Məhkəmə qərarları › İş №1(060)-613/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-613/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-613/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsnun iştirakı ilə, xx.xx.1981-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4-də fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2020-ci il tarixli 73-1№-li 12.09.2020ci il tarixli 336№-li, 28.10.2020-ci il tarixli 427№-li, 19.11.2020-ci il tarixli 450 və 451 №-li qərarlarının tələblərini yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimləri qaydalarını, habelə özünü təcrid qaydalarını qəsdən pozaraq insanların yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmasına real təhlükə yaratmaqla 22.04.2021-ci il tarixdə saat 13 radələrində müvəqqəti yaşadığı ünvan 1 ünvanını tərk tərk edib insanların hərəkətdə olduğu küçə ilə piyada 13-cü mikrorayonda yerləşən aptekə getmiş, əczaçıya nağd pul ödəməklə dərman vasitsi alaraq oradan çıxıb insanların hərəkətdə olduğu küçə ilə piyada yaşadığı evə qayıdarən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı ünvana aparılması təmin edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Q.ŞVəzirov küçəsi, döngə 4-də yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 16.04.2021-ci il tarixdə özünü narahat hiss eləməyə başlamış, ona görə də 18.04.2021-ci il tarixdə yaşadığı evdən tək çıxaraq tanımadığı taksi ilə valideynlərinin yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Orada olanda arabir hərarəti qalxdığından COVİD-19 virusuna yoluxub-yoluxmadığını dəqiqləşdirmək üçün 19.04.2021-ci il tarixdə təxminən saat 10-11 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən təcili tibbi yardım məntəqəsində COVİD-19 ilə bağlı analiz vermişdir. Analiz verdikdən sonra Sumqayıt əhərində qeydiyyatda olduğu ünvana, yəni atası evinə gəlmişdir. Qohumlarının hamısı Sumqayıt şəhərində yaşadığı üçün Sumqayıt şəhərində atası evində qalmağa qərar vermişdir. 21.04.2021-ci il tarixdə saat 12:21-də özünə məxsus ********** saylı mobil nömrəsinə 19.04.2021-ci il tarixdə COVİD-19 virusu ilə əlaqədar verdiyi analizin cavabının pozitiv olması barədə İST.GOV.AZ-dan SMS gəlmişdir. SMS-in məzmununda ev şəraitində müalicə alması, evi tərk etməməsi, tərk etdiyi halda qanunamüvafiq qaydada məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. Virusa yoluxduğunu bildikdən sonra Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən adını bilmədiyi özəl klinikaların birinə getmiş, orada adını xatırlamadığı həkim tərəfindən müalicə təyin olunduqdan sonra müvəqqəti yaşadığı atası evinə gəlmiş və dərmanları alaraq müalicə olunmağa başlamışdır. Həkim ona müalicə təyin etdikdən sonra ailə üzvlərindən özünün təcrid qaydalarını, fərdi qoruyucu vasitələrindən istifadə qaydalarını izah edib təxirəsalınmaz hallar olmadığı təqdirdə yaşadığı evi tərk etməməyi bildirmişdir. 22.04.2021-ci il tarixdə təxminən saat 13 radələrində özünü narahat hiss etdiyindən və müalicəsi üçün müəyyən dərmanlar lazım olduğundan yaşadığı ata evindən çıxıb dərman almaq üçün aptekə getmək qərarına gəlmişdir. Evdən çıxıb yaşadığı binadan təxminən 300 metr aralıda yerləşən aptekə gedib dərman almış və təxminən saat 13:35 radələrində aptekdən evə qayıdanda binalarının qarşısında 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq COVİD-19 xəstəsi olduğu halda nə səbəbə evi tərk etməsini demişlər. O da polis əməkdaşlarına xəstə olduğundan özünü pis hiss edib aptekə dərman almağa getdiyini demişdir. Orada polis əməkdaşları yaxınlıqdan keçən 2 nəfər tanımadığı şəxsi dəvət edərək yaşadığı evi tərk etməsi barədə protokol tərtib etmişlər. Sonra isə polis əməkdaşları bir daha ona evdən çıxmağa icazəsi olmadığını deyib və bu barədə təlimatlandıraraq onun yaşadığı ünvana getməsini təmin etmişlər. O əməlindən peşman olmuş, xəstə olduğu üçün qorxub evi tərk edib aptekə dərman almağa getmişdir. 22.04.2021-ci il tarixdə evdən çıxıb aptekdən başqa hər hansı bir yerə getməmişdir. Virusa yoluxduqdan sonra ailə üzvlrindən başqa heç kimlə təmasda olmamışdır. Ailə üzvləri ilə yalnız qoruyucu maska taxaraq və məsafə saxlayaraq ünsiyyət qurmuşdur. Yaşadığı evi tərk edərkən təkcə qoruyucu maska taxmış, aptekə getdiyi zaman yanından tanımadığı şəxslər gəlib keçmiş, lakin heç kimlə ünsiyyətdə olmamışdır. Eləcə də aptekdə olduğu zaman əczaçı ilə yaxın təmasda olmamış və dərmanları əczaçıdan nəğd pul verərək almışdır. Polis əməkdaşları onu saxlayan zaman və izahat verən zaman həyəcanlı olduğundan fikrini izah edə bilməmiş, ona görə də polis əməkdaşlarına həkim müayinəsinə getdiyini bildirmişdir. Əslində isə aptekə getmiş və oradan dərman alıb evinə qayıtmışdır. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 bildirdi ki, 26.05.2021-ci il tarixdən etibarən Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 23.04.2021-ci il tarixədək 1-ci PB-nin təhqiatçısı vəzifəsində işləmiş, həmin tarixdə isə Azərbaycan Respublikası DİN-nin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. 22.04.2021-ci il tarixdə xidməti vəzifəsi ilə əlaqədar olaraq 1-ci polis bölməsində olduğu zaman ona məlumat verərək bildirmişlər ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 39 nömrəli binada yaşayan Təqsirləndirilən şəxs adlı qadın COVİD-19 virusuna yoluxmasına baxmayaraq yaşadığı evi tərk etmişdir. Bununla bağlı o və sahə rəisi Şahid2 xüsusi mühfizə geyimi geyinərək həmin əraziyə getmişlər. 39 nömrəli binanın yanına çatanda Təqsirləndirilən şəxs binanın blokuna daxil olarkən görmüşlər və onu saxlatdırmışlar. Sonra isə ondan dəqiqlşdirmək məqsədi ilə COVİD-19 virusuna yoluxub-yoluxmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs isə onlara COVİD-19 xəstəsi olduğunu bildirmişdir. Bundan sonra həmin yerə 2 nəfər hal şahidi dəvət edərək protokol tərtib etmişdir. Protokol tərtib olunan zaman Təqsirləndirilən şəxs COVİD-19 xəstəsi olmasına baxmayaraq nə səbəbə yaşadığı evi rk etdiyini soruşduqda Təqsirləndirilən şəxs həkim müayinəsinə getmək üçün yaşadığı evi tərk etdiyini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Könül Nəbiyev 39 nömrəli binadan təxminən 300-400 metr aralıda yerləşən aptekə dərman almaq üçün getmişdir. Bundan sonra həmin qadına yaşadığı ünvanı tərk etməməsi barədə bir daha xəbərdarlıq olunaraq evinə getməsi təmin olunmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman o, yalnızca qoruyucu maska taxmış, onun digər qoruyucu vasitələrdən istifadə etməsi müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs binaya daxil olarkən saxlamışlar və həmin vaxt onun yanında başqa şəxslər olmamışdır. məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiqləmişdir. İş materiallarında olan 4 nömrəli şəhər poliklinikasının 29.04.2021-ci il tarixli 277 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21.04.2021-ci il tarixdə COVİD-19 infeksiyasına yoluxmuşdur və sahə həkimi tərəfindən nəzarətə götürülmüşdür.(i.v 11) İş materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” 25.06.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir. Baxış keçirilən əşya “Samsung” markalı qızılı rəngli mobil telefondur. Telefonun ön yuxarı hissəsində “Samsung” sözü yazılmışdır. Telefonun üzərində qaşlarla və naxışlarla bəzənmiş örtük vardır. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonun menyusundan SMS bölməsinə daxil olaraq ona İTS.GOV.AZ tərəfindən 21.04.2021-ci il tarixdə göndərilmiş “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 19.04.2021-ci il tarixində COVİD- 19 ilə bağlı verdiyiniz testin nəticəsi Pozitivdir. Xahiş olunur siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz.” Məzmunlu SMS-i təqdim etdi. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan 1 ədəd qızılı rəngli “Samsung” markalı mobil telefonun SMS bölməsində qeyd olunan İTS.GOV.AZ tərəfindən 21.04.2021-ci il tarixdə göndərilmiş SMS iş üçün əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilməsi üçün fotoşəkilləri çəkilmişdir.(i.v 42) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 03.08.2021-ci tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 58) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” 17.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 81) İş materiallarında olan 20.08.2021-ci il tarixli 1/237 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 85) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsində təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarının 2.1-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: xüsusi sanitar rejim: yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi və s. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxsnun «Covid-19» virusuna yoluxması haqqında “its.gov.az” saytından istifadəsində olan ********** mobil nömrəsinə daxil olmuş “sms” məlumatı aldıqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnun ilk dəfə məsuliyyətə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxsnun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnun yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxsnun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4-də yerləşən fərdi evi tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar