Məhkəmə qərarları › İş №1(060)-611/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-611/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-611/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Xudular kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 3-cü mkr, ev 14/15, mənzil 36-da yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdə Sumqayıt şəhər ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,280 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 iyun 2021-ci il tarixdə saat 17:05-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffav rəngli sellofona bükülmüş, təmiz çəkisi 1,280 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, hazırda ünvan 1 ünvanında yaşayır. Saxlanmamışdan təxminən 5 ay əvvəldən narkotik vasitə qəbul edir, onda asılılıq yaranmışdır. 12.06.2021-ci il tarixdə təxminən günorta saatlarında Sumqayıt şəhər ərazisində üzdən tanıdığı, lakin soyadını, yaşadığı yeri bilmədiyi Ramin adlı şəxsdən 20 manata öz istifadəsi üçün narkotik vasitə olan kokos aldığını, onu əynində olan göy rəngli cins şalvarın sağ cibinə qoyduğunu və arxayın vaxtda həmin narkotik vasitəni istifadə etməyi fikirləşmişdir. 12.06.2021-ci il tarixdə saat 17:05 radələrində yaşadığı Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində olduqda 3 nəfər mülki geyimdə şəxs yaxınlaşaraq onu saxlamış və özlərinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyini deyərək Sumqayıt şəhər Polis idarəsinə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində polis formasında olan şəxs özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmiş və ona özünü təqdim etməyini demiş, o da təhqiqatçıya özünü təqdim edərək ad soyadını, yaşadığı yeri və təvəllüdünü demiş, təhqiqatçı sonra ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, ona görə də polis əməkdaşları tərəfindən saxlanıldığını deyərək ona hüquq və vəzifələri barədə bildirişi tanış olmağı üçün təqdim etmiş, o da bildirişlə tanış olmuş, daha sonra Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili Ələsgər Məmmədovu təqdim edərək hüquqlarını onun müdafiə edəcəyini demiş və ondan vəkilə etirazı olub-olmadığını soruşmuş, o da etirazı olmadığını bildirmişdir. Təhqiqatçı daha sonra ona video çəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyini deyərək üzərində hər hansı qanunla qadağan olunmuş əşya olubolmadığını soruşmuş, o da onsuzda şəxsi axtarış zamanı cibində olan narkotik vasitənin tapılacağını fikirləşib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan şəffav rəngli sellofona bükülmüş narkotik vasitəni çıxardaraq onlara təqdim etmiş, təhqiqatçı ondan onun nə olduğunu soruşduqda təhqiqatçıya onun narkotik vasitə olan “kokos” olduğunu bildirmiş, təhqiqatçı ondan onu nə məqsədlə üzərində gəzdirdiyini, kimdən, nə vaxt, neçiyə aldığını soruşduqda ona həmin narkotik vasitə olan kokosu öz istifadəsi üçün 12.06.2021-ci il tarixdə üzdən tanıdığı Ramin adlı şəxsdən 20 manata aldığını söyləmişdir. Sonra üzərindən çıxan narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırılmış, o və digər iştirakçılar imza etmişlər. Təhqiqatçı əlavə olaraq onun üzərində şəxsi axtarış keçirtdikdə üzərindən başqa heç nə aşkar olunmamış, sonra müdafiəçi ona narkotik vasitənin özünün olub-olmadığını, ona zor, təzyiq göstərilib-göstərilmədiyini soruşmuş və o da vəkilə narkotik vasitənin özünün olduğunu, ona hər hansı zor, təzyiq göstərilmədiyini demişdir. Polis əməkdaşları onu Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində saxlayan zaman ona hər hansı zor tətbiq olunmamışdır. Narkotik vasitəsinin alqı-satqısı ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Əməlindən peşmandır, ailəlidir, 2010-cu il təvəllüdlü bir uşağı var. Məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 göstərdi ki, 12.06.2021-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özündən, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, polis kapitanı Şahid2. Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 17:05 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisinə getmişlər. Sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər, həmin şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə də özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən tərəflərindən saxlanıldığı, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını, ona görə də Sumqayıt şəhər Polis İdarəsinə gəlməyi deyilmiş və etirazının olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs da heç bir etirazının olmadığını demişdir. Ondan sonra onunla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gəlmişlər, orada xidməti otaqların birində kriminalist Şahid4 kameranı işə salmış, X2 ona özünü təqdim etməyini, harada, hansı ünvanda yaşadığını demiş, o da özünü təqdim edərək yaşadığı ünvanı söyləmişdir. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində saxlanıldığını deyərək onlara da özlərini təqdim etməklərini bildirmiş və onlar da özlərini təqdim etmişlər. Sonra təhqiqatçı ona hüquqlarını Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Ələsgər Məmmədovun müdafiə edəcəyini deyərək vəkili ona təqdim etmiş, daha sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş və ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını demişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffav rəngi sellofona bükülmüş bükümü çıxardaraq təqdim etmiş, büküm açıldıqda içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə bənzər maddə görünmüş, Təqsirləndirilən şəxs onun nə olduğu, kimdən, nə vaxt aldığı, nə məqsədlə üzərində saxladığı soruşulduqda o, həmin narkotik vasitənin “kokos” olduğunu, Ramin adlı şəxsdən 12.06.2021-ci il tarixdə 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,47 qram olduğu müəyyən edilmiş, sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da Şahid1lə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Şahid4 da Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 12.06.2021-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” 12.07.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitərləin istifadəsi, saxlaması barədə Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində saxlanmışdır. X2 özünü təqdim edərək vətəndaşa özünü təqdim etməyini, harada, hansı ünvanda yaşadığını soruşur, o da özünü təqdim edərək yaşadığı ünvanı söyləyir. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində saxlanıldığını deyərək polis əməkdaşlarına da özlərini təqdim etməyini bildirir və onlar da özlərini təqdim edir. Sonra təhqiqatçı ona hüquqlarını Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Ələsgər Məmmədovun müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah edir və ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını deyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffav rəngi sellofona bükülmüş bükümü çıxardaraq təqdim edir. Büküm açıldıqda içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə bənzər maddə görünür. Təqsirləndirilən şəxs onun nə olduğu, kimdən, nə vaxt aldığı, nə məqsədlə üzərində saxladığı soruşulduqda o, həmin narkotik vasitənin “kokos” olduğunu, Ramin adlı şəxsdən 12.06.2021-ci il tarixdə 20 manata özü istifadə etmək üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilir və çəkisinin 1,47 qram olduğu müəyyən edilir. Sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır, sonda çəkiliş dayandırılır. (i.v. 25-26, 93-94) Məhkəmə iclasında həmin disk nümayiş olundu və göstərilənlər bir daha təsdiq edildi. İş materiallarında olan 12.06.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 12.06.2021-ci il tarixdə, saat 17:05-də Sumqayıt şəhər, 3-cü mikrorayon ərazisində tutulmuşdur. (i.v 18) İş materiallarından görünür ki, 14.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir.( i.v 69-70) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13.06.2021-ci il tarixli, 6/2403 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs aşkar edilmiş...”sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,280 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,230 qram) (i.v.33-37) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06.08.2021-ci il tarixli, 2702 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.104-105) İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,230 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v.76-77, 107-112) İş materiallarında olan Sumqayıt ŞPİ-nə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi, eləcə də narkotik vasitə olan heroini kimlərə satıb-satmaması, bundan başqa əvvəllər narkotik vasitənin satışı ilə məşğul olub-olmaması əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə satması və ya onda aşkar olunmuş narkotik vasitə olan heroini satmış şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi istiqamətində də heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v.88) İş materiallarında olan DİN-in BƏSİİ-nin 02.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v.98-99) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 28.07.2021-ci il tarixli, 2628 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v. 100) İş materiallarında olan 18 saylı MKS-ın xasiyyətnaməsindən və arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və Sumqayıt şəhəri, 3-cü mkr, ev 14/15, mənzil 36-da məcburi köçkün kimi məskunlaşmışdır. (i.v.101-102) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 10.12.2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşağı vardır.(i.v.103) İş materiallarında olan 14.08.2021-ci il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 107-112) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,280 qram qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 12.10.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinna 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,230 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan 12.06.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək tutularaq saxlanmış və tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,230 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar