Məhkəmə qərarları › İş №1(060)-616/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-616/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-616/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Şirnov Ramil Yusif oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,405 qram çəkidə psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən 31 may 2025-ci il tarixdə saat 17:20 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri həmin yerdə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,405 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilmir. Hadisə baş verən gün polis əməkdaşları səhər saat 10-11 radələrində onu öz evinin qarşısında saxlayaraq 4-cü Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları ifadəsində onu Koteс ərazisindən tutub apardıqlarını bildirsələr də, o, ünvan 1 ünvanında tutulmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərində psixotrop maddə olan metamfetamin olmamış, PB-yə gətirildikdən sonra polis əməkdaşı Elnur metamfetamini onun üzərinə qoymuşdur. Həmin maddənin metamfetamin olduğunu isə çəkiliş zamanı maddə kağız üzərinə qoyulanda anlamışdır. Videoçəkiliş isə bölməyə gətirildikdən sonra, təxminən saat 4-5 radələrində Polis Bölməsinin yaxınlığında olan ərazidə baş tutmuşdur. Videoçəkiliş zamanı vəkilin iştirakını xatırlamır, vəkil axşam saatlarında gəlmişdir. Vəkil ilə söhbət etməyə, ona şikayətini bildirməyə imkanı olmayıb. İbtidai istintaq müddətində təqsirini etiraf etməsi, aiddiyyəti orqanlara heç bir şikayət etməməsinin əsas səbəbi polis əməkdaşlarının onu döyməsi və müxtəlif təzyiqlər göstərməsi olmuşdur. Həmçinin, anası iyul ayında vəfat etmiş, bu səbəbdən heç bir orqana şikayət verməmişdir. Narkotik vasitələrdən son dəfə 1 ay əvvəl, anası vəfat etdikdən sonra istifadə edib. Narkotik vasitələrdən əvvəllər istifadə edib, lakin satış məqsədi olmayıb. Tutulduqdan sonra 2 gün MSY-də saxlanmış, daha sonra evə buraxılmışdır. Müstəntiq ona heç bir təsir göstərməmişdir. O isə şikayətinin heç bir nəticə verməyəcəyini ehtimal edərək müstəntiqə də şikayətini bildirməmişdir. Bundan başqa şəxsi axtarış zamanı telefonu üzərində olmuşdur. Təqsirləndirilən şəxs verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixində 11-12 radələrində saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə 3-4 saat saxlanılmış, saxlanılarkən istifadəsində olan mobil telefonunu (**********) üzərində olmuş, polis əməkdaşları tərəfindən götürülmüş, Elnur adlı polis əməkdaşı həmin müddətdə mobil telefonuna gələn zənglərə cavab vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2025-ci il tarixdə təxminən saat 17:20-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, “Çexov” küçəsində olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra, onun narkotik vasitələrin qəbulu vəüzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra ona üzərində dövriyyəsinə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. O əynində olan şavların sağ yan cibimdə saxlamış olduğu 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamindir və onu 31 may 2025-ci il tarixdə səhər radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,45 qram olduğu müəyyən olunmuşdur. O üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra isə həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra psixotrop maddə olan metamfetamininin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra onu Sumqayıt ŞPİnin 4-cü PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edilməklə öz istəyi ilə Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X1 ona müdafiəçi qismində təqdim edilmişdir. Bundan sonra baxışda işirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi və 1 ədəd DVD diski təqdim etmişdir. Həmin kağız zərfin içərisində saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman üzərindən 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərf təhqiqatçı tərəfindən açılaraq üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminə baxış keçirilmişdir. Bundan sonra üzərindən aşkar içərisində “patı” adlanan psixotrop maddə olan 1 ədəd şəffaf rəngli sellofan büküm başqa bir zərfə qoymaqla qablaşdırılmış və tərəflərindən üzəri imzalanmışdır. Sorğu zamanı bir daha həmin psixotrop maddənin özünə məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə səhər radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı kişi cinsindən olan şəxsdən 20 manata əldə etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini, ondan hər hansı şəxsə vermədiyini bildirmişdir. O saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O psixotrop maddə olan metamfetamini xx.xx.2025-ci il tarixdə səhər radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı kişi cinsindən olan şəxsdən 20 manat verməklə almışdır və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs son söz olaraq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməli dindirmə protokolları, əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, baxış və götürmə aparılması protokolu, ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, maddi sübutlar və digər istintaq materialları ilə tam sübut olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında Sumqayıt şəhəri, Kotec qəsəbəsi, “Çexov” küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah etmişlər. Onlar ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmışdжr. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmiş, təhqiqatçı tərəfindən videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmiş, vəkil də həmin istintaq hərəkətində iştirak etmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs, yaşadığı ərazidə deyil, Kotec qəsəbəsi ərazisində saxlanılmış, saxlanılarkən videoçəkilişdən istifadə edilmiş, fiziki və ya psixi təsir göstərilməmiş, ona qarşı hər hansı digər qanunsuzluğa yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-56-cı vərəqələrində olan 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli tutulmuş təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 24 dekabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 11-12-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli sellofan bükümü təqdim etdi. Həmin büküm elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 0,45 qram oldu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və tərəfindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş "patı" adlanan maddəni xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Cinayət işinin 37-38-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirdi. Onun üzərinə razılığı ilə tərəfindən şəxsi axtarış keçirildi və heç bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş predmet aşkar edilmədi. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açıldı və içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli psixotrop maddə sayılan metamfetaminə bənzər maddə tərəziyə qoyularaq çəkildi. Elektron tərəzidə qara rəngli sellofana bükülmüş ağ rəngli psixotrop maddə sayılan metamfetaminə bənzər maddənin 0,46 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Cinayət işinin 76-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31 may 2025-ci il tarixdə saat 17:20 dəqiqədə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, “Çexov” küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 olduğunu bildirir və saxlanılan şəxsə özünü təqdim etməsini bildirir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra Şahid1 Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir. Sonra digər polis əməkdaşları özlərini təqdim edirlər. Sonra Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşyaları təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edir. Şahid1 sellofan bükümün içərisində olan 01 ədəd bükümdəki kütlələrin nə olduğunu soruşur. Təqsirləndirilən şəxs həmin bükümdə «patı» olduğunu bildirir. Sonra Şahid1 Təqsirləndirilən şəxs üzərinin yoxlanılacağını bildirir və onun üzərini yoxlayır. Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilir. Büküm 0,45 qram təşkil edir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. Şahid1 sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedəcəklərini bildirib çəkilişin dayandırılacağını bildirir. Cinayət işinin 78-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31 may 2025-ci il tarixdə saat 17:20 dəqiqədə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, “Çexov” küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildikdən sonra müvafiq sənədləşmə işləri aparılması üçün 4-cü PB-nə gətirilmişdir. Xidməti otaqların birində əməliyyat müvəkkili mobil telefonu işə salır. X8 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını, üzərinə baxış keçirilərkən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar edilərək götürüldüyünü və hazırda həmin bükümün olduğu zərfə baxış keçiriləcəyini bildirir. Bundan sonra polis əməkdaşları və saxlanılan şəxs özünü təqdim edir. Sonra Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X1 özünü təqdim edir. Təqsirləndirilən şəxs vəkilə etiraz etmir. Bundan sonra təhqiqatçı zərfi açır. Zərfin içərisində olan kağız paketin içərisindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim edir. Bundan sonra qeyd edilən büküm açılaraq elektron tərəzidə yenidən çəkilmiş, çəkisi 0,46 qram olmuşdur. Daha sonra büküm yenidən qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi saxlanılarkən ona qarşı kobudluq olunub-olunmadığını, aşkar olunmuş maddələrin ona məxsus olubolmadığını soruşur. Təqsirləndirilən şəxs isə saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını və üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin 46-47-ci vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2025-ci il tarixli 20/409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuşüzərində: AR DİN “Arayışlar üçün №128” möhür əksi, “Təqdim etdi: /imza/ Təqsirləndirilən şəxs; Tərtib etdi: /imza/ Təhqiqatçı R.Rəcəbli; Tanış oldu: /imza/ S.Sədirxanov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,405 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,405 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,355 qram Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli 3329 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opoidlərin və Psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 89-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunması faktı ilə əlaqədar olaraq, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə tərəfimizdən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Hal-hazırda əməliyyat tapşırığının icrası ilə əlaqədar tədbirlər davam etdirilir. Cinayət işinin 72-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,405 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,355 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmişdir. Cinayət işinin 106-110-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0,355 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına, baxış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd diskdə videogörüntünün maddi sübut kimi hesab olunması nəzərə alınmış, tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 0,355 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 (bir) ədəd DVD diskdə videogörüntü cinayət işinin nmateriallarında saxlanmışdır. Psixotrop maddənin çəkisindəki fərqin polis əməkdaşları tərəfindən həmin kütlənin bükümü ilə birlikdə miqdarının hesablandığı nəzərə alınmaqla daha yüksək dəqiqlikli ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qiymətləndirilmişdir. Cinayət işi üzrə dindirmə protokolalları, əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına, baxış və götürmə aparılması protookolları, ekspertiza rəyləri, əməliyyat tapşırığına verlmiş cavab, maddi sübutlar və digər istintaq materialları sübut növü kimi qiymətləndirilir. Cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnə verilmiş sorğunun cavabından görünür ki, o, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 96-103-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-243/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyat alınmamış və ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin kimin adına olması, xx.xx.2025-ci il tarixində hansı anten dairəsində işləməsi, daxil olan və çıxan zənglər (danışıq müddəti əks olunmaqla) smslər və smslərin mətnləri "xxxx" MMC-dən götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-dən əldə olunmuş müştəri zənglərinin detallaşdırılması çıxarışından görünür ki, mobil nömrə Təqsirləndirilən şəxs adına qeydə alınmışdır. xx.xx.2024-ci il tarixində saat 11.13-də Sumqayıt şəhəri H.Əliyev prospekti ilə M.Azizbekov küçəsinin kəsişməsində, həmin gün saat 22.50-də Azərbaycan prospektində və Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində qeydə alınmışdır. Həmin müddət aralığında qeydə alınmış hər hansı anten məlumatı mövcud deyil. Cinayət işi materiallarına anten məlumatlarının internet resurslarından əldə edilmiş elektron xəritə çıxarışları əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X12 oğlu, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X11 oğlu Təqsirləndirilən şəxs uşaqlarıdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq müddətindəki ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Şirnov Ramil Yusifoğlu həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Ramil Şironovun məhkəmədə verdiyi ifadələr digər sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, xx.xx.2025-ci il tarixində 11-12 radələrində saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə 3-4 saat saxlanılmış, saxlanılarkən istifadəsində olan mobil telefonunu üzərində olmuş, polis əməkdaşları tərəfindən götürülmüş, Elnur adlı polis əməkdaşı mobil telefonuna gələn zənglərə cavab vermişdir. "Bakcell MMC" tərəfindən daxil olmuş sorğuya cavabda göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixinə aid anten məlumatları bütünlükdə Sumqayıt şəhəri 3cü məhəllə, M.Əzizbəyov küçəsi, Heydər Əliyev prostekti, Nərimanov küçəsini əhatə etmişdir ki, həmin ərazilər də təqsirləndirilən şəxsin yaşadığı yerin yaxınlığı olmuş, Sumqayıt şəhəri 4-cü polis bölməsinin yaxınlığını olmamışdır. Bundan başqa həmin tarixdə saat 11.13-dən 22.16-dək ,ümumiyyətlə, hər hansı anten məlumatları qeydə alınmaması, polis bölməsində Elnur adlı polis əməkdaşının onun telefonuna gələn zənglərə cavab verməsi faktını, tədqiq olunmuş digər sübutlarla əlaqələndirildikdə isə Təqsirləndirilən şəxs həmin vaxt polis bölməsində olması faktını təkzib etmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixində saat 22 radələrində, yəni təqsirləndirilən şəxsin Sumqayıt ŞPİ MSY-də saxlandığı vaxt Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində (təqsirləndirilən şəxsin yaşadığı ərazi) anten məlumatlarının qeydə alınmışdır. Bu fakt da sonuncu saxlanılarkən üzərində mobil telefon olmamasını təsdiq edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)- 243/2025 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lakin o, məhkumluğu ödənilmədən və götürülmədən yenidən xx.xx.2025-ci il tarixdə qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (altı) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun digər iş üzrə həbsdə olmağı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 3329 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,355 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirnov Ramil Yusif oğluna Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (altı) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və ********* nömrəli cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-291/2025 nömrəli qərarı ilə hazırda həbsdə olmağı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,355 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar