Məhkəmə qərarları › İş №1(060)-609/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-609/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-609/2023 25.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,209 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 14 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi X.Məhərrəmoğlu küçəsində yerləşən “Corat” Marketin yaxınlığında saxlanılaraq Sumqayıt şəhəri Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 18:10 radələrində orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli idman şalvarının bel hissəsinin iç tərəfinə sancaqla bərkidilmiş 01 (bir) ədəd sellofan paketdə olan 01 (bir) ədəd gümüşü rəngli kağız bükümün içərisində xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 0,032 qram, 0,023 qram, 0,033 qram, 0,021 qram, 0,030 qram, 0,022 qram, 0,023 qram və 0,025 qram olmaqla 08 (səkkiz) ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,209 qram həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. Hal-hazırda heç bir əmək fəaliyəti ilə məşğul olmur. Bir neçə ildir narkotik vasitənin “kakos” adlandırılan heroini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. 14 aprel 2023-cü il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Bakı şəhərində Yasamal rayonu ərazisində olarkən bir nəfər şəxs təsadüfən ona yaxınlaşmışdır. Həmin şəxslə söhbət edən zaman narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Onunla söhbət zamanı narkotik vasitə satdığını bildirmişdir. Bədənində olan ağrıları kəsmək üçün narkotik vasitəni əldə edib qəbul etmək istəmişdir. Ona görə də, həmin şəxsdən ona 20 (iyirmi) manatlıq heroin (kakos) verməsini bildirmişdir. Həmin şəxs də üzərində olan 08 (səkkiz) ədəd “çet’ adlandırdığı bükümlərdə 20 (iyirmi) manatlıq heroini ona vermişdir. Həmin bükümlər 01 (bir) ədəd gümüşü rəngli kağız bükümün içərisində olmuşdur. Həmin kağız büküm isə 01 (bir) ədəd sellofan paketin paketin içərisində olmuşdur. Həmin sellofan paketi əynində olan idman şalvarının bel hissəsinin iç tərəfinə sancaqla bərkitmişdir. Bundan sonra həmin şəxs uzaqlaşıb getmişdir. İşlərini gördükdən sonra saat 17:00 radələrində Sumqayıt şəhərinə gələrək Corat qəsəbəsi ərazisində avtobusdan düşmüşdür. Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsində yerləşən “Corat” marketin qarşısında piyada hərəkət edən zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, özü Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Tahir Abbasovun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Tahir Abbasov müdafiəçisi kimi çağırılaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Tahir Abbasovun iştirakı ilə üzərində videoçəkiliş apanlmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının bel hissəsinin iç tərəfində sancaqla bərkitdiyi sellofan paketi çıxararaq təqdim etmişdir. Həmin sellofan paketi açdıqda içərisində 01 (bir) ədəd başqa bir gümüşü rəngli büküm aşkar edilmişdir. Həmin bükümün içərisində 08 (səkkiz) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli kütlələr olması müəyyən edilmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlələrin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni tutulduğu gün səhər saatlarında Bakı şəhərində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 08 ədəd (səkkiz) bükümdə olan narkotik vasitə heroinlər elekton tərəzidə çəkilmiş və kağız zərfə qoyularaq möhürlənmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Həmin narkotik vasitəni 20 (iyirmi) manat pul müqabilində 08 (səkkiz) büküm formasında əldə etmişdir. Həmin bükümləri sonradan özü bölməmişdir. Heroini 08 (səkkiz) ədəd ayrı-ayrı bükümlərdə necə almışsa üzərindən də o formada aşkar edilmişdir. İstər saxlanılan zaman, istərsə də polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsi daşıyır. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 14 aprel 2023-cü il tarixdə Adil adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Adil adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin 1-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra rəhbərliyi altında Sumqayıt ŞPİnin 1-ci Polis Bölməsinin kiçik inspektorları, polis baş serjantı Şahid3 Məqamı oğlu və polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək həmin tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsində yerləşən “Corat” marketin yaxınlığında Təqsirləndirilən şəxs görüb əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. 1-ci Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının bel hissəsiıiin iç tərəfmə sancaqla bərkidilmiş 01 (bir) ədəd sellofan paket çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümün içərisində 01 (bir) ədəd gümüşü rəngli kağız bükümün içərisində 08 (səkkiz) ədəd xırda bükümlər olması müəyyən edilmişdir. Həmin bükümlər hər biri təhqiqatçı tərəfindən açılıb içərisinə baxıldıqda qəhvəyi rəngli spesifik iyə malik kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. X1 Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri haradan əldə etməsini soruşduqda sonuncu həmin bükümləri tutulduğu gün, yəni 14 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manat pul müqabilində əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlələr ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş və aşkar edilərək götürülmüş kütlələr ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi məqsədilə əldə etməsi ilə yanaşı Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə əməliyyat məlumatları daxil olsa da o, tutulduğu günədək həmin məlumatların realizə olunması mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin, psixotrop maddə mütamfetamının və qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra X1 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişi təqdim edir və sonuncu həmin bildirişlə tanış olur. 1-ci Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. X1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan kənarları ağ qoşa xətli tüng göy rəngli idman şalvarının bel hissəsinin iç tərəfinə sancaqla bərkidilmiş sellofan paket çıxarıb təqdim edir. Sellofan paket açıldıqda içərisində 01 (bir) ədəd gümüşü rəngli kağz büküm olması müəyyən edilir. Həmin büküm açıldıqda içərisində 08 (səkkiz) ədəd qızılı rəngli kağıza bükülmüş bükümlər olması müəyyən edilir. Həmin bükümlər hər biri ayrılıqda açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlələr olması müəyyən edilir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilir və çəkilərinin müvafiq olaraq 0,06 qram, 0,06 qram, 0,05 qram, 0,06 qram 0,05 qram, 0,07 qram, 0,07 qram və 0,08 qram olması, ümumi təmiz çəkisinin isə 0,54 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bükümləri Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 (iyirmi) manat pul müqabilində əldə etdiyini bildirərək həmin narkotik vasitələrin heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıyaraq gəzdirdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd “Samsung Duos” markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 08 (səkkiz) ədəd bükümdə narkotik vasitə heroinlər və bir ədəd “Samsung Duos” markalı mobil telefon ayrıayrılıqda kağız zərfdə qablaşdırılaraq götürülür. İştirakçılar tərəfindən zərflərin üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Müdafiəçi Tahir Abasov şübhəli şəxs Təqsirləndirilən şəxs sual verərək nə zaman saxlanıldığını bildirdikdə sonuncu bu gün deyə cavab verir. Tahir Abbasov saat neçədə və harada saxlanıldığını bildirdikdə Təqsirləndirilən şəxs saat təxminən 15:00 radələrində Corat qəsəbəsi ərazisində saxlanıldığını bildirir. Tahir Quliyev kimin tərəfindən saxlanıldığını soruşduqda Təqsirləndirilən şəxs otaqda olan şəxsləri göstərərək həmin əməliyyatçılar tərəfindən saxlanıldığını bildirir. Bundan sonra X3 Quliyevin ailə vəziyyəti ilə bağlı suallar verdikdə sonuncu həmin suala cavab verərək Corat qəsəbəsində yaşayış evi olduğunu, ailəli olmaqla iki uşağı olduğunu bildirir. X3 Quliyevdən üzərindən aşkar olunan kütlənin kimə məxsus olduğunu və nə üçün gəzdirdiyini soruşduqda sonuncu həmin kütlələrin özünə məxsus olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən aldığını, ayağında ağrılar olduğuna görə ağrıları kəsmək üçün istifadə etmək məqsədilə üzərində daşıyaraq saxladığını, heç kimə satmadığını və vermədiyini bildirir. X1 Təqsirləndirilən şəxs saat 17:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin saatda Polis Bölməsinə gətirildiyini və Polis Bölməsinin qeydiyyat kitabına düşdüyünü bildirdikdə Təqsirləndirilən şəxs saat 17:00 radələrində saxlanıldığını, bir az əvvəl səhvən saat 15:00 radələrində saxlanıldığını bildirərək saat 17:00 radələrində saxlanılması ilə bağlı fikrini təkrar izah edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə fizıki-kimyəvi ekspertizasının 15 aprel 2022-ci il tarixli, 6/2231 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Zərflər üçün №125 dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,032 qram, 0,023 qram, 0,033 qram, 0,021 qram, 0,030 qram, 0,022 qram, 0,023 qram və 0,025 qram ümumi təmiz çəkisi 0,209 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələri” siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,209 qram, tədqiqata sərf edildi: ümumi 0,08 qram, qalıq ümumi 0,129 qram; İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs ambulator-məcburi narkoloji tibbi yoxlamanın 19 aprel 2022-ci il tarixli, 2326 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,209 qram olan heroindən aparılmış kimyəvi tədqiqatdan sonra qalıq çəkisi 0,129 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 maddəsi ilə təqsirli bilinib 02 (iki) il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini göstərərək özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilməsi özünü müdafiə xarakter daşıyır, onun törətdiyi əməl şahid ifadələri və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,209 qram olan narkotik vasitə heroindən aparılmış kimyəvi tədqiqatdan sonra qalıq çəkisi 0,129 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 80,00 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,129 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 80,00 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Kazımov X2 Adil Manaf oğluna məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar