Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-610/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs , Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1957-ci il tarixdə Qusar rayonu, Gedəzeyxur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə saat 15:50 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək, sonuncunun dayısı Şahid3 bankdan Təqsirləndirilən şəxs oğlu Şahid2 zamin olduğu krediti ödəməməsi nəticəsində onlardan tutulan 3000 (üç min) manat pulu geri qaytarmasını tələb etməsi səbəbindən yaranmış münaqişə zəminində əli ilə Zərərçəkmiş şəxs sifət və bədənin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sağ bazunun, sağ saidin, sol saidin qançırları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Fərqanə və anası Gülxarə əvvəllər onların məhəlləsində yaşamış və qonşuları olmuşlar. Təxminən 2014-cü ildə Fərqanənin əri Elşən və anası Gülxarə oğlu Sərxandan Fərqanənin dayısı Mikayılın bankdan pul götürə bilməsi üçün zamin durmasını xahiş etmişlər. Sərxan həmin vaxt Sumqayıt ŞPİ-nin PPXT-də polis nəfəri vəzifəsində işləyirdi. Gülxarə ilə münasibətləri yaxşı olduğundan, həmçinin kürəkəni Elşəni də tanıdıqlarından Sərxan etiraz etməmiş və Mikayıla “Rabitəbank”dan 7000 (yeddi min) manat kreditə pul götürməsində zamin durmuşdur. Mikayıl bir müddət krediti ödəmiş, lakin sonradan ödəməmiş və Türkiyəyə getmişdir. Bundan sonra krediti ödəmədiyindən bank məhkəməyə müraciət etmiş, məhkəmə qərarı əsasında qalıq pul olan 3000(üç min) manat pul Sərxanın əmək haqqına yönəldilmiş, hər ay Sərxanın əmək haqqınan 50 (əlli) faizi tutulmuş, təxminən 02 (iki) il ərzində ümumilikdə 3000 (üç min) manat pul tutulmuşdur. O və Sərxan dəfələrlə Gülxarəyə və Elşənə, həmçinin Fərqanəyə Sərxandan pul tutulduğunu və həmin pulu qaytarmalarını xəbər göndərsələr də, həmin şəxslər müxtəlif bəhanələr gətirərək guya torpaq satıb pulu verəcəklərini yalandan söz vermiş, lakin Mikayıl pulu tam ödəməmiş, bu günə kimi hissəhissə ümumilikdə 1000 (bir min) manat pul qaytarmışdır. Buna baxmayaraq onlar həmişə Gülxarə və Elşənlə əlaqə saxlayıb pulun tam qaytarılması üçün Mikayıla demələrini xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gülxarənin vəfat etdiyini eşitmişlər. O, Sərxan və taksi sürücüsü Faiqlə birlikdə Fəqanənin yaşadığı ünvan 3 evinə getmiş, hüzrlə bağlı qapıları açıq olduğundan evə daxil olmuşlar. O orada heç bir nalayiq ifadələr işlətməmiş, nə də kimisə vurmamış və təkcə orada anana haqqımı halal etmirəm demişdir. Zərərçəkmiş şəxs bildirdiyi bütün xüsusatların yalandır, həmin şəxsin üzərinə hücum çəkib vəfat etmiş anasının və ailəsinin ünvanına nəlayiq söyüşlər söyməmiş və dodaq, qol və bədən nahiyələrinin digər yerlərinə xəsarət yetirməmiş, habelə Fərqanəyə toxunmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 uzun müddət əvvəl qonşuları olmuşlar. Anası Gülxarə təxminən 05 (beş) il bundan əvvəl qardaşı, yəni dayısı Mikayıl bankdan pul götürən zaman Sərxandan dayısına zamin durmağı xahiş etmişdir. Dayısı Mikayıl müxtəlif səbəblərə görə bankdan götürülmüş pulu ödəyə bilməmiş və Sərxanla dayısı Mikayıl arasında mübahisə yaranmışdır. Sərxan Mikayıla zamin durduğuna görə bank pulu Sərxanın əmək haqqından tutmuşdur. xx.xx.2022-ci il tarixdə anası Gülxarə Bədəlova vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə anasını dəfn etdikdən sonra yaşadığı ünvana Sərxan, yanında bir nəfər oğlan və anası Rəfiqə gələrək mübahisə etməyə başlamışlar. Sərxan və Rəfiqə qışqıraraq ona və ailəsinə hədə-qorxu gəlmiş və onlardan dayısı Mikayılın ona olan borcunu ödəməsini tələb etmişlər. Həmin şəxslərə yas mərasimini yola verdikdən sonra bu işi həll edəcəyini bildirsə də, Rəfiqə bu işin o gün həll olunacağını, əgər pul verilməzsə yasa gələn qohumların qarşısında onu rüsvay edəcəyini demişdir. Sərxan yanındakı şəxslə birlikdə Mikayılın yaxasından tutaraq divara söykəmiş və Mikayıla “sənə pulu gətirmək üçün 03 (üç) saat vaxt verirəm” deyərək qışqırmışdır. Həyat yoldaşı Elşən həmin şəxslərə evi tərk etmələrini bildirmişdir. Dəhlizə çıxmışlar, dəhlizə çıxan kimi Rəfiqə vəfat etmiş anamın ünvanına, ailəsinə nalayiq söyüşlər söyməyə başlamış və sol əlinin arxa tərəfi ilə sifət nahiyyəsinə zərbə endirmişdir. Dodağının qanadığını hiss etmiş və əli ilə ağzını tutan zaman Rəfiqə qollarına, sinəsinə və bədəninin digər nahiyyələrinə dırnaqları ilə xəsarət yetirmişdir. Həmin vaxt səs-küyə gələn dayısı Mikayıl, bibisi Rəna, dayısı oğlu Elvin və digərləri onu Rəfiqənin əlindən almış və Rəfiqəni həyətə çıxarmışlar. Həyətə düşdükdən sonra Sərxan həyat yoldaşı Elşəndən aşağı, yəni həyətə düşməsini tələb etmiş və Elşən polis olduğu üçün qışqıraraq şikayət edəcəyini demişdir. Həyat yoldaşı isə həmin şəxslərə əhəmiyyət verməmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş və orada dayısı Mikayıl, dayısı oğlu Elvin, həyat yoldaşı Elşən, qonşusu Ələsgər, Rəfiqə, Sərxan və Sərxanın özü ilə nə məqsədlə gətirdiyini bilmədiyi bir oğlan olmuşdur. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 uzun müddət əvvəl qaynanası Gülxarənin qonşuları olmuşlar. Qaynanası Gülxarə təxminən 05 (beş) il bundan əvvəl qardaşı, yəni Fərqanənin dayısı Mikayıl bankdan pul götürən zaman Sərxandan dayısına zamin durmağını xahiş etmişdir. Dayısı Mikayıl müxtəlif səbəblərə görə bankdan götürülmüş pulu ödəyə bilməmiş və Sərxanla Mikayıl arasında mübahisə olmuş, Sərxan zamin durduğuna görə pul Sərxanın əmək haqqından tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Fərqanənin anası Gülxarə Bədəlova vəfat etmiş, xx.xx.2022-ci il tarixdə onlar Gülxarəni dəfn etdikdən sonra yaşadıqları ünvana gedərək hüzr mərasimi təşkil etmişlər. Həmin gün Sərxan yanında bir nəfər oğlan və anası Rəfiqə ilə gələrək onlarla mübahisə etməyə başlamış, Sərxan və Rəfiqə qışqıraraq Fərqanəyə hədə-qorxu gəlmiş və onlardan Mikayılın borcunu ödəmələrini tələb etmişlər. O və Fərqanə həmin şəxslərə yas mərasimini yola verdikdən sonra bu işi həll edəcəklərini bildirsələr də, Rəfiqə bu işin bu gün həll olunacağını, əgər pul verilməzsə yasa gələn qohumların qarşısında onu və ailəsini rüsvay edəcəyini demişdir. Rəfiqə, Sərxan və yanlarındakı tanımadığı oğlana evini tərk etməsini bildirmiş, evdən çıxardaraq qapını bağlamış və yasa gələn insanlarla maraqlanmağa davam etmişdir. Daha sonra dəhlizdən səs-küy gəldiyini eşitmiş, dəhlizə çıxan kimi Fərqanənin ağız nahiyəsinin qan olduğunu və əlləri ilə ağzını tutduğunu görmüşdür. Səs-küyə Mikayıl, Mikayılın oğlu Elvin, Fərqanənin bibisi Rəna gəlmişdir. Fərqanə ilə məşğul olduğu zaman qohumları Sərxanı, onun yanındakı oğlanı və Rəfiqəni oradan uzaqlaşdırmışlar. Sərxan çölə çıxdıqdan sonra qışqaraq onu polis əməkdaşı olduğu üçün işdən çıxartdırmaqla hədələmiş, şikayət edəcəyini demiş, o isə əhəmiyyət verməmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş və orada Mikayıl, Fərqanənin dayısı oğlu Elvin, o, Rəfiqə, Sərxan və Sərxanın nə məqsədlə gətirdiyini bilmədiyi bir oğlan olmuşdur. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ildə işi ilə bağlı ona pul lazım olmuş və bankdan pul götürmək istəmişdir. “Rabitəbank”da bir nəfər zamin olmaq şərti ilə ona 5000 (beş min) manat, faizlə birlikdə 7000 (yeddi min) manat verə biləcəklərini dedilər. Bacısı Gülxarəyə qonşusu olan və polisdə işləyən Sərxandan ona zamin durmasını xahiş etmişdir. Onlar birlikdə Sərxanla görüşmüş, Sərxana zamin durmasını, götürəcəyi krediti hər ay rahat ödəyə biləcəyini demişdir. Sərxan Gülxarəyə görə ona zamin durmuş və o bankdan 5000 (beş min) manat pul götürmüşdür. Bir neçə ay alverlə kredit pulunu ödəmiş, lakin bir müddətdən sonra alverdə uğursuzluq etdiyindən bankın kreditini ödəyə bilməmişdir. Sonradan bankın onu məhkəməyə verdiyi, məhkəmə yolu ilə Sərxanın əmək haqqından kreditə zamin durduğuna görə pul tutulduğu ona məlum olmuşdur. Sərxan dəfələrlə ona bu barədə bildirmiş, lakin borcunu tam ödəyə bilməmiş, indiyə kimi Sərxanın əmək haqqından tutulan puldan ümumi 1500 (bir min beş yüz) manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixdə bacısı Gülxarə vəfat etmiş, ertəsi gün səhər saatlarında Gülxarəni dəfn etmişlər və hüzür mərasimi mərhumun qızı Fərqanənin mənzilində keçirilmişdir. Həmin gün saat 15:50 radələrində Fərqanənin evində olan zaman Rəfiqə gəlib Sərxanın pul məsələsinə görə Fərqanə ilə mübahisə etməyə başlamışdır. Daha sonra Rəfiqənin oğlu Sərxan da gələrək onunla mübahisə etmişdir. Fərqanənin əri Elşən ona və Sərxana evdən çıxıb çöldə söhbət etməklərini demişdir. Onlar çölə çıxıb dəhlizdə mübahisə etmişlər, bir neçə dəqiqədən sonra Rəfiqə mənzildən çıxaraq Fərqanəni və mərhum anasını təhqir etməyə, əli ilə Fərqanənin sifətinə və bədəninə zərbələr vuraraq döyməyə başlamışdır. Həmin vaxt orada olan oğlu Elvin, qonşuları Ələsgər Rəfiqə və Fərqanəni ayırmışlar. Elşən Fərqanəni otağa salıb mənzilin qapısın bağlamışdır. Sonra Sərxan və Rəfiqəni həyətə çıxartmışlar, bu zaman Sərxan qışqıraraq hüzür məclisini yola verdikdən sonra bu barədə danışacaqlarını demişdir. Mübahisə mənzilin qarşısındakı dəhlizdə baş vermiş, 4-5 dəqiqə davam etmiş və hadisə zamanı orada onlardan başqa bir neçə qonşu olmuşdur. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər 14 saylı tam orta məktəbin 9 K sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında vəfat etmiş bibisi Gülxarənin keçirilən yas mərasimində iştirak etmişdir. Gülxarənin yas mərasimi onun qızı Fərqanənin mənzilində keçirilmiş və həmin gün dəhlizdə dayanmışdır. 15:50 radələrində dəhlizdə olan zaman qiyabi tanıdığı Rəfiqə adlı qadınla Fərqanə arasında mübahisə baş vermiş, Rəfiqə mənzildən çıxarkən Fərqanənin və mərhum Gülxarənin ünvanına təhqirli sözlər demiş və əli ilə Fərqanənin sifətinə, bədəninə zərbələr vuraraq döyməyə başlamışdır. Həmin vaxt o, atası Mikayıl Rəfiqə və Fərqanəni ayırmışlar, daha sonra Fərqanənin əri Elşən Fərqanəni otağa salıb mənzilin qapısını bağlamışdır. Onlar da Rəfiqəni və yanında olan oğlu kimi tanıdığı cavan oğlanı həyətə yola salmışlar. Mübahisə mənzilin qarşısında yəni, dəhlizdə baş vermiş, təxminən 4-5 dəqiqə davam etmiş və orada onlardan başqa bir neçə qonşular olmuşlar. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və ailə üzvlərini uzun müddətdir ki, tanıyır, münasibətləri normal olmuş və əvvəllər eyni məhəllədə yaşamışlar. Təxminən 2014-cü ildə Fərqanənin əri Elşən və anası Gülxarə ondan Fərqanənin dayısı Mikayılın bankdan pul götürə bilməsi üçün zamin durmasını xahiş etmişlər. Həmin vaxt Sumqayıt ŞPİ-nin PPXT-də polis nəfəri işləyirdi. Gülxarə ilə münasibətləri yaxşı olduğundan, həmçinin kürəkəni Elşəni də tanıdığından etiraz etməmiş və Mikayıla “Rabitəbank”dan 7000 (yeddi min) manat kreditə pul götürməsində zamin durmuşdur. Mikayıl bir müddət krediti ödəmiş, lakin sonradan ödəməyərək Türkiyəyə getmişdir. Bundan sonra krediti ödəmədiyinə görə bank məhkəməyə müraciət etmiş, məhkəmə qərarı əsasında qalıq pul olan 3000 (üç min) manat pulu zamin qaldığına görə əmək haqqına yönəldilmiş, hər ay əmək haqqından 50 (əlli) faizi, təxminən 02 (iki) il ərzində ümumilikdə 3000 (üç min) manat pul tutulmuşdur. O və anası Rəfiqə dəfələrlə Gülxarəyə və Elşənə ondan pul tutulduğunu və həmin pulu qaytarmasını xəbər göndərsələr də, həmin şəxslər müxtəlif bəhanələr gətirərək guya torpaq satıb pulunu verəcəklərini söz vermiş, lakin tam ödəməmiş və Mikayıl bugünə kimi hissə-hissə ümumilikdə cəmi 1000 (bir min) manat pul qaytarmışdır. Buna baxmayaraq həmişə Gülxarə və Elşənlə əlaqə saxlayıb pulun tam qaytarılması üçün Mikayıla demələrini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gülxarənin vəfat etdiyini eşitmişlər. O, anası və taksi sürücüsü Faiqlə birlikdə Fərqanənin yaşadığı ünvan 3 ünvanına getmişlər. O və Faiq həyətdə gözləmiş, evə qalxmamışlar. Anası Fərqanəgilə getmiş, təxminən 10-15 dəqiqədən sonra qayıtmışdır. Eyni zamanda Fərqanənin dayıları və xalası da anası ilə gəlmiş, ona narahat olmamağını, yas məclisini yola verdikdən sonra pulun qaytarılmasını təmin edəcəklərini bildirmişlər. Daha sonra onlar evə qayıtmışlar. Sumqayıt ŞPİ-nin 3-cü PB-dən zəng olunanda ona məlum olmuşdur ki, Fərqanə guya anası tərəfindən döyülməsi ilə bağlı polisə şikayət etmişdir. Anası Fərqanəni döyməyib, Fərqanə yalan danışır, hadisə baş verən yerdə olmamışdır. Fərqanənin yoldaşı Elşəni hədələməmiş və yanındakı oğlan taksi sürücüsü Faiq olmuşdur. Həmin gün ancaq onunla bərabər həyətdə dayanmış və həmin şəxslərin bütün dedikləri yalandır. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 330 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sağ bazunun, sağ saidin, sol saidin qançırları vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən 1 günə əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin, Şahid3 əməlində isə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid2 ona vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanıl Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ**********0000001944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-610/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-610/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver