Məhkəmə qərarları › İş №1(060)-61/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-61/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-61/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Sumqayit şəhəri H.Zeynalabdın qəsəbəsi Fətəlixan küçəsi ev 24 mənzil 1-də ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 350 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 13:33-də Sumqayıt şəhəri, H.Zeynalabdın qəsəbəsində yerləşən parkın yanında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən sol əlində saxladığı üzərində «Levis» sözləri yazılmış qarışıq rəngli sellofan torbanın içərisində təmiz çəkisi 350 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhər 20 yanvar metro stansiyasının yanına getmişdir. Orada əvvəllər tanımadığı və adını bilmədiyi şəxslə təsadüfən rastlaşıb söhbət etmişdir. Bu zaman həmin şəxs onda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onu satmaq istədiyini bildirmişdir. O həmin şəxslə bir qədər söhbət etdikdən sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananı ondan 50 manata almış, orada işlərini gördükdən sonra Sumqayıt şəhərinə gəlmişdir. xx.xx.2020 ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, H.Zeynalabdın qəsəbəsində yerləşən parkda gedərkən mülki geyimli və polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, özünü təqdim etməyi xahiş etmişlər. O özünü təqdim etmiş, polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək, üzərində narkotik vasitələrin qanunsuz əldə etmək, saxlamaq və daşımaqda şübhəli olduğu üçün saxlanmasını ona bildirmiş, öz razılığıyla video çəkilişlə üzərində və sol əlindəki sellafonda şəxsi axtarış aparılacağını bildirmişlər, o razılaşmış, axtarış aparılmazdan əvvəl üzərində hər hansısa qanunsuz əşya və ya maddənin olub-olmamasını soruşaraq olduğu halda təqdim etməsini bildirmişlər. O da sol əlindəki üzərində «Levis» sözləri yazılmış qarışıq rəngli sellafon torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxt, haradan və kimdə əldə etdiyini soruşulduqda, bildirmişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 2-3 gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında olarkən orada üzdən tanıdığı, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi, təsadüf nəticəsində tanış olduğu şəxsdən 50 manata şəxsi istifadəsi üçün alaraq, üzərində saxlamışdır. Bundan sonra videoçəkiliş dayandırılaraq sənədləşmə aparılması üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişlər və orada yenidən videoçəkiliş aparılmaqla onun iştirakı ilə üzərindən aşkar olunmuş qurudulmuş marixuana elektron tərəzidə çəkilərək, çəkisinin sellofanla birlikdə 418,3 qram olması müəyyən olunmuşdur. Daha sonra digər sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Bundan sonra qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və o da protokolu, eyni zamanda zərfi imzalamışdır. Törətdiyi əməldən peşmandır, xahiş edir barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid2 göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanıdır. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində Xəyyam adlı şəxsin narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat 13:33-də sonradan anket məlumatları bəlli olan Səmədov X1 şəhəri, H.Tağıyev qəsəbəsində yerləşən pakda müəyyən olunaraq saxlanılmışdır. Sumqayıt ŞPİ-nin 2-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2 Səmədova yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Baş təhqiqatçı X2 Səmədova narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş, Təqsirləndirilən şəxs bildirişlə tanış olmuşdur. Daha sonra baş təhqiqatçı X2 Səmədova videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmiş və şəxsi axtarışa başlanılmasından əvvəl onun üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sol əlində saxladığı üzərində «Levis» sözü yazılmış qarışıq rəngli sellofan torbanı onlara təqdim etmişdir. Ondan təqdim etdiyi torbanın içərisində nə olması, onu haradan, kimdən əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs torbanın içərisində qurudulmuş marixuana olduğunu, onu təxminən 2-3 gün əvvəl Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən orada üzdən tanıdığı, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi, təsadüf nəticəsində tanış olduğu şəxsdən 50 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından qurudulmuş marixuana götürülmüş, videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət olunmuşdur. O da buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən götürülmüş qurudulmuş marixuana onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra videoçəkiliş sənədləşdirmə aparılması üçün yenidən dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qurudulmuş marixuana qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 İbrahim oğlu və Şahid3 da ifadələrində Şahid2 dediklərini təsdiq etdilər. Cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2020-ci il tarixli protokolda Sumqayıt Şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 24) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/454 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən...” sözləri yazılmış skoçla bağlanmış polietilen torbada bir ədəd sellofanda təmiz çəkisi 350 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (tədqiqatdan sonra qalıq çəkisi 349,95 qramdır). (i.v. 39-41) Cinayət işi materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il, saat 13:33-də tutulmuşdur. (i.v. 18) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-160/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimata saat 17:55-də baxılmış, təqdimat rədd edilmiş və təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsi qərara alınmışdır. (i.v. 69- 70) İş materiallarında olan “Qətimkan tədbiri seçmə barədə” xx xxxx 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 71-73) İş materiallarında olan məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin 2-ci Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 83) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 349,95 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. (i.v. 79-80) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 103) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2512 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 93-94) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin hökmünün surətindən və Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Səmədov X1 şəhər məhkəməsinin xx.xx.2017-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə azadlıqdan məhumetmə cəzasının sonu ilə azad olunmuşdur. (28-30, 96-100) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından və Sumqayıt Şəhər Probqsiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 3630 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-cü il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzası 216 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs ictimai işlər cəzasını çəkməmişdir. Sumqayıt Şəhər Narkoloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs fevral 2018-ci il tarixdən Sumqayıt Şəhər Narkoloji Dispanserində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumlğu ödənilməmiş hesab edilir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilməsi, şəxsi axtarış keçirilməsi haqqında protokolun əks olunduğu CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (i.v. 104-110) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-473/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 125-6255-1220 saylı, xx.xx.2020-ci il tarixli məktubundan və protokoldan görünür ki, Sarıyev Rövşən Çapay oğlu xx xxxxxx 2020-ci ildə, saat 10:30-da tutulmuş və Sumqayıt Şəhər Pİ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 350 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyası həddində, CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 216 saat ictimai işlər cəzası çəkilməmiş cəza kimi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş ictimai işlər cəzasının səkkiz saatı azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il, saat 13:33-də tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-160/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarına əsasən onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimata saat 17:55-də baxılmış, təqdimat rədd edilmiş və dərhal həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-473/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə tutulmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmalı, onun tutularaq saxlandığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən, təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Cinayət işi üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 89 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 349,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.4-cü maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş ictimai işlər cəzası ilə, yəni 216 saat ictimai işlər cəzası 27 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 12 (on iki ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 10 (on) gün müəyyən edilsin. Cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 89,00 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 349,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar