təqsirləndirilən şəxs sifət nahiyyəsindən əl-yumruq zərbələri ilə vuraraq xəsarət yetirib pul qabını götürdüyünü bildirməsinə səbəb Mehmanın onun cibindən pul qabını götürüb qaçdığı zaman dəfələrlə onu çağırıb dayanmasını desə də, dayanmamasına görə onun məsuliyyətini ağır olmasına görə də onu vuraraq xəsarət yetirdiyini bildirmişdir, lakin Mehman onu vurmamışdır. Mehmanın hərəkəti ona pis təsir etmiş və buna görə də evə getdiyi zaman ailə üzvləri əsəbi olmağının səbəbini soruşduqda Mehmanın onu vurub pul qabısını oğurladığını demiş və həyat yoldaşı Cəmilə Rzayeva ondan xəbərsiz DİN-nin 102 xidmətinə zəng edərək belə məlumat vermişdir. Onun əvvəlcə şikayət etmək fikri olmasa da, həyat yoldaşı DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyindən o da ərizə və istintaq zamanı ilkin ifadəsində Mehmanın onu vurub pul qabını götürdüyünü demişdir. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, Mehman həbsdə olduğu müddətdə ailə üzvləri ona dəyən ziyanı ödəmişlər. Həmin vaxt pul qabında şəxsiyyət vəsiqəsi də olmuş sonradan Mehman pul qabını binanın həyətinə atdığından pul qabını binanın həyətindən tapmışlar və şəxsiyyət vəsiqəsi də özündədir. Hal-hazırda Təqsirləndirilən şəxs dəymiş maddi ziyanı ödədiyindən ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onun barəsində cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs kürəkənidir və eyni ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrindən Azər evdə olmamış, binanın həyətinə düşmüşdür. Təxminən bir saat sonra o, əsəbi halda evə gəlmiş və kimisə söymüşdür. Ondan nə baş verdiyini soruşduqda o, Mehman adlı şəxsin onun pul qabısını götürüb qaçdığını demişdir. O, Azərdən Mehmanın kim olduğunu, pulları necə götürdüyünü nə üçün pul qabını onun əlindən geri ala bilmədiyini soruşdquda Azər Mehmanın əvvəllər qonşuluqda yaşayan "Mani" kimi tanıdıqları şəxs olduğunu və Mehmanın onu vurub pul qabını cibindən götürüb qaçdığını demişdir. Bir qədər sonra Azər əsəbi halda evdən çıxmış və buna görə də qızı ilə o, DİNnin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişlər. Azərin geri qayıtmadığını görmüş və evdən çıxıb onun hara getdiyini maraqlanmaq istədiyib evdən çıxıb binanın həyətinə düşdükdə binanın qarşısında qara rəngli pul qabının yerdə olduğunu görmüş, götürüb açıb içinə baxdıqda içərisində Azərin şəxsiyyət vəsiqəsi olduğunu görmüşdür. Evə geri qayıtdıqdan sonra polis əməkdaşları artıq onların evində olmuşlar və o onlara hadisə barədə danışmış, həmin vaxt da Azər evdə olmamış, sonradan evə gəldikdə DİN-nin 102 xidmətinə zəng etdiklərini bilib "gərək DİN-nin 102 xidmətinə zəng etməyəydiniz" demişdir. O, qızı Cəmilə Rzayeva ilə birlikdə DİN-nin 102 xidmətinə zəng edərək, Azərin döyülüb pullarının əlindən alınması barədə məlumat verməsinə səbəb Azərin evə gələrək, onlara bu barədə deməsi olmuşdur. Zərərçəkmiş şəxs həmin vaxt evə gəldiyi zaman üzərində xəsarət izi və ya paltarlarında cırılma və ya dağınıqlıq görməmiş, paltarları da həmişə olduğu qaydada olmuş Azərin əsəbi olmağından nəsə baş verdiyini başa düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2022-ci il tarixli, 9/3839 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 18x9 sm ölçülü üzərində basma üsuli ilə “BOVİS” yazısı olan, timsah dərisi formasında imitasia qara rəngli süni dəridən kişi portmanesi (pul kisəsi) hazırda yararsız vəziyyətdə olduğu üçün qiymətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 xx.xx.2022-ci il tarixli 405 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət və onun izi aşkar olunmamışdır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-176/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 326-cı maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş və Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd qara rəngli pul qabı maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına, yüngülləşdirici halları və ailəsinin həyat şəraiti nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan 01 (bir) ədəd qara rəngli pul qabı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 100.00 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 (bir) ədəd qara rəngli pul qabı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100.00 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-608/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-608/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver