Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-612/2025 05.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi, Qabaqdibi kəndində qeydiyyatda olan, ünvan 3də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq zamanı elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Kontakt home” mağazasının yaxınlığında küçədə quraşdırılmış Zərərçəkmiş şəxs lotereya satışı ilə məşğul olduğu piştaxtaya yaxınlaşaraq sonuncunun həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncuya sol əlin İV barmağının proksimal-orta falanqaarası oynağının çıxığı, sol əlin İV barmağının proksimal-orta falanqanın əsasının oynaqdaxili sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə piştaxtanın üzərindən 01 ədədinin qiyməti 5 manat olan, ümumilikdə 49 ədəd “Dan Ulduzu” ani lotereya biletlərini götürüb qaçaraq Zərərçəkmiş şəxs 245 manat məbləğində maddi zərər vurmaqla açıq talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona CM-nin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Nur” adlanan kafedə tək əyləşib spirtli içki araq qəbul etmişdir. Qeyd edir ki, sərxoş olduğundan kafedən çıxıb evə necə getdiyini xatırlamır. Səhər yoldaşı onu oyadaraq cibində çoxlu sayda lotereya biletlərinin olduğunu və həmin biletləri haradan aldığını soruşmuş, o, heç bir yerdən lotereya bileti almadığını və bu biletləri kimin onun cibinə qoyduğunu bilmədiyini bildirmişdir. Bundan sonra o, bir gün əvvəl araq içdiyi kafeyə gedib orada olan şəxslərdən dünən baş verənləri xatırlamadığını və orada nə baş verdiyini soruşmuş, orada bildirmişlər ki, o, sərxoş olduğu üçün və orada kiminləsə mübahisə etdiyi üçün onu kafedən çölə çıxarmışlar. Sonra o, çıxıb getmişdir. Bundan sonra o, həmin ərazidə lotereya satışı ilə məşğul olan bir qadından bir gün əvvəl ondan lotereya alıb-almadığını soruşmuş, qadın ondan lotereya almadığını bildirmişdir. Bundan sonra o, yenə də yaşadığı evə qayıtmış, 06 fevral 2025-ci il tarixdə isə polis əməkdaşları ona yaxınlaşaraq PB-nə dəvət etmiş və onun soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli olduğunu bildirmişlər. Polis Bölməsində ona Sumqayıt şəh, 2-ci mikr ərazisində yerləşən Zərərçəkmiş şəxs lotereya satışı ilə məşğul olduğu piştaxtanın üstündən 60 ədəd lotereya biletini götürüb qaçdığını bildirmişlər. O, belə bir iş gördüyünü xatırlamadığını, lakin həmin biletlərin onda olduğunu bildirmiş və həmin biletləri polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda həmin hadisənin videogörüntüsünü ona göstərilmiş və bu zaman həmin hadisənin onun tərəfindən törədildiyini görmüşdür. O, polis əməkdaşlarına 49 ədəd lotereya biletini təqdim etmiş, sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nə gətirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisəni, xüsusən də zərərçəkmiş şəxsə xəsarət yetirdiyini xatırlamır. O, yalnız səhər oyandıqda cibində 49 ədəd bilet olduğunu görmüş, həmin biletlərdən istifadə etməmiş və heç kimə verməmişdir. Həmin biletlər zərərçəkmiş şəxsə qaytarılmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əlinin məhz piştaxtanın dəmirinə dəyməsi nəticəsində xəsarət aldığını ehtimal edir. Əməlindən peşmandır və barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ərazisində yerləşən “Kontakt Home” mağazasının yanındakı köşkdə qəzet və “Poz qazan” uduşlu lotereyalarının satışı ilə məşğul olur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində köşkdə olarkən tanımadığı bir nəfər şəxs köşkə yaxınlaşıb vitrinə baxmağa başlamış, o, həmin şəxsin sərxoş olduğunu hiss etmişdir. Təqsirləndirilən şəxs ondan 2 manatlıq lotereya almaq istədiyini bildirmiş, lakin 2 manat pulu çıxarıb səhvən onun yanındakı şəxsə vermişdir. O, pulu ona verməsini istəmiş, bundan sonra Təqsirləndirilən şəxs pulu ona verib mübahisə etməyə başlamış və lotereyaları özü seçmək istədiyini bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs pulunu özünə qaytarmış və çıxıb getməsini istəmişdir. Həmin şəxs narazılıq edərək oradan uzaqlaşmış və bir neçə dəqiqədən sonra yenidən onun yanına qayıtmışdır. Sonuncu ondan yenidən lotereya istəmiş, bu zaman o, həmin şəxsin hərəkətlərindən əsəbiləşib lotereyaları yığmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əl atıb lotereyaları əlindən alıb qaçmışdır. Həmin vaxt barmağı şüşəyə və dəmirə dəymiş nəticədə xəsarət almışdır. Arxasınca qaçsa da, o, yolun əks tərəfinə keçib qaçaraq oradan uzaqlaşmışdır. Ona 49 ədəd 5 manatlıq lotereyaya görə 245 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Təqsirləndirilən şəxs ona xəsarət yetirmədiyini, barmağının məhz köşkdəki dəmirə dəyərək xəsarət aldığını, həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəldən tanımışdır. Belə ki, əvvəllər səyyar formada müxtəlif lotereya biletlərinin satışı ilə məşğul olmuş, 2025-ci ilin əvvəllərindən Sumqayıt şəh, 2-ci mkr, ərazisində yerləşən “Kontakt Home” mağazasının yanındakı köşkdə qəzet və “Poz qazan” uduşlu lotereyaların satışı ilə məşğul olmuşdur. O, lotereyaların topdan satışı ilə məşğul olmuş, Rüstəm ondan müxtəlif lotereyaları alıb üzərinə az məbləğdə pul qoyub satmışdır. Rüstəm ondan 1 manatlıq “Dan ulduzu” lotereyasının 01 ədədini 0.95 qəpiyə alıb bir manata, 5 manatlıq lotereyanın isə 01 ədədini 4,77 manata alıb 5 manata satmışdır. Rüstəm lotereyaların pulunu nəğd olaraq verib almışdır. O, bir dəfə Rüstəmlə əlaqə saxladıqda Rüstəm ona bildirmişdir ki, işlədiyi piştaxtaya yaxınlaşan tanımadığı bir nəfər piştaxtada olan 49 ədəd 5 manatlıq “Dan ulduzu” lotereya biletini götürüb qaçmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 06 fevral 2025-ci il tarixdə, saat 22:45 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.40); 08 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 64-65); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:05 radələrində CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 61-63); “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 fevral 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fooşəkillərdən görünür ki, hadisə Zərərçəkmiş şəxs işlədiyi Sumqayıt şəhəri, 2-ci mikr ərazisində, “İdeal” parfum dükanının qarşısında, “poz-qazan” piştaxtasında baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.9-14) “Götürmə istintaq hərəkətinin həyata keçirilməsi barədə” 06 fevral 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərə əsasən həmin tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzbati binasında Təqsirləndirilən şəxs üzərindəki qış gödəkçəsinin içərisində olan və xatırlamadığı yerdən götürdüyü, sayını bilmədiyi “poz-qazan” lotoreya biletlərini təqdim etmişdir. (i.v. 17-19); “Sumqayıt Tibb Mərkəzi X5 X4 Xəstəxanası”ndan Sumqayıt ŞPİ-nin İŞ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:40-da xəstəxananın X4 şöbəsinə müraciət etmiş, ona yardım göstərilərək ambulator müalicəyə göndərilmişdir.(i.v. 94); “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Sumqayıt MTE VƏ PA şöbəsinin 457 saylı, 01 aprel 2025-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sol əlin İV. barmağının proksimal-orta falanqaarası oynağının çıxığı, sol alin İV. barmağının proksimal-orta falanqanın əsasının oynaqdaxili sınığı aşkar olunmuş, qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 05.02.25-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR ZƏRƏRVURMAYA aiddir.(i.v.95-98); “Axtarışda olanın tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 08:15 radələrində Yardımlı rayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təhvil verilmişdir. (i.v. 100); 03 iyun 2025-ci il tarixində cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmiş, 05 iyun 2025-ci il tarixində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 101; 115-116); xx.xx.2025-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun əlindən lotereya biletlərini götürüb qaçarkən onun sol əlinin barmağına xəsarət yetirdiyini onun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs barmağına xəsarət yetirmədiyini bildirmişdir. (i.v.119-121); Cinayət işi üzrə icraat 14 iyun 2025-ci il tarixdə dayandırılmış və 29 iyul 2025-ci il tarixdə icraat təzələnərək davam etdirilmişdiur. (i.v.142-143); İş materiallarına əlavə edilmiş qəbzdən və kserosurətlərdən məlum olur ki, Zərərçəkmiş şəxs özünə məxsus 49 ədəd 5 manatlıq “Dan Ulduzu” lotareya biletlərini təhvil almışdır (i.v. 126-140); “Yenidən ittiham elan edilməsi haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ittihama əlavə və dəyişikliklər edilərək Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (i.v. 152-153); “Sübutların qiymətləndirilməsi haqqında” 29 iyul 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsindən həmin məcəllənin 180.2.4-cü maddəsinə tövsif olunmuş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 181-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 49 ədəd lotoreya biletləri maddi sübut kimi tanınmış və kserosurətləri çıxarılmaqla zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilmişdir. (i.v.144-148); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (i.v.74-75); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Qeyd edilməlidir ki, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prossessaul Məcəlləsinin, 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə qeyd edir ki, yalnız sadalanan normaların tələblərinə əsasən hazırki cinayət işindəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verməlidir. Belə ki, CM-nin 180.2.4-cü maddələrinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsi ilə ittiham verməkdə səhf nəticəyə gəlmiş, sonuncunun əməli həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdaki qaydada əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, cinayət işinin materiallarında zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində yəni sol əlinin İV. barmağının proksimal-orta falanqaarası oynağının çıxıq, sol əlin İV. barmağının proksimal-orta falanqanın əsasının oynaqdaxili sınığı xəsarətlərinin mövcud olması bu xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən yetirilməsi qənaətinə gəlmək üçün yetərli hesab edilməməlidir. Belə ki, Zərərçəkmiş şəxs hadisə barədə ibtidai istintaq zamanı verdiyi ifadəsində onun barmağına xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirsə də o, məhkəmə iclasında barmağındaki xəsarətin işlədiyi köşkdə olan dəmir parçasına dəyərək yarandığını bildirmiş, bundan başqa o, məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ona xəsarət yetirmədiyini, barmağının məhz köşkdəki dəmirə dəyərək xəsarət aldığını bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, hətta məhkəmə iclasında hadisənin baş vermə mexanizmini özündə əks etdirən videogörüntüyə baxış keçirilərkən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin barmağına hər hansı xəsarətin yetirildiyini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi istintaq orqanı yaranmış xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin verdikləri ifadələri əsasında gəlsə də, bunu hər hansı digər mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Halbuki məhkəmə iclasıda həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs bunun tam əksini bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsasən verilməlidir. Məhkəmə istintaq orqanı tərəfindən sübut növü kimi qəbul edilən “Məhkəmə-tibbi ekspertizası” rəyinə münasibətdə qeyd edir ki, həmin rəy o halda sübut növü kimi ittihamın əsası kimi qəbul edilə bilərdi ki, zərərçəkmiş şəxsin bədəni üzərində yaranmış xəsarətin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmiş olardı. Lakin cinayət işinin məhkəmə isrtintaqı zamanı zərərçəkmiş şəxsin barmağındakı xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən həmin rəy sübutlar siyahısından çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair”Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarda eyniu zamanda qeyd edilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməsi barədə ibtidai istintaq orqanı tərəfindən gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin, habelə zərərçəkmiş şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onların verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən məhkəmə iclasında verilmiş ifadələrə əsaslanmalıdır. Göründüyü kimi, məhkəmə istintaqı zamanı çəkişmə prinsipinə əməl etməklə Təqsirləndirilən şəxs soyğunçuluq cinayət əməlini törətdiyi müəyyən edilsə də, onun həmin vaxt zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmədiyi müəyyən edilmişdir. Belə olan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməlidir. CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən qeyd edilən halları halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməli, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 06 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 03 iyun 2025-ci il tarixdən 05 iyun tarixədək tutulduğu cəmi 04 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hadisə yerinin videogörüntünüləri əks etdirən 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi cəmi 165 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinndən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək, 03 iyun 2025-ci il tarixdən 05 iyun 2025-ci il tarixədək tutulub saxlanıldığı cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-612/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-612/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver