Məhkəmə qərarları › İş №1(060)-619/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-619/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-619/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azırbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaq məqsədilə 03 may 2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 36-ci məhəllə ərazisində yerləşən “Sumqayıt Plaza”nın qarşısında Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə, yəni sifət nahiyəsinə qəsdən yumruq zərbələri vuraraq ona alt çənə hissəsinin sıyrığı ilə müşayiət edilən, sağlamlığa zərərvurmayan olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək sonuncunun əlində saxladığı içərisində 72 manat nağd pul olan süni dəri materialından hazırlanmış 10 manat dəyərində qara rəngli pul kisəsini əlindən alıb qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 82(səksən iki) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini etiraf etməklə ifadəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, xx.xx.2018-ci il tarixdə cəzasının son həddi ilə azadlığa buraxıldığını, xx.xx.2022-ci ildə təxminən saat 16:00 radələrində Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən “Yapı kredit” bankının qarşısında 2 nömrəli şəhərdaxili sərnişin avtobusuna Sumqayıt şəhərində yerləşən avtovağzala getmək məqsədilə mindiyini, təxminən bir neçə dəqiqədən sonra tanımadığı bir nəfər şəxsin avtobusa minərək avtobus sürücüsünə yaxınlaşdığını, əlindəki qəpik pulları ona uzadaraq orada 15 manat qəpik pul olduğunu və onu manatla əvəz eləmək istədiyini bildirdiyini, sürücünün isə ona pulu olmadığını və ona köməklik edə bilməyəcəyini bildirdiyini, bir neçə dəqiqədən sonra həmin avtobusdan Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində Sülh küçəsindəki dayanacaqda düşdüyünü, onun arxasınca həmin şəxsin avtobusdan düşərək ona “Sumqayıt plaza”-nın qarşısında yaxınlaşdığını, ondan əlində olan qəpikləri kağız pula dəyişməyini xahiş edib qəpik pulları ona uzatdığını, ona həmin qəpik pulları kağız pul ilə dəyişmək olacağını dediyini, həmin vaxt şəxsin sol əlində selofanda qəpik pulların, sağ əlində isə qara rəngli pul kisəsinin içərisində pullar olmasını gördüyünü, bu zaman onun sağ əlində olan pul kisəsini əlindən alaraq oğurlamaq qərarına gəldiyini, həmin zaman şəxsin onun əlindən tutaraq ona mane olmağa çalışdığını, bu zaman dirsəyi ilə onun çənəsindən vurduğunu, həmin şəxsin yerə yıxıldığını, bu zaman əlindəki pul kisəsini əli ilə götürdüyünü, lakin həmin şəxsin onun əlindən tutduğunu, pul kisəsini əlindən geri almaq üçün əlini dişləməyə başladığını, onun sağ əlini buraxmadığından sifət nahiyəsinə yumruq zərbəsini əlini buraxması üçün vurduğunu, bundan sonra əlini çətinliklə onun ağzından çıxarıb qaçmağa başladığını, həmin vaxt oraya yaxınlaşan polis əməkdaşlarının onu Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində ardınca qaçdıqlarını gördüyünü, polis əməkdaşlarının onu məhəlləninin içərisində həyətdə saxladıqlarını, əlində olan pul kisəsi ilə birlikdə onu Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nə gətirdiklərini, polis bölməsində etdiyi əməli səmimi olaraq etiraf etdiyini, polis bölməsində pul kisəsinin sahibinin Zərərçəkmiş şəxs olmasını bildiyini, pul kisəsini polisə təqdim etdiyini, orada pul kisəsinin içərisində bankomat və alış-veriş kartlarının da olduğunu müyyən etdiyini, həmin vaxt pula ehtiyacı olduğuna görə İsmayılın əlindəki qara rəngli pul kisəninin içərisində xeyli miqdarda pulu gördükdə oğurlmaq qərarına gəldiyini, İsmayıldan pul kisəsini zor tətbiq edərək aldığını bildirmişdir. Hal-hazırda isə törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən qeyd olunanları nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən bütün bunları nəzərə alaraq təqsirləndirilən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştrakı ilə dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ruhi-əsəb xəstəsi olmaqla İİ qrup əlil olduğunu, ruhi-əsəb xəstəxanasında qeydiyyatda olduğunu, 03 may 2022-ci il tarixdə ildə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində 2 nömrəli xətt avtobusuna Sumqayıt şəhərindəki avtovağzala getmək üçün mindiyini, avtobusa minərkən sürücüyə yaxınlaşıb ona qəpik pullar uzatdığını, qəpik pulları onun üçün manat eləməyini sürücüdən xahiş etdiyini, sürücü ona pulu olmadığını bildirdiyini, təxmini 5-10 dəqiqə sonra Sumqayıt şəhəri 36-cı məhəllədə yerləşən “Sumqayıt Plazanın” qarşısında düşərək Bakı şəhərinə getmək üçün taksilərə yaxınlaşmaq istəyərkən, kiminsə onu itələyərək yerə yıxdığını, üzü üstə yerə yıxıldığını, əlində olan qara rəngli pul kisəsini bərk tutduğunu, bu vaxtı naməlum şəxsin onun əlimdəki pul kisəsini əlindən almağa çalışdığını, o da həmin şəxsin əlindən pul kisəsini almamaq üçün dişlədiyini, bu zaman həmin şəxsin onun sifət və çənə nahiyəsindən bir neçə zərbə vuraraq pul kisəsini əlindən alıb qaçmağa başladığını, həmin şəxsin qaçdığını görüb bərkdən qışqırmağa başladğını, bu vaxt ərazidə xidmətdə olan polis əməkdaşlarının onun arxası ilə qaçaraq onu saxladıqlarını, onları Sumqayıt şəhər Polis idarəsinin 3-cü polis Bölməsinə apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində 2013-cü il tarixdən DİO-da Sumqayıt şəhəri Pİ-nin PPXT-nun 2-ci bölüyündə polis nəfəri vəzifəsində, polis serjantı rütbəsi ilə xidmət etdiyini, 03 may 2022-ci il tarixdə, saat 16 radələrində Sumqayət şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Ən ucuz” marketin qarşısında postaçı yoldaşı Şahid2 ilə birlikdə xidmət apardığını, həmin zaman küçənin digər hissəsindən, yəni “Sumqayıt Plaza” otelinin qarşısından qışqırıq səslərinin gəlməsini eşitdikdə postaçı yoldaşı Şahid2 ilə birlikdə həmin istiqamətə qaçdıqlarını, təxminən 10-15 metr məsafədə oraya yaxınlaşan zaman bir nəfər şəxsin yerdə kürəyi üstə uzandığını, başqa bir digər şəxsin isə onun üzərində əyilərək durduğunu və yumruq ilə yerdə olan şəxsi vurmasını gördüklərini, həmin vaxt ayaq üstdə olan şəxsin onları gördüklərini, cəld şəkildə əlində olan qara rəng pul kisəsi ilə üzü 3-cü mikrorayonda yerləşən “Ən ucuz market” istiqamətində qaçmağa başladığını, bu zaman dərhal həmin şəxsin arxasınca qaçdıqlarını, onu Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində saxladıqlarını, bundan sonra yerə uzanan şəxsin ağzı qanlı şəkildə onlara yaxınlaşıb pul kisəsinin həmin şəxs tərəfindən oğurlanmasını və döyüldüyünü bildirdiyini, həmin vaxt efir vasitəsi ilə manqa komandirinə məlumat verərək avtopatrul çağırdıqlarını, bir neçə dəqiqə sonra olduqları yerə avtopatrul gəldiyini, onlara saxladıqları vətəndaşı və pul kisəsi oğurlandığını, vətəndaşla birlikdə aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə aparıb təhvil verdiklərini, polis bölməsində pul kisəsini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunun məlum olduğunu, Talehin polis bölməsində etdiyi əməli səmimi olaraq etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, iş üçün əhəmiyyət kəsb edən yeni bir hal göstərməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxs və şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materillarında olan “şübhəli şəxsin tutulması haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə, saat 22:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 04 may 2022-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. İş materiallarında olan 04 may 2022-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, 1 ədəd pul kisəsi, 72 manat məbləğində nağd pul, 02 ədəd “Unibank” tərəfindən verilmiş Albalı kartı, 01 ədəd “Umico” kredit kartı, 01 ədəd ABB kredit kartı, 01 ədəd “Leo” bank tərəfindən verilmiş kredit kartı, 01 ədəd “BNA Bakı kartı”, 01 ədəd “Bravo” alış-veriş kartı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs sərəncamına verilmişdir. İş materiallarında olan 05 may 2022-ci il tarixli “tövsif edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 05 may 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materillarında olan “qətimkan tədbiri seçmə haqqında” 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş “ailə tərkibi haqqında arayış”dan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında atası 1954-cü il təvəllüdlü Abbasov Tərlan Şirin oğlu, bacısı 1984-cü il təvəllüdlü X3 və bacısı 1990-cı il təvəllüdlü X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 592 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 585 saylı, 04 may 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “alt çənənin sol hissəsinin sıyrığı” xəsarəti müəyyən edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə anlaşılmazlığın aradan qaldırılması ilə əlaqədar olaraq cəzası 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə kimi oxunub. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3432 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində markalanma göstəricilərinə dair məlumat olmayan 21smx11 sm ölçülü süni dəri materialdan hazırlanmış qara rəngli pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2022ci ilin may ayına olan orta bazar qiyməti təxminən 10.0 manat müəyyən edilmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik psixoloji ekspertizasının 1162 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilən kəmağıllılıq o dərəcədə ifadə olunmayıb ki, o, onunla edilən hərəkətlərin xarakter və mənasını anlamasın. O, baş vermiş hadisəni qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq, hadisə ilə bağlı düzgün ifadə vermək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə - Zərərçəkmiş şəxs səthilik, sadəlövlük, tez özündən çıxmaq, primitivlik, emosionallıq kimi fərdi-psixi xüsusiyyələrə malikdir. Aparılmış psixoloji müayinəni yekunlaşdırıb belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Lakin həmin gerilik əlamətləri onu baş verən hadisənin xarakter və mənasını ümumən dərd etmək qabiliyyətindən mərhum etməmişdir. Belə qənaətə gəlinir ki, Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl emosional vəziyyətində hər hansı bir dəyişiklik yaranmamışdır. Baş vermiş hadisə zamanı psixi-emosional sferasında gərginlik yaranmamışdır. Hal-hazırda Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində hər hansı bir dəyişiklik müşahidə olunmur. İş materiallarında olan 04 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 326-cı maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə 50,00 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli (iş № 1(060)-619/2022) qərarını icra edərək, 18 iyul 2022-ci il tarixli, 1040 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından dərhal həbs edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbs etmənin əvvəli xx.xx.2022-ci ildən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (VÖEN: ********** Hesab AZ 34CTRE********************) ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar